Gözəl İbrahim
hekayə
Dostum İbrahim Nizami oğlu Ömərovun
əziz xatirəsinə
S
aray. Padşah öz taxtında oturub. Ətrafında fərraşlar. Baş
vəzir, vəzir, vəkil, əyanlar da başlarını aşağı salıb, du‑
rublar. Heç kim dinmir. Padşah da dərin xəyala gedib. Birdən:
‑ Adı nədir onun?
‑ İbrahim.
‑ Silahlıdır?
‑ Xeyr, şah sağ olsun.
‑ Ətrafına, başına qoşun yığır?
‑ Xeyr, şah sağ olsun.
‑ Bəlkə, məmləkətimin, taxt‑tacımın əleyhinə nəsə hədyan‑
lar danışır?
‑ Xeyr, şah sağ olsun.
‑ Cadugərdir onda.
‑ O da yox.
‑ Bəs nə? Nədir axı sizi qorxudan ki, üstümə qaçmısınız.
‑ Bilmirik, şah sağ olsun. Qonşu məmləkətdən məktub gəlib.
Yazırlar ki, “İbrahimdən axır ki, canımızı qurtardıq. Hüdudla‑
rımızacan təqib elədik. O da keçdi sizin tərəfə. Bizdən demək‑
dir – ehtiyatlı olun. Çox təhlükəli adamdır”.
‑ Nədir axı, bunun təhlükəsi?
‑ Başqa heç nə yazmırlar.
‑ Bəs təhlükəliydisə, niyə edam eləməyiblər?
‑ Təhlükə də, deyəsən, bundadır, şah sağ olsun. İbrahimə
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
184
toxunmaq mümkün deyil.
‑ Heç nə anlamıram. Eybi yox ‑ qoy gəlsin. Mən onunçün
qonşu məmləkətin padşahı deyiləm. Mənim qorxumdan
göydə uçan quş da qanad salar. Bu məmləkətdə nə dedim, o
da olmalıdır. Yoxsa ki, durub bir İbrahimdən qorxsam, day
mənə niyə padşah desinlər ki? Hardadır indi o məlun?
‑ Torpağımızı kənd‑kənd, şəhər‑şəhər gəzərək gəlir. Hamı‑
sında da yəqin öz küfrünü yayır.
‑ Bəs qazilər, valilər nəylə məşğuldurlar? Bir əncam çəkmir‑
lər. Gərək hökmən paytaxta gəlib çıxsın, sonra? Hər şeyə mən
qərar verməliyəm?
‑ Hamısına məktub göndərmişik. Cavab gəlib ki, heç nə edə
bilmirik İbrahimə. Nə həbs etmək mümkündür, nə də boynun
vurdurmaq.
‑ Qəribə işə düşdük də... Dövlət işləri qalıb bir yanda, bu
boyda padşah işini‑gücünü buraxıb hansısa İbrahim haqqında
düşünməlidir.
Ortaya sükut çökür. Padşah da fikrə dalır. Saray əyanları da
başlarını aşağı salıb guya ki, vəziyyətdən çıxış yolunu arayır‑
lar. Bu an carçılardan biri çaparaq sarayın həyətinə daxil olur.
Tezcə padşahın hüzuruna gələrək təzim edir.
‑ Şahım!
‑ Hə, nə olub? Tez de. Belə çaparaq gəlməyindən başa dü‑
şülür ki, vacib məsələdir.
‑ Bəli, qibleyi‑aləm. İbrahim paytaxta daxil oldu.
‑ Nə?! Vacib xəbər budur? Yox. Ya siz məndən nəsə gizlədir‑
siniz, ya da ki, bu İbrahim doğurdan da təhlükəli adamdır.
‑ Şah sağ olsun, tutub gətirəkmi saraya?
‑ Nə edib?
‑ Heç nə.
‑ Bəs onda nə səbəb göstərəcəksiniz həbsinə. Siz məni rəiy‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
185
yət arasında biabırmı etmək istəyirsiniz? Bu məmləkətdə qa‑
nunlar var. Bu qanunlara da hamı tabedir. O cümlədən mən
də, şahzadələr də, vəzir‑əyanlar da. Məni el içində xarmı etmək
istəyirsiniz? Xalq nə deyər? Deməzmi ki, taqsırı olmayan bir
adamı tutub apardılar. Qoy yaşasın. Özünü pis aparsa, qazi
var, divan var. Cəzasını da onlar verər.
‑ Başüstə, qibleyi‑aləm.
Padşah yenidən fikrə gedir. Yox, bəlkə düz deyirlər. Xatalı
adamdır bu İbrahim. Vaxtında tədbir görülməsə sonra gec olar.
Dərviş paltarı geyinib gecə çıxaram şəhərə. Gözümlə görsəm
yaxşıdır.
‑ Hamınız azadsınız. Vəzir, sən qal.
‑ Başüstə, qibleyi‑aləm.
Hamı çıxdıqdan sonra:
‑ Vəzir, öyrən o İbrahimin qaldığı evi. Gecə dərviş paltarı
geyib ziyarətinə gedəcəyik. Görək bu necə adamdır.
Gecə düşür. Padşah vəziriylə dərviş paltarında şəhərə çıxır.
İbrahimin gecələdiyi komanın yanına gəlib qapısını döyürlər.
‑ Qapı açıqdır. Gəlin.
‑ Salam.
‑ Buyurun, xoş gəlmisiniz. Deyəsən, uzaq yoldan gəlirsiniz.
‑ Hardan bildiniz?
‑ Geyiminizdən. Özü də elmli adama oxşayırsınız. Səhv et‑
mirəmsə dərvişsiniz.
‑ Düz tapdız. Kənd‑kənd gəzib öz təriqətimizi yayırıq, təbliğ
edirik. Siz bu şəhərdə çoxdan yaşayırsınız?
‑ Yox, elə mən də bir növ sizin kimi dərvişəm. Amma heç
bir dini, elmi yaymaq fikrim yoxdur. Hamı kimi yaşamaq, ev‑
eşik sahibi olmaq, ailə qurmaq istəyirəm. Amma hara gedi‑
rəmsə bir aydan artıq qalmağa qoymurlar. Sürgün edirlər.
Bilmirəm nə etmişəm bu insanlara. İndi də bu məmləkətə gəl‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
186
mişəm. Deyirlər padşahı çox adil bir insandır. Görüm bəxtim
gətirsə, bu şəhərdə qalıb yaşayacağam. Ta ömrümün axırına‑
can.
‑ Kimə nə etmisən ki, elə hey sürgün edirlər səni?
‑ Heç nə. Amma hara gedirəmsə şahzadələrin, saray əyan‑
larının gözü götürmür məni. Mən kim, onlar kim. Mən adi,
səfil, dilənçi bir adamam. Amma nədənsə onların qəzəbinə tuş
gəlirəm.
Padşah mat‑mat vəzirinə baxır. Axı bu İbrahim nə danışır?
Bir şey başa düşdünmü? Vəzir də başını bulayır. Yəni ki, heç nə.
‑ Axı bir şey eləməsən sənə kimin haqqıdır ki, nəsə deyə.
Yəqin nəsə var ki, qəzəbə tuş gəlirsən.
‑ Yox, bir şey etsəm zindana salarlar, edam edərlər. Amma
heç kim mənə heç nə etmir. Sadəcə qovurlar. Bir şəhərdən o
biri şəhərə, bir məmləkətdən o biri məmləkətə. Beləcə, sərgər‑
dan həyatı keçirirəm. Yəqin ac olarsınız.
İbrahim ayağa durur. Boxçasını gətirib açır. Süfrə salır.
Lavaş, pendir, göy soğanı ortaya qoyur. Lavaşdan qoparır. Ara‑
sına pendirlə soğan qoyaraq dürmək düzəldir. Birini şaha, o
birini vəzirə verir. Dolçada su gətirib bardaqlara tökür.
‑ Nuş edin. Kasıbın olanından. Görüm sabah nə iş tapıram.
Gələn dəfə gələndə yəqin sizi başqa cürə qonaq edərəm.
‑ Əlindən nə gəlir ki?
‑ Heç nə. Bir yerdə dura bilirəm ki, bir sənət də öyrənim?
‑ Bəs nəylə dolanırsan?
‑ Xalq sağ olsun, onlar dolandırırlar. Biri çörək gətirir, biri
su. Hərənin gücü çatdığından. Bu daxmanı da birisi verib
mənə ki, yaşa. Hara gedirəmsə çox istəyir sadə camaat məni.
‑ Axı nəyə görə?
