Murdar sevgi – 3
Nə vaxtsa bu çəhrayı blaknota səninlə əlaqədər nəsə yazacağımı ağlıma da
gətirmirdim...
Yox, yox süni alındı nəsə...
Nə vaxtsa bu çəhrayı blaknota bir şey yazmağı, həmin bir şeyin bir vaxtlar
mənimçün dəyərli olub, dəyərsizləşəcəyini düşünə bilməzdim...
Yox, yox bu da çox uzun alındı. Uff...
Salam! Əslində məndən başqa heç kim oxumayacaq bu yazımı. Amma kimə
nə ki, necə başlayıram, nə yazıram?! Yadıma düşdün... Sevdiyin filmi verirdilər
bayaq. "Sweet november"-i... Sən demə neçə vaxtdı dinlədiyim, qulağımdan,
dilimdən düşməyən "Only time" mahnısı bu filmdən imiş... Nə gizlədim, sevdim
bu filmi mən də. Sabah ilk işim bu kinonun diskini almaq olacaq. Bir daha, hətta
dəfələrlə baxmaq istəyirəm. Yox, ağlayıb eləmədim... Amma kaş ki, ağlayıb,
boşalardım. Güclü kimi görünsəm də, özün bilirsən ki, əslində kövrəyəm. Amma
ilk dəfədi hönkür-hönkür ağlamaq istəyib də, bacarmıram... Bəlkə zəng etdim sənə
bir azdan gizli nömrədən. Qulaq asım səsinə, "alo" deməyinə... Sən danışdıqca,
mən susum. Və bu bir neçə dəfə təkrar olunsun. Axırda dözməyib yağlı bir söyüşə
qonaq et, səni gecə vaxtı narahat edəni... Bəlkə onda ağlaya bildim. Amma yox,
söyməzsən bilirəm. Çünki, biləcəksən mənəm. Söysən isə... Yəni bilə-bilə ki,
mənəm, söyərsən? İnanmıram... Bəlkə nömrəni də dəyişmisən. Axı ayrılanı heç
vaxt zəng etməmişəm. Qürurumu səndən üstün tutdum. Düz də etdim! Peşman da
deyiləm. Nə səninlə tanışlığa, nə ayrılığa görə. Bilirsən sevgini yaradan səbəblər
olur. Duyğular, ehtiras, maraq, zövq və anlayış. Biz də bunlardan yalnız anlayış var
idi, bir də ehtiras... 90% mental düşüncəli ailələr də olduğu kimi. Ona görə peşman
deyiləm ayrılığa. Səni bilmirəm, amma mən elə o cür düşüncəli ailəyə gəlin
köçəcəyəm. Sənsə... Dəli ... İnanmıram ki, sən də gələcəkdə subaylığın daşını
mənə oxşara görə atacarsan. Yox, heç inanmıram... Sənin xanımın xöşbəxt olacaq.
Və bu xöşbəxtliyə görə sənə borclu... Nə borc ee... Ee cümlə alınmadı. Axır da,
özüm bildim nə yazmaq istəyirəm. Əsas da budu. İndi düşünürəm ki, bizi
bağlayan, "sevgi" dediyimiz daşın altında heç nə olmayıb. Nə sən, nə də mən.
Aldatmışıq e bir-birini. Gündə yüz dəfə aldatmışıq. "Sevirəm" deyəndə, mesajlara
gec cavab yazanda, görüşməməyə bəhanə gətirəndə, bir-birinə tapıb, qulaq asmaq
üçün tapşırdığımız mahnıları heç axtarmayanda, bir-birinin başının altına balış
qoyub, özümüz “facebook”da, “twitter”də, “odnaklassnik”də yatanda... Mənim
xahişimlə tərgitdiyin siqaretlər belə əslində ancaq mənimlə görüşəndə tərgidilən
siqaretlər idi. Ay dəli, elə bilirdin ki, öpüşəndə hiss etmirəm? Edirdim! Sadəcə
bizim aramızdakı hörmət pərdəsi ən çılpaq anlarda belə toxunulmaz olaraq qalırdı.
