Yerli istehsalın dəstəklənməsinin digər metodlarından biri isə dövlətin idxala müdaxiləsi və idxal kvotalarının müəyyən edilməsi ilə həll edilir. Doğrudur hazırda dünya iqtisadiyatının inteqrasiyasını hədəfləyən qurumlar ( ÜTT) və nəzəriyələr (müqayisəli üstünlüklər nəzəriyyəsi) idxalın liberallaşdırılmasını dəstəkləsə də hələlik Azərbaycanın buna bənzər öhdəliyi olmadığı üçün qısamüddətli olmaqla bu metoddan yararlana bilər. Aqrar inkişafı və yerli istehsalı dəstəkləyən gömrük siyasətinin iki əsas metodu tətbiq edilir: i) məhsulların idxalına məhdudiyyətin tətbiqi, ii) yüksək vergi və rüsumlar tətbiq etməklə daxili istehsalın rəqabətqabiliyyətinin müdafiəsi. Bu zaman əsas məqsəd yerli istehsalçını potensial risklərdən sığortalamaq hesab edilir.
Ümumilikdə isə Azərbaycanda hökumətin aqrar siyasətinin ekstensiv kənd təsərrüfatından intensiv təsərrüfatçılığa keçidi təmin etmək və bu istiqamətdə çoxtərəfli dəstək proqramına start vermək kimi uzunmüddətli öhdəliyi artıq günün tələbinə çevrilib.
Aqroparklar - aqrar sektorun müasir inkişaf modeli kimi
Aqroparklar kənd təsərrüfatı məhsullarının intensiv istehsal olunmasına, daşınmasına, saxlanılmasına və eyni zamanda onun satışını təşkil edilməsində mühüm rol oynayır. Kənd təsərrüfatı məhsulları tezxarabolan məhsul olduqlarına görə realizasiya prosesi sürətli olmalıdır. Lakin əksər hallarda məhsulların fermerlər tərəfindən vaxtında satışı mümkün olmur və bunun nəticəsində məhsulun istehlak müddəti bitir. Təbii ki, bu proses istehsalçının zərərinə səbəb olur. Digər tərəfdən isə istehsalçı və istehlakçılar arasında fəaliyyət göstərən vasitəçilər yaranmış situasiyanı öz mənavelərinə uyğun dəyərləndirir. Yəni, məhsulları daha uçuz qiymətlərlə tədarük edir. Bu zaman isə fermerlərin mənfəəti azalır, təkrar istehsal təşəbbüskarlığı aşağı düşür və orta və uzunmüddətli dövr üçün ölkədə ərzaq qıtlığına səbəb olur. Beləliklə daxili istehlak idxaldan asılı vəziyyətə düşür, geni dəyişdirilmiş (GMO) məhsullar ölkə bazarlarına yol tapır. İstehsalçılar üçün məhsulun yerli və xarici bazarlara çıxarmaq, onların saxlanma və daşınmasını təmin etmək əksər hallarda ciddi problemə çevrilir. Bu prizmadan yanaşdıqda aqroparklar müasir texnologiyaların tətbiq edilməsi ilə istehsal, emal və logistika xidmətlərini mərkəzləşdirilmiş vahid ərazidə yaratmaqla yüksək keyfiyyətli məhsulların alınmasına, satışının təmin edilməsinə və sahibkarlıq fəaliyyətinin mənfəətliliyinə geniş imkanlar yaradır. Bunun nəticəsi olaraq bazarlarda məhsul bolluğu ilə yanaşı, rəqabət mühitinin yaranması, keyfiyyətin yüksəlməsi və süni qiymətlərin azalması üçün mühüm faktora çevrilir. Həmçinin, yeni iş yerlərinin açılması, işsizliyin səviyyəsinin aşağı düşməsinə və region sakinlərinin rifahının yüksəlməsinə şərait yaradır. Aqroparklarda yaradılmış şərait fermerlərin infrastruktur xərclərini azaldır. Eyni zamanda Aqroparklar müxtəlif sahəvi strukturları özündə birləşdirir, buraya kənd təsərrüfatı maşınqayırması, kimya, tikinti, bitkiçilik, heyvandarlıq, yeyimti, nəqliyyat, ticarət və s. aiddir. Başqa sözlə, aqropark dedikdə qarşılıqlı əlaqədə olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birlikdə fəaliyyəti nəzərdə tutulur.
