Zibilxana
Uşaqlıqda tək olmağı çox xoşlayardım. İnsanlar içində həmişə sıxılardım.
Çünki onlar məni başa düşmürdülər. Eyni dünyada yaşayan yad planetlilər
kimiydik. İndi də elədir. On bir il onlara münasibətimi çox da dəyişməyib. Həmişə
özümü rahat hiss edəcəyim yeri axtarırdım. Hər kəsdən uzaq olan bir yer... Bir gün
o yeri tapdım. Zibilxana idi bu yer. Gülməli gəlir yəqin. Düşünərsiniz
paranoyadayam və ağlımı itirmişəm. Yox ! Bu zibilxana yaşadığım əraziyə aid idi.
Çox geniş bir sahəni tuturdu. Tək olmaq üçün ən uyğun məkan idi. Bu yer
haqqında uşaqlıqda eşitdiklərim məndə zibilxanaya qarşı mənfi fikir yaratmışdı.
Oranı iyrənc, pis qoxulu, çirkablı bir yer kimi təsəvvür edirdim. O vaxt ki, onunla
tanış oldum bir anda hər şey dəyişdi. Belə yerdə deyiblər : - kimisə tanımadan
onun haqqında fikir demə və ya nəyisə bilmədən. Tapdığım dünya məni
rahatladırdı. İnsanlar hərdən bura gəlirdilər. İstədiklərindən yox, məcbur
olduqlarından. Axı onlar öz çirkablarını burda gizlədirdilər. Mənsə bu çirkabları
gördükcə hər gün bir neçə insan maskası ilə tanış olurdum. Zibilxanaya çox
bağlanmışdım. Evdən məni çölə buraxan kimi ora qaçırdım. Artıq valideynlərim də
məni həyətdə görməyəndə harda olduğumu bilirdilər. Bir neçə dəfə məni bura
gəlməyim üstündə döymüşdülər. Döysələrdə nə fayda ?! Amma hərdən problem
yaranırdı ora getməyimə. Soyuq havada zibilxanadan ayrı qalmalı olurdum. Evdə
sıxılardım. Balaca iki otaqlı evimiz vardı. Həyətimiz də balaca idi. Bir gün balaca
oğlanın duaları gerçəkləşir. Zibilxanaya xarab olmuş köhnə " Moskiviç "
tullayırlar. İçində istifadəyə yararlı heç nə qoymamışdılar. Təkərləri də yox idi.
Yekə yük maşınında gətirmişdilər. Kran da gətirmişdilər onu tullamaq üçün. Mən
hər şeyə qıraqdan baxırdım. Ağlıma yeni bir fikir gəldi o vaxt. Mən daha soyuq
vaxtlarda evdə sıxılmayacaqdım. Adamlar maşını tullayıb gedəndən sonra mən tez
onun yanına getdim. Hər tərəfinə yaxşı-yaxşı baxdım. Yük yeri mənə görə geniş
idi. Rahat yerləşirdim içinə. Başladım zibilxanadan maşının qırağındakı boş yerləri
örtmək üçün bir şey axtarmağa. Onları tapandan sonra yerə sərmək üçün yumşaq
şeylər axtarmağa başladım. Günəş getdikcə səmadan itirdi. Yaxınlıqdakı
məsciddən azan səsi gəlirdi. Mən hər şeyi bitirmişdim. Moskviçin yük yerində
balaca sarayımı qurmuşdum. Axı Zibilxana şahının sarayı olmalı idi. Saraysız bir
şah görmüsünüz ? Əlbətdə ki yox. Evdəkilərin arxamca gələcəyini bilirdim. Onlar
gəlməmiş evə getdim. Valideynlərin adət halı almış töhmətləri yenə də başladı.
Mənimsə fikrim zibilxanada idi. Ən əsası da sarayımda. Onun haqqında
düşünürdüm. Necə olsa da dəbdəbədən kənar olacaqdı. Həmin gün bir neçə saat
yatmışdım. Səbirsizliklə sabahı gözləyirdim. Beləcə yuxuya getmişdim. Gözlərimi
açanda sabah olmuşdu. Səhər yeməyimi yeyəndən sonra başladım
oyuncaqlarımdan sarayıma aparmaq üçün yığmağa. Oyuncaqlarıma tez-tez
zibilxana haqqında danışardım. Onlara söz vermişdim ki, bir gün aparacam onları
ora. Anamdan gizlincə onları yığıb sakitcə çıxdım evdən. Sarayım onlarında
xoşuna gəlmişdi. Hərdən itlər, pişiklərdə gələrdi ora. Beləcə xoşbəxt keçirdi
günlərim. İnsanlardan uzaq, öz rahat sarayım və dostlar. Bir gün insanlar məni
aldatmağa çalışdılar. Zibilxananın ən çirkablı yer olduğunu mənə inandırmaq
44
istəyirdilər. Amma onlar anlamırdılar ki, ən böyük çirkab onların dünyasındakı
yalanlar, bir-birilərinə bəslədikləri kin, nifrət, saxta oyunları, süni gülüşləridir.