Bu hisslərin sevgi olmadığını hər ikimiz gözəl bilirdik. Sadəcə leksikonumuzda
bizim hisslərimizə uyğun söz olmadığından sevgi deyirik bu münasibətə...
Ayrılmaq... Ayrılmaq da qarşılıqlı olur. Kim desə ki, olmur, inanma, gül.. Aha, sən
sevdiyin yağış da yağır indi. Bilirsən dəlicəsinə istəyərdim səninlə yağış altda rəqs
edim. Amma səndən fərqli kompleksliyəm və dəli deyiləm. Sən amma... Tam
başqa insansan. Doğurdan deyirəm. Kimsə sənə "bezdiricisən" desə, bil ki, o
35
axmaqdı. Ya düşünə, ya dəyər verə bilmir. Amma mən tam əksi... Maraqsız və
bezdiriciyəm. Təbii ki, hamı üçün yox. Bir qrup sənə oxşamışlar üçün... Artıq
gecdi. Zəng etmirəm, narahat olma. Rahat yat...
" Bağışlayın yığdığınız nömrə işləmir "...
36
Nostalji
( trilogiya )
37
Çox sonralar...
İlk dəfə simfonik musiqini o axşam eşitdim. Violonçeldə notlar bir-birini
əvəzlədikcə, mən kimin ifa etməsini tapmağa çalışırdım. Qadın ya kişi ? Yox, bunu
düşünməmişdim. Əmin idim ki, kişidi. İfada kobudluq, kişi aqressiyası, kobud
barmaqlar hiss olunurdu. Nə üçünsə mənə elə gəlirdi ki, həmin kişi qocadı və
qəmlidi. Tək yaşayır və otağına çəkilib, işıqları söndürüb, bir qədəh romdan
ilhamlanaraq, violonçeli ilə dərdləşir. Nə üçünsə mənə elə gəlirdi ki, həmin kişi
zahirən Uolt Disneyə bənzəyir. Onun kimi daranıb saçları, onun kimi tünd göy
kostyum geyməyi, qalstuk taxmağı sevir. Təkcə gözləri Uolt Disneyin gözlərindən
daha mənalı, daha qəmli, daha dərin, daha rəngli idi. Daha qoca idi Disneydən...
Yay olmasa da havalar xoş keçirdi həmin payızda. Pəncərələr hələ də
bağlanmamışdı. Payız düşüncələrə gəlməmişdi. Nəsə həmin il əliboş gəlmişdi.
Cibində bir iki damla yağışdan, nəfəsində bir iki saatlıq meyxoş küləkdən başqa
heç nə gətirməmişdi. Çox üzgün, pərişan görkəmdə idi. Noyabra kimi yarpaqları
belə saralda bilməmişdi. Sonuncu ilini yaşayırdı sanki. Tükənirdi... Sanki gələn il
gəlməyəcəkdi. Sanki incik düşmüşdü. Yorulmuşdu pəncərələri bağlamaqdan,
insanlara qalın paltar geyindirib, islatmaqdan, ağacları soyundurmaqdan,
küçələrdən əl-ayağı yığışdırmaqdan. Payız duyğu gətirməmişdi. Gələndə özü o
duyğudan dadıb, mülayimləşmişdi. Fəsilliyini unutmuşdu. Nə üçün gəldiyini
anlamırdı. Sufi olmuşdu. Yayı sevmişdi. Qıymırdı yayın düzəltdiklərini dağıtmağa.
Sahildə qumdan düzəldilən qəsri palçıq edə bilmirdi...
Amma o axşam pəncərələr bağlandı. Bürkü olsa da, ilbizlər oxusalar da, itlər
hürüşsələr də o pəncərələr bağlandı. Pərdələr də örtüldü, işıqlar da söndü evlərdə.
Yatdı bu şəhər. Yatmadan öncə hər evdən pıçıltı ilə olsa belə söyüş eşidildi nə
üçünsə Uolt Disneyə bənzətdiyim violonçeldə ifa edən qocaya... Sonra evlərini,
otaqlarını, yataqlarını, arvadlarını, fahişələrini, balışlarını qucaqlayıb yatdılar... O
isə ifasında idi. Daha acıqla, daha səbrlə, daha qəmlə, daha sevgiylə... Pəncərisi
açıq idi. Pərdələr arxasındakı zülmətdə onun barmaqlarını görürdüm... Yatmış
ətrafın xorultulu evlərinə lay-lay deyirdi violonçeli dindirən barmaqlar...
