15.3. Sivilizasiyaların tipləri və növləri
Sivilizasiyaların bir sıra tipləri və növləri mövcuddur. Bunlardan bəzilərin xüsusilə qeyd etmək lazımdır.
a) Şərq və Qərb sivilizasiya tipləri. Bəşər tarixinə müraciət etsək, görərik ki, hələ ən qədim dövrlərdən Şərq və Qərb sivilizasiyası bir–birindən fərqlənmişdir. Tarixçilərin tədqiqatları sübut edir ki, lap əvvəldən sivilizasiyanın spesifikası adamların əmək fəaliyyətinin xüsusiyyətləri ilə əlaqədar olmuşdur. Həmin əmək fəaliyyətlərinə də öz növbəsində coğrafi mühit, əhalinin sıxlığı və digər amillər təsir göstərmişdir.
Sivilizasiyanın inkişafına və xüsusiyyətlərinə ictimai şüurun dini və fəlsəfi formalarının məzmunu, və ya həmçinin cəmiyyətin digər dəyərlərinin mənimsənilməsində mühüm vasitə kimi istifadə edilməsi də təsir göstərmişdir. Çində buddizm və konfutsiçilik, Hindistanda buddizm, brəhmənizm yoqların fəlsəfəsi insanın bütün həyat fəaliyyətinin reqlamentasiyasının müəyyən edilməsində, başlıca rol oynamışdır. Qərb sivilizasiyası monolit kult strukturu və təkhakimiyyətliyin təsirinə az məruz qalmışdır. O, daha çox fəal surətdə elmin, incəsənətin və siyasətin təsiri altında dəyişmişdir. Şərq sivilizasiyası üçün maddi və mənəvi dəyərlər mənimsəmək, həmçinin avtoritar paternalizm, ümumi tabelik, dövlətdə, icmada, ailədə başçının qəbul edilməsi şəraitində onların istehsalı xarakterikdir.
Şərq və Qərb sivilizasiyaları öz aralarında qarşılıqlı təsir göstərirdi. Bu qarşılıqlı təsir nəticəsində öz mədəniyyəti əsasında yeni mədəniyəti mənimsəyən müxtəlif «hibrid» cəmiyyətlərin yaranması mühüm rol oynamışdır. Bu gün Qərb – «inkişaf etmiş ölkələr»in sinonimidir. Bu əlamətə əsasən bəzi politoloqlar Yaponiyanı Qərbə aid edirlər ki, bu qətiyyən düzgün deyildir. Qərb ölkələri ilə ümumi texnoloji bazisə malik olmasına baxmayaraq, Yaponiya hətta ümumbəşəri dəyərlərin mənimsənilməsi baxımından belə Şərq sivilizasiyası ölkəsi olaraq qalmaqdadır.
b) Texniki sivilizasiyalar. Texnikanın inkişaf səviyyəsi ilə xarakterizə olunan sivilizasiyalar mövcuddur. Qərbdə sivilizasiyanın tədqiqatçıları (D.Bell, Q.Kan, Z.Bjezinski, R.Aron və başqaları) onun «industriala qədər», «industrial» və «postindustrial» kimi xarakterizə etmişlər. Axırıncını hazırda «informasiyalı», «texnotronlu» və s. də adlandırırlar. Həqiqətən də adını çəkdiyimiz texniki sivilizasiyaların hər biri öz texniki səviyyəsinə, insanın istehsal alətləri ilə birləşməsi, onun əmək vərdişləri və istehsal təcrübəsi, istehsalın idarə formaları və s. daxildir. Həmin texniki sivilizasiyaların hər biri üçün texnikanın və texnoloji subyekt kimi insanın inkişafının öz səviyyəsi səciyyəvidir. Texnikanın səviyyəsi bu və digər istehsal aləti tipinin, o cümlədən maşının yayılması dərəcəsindən asılıdır. «İndustriala qədər sivilizasiya» üçün keyfiyyətcə yeni texnika xasdır.
«İndustriala qədərki sivilizasiya» dövründə, xüsusilə XV əsrdə elmi–texniki kəşflər atmosferi özünü göstərir. Leonardo da Vinçidən sonra yüzlərlə italyan öz qeyd dəftərçələrini möcüzəvi maşınların proyektləri ilə doldururdular. Həmin dövrdəki mövcud tələbatlara əməyin məhsuldarlıq səviyyəsi tamamilə uyğun gəlirdi. Çünki ucuz işçi qüvvəsi kifayət qədər idi.
«İndustrial sivilizasiya» XVI–XVII əsrlərin sənaye inqilabları və iqtisadi yüksəlişlə əlaqədar idi. Sənaye inqilabı texniki sivilizasiyanın «industrial sivilizasiya» tipini müəyyənləşdirir. Texnikanın keyfiyyət dəyişikliyi təkcə özü ilə, iqtisadiyyatın inkişafı ilə əlaqədar olmuşdur. Yenilik bazarın marağı və tələbatı ilə əlaqədar idi. Kömür sənayesi digər sahələrin, xüsusilə buxarın istifadə olunmasına həvəs oyatmışdır.
«İndustrial sivilizasiyası» cəmiyyətin bütün həyat tərzinin dəyişməsinə, o cümlədən kənd təsərrüfatının, nəqliyyatın, rabitənin, peşə vərdişlərinin, təhsilin, tərbiyənin və mədəniyyətin dəyişməsinə böyük təsir göstərmişdir.
Bu gün filosof və sosioloqlar insan cəmiyyətini yeni, bütün xalqlar üçün ümumi olan vahid postindustrial (informasiyalı, texnotronlu) sivilizasiyaya daxil olduğunu elan edirlər.
Onda bəs Yapon möcüzəsini nə ilə izah etmək olar? Şübhəsiz, Yapon texniki sivilizasiyası öz kökləri ilə yapon mədəniyyətinə, yapon mənəvi mədəniyyətinə söykənir. Yaponiya çox bacarıqla ənənini mədəniyyətdə əks etdirir ki, bu da onun texniki sivilizasiyasına kömək edir. Bəşəriyyətin gələcəyi kimi postindustrial cəmiyyətdən danışarkən texnoloji bazis baxımından bütün xalqlar üçün ümumi olmasına baxmayaraq ayrı–ayrı xalqlara və mədəniyyətlərə tətbiqi öz spesifikasına malik olacaqdır.
Dostları ilə paylaş: |