‑ Heç özüm də bilmirəm. Yaxşı, səhər açılır. Siz dincəlin,
uzun yol gəlmisiniz. Mənim isə işim var, getməliyəm. Hə, ya‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
187
dımdan çıxdı. Adım İbrahimdir – Gözəl İbrahim. Gözəl ləqə‑
bini də xalq verib mənə. Xudahafiz.
İbrahim evdən çıxır. Padşah vəzirə:
‑ Bu, hara getdi səhər erkən. Bu yandan da deyir ki, iş‑güc
sahibi deyiləm. Bəlkə arxasınca gedək.
‑ Yox, şahım, dan yeri sökülür. Saraya qayıtmağımız məslə‑
hətdir. Bu İbrahim axmaq adama oxşayır. Bəlkə də başdanxa‑
rabdır. Əgər çox maraqlısınızsa, nəzarət təyin edərik. Nə olsa
gəlib çatdırarlar. Biz də hali olarıq. Bundan daha vacib dövlət
işləri var.
Saray. Günortaya yaxın carçılar bir‑birinin dalıyca saraya
axışırlar:
‑ Şah sağ olsun, İbrahim bütün şəhəri başına alıb. Hamını
səhər tezdən, dan yeri qızarmamış Əmircan dağına çağırır.
‑ Niyə?
‑ Bilmirik. Hamıya deyir ki, vacib sözüm var sizlərə.
‑ Nə söz?
‑ Bilmirik.
‑ Nəzarət eləyin. Görün nə hoqqa çıxarır bu İbrahim.
‑ Şahım, İbrahim yox, Gözəl İbrahim. Xalq onu Gözəl İbra‑
him çağırır.
‑ Yaxşı, hamınız gedin. Vəzir sən isə qal.
‑ Başüstə, qibleyi‑aləm.
Hamı otaqdan çıxır.
‑ Vəzir, bəlkə dərviş paltarı geyinib biz də gedək ora.
‑ Qətiyyən, şahım, şərəfləndirmiş olarsınız o axmağı. Yəqin
nəsə sarsaqlayacaq. Buna görə dəyməz ora getmək. Tapşırmı‑
şam. Nə olsa gəlib çatdıracaqlar.
Ertəsi gün. Yenidən saray. Sakitlik hökm sürür. Padşah fikrə
gedib. Əyanların cınqırı da çıxmır. Birdən sarayın darvazası
önündə hay‑küy qopur, qışqırıq sədaları gəlməyə başlayır.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
188
Vəzir tez eyvana çıxır.
‑ Üsyan, padşahım. Camaat saraya hücuma keçib. Əsgərlər
qabaqlarını güclə alırlar. Çoxdurlar, padşahım. Ordunu kö‑
məyə çağırmaq lazımdır. Tez zirzəmiyə enin. Bura sizinçün
təhlükəli ola bilər.
‑ Axı niyə üsyan edirlər ki? Tələbləri nədir? Düşüb bəlkə öy‑
rənəsən?
‑ Yox, şahım, qorxuludur. Gözləri qızıb. Yox, şahım, eyvana
çıxmayın qorxuludur.
‑ Əllərində silahmı var?
‑ Yox.
‑ Daş atırlarmı?
‑ Yox.
‑ Bəs əllərində nə var?
‑ Gül. Hərəsi əlində bir dənə gül tutub.
‑ Nə?
‑ Gül.
‑ Çəkilin.
Padşah sarayın eyvanına çıxır. Və saraya hücum çəkən əha‑
liyə səslənir.
‑ Ay camaat, nə olub?
‑ Sən kimsən? Bizə padşah lazımdır. Onu görmək istəyirik.
Şah qəzəbini boğaraq:
‑ Mənəm ‑ padşahınızam.
‑ Əgər padşah sənsənsə, əmr ver bizi saraya buraxsınlar.
Sənə vacib sözümüz var.
‑ Buraxın onları. Hamısını buraxın.
Saray əyanları etiraz etsələr də, bunun təhlükəli olduğunu
bildirsələr də, şahı fikrindən döndərə bilmirlər. Camaat saraya
doluşaraq gəlib padşahın hüzurunda dayanır. Baş əymirlər.
Gözlərini heyranlıqla şahın gözlərinə dikib dururlar.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
189
‑ Buyurun, nə sözünüz var? Kim sizə haqsızlıq edib ki, belə
qeyzlənmisiniz. Deyin cəzasını verim.
‑ Heç kim, qibleyi‑aləm.
‑ Bəs bu nə hücumdur çəkirsiz saraya? Qorxmursunuz ki,
qanunu, asayişi pozduğunuza görə kəlləniz gedər?
‑Yox, şahım, biz gəlmişik ki, sizə ürək sözümüzü deyək.
‑Deyin, qorxmayın. Xalqımın xatirinə dəyəni gözünüzün
önündə edam elətdirərəm. Deyin.
Camaatın içindən ən yaşlısı irəli çıxaraq şaha yaxınlaşır.
Əlindəki gülü ona verərək:
‑ Şahım, mən səni çox sevirəm. ‑ deyir və saraydan çıxır.
Onun arxasınca bir başqası da şaha yaxınlaşır. Gülü təqdim
edərək o da:
‑ Şahım, mən səni çox sevirəm. ‑ deyir.
Şah və bütün saray əhli bir‑birinə mat‑məə əl baxaraq nə
baş verdiyini anlamaq istəyir. Amma heyrətdən donub bu
mənzərəni seyr edirlər. Beləcə, saraya hücum edən yüzlərlə
insan bir‑bir padşaha yaxınlaşır, ona gül təqdim edir, “şahım,
mən səni çox sevirəm” deyib, çıxır gedir. Beləcə, saray boşalır.
Padşah isə bu mənzərədən xoşhal olsa da, heyrətindən gül‑
çiçək selinin içində donub yerindən tərpənmir. Handan‑hana:
‑ Vəzir, bu nə idi?
‑ Baş açmadım, şahım. Vaxt verin araşdırım. Əvvəl‑axır hər
şey aydın olacaq.
Bir müddətdən sonra Gözəl İbrahimə göz qoyanlardan biri
çaparaq saraya yaxınlaşır. Şahın önünə gəlir:
‑ Anlat görüm, nə baş verir şəhərdə? Gözəl İbrahim nə edir?
‑ Şahım, səhər tezdən Gözəl İbrahim Əmircan dağının ətə‑
yinə çıxdı. Əhali də ora axışmağa başladı. Üç yüz nəfər olardı.
Gözəl İbrahim üzünü onlara tutub belə dedi: “Ey insanlar, bir‑
birinizi sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin”.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
190
Vəssalam.
‑ Elə bu?
‑ Bu.
‑ Bəs camaat onu daşa basmadı? “Bizi işimizdən‑gücümüz‑
dən edib buna görəmi bura çağırmısan?” demədi.
‑ Demədilər. Əksinə, soruşdular ki, bəs biz padşahımızı çox
sevirik. Adil bir hökmdardır. Bugünəcən görməmişik onu. Heç
üzdən də tanımırıq. Onu nə qədər çox sevdiyimizi necə çatdı‑
raq? Nə edək?
‑ Gözəl İbrahim nə cavab verdi?
‑ Gözəl İbrahim də cavab verdi ki, bəs bilmirsiniz ki, padşah
harda yaşayır? Sarayı tanımırsınız? Gedin ora. Özünə deyin.
Camaat da ordan bir baş axışdı saraya.
‑ Nə gözəl. Bu İbrahim nə müdrik adammış. Xalqımın gö‑
zündə bir qədər də qaldırdı məni. Bircə cümləsiylə. Necə dedi?
‑ “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑birinizə demək‑
dən çəkinməyin”.
‑ Vəzir, yaz bu kəlmələri. Qiymətli sözlərdir. Siz də deyirdi‑
niz ki, xatalı adamdır. Burda xatalı nə var ki? “Ey insanlar, bir‑
birinizi sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin”.
Görəsən hardan öyrənib bu sözləri. Mən ilk dəfədir ki, eşidi‑
rəm. Vəzir, sən necə?
‑ Mən də, qibleyi‑aləm.
‑ İşiniz olmasın Gözəl İbrahimlə. Qoy necə istəyir, öz həya‑
tını yaşasın. Əlbə ə ki, qanunlarımıza riayət etmək şərtiylə.