O gündən sonra hər gecə eyni ssenari təkrar olunurdu. Yeganə dinləyicisi
olduğumdan fəxr edirdim özümlə. Səhərlər isə gecələr açıq olan yeganə pəncərə
bağlı olurdu. Heç bir violonçel səsi, bir qramda olsun rom iyi gəlmirdi həmin
pəncərədən...
Həmin ərəfələrdə Poluxin küçəsində bakılılar, dağlılar, yəhudilər və ruslar
çoxluq təşkil edirdi. İki rus qarı yaşayırdı qonşuluqda. Birinin adını unutsamda,
digərinin adı Doba idi. Hər ikisi tək-tənha yaşayırdı. Nə üçünsə o vaxtlar mənə elə
gəlirdi ki, bütün rus arvadları təkdi. Küçənin bir tərəfində maşın oturacağından
düzəldilən skamya var idi. Doba yay-qış o skamyaya mıxlanıb qalmışdı. Nə üçünsə
o vaxtlar mənə elə gəlirdi ki, o bir vaxtlar dəniz quldurunun arvadı olub. Hollivud
filmlərindən öyrəndiyim rus söyüşlərindən birinin siftəsini də Dobaya " Mat
tvayu..." deyərək etmişdim. Mənasını çox sonra öyrənəndə təəcüblənmişdim.
Çünki, o sözü Dobaya deyəndə çoxlu gülmüş, məni qucaqlamışdı...Qışda ayağı
sınmışdı. Evində yatırdı. Qonşuların yadına düşəndə yemək yeyir, insafına düşəndə
38
təbii ehtiyaclarını ödəyirdi. Təkcə Bazilya onun yanında idi həmişə. Bu məhlə
pişiyi Dobanın öz dediyi kimi həm atası, həm anası idi. Yaz gələndə Doba yox idi
artıq. Bazilya isə məhlədə az-az görünürdü. Mənimlə yaş idi deyilənə görə.
Sonuncu dəfə görəndə onu Dobaya bənzətdim nə üçünsə. Ac deyildi, susuz deyildi,
amma miyoldayırdı. Miyoldayaraq, adam kimi küçə qapısından çıxıb getdi. Daha
qayıtmadı...
Sonralar qonşu Petramontin, daha sonra Vidadi küçələrinə köçdük. Poluxinlə
Petramontinin kəsişməsində Hökümə adlı arvad tum satırdı. Tum satmaq üçün
doğulmuşdu bu qadın. Və əminliklə deyə bilərəm ki, onun qovurduğu tumun dadı
bir başqaydı. Köhnə dərs kitabları vərəqlərindən səliqə ilə bükdüyü tum
torbacıqlarının da bənzəri yox idi. O da yay-qış bilmədən, adəti üzrə saat 5-dən
sonra stulunu yolun kənarında rahatladıb, qaş qaralanadək söhbətə dalardı. Qulaq
yoldaşları isə təsadüfi insanlar və daimi qeybət rəfiqələri idi...Köhnə bakılılardan
olduğundan rayonlularla söhbəti tutmazdı. Nədənsə Hökümə arvad mənə ikinci
dünya savaşından yadigar qalan qəhrəman ana-nı xatırladırdı. Və nədənsə heç vaxt
onu ana, ərli qadın kimi təsəvvür edə bilmirdim. Tanıdığım hər kəs onu
xatırladanda hökmən " kişi kimi qadın " ifadəsini işlədirdilər. Hətta bəzi kişilər
ondan qorxardı. Çox sonradan öyrəndim ki, bu əslində qorxu deyil, hörmət olub...
