Mündəricat
Giriş 4
Tədqiqatı gərəkdirən səbəblər 7
Tədqiqatın məqsədi 13
Tədqiqatın sualları 18
Tədqiqatın metodologiyası 21
Tədqiqatın faydaları 24
Kənd təsərrüfatının makroiqtisadi mənzərəsi 26
Sektorun əsas iqtisadi göstəriciləri 26
Ərzaq balansı 39
Məşğulluq səviyyəsi və sosial təsirləri 52
Aqrar sektorun inkişaf metodları-beynəlxalq təcrübə 59
Aqroparklar - aqrar sektorun müasir inkişaf modeli kimi 77
Aqroparklar-beynəlxalq təcrübədə 85
Niderland 94
Hindistan 108
Çin 112
Yamayka 116
Azərbaycanın aqropark təcrübəsi 121
Nəticə və tövsiyələr 156
Nəticə 156
Təkliflər 170
İstinadlar 177
Giriş
Azərbaycan iqtisadiyyatı üçün formalaşan yeni çağırışlar fonunda qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, bu sahədə müqayisəli üstünlüyə malik sahələrin üzə çıxarılması, yerli sahibkarların prosesdə aktiv iştirakçılığının təmin edilməsi ölkənin gələcəyi üçün mühüm əhəmiyyət daşımaqdadır. Başqa sözlə yeni iqtisadi konyuktur daha çevik və effektiv yanaşma tələb edir. Hazırda qlobal sferada iqtisadiyyatın ayrı-ayrı sferaları arasında daha təkmil kordinasiya təmin edəcək modellərdən istifadə olunur. Bu məqsəd ilə Azərbaycanda da müəyyən addımlar atılır. Sənaye məhəllələrinin-texnoparkların, aqroparkların yaradılması aktual xarakter alıb. Nəzərə alsaq ki, ölkə əhalisinin məşğulluğu və ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı xüsusi əhəmiyyət daşıyır, deyə bilərik ki, bu sahənin inkişafında müasir model hesab edilən aqroparkların yaradılması məqsədəuyğundur. Hazırda hökumətin də iştirakçılığı ilə ölkə üzrə 3 aqropark qurulması işləri yekunlaşmaq üzrədir. Lakin, Aqropark modelinin yeni təşəkkül tapması və tam təkmil formasını almaması bu istiqamətdə tədqiqatın aparılmasını gərəkdirən səbəb hesab edilir. Məhz bu məqsədilə İqtisadi və Sosial İnkişaf Mərkəzi “Kənd təsərüfatı ilin”də beynəlxalq aqropark təcrübəsinin öyrənilməsi, ölkədə faktiki olaraq yaradılmaqda olan aqroparkların fəaliyyət prinsiplərinin təhlil və mövcud çatışmazlıqların aradan qaldırılması məqsədi ilə tədqiqat həyata keçirib. Tədqiqat zamanı aqrar sektorun ölkə üçün əhəmiyyəti təhlil edilib və bu sahənin son illərdə ümumi inkişaf tempinə uyğun böyüməməsinə təsir edən faktorları müəyyənləşdirib. Beləliklə aqroparklara ehtiyacı doğuran səbəblərlə yanaşı beynəlxalq aqropark təcrübəsi öyrənilib, Azərbaycanda yaradılan aqroparkların üstünlükləri və çatışmayan cəhətləri üzə çıxarılıb. Məqsəd yeni yaranmaqda olan aqroparkların effektivliyinə dəstək olmaq və bu təcrübənin daha da genişləndirilməsini təbliğ etməkdir. Hesab edirik ki, aqroparklar Azərbaycanda kənd təsərrüfatı və sənaye əlaqələrinin kordinasiyalı təşkilində mühüm rol oynayacaq və bu qeyri-neft iqtisadiyyatının dayanıqlı inkişafına, sektorun böyüməsinə, əhalinin gəlirlərinin artımına, ixrac sferasının genişlənməsinə və ölkənin daha keyfiyyətli ərzaq təminatının həyata keçirilməsinə müsbət təsir göstərəcək.
2015-ci ilin “Kənd Təsərrüfatı İli” olmasını və kənd təsərrüfatının Azərbaycan üçün ərzaq təhlükəsizliyi, məşğulluq, ixracın diversifikasiyası kimi sahələrdə mühüm əhəmiyyətini nəzərə alaraq həmçinin, ölkə prezidentinin 16 aprel 2014-cü il tarixli “Azərbaycan Respublikasında Aqroparkların Yaradılması” haqqında fərmanının uğurlu icrasına dəstək məqsədi ilə, aqroparkların əhəmiyyətinin ictimailəşdirilməsi, kənd təsərrüfatı subyektlərinin bu sahəyə marağının artırılması, beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi üsullarının təşviqi kimi aktual problemlər tədqiqatın aparılması zamanı nəzərdə tutulan əsas məqsədlərdəndir. Qeyd etmək lazımdır ki, hazırda Azərbaycanda kənd təsərrüfatının əsas problemləri aşağıdakılardır;
- mütəxəssis çatışmazlığı,
- sektora elmi-praktiki yanaşmanın məhdudluğu,
- müasir texnologiyadan yararlanma səviyyəsinin azlığı,
- maliyyə əlçatanlığının məhdudluğu,
- kooperasiyaların zəif inkişafı
və bütün bunlardan qaynaqlanan
- az gəlirlilik
hesab edilir. Aqroparkların müassir standartlara uyğun təşkili bu problemlərin həllində ciddi rol oynaya bilər.
Ölkəmizin enerji resursları ilə zənginliyi və bu resursların ixracının son 10 ildə intensiv inkişafı sonda digər iqtisadi sektorlar kimi kənd təsərrüfatına da diqqətin zəifləməsinə səbəb olub. Lakin, qlobal enerji bazarında son yaşananlar və xüsusi ilə də neftin yaxın gələcəkdə əsas enerji təminatçısı statusunu itirəcəyi ehtimalı ölkəmizdə digər iqtisadi sektorların inkişafını zərurətə çevirib.
Ötən illərdə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən siyasət bu sektorun daha çox ekstensiv inkişafını şərtləndirib. Xüsusi ilə də əkin sahəsinə uyğun subsidiyalaşdırma proqramı bu istiqamətdə başlıca təşviqedici proqram hesab edilir. Məhz ekstensiv inkişaf aqrar sektorda məhsuldarlıq və keyfiyyət kimi göstəricilərin arxa plana keçməsinə səbəb olub. Nəticədə isə həm dövlət subsidiyalarının səmərəliliyi və həm də sektorda gəlirlilik azalıb və bu sahədə fəaliyyət göstərən, işləyən ölkə vətəndaşları (iqtisadi məşğul əhalinin 37%-i) ən az gəlirli sosial qrupda təmsil olunur. Lakin, beynəlxalq təcrübə onu göstərir ki, kənd təsərrüfatında intensiv inkişafın təmin edilməsi daha yüksək nəticələrin əldə edilməsinə və dövlətlərin yuxarıda sadaladığımız mühüm problemlərin həllində effektivliyinə başlıca amil hesab edilir.