Səhəri gün padşah “Şah sağ olsun!”, “Şahımıza uzun ömür”
sədalarına yuxudan oyandı. Eyvana çıxanda sarayın qabağına
əllərində gül tutmuş yüzlərlə insanın toplaşdığını gördü. On‑
lara əl elədi. “Şahımız, sizə sözümüz var. Bizi qəbul elə” deyə
kütlə dilləndi. Şah da tezcə taxtına oturub camaatı saraya bu‑
raxmağı əmr etdi. İnsanlar taxtın qarşısına gəlib heyranlıqla
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
191
ona tamaşa eləməyə başladılar. Qəfildən biri irəli çıxıb əlindəki
gülü şaha təqdim edərək “şahım, mən səni çox sevirəm” deyib,
sarayı tərk etdi. Digərləri də bir‑bir şaha yaxınlaşaraq, gül ve‑
rərək eyni sözləri təkrar edib, bir‑bir saraydan uzaqlaşmağa
başladılar. Taxt gül‑çiçəyin içində görünməz oldu. Şahın se‑
vinci isə yerə‑göyə sığmırdı. Xoşbəxtlikdən uçmağa qanadı
yox idi. Bir azdan Gözəl İbrahimə qoşduqları nəzarətçilərdən
biri də gəlib çıxdı:
‑ Bu gün İbrahim nə edib?
‑ Heç nə, şahım. Dünənki kimi, Əmircan dağının ətəyinə
çıxdı. Gələnlərin sayı da dünənkindən çox idi. Beş yüz nəfər
olardı. Yenə də eyni sözləri təkrar etdi: “Ey insanlar, bir‑birinizi
sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin”.
‑ Vəssalam?
‑ Vəssalam. Sonra da camaat dağılışıb getdi işinə‑gücünə.
‑ Eybi yox. Qoy yaşasın mənim məmləkətimdə. Bəs özü nə
iş görür?
‑ Heç nə, şahım. Hara gedirsə, ayağa dururlar. Xurcununa
pay qoyurlar. Pay deyəndə ki, çörək, yağ‑pendir, tərəvəz. O da
şəhəri məhlə‑məhlə dolaşır. İnsanlarla xoş söhbət edir. İnsanlar
da ona ürəyini açır, məsləhət istəyirlər.
‑ Nə məsləhət?
‑ Biri deyir ki, arvadıyla yola getmir. O biri deyir ki, qonşum
pisdir. Xırda məişət problemləri.
‑ Bəs o, nə məsləhət verir?
‑ Bircə bunu deyir: “Ey insanlar, bir‑birinizi sevin və bunu
bir‑birinizə deməkdən çəkinməyin”. Bir də sizin ədalətli
hökmdar olmağınız dilindən düşmür. Kimə yaxınlaşırsa, bi‑
rinci bunu deyir. Deyir ki, ay camaat, mən çox ölkələr gəzmi‑
şəm, çox padşahlar görmüşəm. Beləsini görməmişəm. Siz çox
xoşbəxt adamsınız ki, belə gözəl, adil hökmdarı olan məmlə‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
192
kətdə yaşayırsınız.
‑ Lap yaxşı, lap əla. Qoy gəzib‑dolansın. Pis iş görmür ki?
Yox. Onda nə deyə bilərik ki, ona? Heç nə. Düz deyirəmmi,
vəzir?
‑ Siz bilən məsləhətdir, qibleyi‑aləm. Amma burda nəsə
başqa bir əmma var.
‑ Nə əmma?
‑ Bilmirəm, yəqin yavaş‑yavaş hər şey açılar.
Ertəsi gün erkən yenə əhali sarayın önünə yığışır. Bu dəfə
dünənkindən də çox. Padşah da böyük həvəslə onları qəbul
etmək üçün taxtına əyləşir. Əmr verir ki, insanları saraya bu‑
raxsınlar. Əhali də böyük heyranlıqla şahlarına baxır, heç bir
təzim qaydalarına əməl etmədən bir‑bir ona yaxınlaşır, gətir‑
dikləri gülü verərək “şahım, mən səni çox sevirəm” söyləyərək
sarayı tərk edirlər.
‑ Vəzir, görürsən də, xalqım məni nə çox sevir?
‑ Sevir, şahım. Amma...
‑ Nə amma. Bunun nə əmması var ki?
‑ Şahım, artıq üçüncü gündür ki, sarayda bütün dövlət işləri
dayanıb. Yalnız insanları ‑qəbul edib, gül almaqla məşğulsu‑
nuz. Bəlkə təxirə salaq bu işləri.
‑ Necə? Xalq gəlib mənə öz məhəbbətini izhar etmək istəyə‑
cək, mən də onları qapımdan qovum? Bunumu istəyirsən?
‑ Xeyr, qibleyi‑aləm. Sadəcə belə davam edə bilməz. Məm‑
ləkətimiz böyük. Hər gün də Gözəl İbrahimin çağırışına qoşu‑
lanların sayı artmaqda. Belə getsə saraya gələnləri qəbul etmək
üçün gərək gecəni də yatmayasınız.
‑ Qoy belə davam etsin. Görək axırı nə olur. Lazım olsa bir
əncam çəkərik. Yaxşı hansı dövlət işləri var? De bir‑bir gəlsin‑
lər.
Qazı taxta yaxınlaşır. Təzim edir.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
193
‑ Qazı əfəndi, nə işin var. De.
‑ Heç bir işim yoxdur, şahım. Sadəcə hər hə ənin bu günü
sizin hüzurunuza gəlməliyəm. Verdiyim qərarlar barədə sizə
məlumat vermək, ölüm hökmlərini təsdiq edilməsi üçün. Odur
ki, burdayam.
‑ Hər dəfə əlində qalın qovluq olardı. İndi görmürəm.
‑ Əhalidən bir xeyli şikayət vardı. Amma son üç gündə ha‑
mısı gəlib geri götürdülər.
‑ Aydın danış.
‑ Biri qonşusundan şikayət vermişdi ki, bəs məni bütün
günü təhqir edir. Araşdırdıq gördük ki, düz deyir. Saldıq qon‑
şusunu zindana. Srağa gün gəlib ki, bəs mən qonşumu bağış‑
layıram. Daha şikayətçi deyiləm. Şikayət etdiyi adama da bir
dənə gül bağışlayaraq, “bütün insanlar bir‑birini sevməlidir və
bunu bir‑birinə deməkdən çəkinməməlidir” deyib, gözümün
qabağında qucaqlayıb öpdü. Mən də məcbur olub buraxdım
onu.
‑ Lap yaxşı. Burda pis nə var ki? Sonra.
‑ Biri şikayətə gəldi ki, bəs çörək dükanından oğurluq olub.
Fərraşları göndərib yaxaladıq oğrunu. Bircə dənə lavaş oğur‑
lamışdı. Saldıq zindana. Dünən isə gəlib ki, bəs “buraxın onu,
taqsır məndədir. Yaxınlaşdı ki, bəs acından ölürəm, mənə bir
tikə çörək ver yeyim. Mən də söyüb qovdum onu. Amma indi
bilmişəm ki, bütün insanlar bir‑birini sevməlidir. Bir insan di‑
gərinin ac qalmasını istəməməlidir”. Bu gün istəyirdim ki,
oğurluq etdiyi sağ əlini camaatın gözü qabağında – meydanda
vurdurum. Ki, hamıya dərs olsun. Amma şikayət geri götürül‑
düyündən məcbur olub azad etdim.
‑ Ədalətli qərar vermisən. Sonra. Davam et.
‑ Amma iki nəfər var. Dünəndən bəri qərar verə bilmirəm.
Zina edib. Qonşunun nişanlı qızına sataşıb. Onu da yoldan çı‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
194
xarıb. Yaxşı ki, vaxtında xəbər tutub şikayət ediblər. İkisini də
tutub zindana saldırdım. Qanuna görə edam edilməlidirlər.
Əlbə ə ki, siz padşahımızın hökmündən sonra.
‑ Gətirin onları bura.
Cavan oğlanla qızı əli‑qolu bağlı şahın hüzuruna gətirirlər.
Oğlan diz çökərək yalvarmağa başlayır:
‑ Qibleyi‑aləm, mənim taqsırım yoxdur. Uşaqlıqdan sevir‑
dim o qızı. Amma varı‑dövləti olan bir qoca kişiyə nişanladılar.
Mən də artıq dözə bilmədim. Onu sevdiyimi gizlətməyib
özünə dedim. Demə, o da məni sevirmiş. O da mənim məhəb‑
bətimə sevgiylə cavab verdi. Nişanlısı da hardansa xəbər tutub
qaziyə şikayət etdi. Əgər bir günah etmişiksə, bağışlayın bizi.
‑ Şah sağ olsun, edam olunmalıdırlar. Allah qarşısında
böyük günah ediblər.
‑ Bu qızın o yaşlı adamla kəbini varmı?
‑ Yox. Amma ata‑anası razılıq verib. Üzük taxılıb. El‑oba
bilir. Oğlanın da ata‑anası xəcalətlərindən el arasına çıxa bil‑
mirlər. Onlar edam yox, daş‑qalaq edilməsini tələb edirlər.
‑ Oğlan qıza nə deyib?