Yaşıdlarım kimi mənim də ilk sevgim məktəb vaxtı olub. Yaşıdlarımdan
fərqli olaraq mən məktəbdə deyil, məhlədə tapmışdım ilk sevgimi və
yaşıdlarımdan fərqli olaraq mənim bir yox, iki sevgilim var idi. Heç biri
Azərbaycanlı deyildi. Ayka yəhudi, Fidan tatar qızı idi. Heç birinin də atası yox
idi. Nə üçünsə o vaxtlar elə düşünürdüm ki, mənim bütün sevgilərimin atası
olmayacaq. Aykanı görəndə Aykanı, Fidanı görəndə Fidanı sevirdim. İlk öpüşüm
də Fidanla olmuşdu. Təbii ki, yanaqdan. Tanımadığım qızın yanağından öpməyim
və onun məni qucaqlaması o vaxt üçün mənə dünyaya bərabər idi. Axı onu öpən
ilk mən olmuşdum...
" Turbo " saqqızlarından çıxan maşın şəkillərini kolleksiya edirdim. 1998-ci
ilin futbol üzrə Dünya Çempionatından sonra isə futbol xəstəsi oldum. Məhlədə
Fərid və Nazim, Ziya və Nicat qardaşları ilə dostluq edirdim. Çox sonralar anladım
ki, əslində onlar heç mənim tanışım belə olmayıblar...
Poluxinə ən yaxın məktəb 190 idi. Amma məhlədən orda oxuyan yeganə
uşaq mən idim. Bunun səbəbini çox sonralar belə bilmədim. İbtidai sinifdə ən çox
aldığım qiymət "1" olmuşdu. Çox sonralar öyrəndim ki, şagirdlərinə "1" yazan
yeganə müəllimə elə Züleyxa müəllimə olub. Həyatda ən çox qorxduğum insan da
məhz Züleyxa müəllimə idi. Nədənsə o vaxtlar mənə elə gəlirdi ki, o məni
incitməkdən həzz alır. Sinifdə uşaq çox idi və mən ilk gündən adları əzbərləməyə
çalışırdım. İlk yadımda qalan üç ad olmuşdu. Araz, Tərlan və Eyvaz. Elə məhz bu
ad sahibləri mənim ilk gərçək dostlarım oldular. Sonralar aralarına daha bir ad
əlavə olundu... Orxan. Sinifə gələn gün dalaşmışdıq. Ən çox dalaşdığım, əslində
döyüldüyüm isə Tərlan idi. İlk yumruğu ondan yemiş, ilk üzrü də ondan
almışdım... Bir də Anar var idi sinifdə. Məmmədov Anar. İki il parta yoldaşım
olmuşdu. Amma yadda qalması bununla əlaqəli deyil. Paxıllıq etdiyim yeganə şəxs
o olub biliyinə görə. Nə üçünsə o vaxtlar mən əmin idim ki, o prezident olacaq və
39
bu sinifdə onun şəkili asılacaq. Çox sonralar öyrəndim ki.... Və bu öyrəndiyim
xəbərə həyatımda ilk dəfə olaraq təəcübləndim.
Vidadi küçəsinə köçəndə atamın da dostlarını tanıdım. O dostlarla tanışlıq
mənə " Qisas və qanun ", " Zita və Gita ", " Bobbi " filmlərinin hər bir cümləsini,
dükanlarda arağın, şampanın, çaxırın, rakının, likorun qiymətlərini əzbərlətdi... Bir
də Muxtar qaldı yadımda. Atamla bir sinifdə oxumuş, anası xəstə olduğundan
evlənməyib həyatını anasına hərs eləmişdi Muxtar. İçərişəhəri də ilk dəfə Muxtar
gilə gedəndə gördüm. Nədənsə o vaxta qədər İçərişəhərə tək girməyə risk etmirdim
ki, azaram. Poluxində bir Əli var idi. Arvadı ilə boşansalar da hər gün ev bölgüsü
üstə qırğınları düşürdü. İki uşaqları da bu qırğınlardan kölgələrindən qorxan
olmuşdular...
Bir də Batya var idi. Dya-dya Batya. Bakılı, yəhudi, rus qarışığı cayılı
kişilərdən idi. 60 yaşı olardı. Nədənsə o vaxtlar onu gizli mafia təşkilatının
başçısına bənzədirdim. Sözü, hörməti daşdan keçən kişi idi. Xudmani dükan
işlədib, gecələri eşşək kimi içib, subay başına leş düşərdi çarpayısına...
