Heyvandarlıq məhsullarından isə balıq, donuz əti və süd məhsulları üzrə daxili tələbat ödənilmir. Xüsusi ilə də daha çox ənənəvi olmayan donuzçuluq üzrə ölkədaxili tələbat cəmi 36% ödənir. Lakin, heyvandarlıq sahəsində faktiki olaraq ölkənin ixrac potensialı yoxdur. Buna baxmayaraq qoyun əti, quş əti, yumurta istehsalı istiqamətində qısa müddət ərzində ölkədaxili tələbatın tam şəkildə ödənilməsi və ixrac potensialı formalaşdırmaq mümkündür. Ölkənin təbii şəraiti daha çox xırdabuynuzlu heyvanların becərilməsi üçün uyğun olması və ənənəvi təsərrüfatçılıq bu istiqamətdə müqayisəli üstünlüyü təmin edən əsas amillərdəndir. Eyni zamanda nəzərə alsaq ki, Azərbaycanda faktiki infrastrukturun bərpası və investisiya cəlbi qısa müddət ərzində quşçuluq sənayesinin də inkişafına təkan verə bilər. Beləliklə, hər iki istiqamətdə daha az səy və kapitalla daha çox məhsuldarlıq əldə etmək və nəticədə ölkənin ixrac potensialını gücləndirmək mümkündür.
Gördüyümüz kimi Azərbaycan hazırda əksər məhsullar üzrə az və ya çox idxaldan asılı vəziyyətdədir. Bu isə ölkənin ərzaq təminatı üçün ciddi təhlükə hesab edilə bilər. Xüsusi ilə də nəzərə alsaq ki, neftin satışından əldə edilən vəsaitlər yenidən ərzaq alışı məqsədi ilə xarici bazarlara axır və yaxın illərdə isə bu gəlirlərin həcmində kəskin azalmalar olacaq. Bu baxımdan qısa müddət ərzində sektorda dərin islahatların aparılması hökumət qarşısında dayanan ən mühüm məsələlərdən biri olmalıdır. Xüsusi ilə də qonşu Rusiyada yaşananlar-embarqo nəticəsində ölkənin üzləşdiyi ərzaq təminatı problemi problemi daha da aktuallaşdırır.
Bundan əvvəl də qeyd etdiyimiz kimi, Azərbaycan iqtisadiyyatı üçün kənd təsərrüfatının əhəmiyyətini artıran başlıca səbəblərdən biridə məşğulluqla əlaqəlidir. Çünki, ölkədə məşğul əhalinin 37%-i bu sektorun payına düşür. Yəni məşğulluuq böyük həcmdə kənd təsərrüfatından asılıdır. Yaranmış vəziyyətin əsas səbəblərindən biri mövcud metodologiya ilə hesablamalar zamanı torpaq sahəsi olan iqtisadi fəal vətəndaşların məşğul olaraq qeydə alınmasıdırsa digər səbəbi isə uzun illər ərzində kənd təsərrüfatında intensiv inkişafa nail olunmamasıdır. Beləliklə bu sahə hazırda ölkənin ən çox əməktutumlu sektorlarındandır. Problem isə ondan ibarətdir ki, ekstensiv kənd təsərrüfatına malik ölkələrdə olduğu kimi Azərbaycanda da məşğul əhalinin 37%-nin ölkə iqtisadiyyatında yaratdığı əlavə dəyər 5.3%-ə bərabərdir.
Mənbə: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi, 2015 Diaqram 1: K/T-nın məşğulluq və ÜDM-də xüsusi çəkisi, müqayisəli, faizlə
Təbii ki, belə olduğu təqdirdə yüksək gəlirlilikdən, əmək haqqından söhbət gedə bilməz. Məhz bunun nəticəsidir ki, kənd təsərrüfatında orta aylıq əmək haqqı ölkə üzrə ən aşağı səviyyədə qərarlaşır, təxminən 220 manat. Təbii ki, bu sektorda çalışanların böyük bir qismi regionların payına düşür və bir çox mütəxəssislər regionlarda yaşam xərclərinin nisbətən az olmasını bu insanlar üçün avantaj olaraq dəyərləndirir. Lakin, xüsusi ilə kənd və şəhər əhalisinin yaşayış tərzinin müqayisəsi nəticəsində aydın olur ki, birincilər daha yoxsul şəraitdə yaşayır. Yəni, bu insanlar bir çox hallarda mühüm tələbatlarını ödəməkdə belə çətinlik çəkirlər.
Son illərdə kənd təsərrüfatının ÜDM-də payı kəskin şəkildə azalıb. Lakin, bu sektorun ölkə üzrə məşğulluqda payında ciddi azalmalar baş verməyib. Nəticədə ölkədə ümumi rifahın son illər yüksəlməsi tempi təəssüf ki, kənd təsərrüfatında çalışan vətəndaşlara şamil edilə bilməz. Beləliklə kənd və şəhər əhalisinin yaşayış standartları arasında kəskin uçurum yaranıb. Başqa sözlə kənd təsərrüfatının zəif inkişafı əslində ölkədə təbəqələşmənin əsas faktoruna çevrilib.
Digər tərəfdən isə kənd təsərrüfatında az gəlirlilik sonda ölkə üçün son illər daha çox müşahidə edilən urbanizasiya problemini ortaya qoyur. Xüsusi ilə də gənclər məhz bu kimi səbəblərdən doğulub böyüdüyü yerləri tərk edir. Sonda isə məlum olduğu kimi hazırda xüsusi ilə də paytaxda ciddi sıxlıq yaranıb, iş yerləri ilə təminolunma səviyyəsi aşağı düşüb.
Aşağıdakı cədvəldən də göründüyü kimi, kənd təsərrüfatında çalışanların 56%-nin əməkhaqqı 105-150 manat arasındadır. Ümumiyyətlə isə bu sektorda işləyənlərin 71.6%-nin gəliri 200 manata qədərdir ki, bu da ölkə üzrə orta aylıq əmək haqqından təxminən 2.2 dəfə azdır.
Cədvəl 8:Kənd təsərrüfatında çalışanların 2013-cü ili tam işləmiş işçilərə hesablanmış əmək haqqının ölçülərinə görə bölgüsü