‑ Deyib ki, “mən səni sevirəm”. Qız da yoldan çıxıb, cavab
verib ki, “mən də səni sevirəm”.
‑ Elə bu? Gündə yüzlərlə insan saraya gəlib mənə “şahım,
mən səni çox sevirəm” deyir. Onda mən də gərək onların ha‑
mısını edam elətdirim, hə?
‑ Bu sevmək o sevməkdən deyil, şahım. ‑ qazı dillənir.
‑ Xalqım məni sevir, mən də onu. Bizi bir‑birimizdən ayıra
bilərsənmi?
‑ Kimin haqqı nədir ki, şahım! Amma qanunlar var. Biz bun‑
ları cəzalandırmasaq, digərləri də...
‑ Bəs onda mən niyə bu iki sevən gənci bir‑birindən ayırma‑
lıyam? Qətllərinə fərman verməliyəm. Bir də ki, Gözəl İbrahi‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
195
min də bu barədə kəlamı var. Vəzir, necədir o?
‑ “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑birinizə demək‑
dən çəkinməyin”.
‑ Qazı, gözəl sözlərdir, elə deyilmi?
‑ Düz buyurursunuz, şahım. Amma...
‑ Amması‑zadı yoxdur. Bu iki gənci bağışlayıram. Böyük
sevginin xatirinə.
Fərraşlar oğlanla qızın qandallarını açıb buraxırlar.
‑ Düz etdimmi, vəzir?
‑ Bəli, hökmdarım. Amma, özünüz verdiyiniz qanunları
pozdunuz.
‑ Qanunları dəyişirəm. Bu gündən mənim məmləkətimdə
sevgi azaddır. Qızı kiminsə var‑dövlətinə satmaq cinayətdir.
‑ Bəs onda gərək birinci saraydan başlayaq, hərəmxananı
bağlayaq.
‑ Düz deyirsən, vəzir. Hərəmxanada 50 qadın var. Hamısına
da təhsil, yüksək mədəniyyət dərsləri keçilib. Hərəsini də bir
kənddən, obadan ailəsindən ayırıb gətirib bura salmışıq. Qoy
qayıtsınlar öz el‑obalarına. Ordakılara da yazıb‑oxumağı öy‑
rətsinlər.
‑ Bəs onda rəiyyətdən nə fərqimiz oldu, şahım!
‑ Mənim əmrimə qarşımı gedirsən?
‑ Başüstə, hökmdarım.
Bu an Gözəl İbrahimə qoyulan nəzarətçilərdən biri çaparaq
saraya yaxınlaşır. İçəri girir. Taxta yaxınlaşıb, təzim edir.
‑ Hə, bu gün nə olub?
‑ Gözəl İbrahim yenə də tezdən dağın ətəyinə getdi. Ziyarə‑
tinə gələnlər də dünənkindən daha çox idi. Yenə də eyni sözləri
dedi. “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑birinizə de‑
məkdən çəkinməyin”. Sonra da camaat dağılışıb getdi işinə‑gü‑
cünə. Gözəl İbrahim də şəhəri gəzib yenidən qayıtdı komasına.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
196
‑ Komasında daha kimlər var?
‑ Heç kim. Təkcə özüdür.
‑ Bəs yanına gələn yoxdur?
‑ Xeyr, hökmdarım.
‑Yaxşı. Nəzarəti davam etdirin. Nə olsa xəbər verin. Görür‑
sən də, vəzir, Gözəl İbrahim sən deyən qədər də təhlükəli
deyil.
‑ Hələ bilmək olmaz. Cəmi dörd gündür ki, şəhərdədir.
Ertəsi gün padşah yenidən səs‑küyə yerindən oyanır. Vəzir
özünü hövllü yataq otağına salaraq:
‑ Şahım, üsyandır. Əhali əsgərlərə hücum edib nizə‑qalxan‑
larını əllərindən alırlar. Tez zirzəmiyə düşün. Şahzadələr də
artıq ordadır.
‑ Yaxşı, əsgərləri tərksilah ediblərsə, üsyandırsa, bəs onda
hardadırlar? Niyə otağıma gəlmirlər? Məni öldürmürlər.
‑ Doğurdan e... Heç bunu fikirləşməmişdim. Səs‑küy də aza‑
lır. Eyvana çıxım, bir vəziyyətə baxım.
‑ Çəkil.
Padşah vəziri kənara itələyib özü eyvana çıxır. Görür ki, bir
kəndli yapışıb əsgərin nizəsindən. Əlindən almaq istəyir. O da
müqavimət göstərir. O biri əsgərlər isə gözə görünmür.
‑ Ay bala, nə edirsən?
‑ Şahım, dünəndən paytaxtda izdivaca girənlərin sayı çoxa‑
lıb. Yığışıb elliklə onlara yurd salırıq, ev tikirik. Alətlərimiz isə
çatışmır. Gəldik əsgərlərə dedik ki, biz sizi çox sevirik. Siz də
bizi sevin. Müvəqqəti olaraq silahlarınızı bizə verin, lazımdır.
Onlar isə imtina elədilər. Sonra isə başa düşəndə özləri də əha‑
liyə qoşulub getdilər. Bircə bu qalıb. Nə qədər başa salıram,
qanmır ki, qanmır.
‑ Neyləyirsiniz ki, silahı. Silah düşmənə qarşıdır, siz isə
mənim sevimli rəiyyətimsiniz.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
197
‑ Hökmdarım, dedim axı, alətlərimiz çatmır. Torpaq da
bərkdir. Nizənin iti ucuyla döyüb‑döyüb yumşaldacağıq.
Sonra torpağı qalxanın içinə doldurub daşıyacağıq. Palçıq tut‑
mağa da yarıyır. Həmişəlik aparmırıq ki... işi qurtaran kimi
qaytaracağıq da...
Heyrətindən nə deyəcəyini bilməyən padşah üzünü vəzirə
tərəf çevirir. O da çiyinlərini çəkir.
‑ Yaxşı, Allah xeyir versin. Tikin, yaradın. Nə köməklik olsa,
mən də hazıram.
‑ Allah ömrünüzü uzun eləsin, şahım. Nəzərinizi üstümüz‑
dən əskik eləməsin. Bir də ki, sizin zəhminizdən bir düşmən
də üstümüzə gələ bilməz. Odur ki, əsgərlər bizə yardım gös‑
tərsələr, minnətdar olarıq.
‑ Vəzir, əmrimi çatdır bütün əsgərlərə. Əhaliyə tikinti işlə‑
rində köməklik etsinlər. Bəs tikintiyçün lazım olan daşı‑kəsəyi,
taxtanı hardan götürürsünüz?
‑ Allaha şükür, torpağımız zəngindir. Daş‑kəsəyi dağdan
çapıb, arabalarla gətiririk. Qalan şeyləri isə tacirlərlə danışmı‑
şıq. Götürürük, əvəzinə isə onlara lazım olan malları veririk.
Bu ay toy‑düyünümüz çox olacaq, şahım.
‑ Allah xoşbəxt eləsin. Allah mübarək eləsin.
‑ Sağ ol, şahım. Allah səni üstümüzdən əskik eləməsin.
Şahın keyfi bir az da yüksəlir. Çöhrəsində gülüş sarayın hə‑
yətində gəzməyə başlayır. Bu vaxt çaparlardan biri saraya gəlir.
‑ Nə xəbər gətirmisən, çapar?
‑ Gözəl İbrahimdən.
‑ Nəsə hoqqa çıxarıb?
‑ Xeyir, şahım. Pis bir iş tutmayıb. O biri gün olduğu kimi,
yenə dağın ətəyinə getdi. Ziyarətə gələnləri də çox idi. Yenə də
eyni sözləri dedi: “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑
birinizə deməkdən çəkinməyin”. Sonda camaatdan soruşdu
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
198
ki, bəs niyə toy‑düyün səsləri gəlmir evlərdən. Onlar da dedi
ki, nə evimiz var, nə torpağımız, nə də tikməyə pulumuz.
Gözəl İbrahim də onlara öz məsləhətlərini verdi.
‑ Nə dedi?
‑ Dedi ki, elliklə yığışın bir‑birinizə ev tikin. Biri su daşısın,
biri dağı çapıb daş gətirsin, biri palçığa qatmaq üçün yumurta.
Bir də görəcəksiniz ki, ev hazırdır. Kim bu işə qoşulmaq istə‑
məsə mənim sözlərimi təkrar edin: “Ey insanlar, bir‑birinizi
sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin”.
‑ Ay Gözəl İbrahim, axı bizim torpağımız da yoxdur.
‑ Bəs bura nədir? Çölü‑biyaban. Burda tikin, abadlaşdırın,
ağac əkin, evlənin, uşaq səsi aləmi götürsün.