Qış günü idi. Taksi pəncəsindən solğun məhləyə baxırdım. Ayrılırdıq
onunla. Taksi tərpənəndə, sürəti artıranda arxamca Ziyanın səsi gəldi: " Tap bizi
Şahin, mütləq tap..." Heç kimlə vidalaşmadan ayrıldım hər şeydən, hər kəsdən.
Tam başqa bir mühütə, tam başqa kəslər içinə gedirdim. Yolda hiss etdim ki,
Kevin yaddan çıxıb. Yaddan çıxmayıb, yox. Özü gəlməyib...
Çox sonralar öyrəndim ki, bir gün Hökümə arvadın stulu görünməyib
küçədə. Tavada qovurduğu tumunu həmin gün satmağa əcəl imkan verməyib....
Fidan Rusiyaya modellik biznesinə gedib. Ayka bir yəhudiylə evlənib,
İsrailə gəlin köçüb.
Züleyxa müəllimə rəhmətə gedib, amma dərs dediyi sinifdən çıxan hər bir
şagird insan kimi formalaşmasında bu qadına həmişə borclu hiss edecək özünü.
Muxtar anasının vəfatından sonra nəhayət ki, ailə qurub.
Dya-dya Batya növbəti sərxoşluğunda ikən dünyasını dəyişib. Tək
yaşadığından, insanlar onun meyidini ölümündən iki- üç gün sonra tapıblar. Əli
arvadı ilə barışdığından ev bölgüsünə ehtiyac qalmayıb.
Çox sonralar, sərt payız günü, pəncərələri sentyabrda bağlatdıran yağmurlu
havada, violonçel çalan, nəyə görəsə Uolt Disneyə bənzətdiyim naməlum
qəhrəmanımın kimliyini bildim... O Uolt Disneyə qətiyyən bənzəməyən, amma
onun kimi milyonlarla insanın qəlbinə yol tapmağı bacaran dahi Mstislav
Rostropoviç imiş...
40
Araba sahipinden satılıktır
''Araba sahipinden satılıktır'' sözlərini görərkən hamımız gülərdik, uşaqdan
böyüyə kimi hamı. İbrahim əmidən başqa. O, Türkiyədən bir il idi ki, gəlmişdi,
ayağlarında uzun çəkmələrlə... Bizə deyərdi ki, ''Gülməyin! Düz yazılıb''. Mən o
vaxtlar dördüncü sinifdə oxuyurdum. İbrahim əmi hamı ilə mübahisə edərdi. Biz
bu maşını məhlədə, ümumiyyətlə şəhərdə ilk dəfə idi ki, görürdük. Xarici maşın
idi, çox sonralar öyrəndim ki, o maşın ''Citroen'' markalı maşındır. Rəsmi dildə
avtomobil. Yiyəsi də türk idi, bunu biz elə o vaxtlar bildik, ta ki, türk bizim
yanımızdan keçərkən ''Merhabalar'' deyənə kimi. Ona qədər isə məhlədə hamı
gülər və İbrahim əmi ilə mübahisə edərdi. Bir dəfə Cəmil dayı İbrahim əmi ilə
dava da edəcəkdi. Əlimin içi kimi bilirdim ki, biz ayırmayacaqdıq, eləcə durub
baxacaqdıq. Amma dava olmadı. O vaxtlar dava sözü gələrkən biz elə bilirdik ki,
tapanca ilə, tüfənglə dava olacaq. Axı əmim, dayım, məhlədəki kişilər, arvadlar
kimisə barmaqla göstərib ''Bax bu Qarabağ davasında olub'' deyirdilər.
Televiziyada da göstərirdilər ki, Qarabağ davası topla, tüfənglə olub. Hətta qaçqın
qonşumuz deyirdi ki, davada Qıratdan da istifadə edirlər. Biz ona da gülərdik,
Qırat hara tüfəng hara... Qırat Koroğlunun atının adı idi.