Mütəxəsislərin fikrincə kənd təsərrüfatı və sənaye hər zaman qarşılıqlı simvolik əlaqədə olan sistem hesab olunur. Kənd təsərrüfatı emal müəssisələrini xammalla təchiz edir, eyni zamanda sənayedə öz növbəsində kənd təsərrüfatını texniki maşın və avadanlıq, kimyəvi məhsullar, gübrə və s. ilə təchiz edir. Sənayenin inkişafı üçün kənd təsərrüfatı sektoruna investisiya qoyulması vacib hesab olunur, xüsusən inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatının inkişafı sənayeləşmə prosesinin sürətlənməsində mühüm rol oynayır. Kənd təsərrüfatı və sənaye arasındakı qarşılıqlı münasibətləri kompleks şəkildə ilk dəfə araşdırılması Bhadari tərəfindən həyata keçirilib. Bhadari kənd təsərrüfatında əldə edilmiş mənfəətin sənaye mallarına yönəldilərək bu sahədə tələb formalaşdırdığını hesab edirdi. Kənd təsərrüfatı və sənayenin bir-birinə təsir göstərərək paralel inkişaf etdiyini, sektorlar arasında formalaşmış qarşılıqlı münasibətlərin inkişafa təkan verdiyini qeyd edirdi.
Aqrar sənaye komplekslərinin beynəlxalq təcrübə prizmasında baxdıqda bir necə modeli mövcuddur. Yaranma tarixinə görə ilk dəfə Avropa Birliyi ölklərində formalaşan kooperativlər sürətlə inkişaf edərək bazarın 50 faizindən də çoxuna sahib olub. Bu model “birgə fəaliyyət” prinsipi əsasında yaranıb..
İkinci model isə müqaviləyə əsasən kənd təsərrüfatı istehsalı modelidir, bu modeli iqtisadçılar tərəfindən transmilli şirkətlərin modeli hesab olunur və iqtisadi inkişafa mənfi və müsbət təsir edəcəyi haqqında fikir ayrılığı mövcuddur. Bu modelə əsasən istehsalçı və alıcı arasında gələcəkdə məhsulların istehsal həcmini və müddətini, eyni zamanda məkan və qiyməti ilə bağlı məlumatları əhatə edən müqavilədir. Bu model ilk dəfə Yaponiya və ABŞ-da şəkər çuğunduru və şaftalı məhsullarının istehsalında tətbiq olunub, zaman keçdikcə müxtəlif məhsullara da tətbiq olunmağa başlayıb. Müqaviləyə əsaslanan kənd təsərrüfatı modeli daha çox ABŞ-da mövcuddur, meyvə-tərəvəz və broyler istehsalının 80-90%-dən ibarətdir. Həmçinin, Avropa daxilində də bu model geniş istifadə olunaraq bazarda yüksək paya sahibdir. Bu modelin çatışmayan cəhəti ondan ibarətdi ki, gələcəkdə baş verəcək risklərin əvvəlcədən təyin oluna bilməməsidir, bu risklər təbii fəlakət və hadisələri əhatə etdiyindən qarşısı alınmazdır.
Lisenziyalı anbar - bu modeldə kəndlilər istehsal etdikləri məhsulları xüsusi rejimli anbarlarda saxlayaraq məhsulların xarab olmasını önləyir, eyni zamanda bu məhsulların saxlanması müqabilində “mədaxil qəbzləri” əldə edirlər. Həmin lisenziyalı anbarlar tərəfindən verilmiş mədaxil qəbzləri vasitəsi ilə fermerlər maliyyə təşkilatlarından kredit əldə edə bilirlər. Lisenziyalı anbar mexanizmi beynelxalq təcrübəydə əsasən pambıq, zeytun və zeytun yağı, günəbaxan yağı, fındıq və s. məhsullar üzrə ixtisaslaşıb. Həmçinin, bu modeldə fermerler bir sıra xidmətlərdən ödənişsiz yararlanmaq imkanı əldə edir: məhsullarının anbarda saxlama müddəti ərzində labaratoriya xidmətini, məhsulların bazara sürətli çıxışının təmin edilməsi üçün elektron informasiya xidmətidən istifadə və s. xidmətlər üçün ödəniş tələb edilmir.