‑ Bura şahımızın torpağıdır, axı.
‑ Heç bir padşah ölkəsində gedən abadlığa etiraz etməz. Siz
başlayın, görəcəksiniz, hə a özü də köməklik edəcək. Sizin şa‑
hınız çox müdrik və ədalətli hökmdardır. Bu qədər, şahım.
Başqa heç nə demədi.
‑ Görürsən də, vəzir. Bu Gözəl İbrahim məni xalqımın içində
necə göylərə qaldırır. İnsanlara düzgün yol göstərir.
‑ Bəs qanunlar? Axı ora sizin torpaqlardır. Bu insanlar da
qanunlarınızı pozmuş sayılır.
‑ Neyləyirəm torpaqları. Qoy tiksinlər, əkib‑becərsinlər,
abadlaşdırsınlar. Əyanlara da denən ki, işləri olmasın cama‑
atla.
‑ Qazı gəlib, şah sağ olsun.
‑ Gəlsin.
‑ Qibleyi‑aləm, bir iş var. Lap çətinə düşmüşəm. Sizin müd‑
rikliyiniz lazımdır. Cəza verən də sizsiniz, əfv edən də.
‑ De. Nə işdir?
‑ Şahım, biri qonşusunun inəyini oğurlayıb. Aparıb başqa
şəhərdə satıb. Sonra da qayıdıb. Bir neçə gündən sonra aydın
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
199
olub ki, bəs oğru bu imiş. Qonşusunun şikayəti əsasında tutub
salmışıq zindana. Dünən də şikayətçiylə təbib gəliblər ki, bəs
burax onu, günahsızdır.
‑ Təbib niyə gəlib ki?
‑ Demə, bu tutulanın uşağı xəstəymiş. Aparıb təbibə. O da
müalicəyə, dava‑dərmana görə pul istəyib. Bu kasıb da gəlib
varlı qonşusundan kömək diləyib. O da bunu qapısından
qovub. Naəlac qalıb qonşunun inəyini oğurlayıb, satıb. Pulu
da təbibə verib, uşağını ölümdən qurtarıb. İndi bunlar da gəlib
ki, bəs biz onda başa düşməmişik ki, insanlar bir‑birini sevmə‑
lidir.
İndi isə bunu anlayırıq. Taqsır onda yox, bizdədir. Təbib də
hamıya car çəkib ki, bu gündən müalicəni pulsuz edəcək,
dava‑dərmanı da pulsuz paylayacaq. İndi mən nə edim, pad‑
şahım. Qanunda bu haqda heç nə yazılmayıb. Əfvə isə ancaq
sizin ixtiyarınız çatar.
‑ Əfv edirəm. Hamıya da mənim qərarımı yayın. Mənim
məmləkətimdə bütün insanlar bir‑birlərini sevməli, ağır gü‑
nündə əl tutmalıdırlar. Təbibin bu addımını isə yüksək qiy‑
mətləndirirəm. Sağ olsun.
‑ Siz sağ olun, hökmdarım. Adil qərar verdiniz.
Qazi gedir. Hökmdar məmnun halda:
‑ Hə, vəzir, düz etdimmi?
‑ Bəli hökmdarım. Amma...
‑ Nə amma?
‑ Hökmdarım, məmləkət böyük, kəndlər, şəhərlər, insanlar
çox. Qanunu pozanlar da bir o qədər. Hamısı da sizin əfvinizi
umacaqlar. Hisslər yox, qanunlar işləməlidir ki, ən kiçik kəndi
də idarə edə bilək. Yoxsa hərc‑mərclik başlayacaq.
‑ Heç vaxt. Əvvəllər ola bilərdi. Amma Gözəl İbrahimin o
sehrli sözlərindən sonra heç nə olmayacaq. Əksinə, insanlar
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
200
daha salim olacaqlar. Çünki onları qanunlar yox, sevgi idarə
edir.
Günlər bir‑birini əvəz etdikcə saraya insan axını daha da ar‑
tırdı. Rəiyyət padşahlarıyla görüşür, ona gül təqdim edir, ürək
sözlərini deyirdilər. Vəzir, saray əyanları, hə a vəliəhd şah‑
zadə də şahı bu təmasdan çəkindirməyə çalışsalar da, həyatı
əvvəlki məcraya qaytarmaq alınmırdı. Əksinə, hər gün yeni
bir şey ortaya çıxırdı.
‑ Şahım, axund hüzurunuza gəlmək istəyir.
‑ Gəlsin.
‑ Şah sağ olsun, məmləkətdə qəribə işlər baş verir.
‑ Nə işlər?
‑ İnsanlar sübh namazına gəlmirlər. Gələnlər də mənimlə
söz güləşdirirlər. Mollaların da hörməti azalıb. Mollaxanalar
bağlanmaq üzrədir. Vergi yığa bilmirik. Abır‑həya əldən gedir.
Düz‑əməlli yas mərasimi də keçirə bilmirik.
‑ Niyə? Kim cürət edir Allahın yazdığı qanunları pozmağa?
‑ Gözəl İbrahim, şahım.
‑ Nə edir ki, o qərib?
‑ Heç nə.
‑ Bəs onda niyə onu günahlandırırsan? Əgər qanunları po‑
zubsa, özü də Allah tərəfindən göndərilən qanunları, dərhal
edam edilməlidir.
‑ Xeyr, şahım. Sadəcə əhalimiz arasında küfür yayır.
‑ Nə deyir, axı?
‑ Deyir ki, “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑biri‑
nizə deməkdən çəkinməyin”.
‑ Burda bir günahmı var?
‑ Yox. Sadəcə hər səhər onun bu sözünü eşitmək üçün ca‑
maat Əmircan dağına axışır, sübh namazına isə gəlmirlər.
Məni, din xadimlərini saymırlar.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
201
‑ Deməli, sənin sözündən belə çıxır ki, İbrahim onları məs‑
cidə getməkdən çəkindirir.
‑ Əsla, şahım. Heç məscidin adını da çəkmir. Dinimizə qarşı
hörmət‑ehtiramını da bildirir.
‑ Bəs onda nədir bu məlunun günahı? De, edam elətdirim.
Özü də xalqın gözünün qarşısında.
‑ Şahım, o gün hörmətli ağsaqqalımız Hüseyn Ağa rəhmətə
gedib. Bütün şəhər camaatı bu xəbəri sevinclə qarşılayıb,
gülüb, sevinirlər. Hə a bir‑birlərinə gözaydınlığı da verirlər.
‑ Başa düşmədim. Hüseyn Ağa yaxşı insan olub axı. Bildi‑
yimə görə, hamıya da əl tutan olub.
‑ Şahım, dəfn mərasimini özüm aparırdım. Hamı da qəmgin
şəkildə dayanıb ağlayırdı. Mərhumu məzara qoyandan sonra
dedim ki, “ay camaat, Hüseyn Ağa gözəl insan idi, yaxşı adam
idi. Burda olanların hamısına yaxşılığı keçib. Qapısına gələni
əliboş yola salmazdı. Yəqin ki, onun bu xidmətləri də yüksək
qiymətləndiriləcək. O dünyada yeri Behişt olacaq, cənnətmə‑
kan olacaq”. Bu sözləri dedikcə camaat bir az da bərkdən ağ‑
lamağa başladı. Birdən bu Gözəl İbrahim qabağa çıxaraq nə
desə yaxşıdır?
‑ Nə?
‑ Ay insanlar, niyə ağlayırsınız? Axund dedi ki, çox hörmətli
Hüseyn Ağa cənnətməkan olacaq. Buna sevinmək lazımdır.
Ömrü boyu yaşayıb buna çalışmırıqmı ki, haqq dünyasında
qiymətimizi alaq, cənnətə düşək. İndi axund belə deyirsə, buna
sevinmək lazımdır, ağlamaq yox. Bunu deməyini gördüm.
Hamı başladı qucaqlaşmağa, öpüşməyə, “çox şükür ki, Hü‑
seyn Ağa Cənnətə düşdü” deyərək bir‑birinə gözaydınlığı ver‑
məyə.
‑ Axund, öləndən sonra cənnətə getmək yaxşıdır, cəhən‑
nəmə.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
202
‑ Cənnətə, şahım.
‑ Bəs onda Gözəl İbrahim nə küfr yayır ki? Hüseyn Ağanın
cənnətməkan olması sizi qüssələndirir, yoxsa sevindirir?
‑ Allahın hamıya rəhmi gəlib belə bir gün qismət eləsin in‑
şallah.
‑ Amin. Bunu başa düşdük. Sonra nə deyir bu Gözəl İbra‑
him.
‑ Mollaxanalar yavaş‑yavaş bağlanır, şahım. Hamı uşağını
təhsildən uzaqlaşdırır.