Türkün iki oğlu vardı. Heç vaxt məhlədə görünməzdilər. ''Qızbibi'' kimi
evdən bayıra çıxmaz, pəncərədən bizim futbol oynamağımıza baxar və gülərdilər.
Söz vermişdim ki, əgər onları tək tutsam döyəcəm. Məhlədəki bütün uşaqlar
onların əlindən ''yanırdı''. Arvadı da başını bağlıyardı. Sonralar şəhərdə başını onun
arvadı kimi bağlayan qızlar görəndə nənəmdən soruşmuşdum ki, niyə belə edirlər
axı, yayın istisində başını bağlamaq çox cansıxıcıdır. Nənəm demişdi ki, ''Bu bizim
dinimiz İslamın qayda-qanunlarıdır''. Yenə də soruşmuşdum ki, bəs siz niyə
bağlamırsız ? Nənəm demişdi ki, biz kəlağayı bağlayırıq, eyni şeydi.
''Araba sahipinden satılıktır'' elanlı maşın hər axşam eyni vaxtda məhləyə
gəlirdi, səhər biz dərsə gedəndə isə axşamkı yerində olmurdu. Səhərlər dərsə
getməkdən heç xoşum gəlməzdi, amma o maşını görüm deyə tezdən oyanardım.
Bir faydasıda olmazdı...
Türklə İbiş əminin arası yaxşı idi. Söhbətlərindən heç nə anlamazdıq. Amma
televizorda türk kanalları göstəriləndən sonra, onların söhbətlərini xatırlayıb, ayrı-
ayrı sözləri anlayardım. ''Pardon'', ''efendim'', ''hadi bakalım''... ''hadi bakalım ''
sözünə hamımız gülərdik, məhlənin ağsaqqalı Kərim kişi isə lap hirslənər, nərd
taxtadakı daşları lap bərkdən çırpardı. '' Bakal sözü haramdır, bakalda araq içərlər.
Bu türk necə müsəlmandır ki, arvadı başını bağlıyır özü isə arağı bakalla içir ''.
Kərim dayı məhz buna görə hirslənərdi. Kərim kişi molla idi. Həmişə bizə
deyərdiki, ''Əli şəhidliyin zirvəsidir...''. İbrahim əmi də düzəliş edərdi ''Şəhidlərin
hamısı bir zirvədir...''. Əli imam idi, biz hər il nənəmlə məscidə gedib onun üçün
yasin oxudardıq. Hər il mənim qolumda qara parça olardı, o parça nə vaxt qırılıb
düşsəydi arzularım yerinə yetəcəkdi. Çox vaxt mən o parçanı özüm dişlərimlə
didərdim ki, qırılsın və arzularım çin olsun. Amma heç nə olmurdu ki, olmurdu.
Bir dəfə İbrahim əmi həyətdə kişilərlə söhbət edərkən eşitdimki, türk
müəllimdir. Bakıda hansısa məktəbdə işləyir. Uşaqlarıda o məktəbdə oxuyur. Onda
41
bildim ki, niyə mən o maşını səhərlər görmürəm. Böyük oğlu birinci növbə, kiçik
oğlu ikinci növbə özüdə həmin məktəbdə müəllim. Tarix müəllimi... İbrahim əmi
deyirdi ki, buralarda türk dilində məktəb olmadığı üçün uşağlarını özü dərs dediyi
məktəbə qoyub, qorxurki uşağları burda qala-qala öz dillərini unutsunlar . Kərim
dayı ''əstafurullah elə şey olar? Adamda ana dilini unudar?'' İbrahim əmi isə ''Sən
anlamazsan, qoca. Get Bakıya gör bizimkilər necə rusca danışırlar'' demişdi. Kərim
kişi də cavab vermişdi ki, bəs onların qohumları Yasamalda ''Dağlı məhəlləsində”
“qalırlar, onlar rusca danışmır, ''Karinnoy'' Bakılıdırlar. İbrahim əmi yenədə etiraz
etmişdi, ''Karinnoy '' bakılı yoxdu, Heç ''karinnoy'' şəhərli də yoxdu. Hamının əsli
kəndçidir. ''Beləcə yenə də Kərim kişi ilə İbrahim əminin davası başlamışdı, biz də
ayırmayacaqdıq. Çünki bizlər o vaxtı tüfəng görmək istəyirdik. Çünki, televizorda
həmişə toplu-tüfəngli Qarabağ savaşından əli silahlı əsgərlər yox kostyum
geyinmiş dayılar danışırdılar, babamda hirslənib kanalı dəyişərdi.
