AZƏRBAYCAN RESPUBLİKASI
MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ
______________________________________________________
AZƏRBAYCAN TURİZM İNSTİTUTU
TMTQ – 0801 qrupunun tələbəsi Novruzova Aida Yaşar qızının Marketinqin əsasları fənnindən referat işi.
2010-2011
Mövzular 1. Marketinqin predmeti, məzmunu, prinsipləri, iqtisadi əhəmiyyəti, əsas funksiyalari və inkişaf mərhələləri
2. Marketinq mühiti, marketinqin idarə edilməsi prosesi, marketinqin planlaşdırılması və marketinq kompleksinin inkişaf etdirilməsi
3. İstehlakçı və biznes strukturlarının bazarı, marketinqin idarə olunmasında istehlakçı davranışlarının rolu, bazarın seqmentləşdirilməsi, hədəf marketinqi, mövqələşdirmə strategiyası
4. Bazarın analizi, tələbin ölçülməsi və proqnozlaşdırılması
5. Marketinqdə əmtəə xidmət siyasəti, məhsulun planlaşdırılması, qablaşdırması və marka strategiyası
6. Marketinqdə məhsulların qiymətləndirilməsi qərarları və qiymət strategiyası
7. Marketinq kanalları, topdan ticarət, pərakəndə ticarət və marketinq kanallarının idarə olunması
8. Marketinq kommunikasiya sistemi: reklam fəaliyyətinin təşkili və idarə olunması, birbaşa marketinq sistemi, satışların stimullaşdırılması və idarə oluması və ictimaiyyətlə əlaqələr
9. Marketinqdə yeni tendensiyalar, internetdə marketinq və elektron ticarət
1. Marketinqin predmeti, məzmunu, prinsipləri, iqtisadi əhəmiyyəti, əsas funksiyaları və inkişaf mərhələləri. Marketinq fəaliyyəti turizmdə turizm məhsulunu istehsalçıdan istehlakçıya çatdırmaqla məşğuldur. Bəs bu iki anlayış nə ilə fərqlənir? Onların fərqi ondadır ki, marketinq daha geniş anlamda olan bir anlayışdır. Turizm bazarı geniş və ucsuz-bucaqsız olduğu üçün ondan “baş çıxarmaq” və səmərəli fəaliyyət göstərməkdən ötrü informasiya lazımdır. Marketinqlə informasiya bir-birilə sıx əlaqəlidir. Beləliklə, marketinq informasiyası maliyyə sərvətləri kimi, təcrübəli personal kimi və bəlkə də, ondan da çox turizm məhsulunu satmaqdan ötrü lazımdır. Turizmi əhatə edən mühit və hadisələr çox dəyişkəndirlər. Belə şəraitdə turist məhsulunu hərəkətə gətirmək dəqiq informasiyanın olmasını tələb edir.
Turist bazarının dəyişməyən və dəyişən məlumatları olur. Məsələn, bazarda marketinqin mühiti uzun müddət sabit qalır. Dəyişən məlumatlara bazarda turizm məhsulunun miqdarı, keyfiyyəti aid ola bilər. Birinci dərəcəli, yəni ilk məlumatlar sorğu, şəxsi müşahidə, testlər aparmaq nəticəsində toplanır. İkinci dərəcəli məlumatlar mühasibat və statistik hesabatlardan götürülmüş məlumatlardır. Onlar firmanın vəziyyəti, bazardakı situasiyanı daha dərindən öyrənməyə imkan verirlər. Marketinqdə toplanan məlumatlar və onların istifadə olunması üçün aşağıdakı tələblər uyğun gəlməlidirlər: aktual olmalı, relevantlı, hadisələri tamam əks etdirməli, məqsədə uyğunluq və tarazlaşdırılmış məlumatlar olmalıdır. Turizm sahəsində marketinq məqsədə çatmaq üçün təhlükəsiz yolları axtarır. Bununla, marketinq yaradıcı prosesdir, onun bütün elementlərini qabaqcadan müəyyən etmək olmur.
“Marketinq” sözü özü-özlüyündə daha geniş məna daşıyır və iqtisadi anlayış kimi daha çox sahəlidir. Hər şeydən əvvəl “marketinq” – iqtisadi bir prosesdir. Bu prosesi aydın təsəvvür etmək üçün “marketinq” sözünün mənasını hərtərəfli izah etməyə ehtiyac duyulur. “Marketinq” iqtisadi proses kimi istehsal olunan məhsulu istehsalçıdan alıcıya istiqamətləndirən fəaliyyətdir. Bu baxımdan “marketinq” istehsalçı ilə istehlakçı arasında təmas yaradır, bununla da, xidmətlərin və malların satışını asanlaşdırır və əks əlaqə yaradır, bu isə alıcılara lazım olan malların istehsalına kömək edir.