‑ Bu niyə? Gözəl İbrahim nə haqla insanları cəhalətə sürük‑
ləyir?
‑ Xeyr, şahım. Sadəcə sizin hərəmxanadan azad etdiyiniz xa‑
tunlar evlərində dərsxanələr açıblar. Özü də pulsuz. Camaat
da uşaqlarını onların yanına aparır.
‑ Elə niyə? Mollaların savadı onlarınkından aşağıdırmı?
‑ Əsla. İş bunda deyil. Sadəcə bizdə dərsini bilməyəndə fa‑
laqqa işə düşürdü, cəza verirdik. Amma bu xatunlar uşaqların
başlarını sığallayırlar. Səbrlə bir də başa salırlar. Sarayda öy‑
rəndikləri dünyəvi elmlərdən bəhs edirlər. Sizin də adilliyiniz
dillərindən düşmür.
‑ Əla, əla. Bəs Gözəl İbrahimin burda nə günahı?
‑ Günahı bircə kəlməsindədir‑ “Ey insanlar, bir‑birinizi
sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin”.
‑ Lap yaxşı. Burda pis nə var ki? Bunu da anladıq. Sonra nə
edir bu Gözəl İbrahim?
‑ Məsciddə moizə oxuya bilmirəm. Dindarlar mənə cavab
qaytarır.
‑ Anlamadım.
‑ Deyirəm ki, ey insanlar, Allah böyükdür, o hər birimizin
günahlarını da görür, yaxşı işlərini də. Allahdan qorxun. Pis
əməllərdən çəkinin. Qayıdıb mənə desələr yaxşıdır?
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
203
‑ Nə?
‑ Allah böyükdür. Biz bunu qəbul edirik. O müqəddəsdir, o
adildir, o bizi yaradandır, bizə ruzi, işıq, su, od verəndir.
Ondan niyə qorxmalıyıq ki? Biz Allahımızı sevirik. Çox sevirik.
Belə bir Allahın bəndələri olmaqdan məmnunuq.
‑ Hə... Bu bir az qəliz məsələ oldu. Deyirsən ki, bunu Gözəl
İbrahim aşılayıb onlara?
‑ Bəli, şahım. Amma gözəl sözlərdir. “Biz Allahımızı sevirik.
Çox sevirik. Belə bir Allahın bəndələri olmaqdan məmnunuq”.
‑ Yox. Bu Gözəl İbrahim səfil, ağılsız adama oxşamır. Başqa
sözün varmı?
‑ Var, şahım. Paytaxtda dövlət idarələri bağlanır, məmurlar
işlərini atıb gedirlər. Əhali vergi vermir. İşçilər məvaciblərini
almaqdan imtina edirlər.
‑ Təfsilatıyla izah elə.
‑ Şahım, şəhərdə heç kim pula nəsə satmır. Kimə çörək la‑
zımdırsa, tələbatına görə çörəkçidən götürür. Çörəkçiyə paltar
lazımdırsa, dərzi havayı tikir. Loğman hamını havayı müalicə
edir. Əczaçı dərmanı pula satmır. Bir sözlə, öz aralarında mal,
ərzaq mübadiləsi edirlər. Pul verirsən, götürmürlər. Əgər bir
iş bacarmırsansa, bir işə yaramırsansa, lap bir küp qızılın olsun
ac qalırsan. Gərək hökmən bir işin qulpundan yapışmalısan,
insanlara, məmləkətinə xeyir verməlisən. Ən azı fəhləlik etmə‑
lisən ki, insan olan kəs sən insanı sevsin. Əyanlar da yaxınlaşıb
çörək almaq istəyəndə çörəkçi pullarını qəbul etmir, çörək də
vermir. Onlar ”bütün insanlar bir‑birini sevməlidir” deyəndə
soruşur ki, sən insanları sevib nə etmisən ki? “Əyanam” cava‑
bını verən kimi qapıdan qovurlar. Ona görə də varlıların bir
çoxu ac qalmaqdan qorxub gediblər ev tikməyə, su daşımağa,
ağac əkməyə, bir sözlə, insanlara faydalı olmağa. Çox şükür
ki, çörək yiyəsi olublar.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
204
‑ Sonra?
‑ Deyəndə ki, vergi ver, o saat cavab qaytarırlar ki, qazancı‑
mız var ki, vergi verək? Malın üstünə pul qoyub satırıq ki, hələ
bir nəsə də ödəyək? Əlavə pul qazanıb nə edirdik? Ev tikirdik,
ya paltar tikdirirdik. İndi bunların hamısı havayıdır. Pul keç‑
mir. İnsanlar bir‑birini insanlıqlarına görə sevməlidir, qazanc
əldə etməyə görə yox. Dünya malı bu dünyada qalır, o dün‑
yaya bir‑iki metr kəfən aparırsan. İnsan gərək nəfsini boğsun.
Aza qane olsun. Haram yeməsin.
‑ Axund, düz demirlər?
‑ Şahım, düz demək nədir? Cümə namazında camaata de‑
diklərimi özümə qaytarırlar.
‑ Yaxşı, Gözəl İbrahimin bunda nə günahı?
‑ Heç nə, şahım. Özüm də məə əl qalmışam. Bütün bunlar
onun “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑birinizə de‑
məkdən çəkinməyin” küfründən sonra başlayıb. İnsanlarda nə
qorxu qalıb, nə də bizə qarşı bir hörmət‑izzət.
‑ Axund, sözündən belə çıxır ki, bir sözə görə Gözəl İbra‑
himi edam etdirməliyəm, eləmi?
Axund fikrə gedir. Dinmir. Başını aşağı salır.
‑ Cavabını gözləyirəm.
‑ Xeyr, şahım.
‑ Onda gedə bilərsən.
Ortaya yenə sükut çökür.
‑ Vəzir, sənin bütün bu baş verənlərə münasibətin necədir?
‑ Şahım, əlbə ə ki, yaxşısını siz bilirsiniz. Amma nə qədər
gec deyil Gözəl İbrahimi biz də sürgün etməliyik.
‑ Günahı nədir?
‑ Bilmirəm.
‑ İnsanlara sevgi aşıladığı üçünmü?
‑ Bilmirəm.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
205
Beləcə, günlər bir‑birini əvəz edir. Məmləkətdə əmin‑aman‑
lıq hökm sürür.
Saray. Şah taxtına oturub. Vəzir, vəkil, əyanlar ətrafında
ayaq üstə dayanıb. Hökmdar fikrə gedib. Heç kim dinib‑da‑
nışmır.
‑ Vəzir, hüzuruma kimsə gəlibmi?
‑ Xeyr, şahım.
‑ Qazı, axund da çoxdandır görsənmirlər.
‑ Sizi narahat edəsi bir işləri yoxdur. Əhalidən şikayət yox,
cinayət törədən yox. Zindanlar da bomboşdur.
‑ Gözəl. Gör necə adil hökmdaram ki, məmləkətimdə əmin‑
amanlıqdır.
Bu an bir kəndli saraya daxil olur. Gəlib taxtın qabağında
dayanır.
‑ Şahım, sənə sözüm var.
‑ Sən kimsən? Vəzir, kim icazə verib bunun saraya girmə‑
sinə?
‑ Şahım, mən sənin rəiyyətinəm. Mən səni çox sevirəm. –
deyib əlindəki gülü ona təqdim edərək sarayı tərk edir.
‑ Vəzir, bu nə özbaşınalıqdır. Əsgərlər, eşik ağası hara baxır?
‑ Şahım, sarayda bizdən, şahzadələrdən başqa heç kim yox‑
dur. Əsgərlər tikintidə işləyirlər. O vaxtdan geri qayıtmayıb‑
lar.
‑ Əla. Əgər mənim düşmənim yoxdursa, xalq məni sevirsə,
onda keşikçiyə, əsgərə nə ehtiyac? Vəzir, son günlər insanlar
da saraya axışmır, mənə gül vermir, sevgilərini ifadə etmirlər.
Bircə bugünkü kəndlidən başqa.
‑ Mən də məə əl qalmışam. Əvvəllər ehtiyat edirdim ki, ge‑
cəmiz‑gündüzümüz olmayacaq bunların əlindən. Amma indi
heç kim gözə dəymir.
‑ Gözəl İbrahimdən nə xəbər?
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
206
‑ Təzə bir şey yoxdur. Yenə əvvəlki kimi Əmircan dağının
ətəyinə çıxır, həmişə dediyi sözləri də təkrar edir: “Ey insanlar,
bir‑birinizi sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin”
‑ Başqa təzə nə xəbər var?
‑ Şahım, sarayda yeməyə də, içməyə də bir şey yoxdur. An‑
barlar boşalıb.