O biri ağsaqqallardan fərqli olaraq, babamın türkdən xoşu gələrdi. Türkün
danışığını çox sevər və onu bir məmnunluqla dinlərdi. Bir gerçəydə varki, babam
türklə heç vaxt danışmayıb, ancaq İbrahim əmi ilə türkün söhbətlərini dinləyib.
Başını aşağı-yuxarı yellətməklə gah ağlayıb, gah gülərdi babam. Bilmirəm niyə.
Türk babamın onları dinləməyini görəndə başını evimizdəki divar saatının çömçəsi
kimi yellədərdi. Elə bilirdi ki, babam ''Şpionluq'' edir... Əmimin min bir əziyyətlə
binanın damına çıxıb düzəltdiyi antena türk kanallarını göstərmədiyi üçün babam
bir sonrakı təqaüdünü alanda yenisini alacağına söz verdi. Aldı da... Və ondan
sonra bir daha İbrahim əmi ilə türkü dinləmədi.
Türkün uşaqlarını həyətdə tək tuta bilmirdik. Mən, Rasim, Taleh söz
vermişdik ki , döyəcəyik, özüdə ''it balası'' kimi...
Fikirləşirdik ki, Novruzda tonqal ətrafına düşərlər, bizdə onları bir təhər tək
tutub döyərik. Amma buda alınmadı. Qapılarına papaq atıdığımızda qapını açıb,
papağı görüb təəccüblənmişdilər sonrada bağlamışdılar qapını. Heç olmasa qapını
açmışdılar, elə qonşularımız vardı ki, qapını belə açmazdılar, bizdə hirslənib qapını
təpikləyib qaçardıq. İndi-indi anlayıram ki, niyə qapını açmırdı qonşularımız.
Nənəm deyərdi ki, ''Pikə xalagilə papaq atmayın. Yazıq arvad evdə əriylə tək qalır.
Novruzda heç nə bişirmirlər''. ''Bəs o biri qonşular?'' deyəndə, nənəm cavab verərdi
ki, ''İmkansızlıqdan, bişirdikləri özlərinə güclə yetir, hələ bir papağada bir şey
qoysunlar?''. O vaxtdan sevməzdim “İmkansızlıq” sözünü. Bu söz hamımızın dostu
olmağa başlamışdı və hələ də bizlə dostluq edir. Babam bu sözü eşidəndə həmişə
ağlayar, müharibə illərini xatırlayardı.
1 aprel günündə Taleh gombul qarnını tərpədə-tərpədə bizə gəlib dedi ki,
''Türkün oğlu çörək almaq üçün həyətə düşüb''. İlk əvvəl inanmadıq, yəqin 1 Aprel
zarafatı edir. Amma babasının goruna and içəndən sonra hamımız qaçmağa
başladıq. Binanın tinində dayanıb onu gözləyirdik. Taleh demişdi ki, qaça-qaça
gedib çörək almağa. Uşaq bilirdi ki, onu döyəcəyik. Elə binanın tinindən qaçaraq
keçirdi ki, onu səslədik. Bizi görüb dahada bərk qaçmağa başladı. Amma faydası
yox idi, çünki hər gün futbol oynayan bizlərdən bərk qaça bilməzdi. On metr
qaçmamışdı ki, tutduq onu. Təpik, yumruq, nə gəldi döşəyirdik, hətta söyüş də...
Qışqırığı yayıldı məhləyə qorxağın və gözlədiyimiz ''qəhrəman'' yetişdi hay-küyə...
