Şellinq fəlsəfəsində «ayrıca» kateqoriyası
Şellinqin başqa bir əsas anlayışı, yəni kateqoriyası «ayrıca»dır. Şellinqin «ayrıca» kateqoriyası ilə anlatdıqlarının çoxu indiki fəlsəfədə bizim işlətdiyimiz «təkcə» kateqoriyasına uyğun gəlir. Təkcə isə yada salaq, konkret nəsnələri, olayları bildirir.
«Ayrıca» sözünün lüğəti anlamına fikir verək: «ayırmaq», «aralamaq», - bunlar təkcə məkanca, yercə uzaqlaşdırmaq deyil, həm də bir nəsnəni, bir bölgəni fərqləndirməkdir, yəni onun nəliyini (keyfiyyətini) yanındakının nəliyindən seçməklə fərqləndirməkdir. Deməli, ayrıca bizə seçilib-bilinəndir, konkret olaraq nəliyi (nə olması) seçiləndir. Özü də ayrıca nə qədər kəskin sınırlarla (sərhədlərlə, civarlarla) başqalarından ayrılsa, o qədər yaxşı seçilir, deməli, o qədər çox ayrılır və ayrıcalaşır. Ancaq bir şey də var. Sərhədi olan həm də sonu olandır (sonludur), yəni varlığının filan sərhəddə qurtaracağı var.
Şellinq belə hesab edir ki, bütün ayrıcalar Absolyutdan törəmədir. Dinlərdə çox vaxt Tanrı o tayda durub, bu taydakı aləmi törədir. Şellinqə görə isə ayrıca nəyi varsa, hamısını Absolyutdan alıb və deməli, hər şeyi ilə ona tabe olur.
Bunu bir az yaxşı açıqlayaq. Bütün ayrıcalar öz cəhətlərini Absolyutdan götürürlər. Cəhətlər, özəlliklər hələ ayrıcanın cizgilərinə çevrilməzdən qabaq, yəni ümumi halda Absolyutdadır. Onların toplusundan bəziləri ayrıcalara düşüb, müəyyən hörgülərlə həmin ayrıcaların «şəklini cızırlar». Götürək iki daşı (ayrıcadırlar). Sonra yada salaq ki, var «bərklik», «qabarıqlıq», «soyuqluq», «hamarlıq», «kələ-kötürlük», «girdəlik», «uzunsovluq», «istilik», «çil-çillik» və s. və i. Bunlar hamısı ümumi keyfiyyətlərdir, əlamətlərdir, yəni bir nəsnəyə aid deyillər, çoxlu
çoxlu şeylərdə iştirak edirlər. İndi götürək birinci daşı. Görürük ki, o bərkdir, qabarıqdır, soyuqdur, hamardır, girdətəhərdir. Fikir verin, birinci daşın məhz «bu» cür olması (ayrıcalığı) saydığımız ümumi əlamətlərin bir düyündə bir-birinə bağlanması kimi əmələ gəlir.
Baxaq ikinci daşa. O bərkdir, qabarıqdır, - görürsünüzmü, hələ ki birincidən ayrılmır və ... indi başlayacaq başqa ümumi əlamətlərin sayəsində ayrılmağa, - istidir, kələ-kötürdür, uzunsovdur, çil-çildir. Bir sözlə, hər bir ayrıca, ümumi əlamətlərin məhz «bu» (yəni konkret) düyünüdür. Mahiyyət nəsnənin nəliyini verəndir, onu məhz filan nəsnə edəndir. İndi ki hər bir nəsnəni «bu nəsnə» edən əsaslar Absolyutdan gəlir, deməli, hər şeyin mahiyyəti odur, hər şeydə mahiyyət kimi iştirak edir.
Belə bir sual çıxır: axı, Mütləq olan Asılısızdır, deməli, heç bir məhdudiyyətdən, eləcə də hər hansı sərhəddən asılı deyil. Deməli, o sonsuzdur. Bəs belədirsə, bu sonsuzluq sərhədi olan ayrıcaya, hər hansı nəsnəyə necə sığışır? Bəlkə hər ayrıcaya ona sığacaq qədər özündən pay verir? Şellinq bunu tamam danır. Absolyut bölünməzdir, çünki onda vəhdət, birlik o qədər maksimaldır ki, birlikdən bir az da olsun qopan yoxdur, deməli, bir az da olsa paylanma yoxdur. Şellinqin çıxardığı nəticə. Absolyut bölünmədiyi üçün mahiyyət kimi hər ayrıcada bütünlüklə iştirak edir.
Bəs bu necə mümkündür? Ona görə mümkündür ki, Absolyut sonsuz olduğu üçün hər yeri tutur, deməli, onun tutmadığı yer yoxdur ki, ayrıca çıxıb orada dursun, deməli, bütün ayrıcalar onun özündədir. Şellinq fikrini bir az dini əsasda da deyir: Tanrı universuumdur, əgər universuumu onu bütöv kimi yığıb-saxlayan, onun hər nöqtəsinə sirayət edən eynilik, vəhdət baxımından götürsək. Tanrı hər şeydir, ondan qıraqda heç nə yoxdur (yada salaq, azərbaycanlı filosof və sufi Şəbüstəri də söyləyirdi ki hətta hər ağac da «Mən haqqam» deyir).
Bəs necə olur ki, sonlu olan ayrıca sonsuz Absolyutu özünə sığışdıra bilir? Şellinqdə buna birbaşa cavab biz tapmadıq. Ancaq onun fəlsəfəsindən təsirlənmiş Hegelin vasitəsi ilə suala cavab vermək olar. Hegel söyləyir: əgər ayrıcanı sonlu kimi sonsuzluqdan ayırsaq, hərəsini bir tayda götürsək, belə çıxır ki, sonsuz olan ayrıcaya çatanda dayanır, öz sonuna çatır. Onda sonu olan necə sonsuz ola bilər? Deməli, sonsuzluq ayrıcalara da sirayət edir. Zahirən belə görünür ki, ayrıcaların sərhədi var. Əslində isə ayrıcalar sonsuz keçidlərlə bir-birinə keçirlər.
Məsələni yaxşı anlamaq üçün Leybnitsə də üz tutaq. O yazırdı: götürün hər hansı düz cızığı. Onun içində ən yaxın duran elə iki nöqtə tapmaq olmaz ki, aralarında üçüncü nöqtə durmasın. Bu üç nöqtənin arasında da nöqtələr yerləşir və beləcə sonsuzluğacan ara nöqtələrin sayı artır. Deməli, cızıq üzdə sonludur, «A» nöqtəsindən «B» nöqtəsinəcəndir. Əslində isə içəridən hər qoşa nöqtə sonsuzluğa açılıb.
Gəlin, Şellinqin estetikasından indi aparacağımız söhbətdə onun Absolyut, ayrıca kateqoriyaları haqqında dediklərini unutmadan söhbətə davam edək.
Dostları ilə paylaş: |