‑ Xəzinədən qızıl götürüb, gedib alsınlar. Bununla da mən
məşğul olmalıyam? Bu nə cürət.
‑ Şahım, bazarda pul‑para işləmir. Hə a deyəndə ki, saray
üçün, şah üçün alırıq, yenə heç nə satmırlar. Nə pula satırlar,
nə havayı.
‑ Niyə?
‑ Bilmirik.
‑ Fərraşları götür get. Pulla satmasalar məcburi al əllərin‑
dən.
‑ Şahım, dedim axı, sarayda heç kim qalmayıb. Bir bizik.
‑ Onda özüm gedəcəyəm. Dur gedək. Burda nə isə bir
müəmma var. Amma yenə demə ki, taqsır Gözəl İbrahimdə‑
dir.
‑ Şahım, bəlkə dərviş paltarı geyinəsiniz.
‑ Lüzum yox. Onsuz da hamı məni üzdən tanıyır. Gedək
görək şahlarına qarşı bu nə hörmətsizlikdir? “Şahım, səni se‑
virəm” deməkləri nədir, bu etdikləri nə...
Şah, vəzir və əyanlar bazar meydanına gəlirlər. Əhali şahı
görcək, üzük qaşı kimi dövrəyə almağa başlayır. “Adil, Adil”
sədaları, alqış sədaları aləmi bürüyür. Şah üzünü vəzirə tuta‑
raq:
‑ Vəzir, Adil kimdir?
‑ Bilmirəm, şahım. Bir az səbr elə aydın olar.
Alqış sədaları səngidikdən sonra şah hündür bir yerə qalxıb
üzünü xalqa tutur.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
207
‑ Ey mənim rəiyyətim, necəsiz, necə dolanırsınız?
‑ Hər şey yaxşıdır. Sayənizdə dolanırıq. Allaha çox şükür,
hər şeyimiz var.‑ deyə yerbəyerdən səslənirlər.
‑ Eşitdim pulu, qızılı yaxına buraxmırsınız. Məmləkətdə hər
şey havayıdır. Bunu necə izah edirsiniz?
Kütlədən bir ağsaqqal qabağa çıxıb:
‑ Adil hökmdar, Gözəl İbrahim məmləkətimizə gələndən,
bizim ürəyimizə sevgi salandan sonra məlum oldu ki, bütün
bədbəxtçiliklərimizə səbəb pul‑para imiş. Qızımızı ərə pula
görə verirmişik, qonşumuzun inəyini pula görə oğurlayırmı‑
şıq, loğman xəstəni pula görə müalicə edirmiş, pulu olmayan‑
lar xəstəlikdən tələf olurlarmış, pulu olmayan dərman ala
bilmirmiş, ac adam pulu olmadığına görə ac qalırmış və sonda
çörək oğurlayıb zindana düşürmüş, fərraşlar pul qazanmaq
üçün insanları incidirlərmiş, cəllad xəzinədən məvacib almaq
üçün boyun vururmuş. Adil hökmdar, sözü uzadıb nə başınızı
ağrıdım. Buna görə də pulu‑qızılı həyatımızdan sildik. Hə a
cəlladınız da indi boyun vurmur, şum vurur, insanların canını
almır, torpağın canını alır, əkir, becərir, bolluq yaradır. Siz də
sağ olun ki, nəzərlərinizi bizim üzərimizdən əksik etmirsiniz.
Dəstək verirsiniz.
‑ Bəs onda saraya niyə ərzaq satmaqdan imtina edirsiniz?
Bu yaxşılığıma görəmi?
‑ Əsla, adil hökmdar. Sizdən incimişdik, ona görə.
‑ Anlamadım!
‑ Adil hökmdar, hər səhər əlimizdə gül saraya axışdıq, bir‑
bir sizə sevgimizi bildirdik. Amma bunun müqabilində bircə
dəfə də sizin bir kəlmənizi eşitmədik.
‑ Bundan artıq nə sevgi. Torpağımı əkib‑becərirsiniz, istədi‑
yiniz qanunları tətbiq edirsiniz. Bu vaxtacan bir söz də demə‑
mişəm. Bundan artıq nə sevgi?
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
208
‑ Adil hökmdar, Gözəl İbrahim deyir ki, “Ey insanlar, bir‑
birinizi sevin və bunu bir‑birinizə deməkdən çəkinməyin” . Biz
bunu deməkdən çəkinmədik, indi növbə Sizindir.
Kütlədən “Adil, Adil” sədaları, alqış səsləri yenidən ətrafı
bürüyür. Şah:
‑ Ey insanlar, mən də sizi sevirəm və bunu sizə deməkdən
çəkinmirəm.
Yenidən alqış sədaları zilə qalxır.
‑ Adil hökmdar, əyanlarına de ki, bir də bizə pul təklif et‑
məsinlər. Sarayın tələbatı nə qədərdirsə, götürüb aparsınlar.
Bu məmləkətdə hər şey sizindir. Siz ki, hər şeyinizi bizimlə bö‑
lürsünüz, sizə malımız nədir, canımız da qurban.
‑ Başqa bir şeyə ehtiyacınız varmı?
‑ Var, şahım.
‑ Nəyə?
‑ Sizə. Sizin xeyir‑duanıza. Alqışınıza. İstəyirik hər gün
bizim aramızda olasınız. Bizə dayaq olasınız. Xeyrimizdə‑şə‑
rimizdə iştirak edəsiniz. Sizin sevginizə ehtiyacımız var.
Şah qocanın bu sözlərindən məmnun qalır. Camaatla sağol‑
laşıb başının ətrafıyla yenidən saraya qayıdır.
‑ Vəzir, araşdırdınmı bu “Adil, Adil” deyirdilər e... nə de‑
məkdir?
‑ Bəli, şahım. Əmircan dağında Gözəl İbrahim əhaliyə sual
verib ki, bəs şahınızın adı nədir? Onlar da çiyinlərini çəkib
cavab verə bilməyiblər. O da “əsas şaha atasının verdiyi ad
deyil, xalqın ona verdiyi addır. Əgər ki, dilinizdən “adil hökm‑
dar” kəlməsi düşmürsə, onda şahınızın da adını Adil çağırın”
deyib.
‑ Müdrik adammış bu Gözəl İbrahim. Siz də deyirdiniz ki,
axmağın biridir, xatalıdır, sürgün etmək lazımdır.
Həmin gündən şah hər gün əyanlarıyla şəhərə çıxır, cama‑
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
209
atla birlikdə namaz qılır. Qayğılarıyla maraqlanır. Əhali dün‑
yaya gələn oğlan uşaqlarına Adil, qızlara isə Adilə adı verməyə
başlayır. Məmləkətin şöhrəti hüdudlarından kənara da yayılır.
Digər xalqlar da öz şahlarından üz döndərib bu məmləkətə
axışmağa başlayırlar. Şahın hökmranlığı gündən‑günə möh‑
kəmlənir. Həyat belə davam etdikcə vəzir‑vüzəranın, əyanların
da nüfuzları azalır. Şah bütün günü xalqın arasında olur. Hə a
naharını, şamını da onlarla yeyir. Süfrədə yanında vəzirini yox,
Gözəl İbrahimi əyləşdirir. Buna görə də sarayda qısqanclıq
artır. Hə a şahzadələr, gələcəyin taxt‑tac sahibləri də təlaşa dü‑
şürlər. Bir müddət sonra şah Gözəl İbrahimi saraya gətirir.
Vəzir təyin edir. Baş vəzir daha da narahat olmağa başlayır.
Üzünü vəliəhd şahzadəyə tutur:
‑ Şahzadəm, şahımız Gözəl İbrahimi vəzir təyin elədi.
‑ Hökmdarın hökmünə qarşısanmı?
‑ Əsla. Sadəcə bir xüsusu nəzərinizə çatdırmaq istəyirəm.
Yəqin ki, bir azdan məni də saraydan uzaqlaşdırıb Gözəl İbra‑
himi baş vəzir qoyacaq. Sonra isə növbə sizə çatacaq.
‑ Aydın danış.
‑ Şahzadəm, xalq Gözəl İbrahimi sevir. Allah eləməsin,
sabah şahımızın başına bir iş gəlsə kimin taxta çıxmasına tə‑
rəfdar olarlar? Sizin, yoxsa İbrahimin?
‑ Xalqın buna nə həddi çatar ki? Dövlətin ordusu var, topu,
silahı var. Otuzduraram onları yerində.
‑ Şahzadəm, nə ordumuz var, nə də silahımız. Heç fərraşla‑
rımız, cəlladımız da yoxdur. Hamısı Gözəl İbrahimin yanında‑
dır. Qanunlar da işləmir. Şahımız isə bunlara göz yumur. Elə
hey “xalqım, səni sevirəm” deyə‑deyə gəzir.