42
İbrahim əmi. Aldı əlimizdən itoğlunu. Amma yaxşıca çırpmışdıq. Uşağı evə
apardıqdan sonra İbrahim əmi gəldi və başladı beynimizi xarab etməyə. ''Siz səhv
eləmisiz! Onlar yaxşı insanlardır. Bura bizə kömək etməyə gəliblər''. Məndə dedim
ki, onların köməkləri elə papaq atanda verdikləri sovqatlar qədərdir...'' Atasını güc-
bəla ilə yola gətirdimki, sizi polisə verməsin. Yoxsa üç yüz-dörd yüz alacaqdılar
sizdən''. İbrahim əmi bu döymək məsələsini hamımızın evinə bircə-bircə gedib
danışmışdı. Babam çox əsəbləşmişdi. ''Səhv iş görmüsən. Heç atana oxşamamısan.
Atan Necip Fazılın ''Sakarya'' şeirini əzbərdən bilərdi. Türklər bizlə qardaş
millətdi, səndə qardaşını döymüsən?''. Mən elə o vaxtlar qardaşımı da döyərdim.
Çünki, futbolda uduzanda mənə acıq verirdi. Məndə dözmürdüm, döyürdüm.
Uşağı döydüyümüzdən bir həftə sonra Taleh yənə gombul qarnını tərpədə-
tərpədə gəldi, dedi ki, ''Türk həyətə bir QAZ 24-lə gəlib. Deyəsən şələ-külələrini
yığıb gedirdilər. İbrahim əmidə onlara kömək edir.'' Elə bu sözləri deyəndə
peşmançılıq hissi məni boğdu, tez yerimdən durub qaçmağa başladım. Çox peşman
olmuşdum, gərək belə eləməyərdik. Deyəsən ciddidən gedirdilər, yorğan-döşək
hamısını yığırdılar maşına. Qaça-qaça gəlib İbiş əmini çağırdım, gözlərim
dolmuşdu. Bir çıq eləsəydilər ağlayacaqdım.
-İbiş əmi niyə gedirlər ? Yoxsa biz uşağını döymüşük ona görə? Allah haqqı
peşman olmuşam. İstəsən gedib Türkdən üzr istəyərəm. Vallah peşman olmuşam''.
İbrahim əmi məni qucaqladı, deyəsən oda dolmuşdu.
-Yox, sənlik bir şey yoxdu. Onlar burdan bir dəfəlik gedirlər.
-Niyə? Nə olub ki? Mən uşaqları yığaram, hamımız gəlib üzr istəyərik.
Vallah peşman olmuşam”.
İbrahim əmi yenə məni qucaqladı
-Sizlik bir günah yoxdu. Tarix yalanı sevmir, oda tarixdən dərs dediyi üçün
onu burda işləməyə qoymurlar, ona görədə gedir ''.
-Kim? Bəlkə gedim həmin adama deyim, icazə versin. Türkdə burda qalıb
işləyər .
-Yox. Onlar sözdən anlamazlar. Sən çox şeyləri bilmirsən, amma nə vaxtsa
biləcəksən .
-Söznən anlamazlar yumruqla başa salarıq, əmimə də deyərəm oda başa
salar .
İndiyədək yadıma gəlir İbrahim əminin həmin dəqiqədəki gülüşü. Yazıq-
yazıq, nəsə birtəhər gülmüşdü.
''Səni keçən səfər bir zibildən çıxartmışam, amma bu səfər gedib o adamları
da döysən mən kömək edə bilməyəcəm '' deyib həmin yazıq gülüşlə gülmüşdü.
Artıq onbirinci sinifdə oxuyuram və indi-indi anlamağa başlayıram ki, Türk
bizim həyətdən, ümumiyyətlə bizim ölkədən niyə getdi. Mən artıq çox şeyi
anlayıram. İbrahim əminin yazıq gülüşünü, Türkün məktəbdə dediyi dərsləri,
babamın türkləri niyə sevdiyini, ''İmkansızlıq'' sözünün niyə bizlə dostlaşdığını...
Hər şeyi. Amma ondan üzr istəmədim. İndi buna görədə peşmanam. Və heç vaxt
''Satılıktır '' sözünü unutmuram. Axı tək satılan arabalar olmur...
Müəllif : Mətləb Muxtarov
|