Marketinq fərdlərin və insan qruplarının digərləri ilə dəyər yaradılması və bazarda mübadilə edilməsi yolu ilə öz ehtiyac və tələbatlarını ödəməsi üçün sosial və idarəetmə prosesidir. Marketinq – məhsul, xidmət, ideya və digər varlıqları əhatə edən, hədəf seçilmiş qrup ilə arzu olunan mübadilə əlaqələri yaratmaq və onu möhkəmləndirmək üçün görülən tədbirlərdən ibarətdir. Marketinq – yeni müştərilər cəlb etmək və sövdələşmələr yaratmaqdan əlavə, əsas məqsəd olaraq, müştərini qoruyub saxlamaq və şirkət ilə birlikdə öz bizneslərini inkişaf etdirməkdir. Marketinq mütəxəssisləri müntəzəm olaraq yüksək dəyərlər çatdırmaq yolu ilə güclü iqtisadi və sosial əlaqələr yaratmaq istəyir.
Turizm öz spesifik xüsusiyyətlərinə görə xidmətlərin və malların satılmasında fərqlənir. Adi malların istehsalında marketinq anlayışı konkret xarakter və məzmun daşıyır. Turizmdə marketinq turist xidmətlərinin və mallarının istehsalı və satışı ilə nəticələnir. Turist məhsulu turistə göstərilən və qiyməti turist tərəfindən ödənilən müxtəlif xidmət növləridir. Bura mehmanxana, nəqliyyat, transfer, ekskursiya, əyləncə, qidalaanma və s. xidmət növləri aiddir.
Turist məhsuluna iki cür yanaşmaq olar:
a) dar çərçivədə; məsələn, mehmanxana və ya ayrıca nəqliyyat xidməti;
b) geniş çərçivədə; bu çərçivə də turist məhsuluna kompleks şəklində yanaşılır. Xidmətlərin turistə kompleks şəklində göstərilməsində tur deyilir. Turist məhsuluna bu cür yanaşmada bütün xidmətlər bir “paketə ” toplanır və turist paketdə cəmlənən xidmətlərin hamısının haqqını bir dəfəyə turist səfərinin qiyməti kimi ödəyir. Turist məhsulunu başqa mallardan ayıran özünə məxsus xüsusiyyətləri var:
Turizm məhsuluna kompleks şəklində daxil olan komponentlər və onları istehsal edən müəssisələr bir-birilə mürəkkəb əlaqələrlə bağlıdır. Turist məhsulu alınan gəlirə və məhsulun qiymətinə görə elastikdir. Turizmdən əldə olunan gəlir və məhsulun qiyməti siyasi və sosial vəziyyətdən asılıdır.
Məhsulu alan turist, turist məhsulundan istifadə etməyincə onu görmür, ona görə də onu qiymətləndirə bilmir. O turist məhsulu ilə ancaq səfər zamanı tanış olmaq imkanı olur və səyahət bitdikdən sonra ona qiymət verə bilir. Turizmin xüsusiyyəti belədir ki, eyni turist mərkəzi, eyni turist səyahətinə müxtəlif səviyyələrdə (fəsillərdən asılı olaraq, qrupda olan başqa turistlərin xarakterindən, personalın əhval – ruhiyyəsindən və başqa müxtəlif faktorlardan asılı olaraq) xidmət göstərir.
Turizm məhsulu geniş mənada müxtəlif müəssisələrin gərgin əməyi ilə yaranır. Hər təşkilatın öz iş üslubu, öz xüsusiyyətləri və öz maraqları olur. Cüzi miqdarda nöqsan və ya səhv buraxılarsa, yüksək səviyyədə xidmət təşkil etmək mümkün olmur. Ona görə ki, turistlərə göstərilən xidmət belə xırda elementlərdən asılıdır. Turist xidmətlərinin keyfiyyətinə yerli əhali, qrupun tərkibi təsir göstərir.
Müştərilərlə əlaqələrin yaranma məqsədi, onları inandırmaqdır ki, onlara təklif olunan turist məhsulu onların istədiyi və axtardığı məhsuldur. İnkişaf məhsulu irəlilətmək üçün yeni üsulların planlaşdırılmasıdır. Nəzarət isə görülən işlərə nəzarət etmək, buraxılan səhvləri düzəltmək və təhlil etmək məqsədini güdür.Marketinq menecmentin fəlsəfəsidir. Bu fəlsəfənin əsas qayəsi hədəf qruplarının ehtiyac və istəklərindən, o cümlədən təklif olunan məhsula olan məmnunluğu rəqiblərdən daha yaxşı çatdırmaq bacarığından asılı olaraq təşkilatın məqsədlərinə nail olmaqdır.