‑ Məsləhətin nədir?
‑ Məsləhət sizindir, şahzadəm. Nə qədər gec deyil, bir
əncam çəkməlisiniz.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
210
‑ Nə etməliyəm? Atamı zəhərləyib, öldürüb taxta keçməli‑
yəmmi?
‑ Allah eləməsin, şahzadəm.
‑ Bəs məsləhətin nədir?
‑ Məsləhət sizindir, şahzadəm.
* * *
Günlər isə, beləcə, davam edirdi. Günlərin bir günü baş
vəzir təlaş içində şaha yaxınlaşır. Xəbər verir ki, bəs qonşu döv‑
lətin padşahı hüdudlarımızı aşıb. Qoşunuyla paytaxta doğru
irəliləyir. Yolunda nə görürsə darmadağın edir. İnsanları qı‑
lıncdan keçirir. Padşah xalqı bir yerə yığıb silahlanmağı əmr
edir:
‑ Ey xalqım, düşmən qoşunla‑ləşkərlə üstümüzə gəlir. Vu‑
ruşub öz torpaqlarımızı yağı düşməndən qorumalıyıq. Qurub‑
yaratdıqlarımızı müdafiə etmək üçün silaha sarılmalıyıq.
Torpaqlarımızı müdafiə etməliyik.
‑ Adil hökmdar, üstümüzə gələnlər insandırlarmı? ‑ deyə
kütlədən biri səslənir.
‑ Bəli.
‑ Daha niyə silaha sarılaq ki... Gözəl İbrahimlə gedib çıxarıq
qarşılarına və müdrik kəlamdan onları da xali edərik. Deyərik
ki, “Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑birinizə demək‑
dən çəkinməyin”
‑ Onlar düşməndirlər, sizi öldürməyə, qan tökməyə gəlirlər.
Başa düşürsünüzmü?
‑ Xeyr, Adil hökmdar. Onlar da bizim kimi insandırlar. Sa‑
dəcə ürəklərində sevgi yoxdur. Qoy silahla gəlsinlər, amma biz
onların qabağına gül ilə çıxarıq. Ürəklərinə sevgi toxumu sə‑
pərik, başa salarıq.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
211
‑ Ey nadanlar, onlar düşməndirlər. Gözlərini qan örtüb. Başa
düşün. Gözəl İbrahim də sizə bunu deyir.
‑ Ay camaat, əsla. – deyə Gözəl İbrahim yerindən səslənir. ‑
Mən belə demirəm. İnsanlar, siz düz deyirsiniz. Hər hansı bir
qəddar insanı da sevgi düz yola gətirər. Siz özünüz əvvəllər
necəydiniz, indi necəsiniz?
Bu zaman carçı çaparaq şaha yaxınlaşır.
‑ Şahım, düşmən artıq sərhədimizi keçib. Kəndlərimizi, şə‑
hərlərimizi viran qoya‑qoya, insanları qılıncdan keçirə‑keçirə
irəliləyir. Artıq paytaxta yaxınlaşmaq üzrədirlər ‑ əlli min si‑
lahlıyla, toplarla. Bir tədbir görmək lazımdır.
‑ Baş vəzir, şahzadələrim, əyanlar, silahlanın! Düşmənin qa‑
bağına özümüz çıxacağıq.
Beləcə, şah iyirmi nəfərlik ətrafıyla silahlanıb, paytaxt dar‑
vazalarından çıxırlar. Gözəl İbrahim də vəzir kimi qucağına
bir dəstə gül alıb onlara qoşulur. Silah götürməkdən imtina
edir. Paytaxtdan bir qədər uzaqlaşırlar. Amma düşmən gözə
dəymir. Bir qədər də gedirlər. Yenə ordu gözə dəymir. Bir
kəndə çatırlar. Görürlər ki, insanlar öz işində‑ gücündədirlər.
Qan iyi yox, gül ətri gəlir. Əhali də onları alqışlarla qarşılayır.
Bir qədər də irəli gedirlər. Amma düşmən qarşılarına çıxmır
ki, çıxmır. Beləcə, gəlib çıxırlar məmləkətin hüdudlarına. Şah
dodağını dişləyir. Burda başqa bir oyunun olduğunu anlayır.
Ona görə də üzünü baş vəzirə tutub:
‑ Bəs carçı çaparaq gəldi ki, qoşun yaxınlaşır, rəiyyətimi qı‑
lıncdan keçirir. Hanı bəs düşmən?
‑ Şahım, düşmən olsaydı, nə edəcəkdik ki?
‑ Bu nə axmaq sualdır? Vuruşacaqdıq.
‑ Əlli minlik düşmən qoşununa biz iyirmi nəfər nə edə bilə‑
cəkdik ki?
‑Əsas bu deyil. Əsl şah, şahzadə, əsilzadələr əgər məğlub
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
212
olacağını bilsə belə, döyüş meydanında vuruşub birinci həlak
olmalıdır. Ki, rəiyyətinin necə qılıncdan keçirildiyini, məmlə‑
kətinin, torpağının necə viran olduğunu görməsin.
‑ Şahım, deməli, siz də əminsiniz ki, Gözəl İbrahimin bir
dəstə gülü və müdrik kəlamıyla düşməni durdurmaq, ona
qalib gəlmək mümkün deyil.
‑ Əlbə ə ki.
‑ Şahım, mən də, şahzadələr də, əyanlar da başa düşürdük
ki, sevgi gözəl bir şeydir. Amma Vətənə sevgi bütün sevgilər‑
dən üstündür. Gözəl İbrahim yaydığı sevgiylə bu müqəddəs
sevgini insanların ürəyindən sildi. Və biz meydanda tək qal‑
dıq. Xalq insan sevgisinin dalıyca gedib, Vətənə, torpağa, döv‑
lətə, qanuna sevgisini də unudaraq hə a düşmənə gül
bağışlamaq istədi. Vətənə olan sevgisini qurban verdi. Silaha
sarılmaqdan da imtina etdi. Hə a əsgərlərimiz də... Bunun isə
bir adı var – xəyanət.
Şah başını aşağı salır. Baş vəzirinin düşündüyü oyunu an‑
layır. Atından yerə enir.
‑ Kim fikirləşib bu oyunu. Sənin işinə oxşayır, baş vəzir.
‑ Xeyr, şahım. Şahzadəmizin müdrikliyidir bu.
‑ Yaxın gəl, oğlum.
Şah tacını çıxarıb oğlunun başına qoyur.
‑Ay oğul, gözəl dərs verdin mənə. Amma Gözəl İbrahimin
yaydığı sevgidən ovsunlanan mən bundan sonra məmləkətə
başçılıq edə bilmərəm. Nə “Ey insanlar, bir‑birinizi sevin və
bunu bir‑birinizə deməkdən çəkinməyin” deyən məndən şah
olar, nə də Gözəl İbrahimdən vəzir. Mən də İbrahimə qoşulub
onunla gedirəm. İnsanların ürəyinə sevgi salmaq üçün. Çünki
artıq bundan başqa bir iş bacarmıram. Heç sənətim də yoxdur.
Lap bu Gözəl İbrahim kimi. Gözəl İbrahim, bəri gəl. Gül dəs‑
təsini mənə ver.
A Ğ L I N Z İ R V Ə S İ N D Ə S Ö N Ə N B İ R Ç I R A Q
213
Gözəl İbrahim şaha yaxınlaşıb gül dəstəsini ona verir. Şah
qılıncını çıxarıb oğluna uzadır. Şahzadə sağ əliylə qılıncı alıb
öpür. Bu dəfə şah gül dəstəsini oğluna uzadır. Şahzadə gülü
sol əliylə alıb qoxulayır.
‑ Get, ay oğul, bu xalq, bu torpaq sənə əmanət. Qoru xalqını,
idarə et. Xalqına xidmət elə. Bir əlində ata‑babandan yadigar
qalan qılınc ‑ qanun olsun, bir əlində isə Gözəl İbrahimin sevgi
çiçəkləri. Heç vaxt mənim kimi bunların tarazlığını pozma.
Gəl, Gözəl İbrahim, getdik.
Beləcə, Adil Şah və Gözəl İbrahim dəstədən uzaqlaşıb, sər‑
hədi keçirlər. Şahzadə, baş vəzir, əyanlar onları ta gözdən itə‑
nəcən gözləriylə yola salırlar. Özləri gözdən itsələr də,
uzaqlardan yenə də səsləri gəlir:
“Ey insanlar, bir‑birinizi sevin və bunu bir‑birinizə demək‑
dən çəkinməyin”.
Dostları ilə paylaş: |