Mənim təmiz dünyamı öz dünyaları ilə necə müqayisə edə bilirdilər axı ?! Mənə
onların dünyalarında yaşamağı təklif etdilər. Şübhəsiz , rədd edəcəkdim. Amma...
Saxta bir oyun... Zibilxanaya gəldiyim bir səhər sarayımı görmədim. Yox
olmuşdu... Hara ? Bilmirdim ! Bəlkədə məndən uzaq bir yerə... Ola bilərdi metal
zavoduna. Orda yəqin onu əzib dağıdacaqlardı. Bəs mənim dostlarım ?
Oyuncaqlarımda onun içində idi. İnsanlar... İstədiklərinə nail olmuşdular. Gözlərim
dolmuşdu. Mən onların bu oyununa ağlamayacaqdım. Hisslər sözümə baxmadı...
Mən ağlayırdım. Düzdü ətrafda heç kim yox idi. Amma mən onların gülüş səsini
eşidirdim.. İstehza dolu gülüşlər... O gündən sonra mən birdə zibilxanaya
getmədim. Qərar verdim... Bu dünyanı dəyişmək... Bir gün sabah olacaq, o sabah
ki, mən yeni dünyada gözlərimi sabaha açacam.Və bütün dünya Zibilxanaya
çevriləcək. Amin!
Müəllif : Ferat
45
Epiloq
Dəlidi !
Axmaqdı !
Hər gözün güzgüsündə fərqli görünürəm. Keçdiyim ürəklərdən tutmuş,
maraqlara qədər ani olub hər şey. Sual axtarmışam həmişə. Sonra cavab. Sonra
yenə sual. Duyğular səyyahına çevrildiyimin fərqinə belə varmadan logikamda
azmaq ən sevimli məşğuliyyətim olub. Gözəlliyin cavabını tapanda
çirkinləşmişdim. Xöşbəxtliyin anlamını dərk edəndə bədbəxt olmaqdan qorxuram.
Avanqard üslubda geyinib, kubizmdən, surrealizmdən danışmaq istəmirəm,
ətrafıma maraqlı olum deyə. Heç tünd kostyumun ciddiliyində boğularaq statistik
məlumatlarla narkomanların, homoseksualların, dini təriqətlər arasındakı faiz
nisbətləri sayı haqda da saatlarla danışmaq istəmirəm. Əzalarımı örtəcək azad
geyimdə azad fikrimi kiməsə çatdırmağı bacarsam bəs edir. Tarixdə qalmaq
naminə gözümü çıxarıb yemək,dünyaya orta barmaq göstərmək, təyyarədən
paraşutsuz tullanmaq kimi fikirlərim yox. Şəhərdən zövq alaraq fikirlərsiz gəzmək
istəyirəm. Saata baxmadan,telefon zənglərinə əhəmiyyət vermədən... Ey şəhər,
salam! Bu mənəm! Sənin ən dəli sakinin. Sən dəyişmədin məni,bacarmadın! Fərqli
deyiləm, yox! Sən öyrəşmisən axı,öyrəşmisən hamını öz qabında görməyi.
Stamatoloq saqqız çeynəməli,bankir kostyum geyməli, fahişə atası üçün də
soyunmalı. Sənin dilənçin cins itlərinin yeməyinə belə həsəd aparır. İnsanlar haqda
yazanda nəzərə alarsan... Sənin nə toyun, nə soyun mənə lazım deyil. Əslin türkdü
ya afrikan, özgə planetlərdə həyat var ya yox... Bilsən nə olacaq ki... Nə dəyişəcək
ki? Bizi qəbirdə kim sevəcək ki? Ölməyimdən qorxuram... Cəhənnəmi
düşünməkdən çox ilk dəfə özümün öz həyatıma müdaxilə edə bilməyəcəyini
düşünmək əsəbləşdirir məni... Atacaqlar qəbrə. Bir iki gül də düzəcəklər
torpağıma,simvolik olaraq... Bayramdan bayrama gəlib yasin oxutdurub, bitməsini
tez arzulayıb, axmaq baxışlara dalacaqlar... Onda bu şəhərin gülüşü mənim ilk və
son məğlubiyyətim olacaq!
“The End”
Dostları ilə paylaş: |