Deyir, bir şəxs kasıb olur. Həmişə evə gələndə yoldaşı onun qabağına çıxanda dəsmalnan çıxırmış. Hörmətini yaxşı saxlarmış.
Günlərin bir günü bu kişinin arvadı bu haldan bezir, başdayır öz güzaranından gileyli olmağa. Arvadın kişiyə münasibəti pis olur deyir ki, bilirsən nə var? Mənə sabah hamam lazımdı.
Deyir:
– Hə, get.
Sabah gedir hamama, şahın arvadı hamamda olur. (Hamı şah olmaz. Əgər hamı şah olsa, bəs onun kasıbı kim olar. Varlı gərək xüms verə. Onu kasıba verməlidir. Kasıb əlini açıb şükür eləsə hər günün nemətinə, yaxşı olar.) Bu getdi hamama. Hamam bağlanıb. Dayandı qapıda. Dedilər ki, şahın arvadı qırx xanımnan hamamdadı. Sən girməməlisən – qayıtdı.
Qayıtdı gəldi, kişiyə dedi ki, sən bu günləri getməlisən ya şah olmalısan, ya axund olmalısan. Mənə də axund dostu şah dostu deməlidilər. Kişi nəəlac qaldı. Dedi:
– Ay arvad, mənnən nə axund olar, nə də şah. Mən kasıb bir insanam. Əgər Allah istəsəydi, məni şah yaradardı. Əgər istəsəydi, məni axund yaradardı. Mən axund deyiləm. Mən kasıbam. Mənim hər gün beş köpüyüm olur. Mən ona şükür eliyirəm.
Arvad dedi:
– Səni evə qoymaram.
Qapını bağladı. Kişi nəəlac qaldı.
Dedi:
– Ya Pərvərdigara, bu gününə şükür.
Allahı çağıra-çağıra, imam çağıra-çağıra, Xüdaya Pərvərdigara, ruzi verən sənsən məni bu arvadın yanında xəcil elemə, deyə-deyə düşdü yola.
(Allah heç kişini aciz eləməsin.) Kişi çıxdı yola, az getdi, çox getdi.
Gördü bir külək qopdu. Uzağdan-uzağa bir vərəq gəldi. Düşdü kişinin qabağına. Kişi gördü. Bu vərəqi götürdü dedi:
– İlahi Pərvərdigara, sənə çox şükür, bir vərəqi mənim qabağıma çıxartmısan. Vərəqi qatdaladı, qoydu öz pəncəyinin cibinə getdi. Çox getdi, az getdi, gördü bir məclisdi. Məclisə daxil oldu.
Dedilər:
– Kimsən, hardan gəlmisən, nəçisən?
Dedi:
– Mən axundam, çıxartdı vərəqi, bu da mənim vərəqim. Yenə də qoydu cibinə.
Axund deyəndə ona yol verdilər yuxarıda oturdular. Gördü bir şəxs gəldi dedi ki, axund kimdi? Mənim bir inəyim itib. O, inəyin sorağın versin mənə. Baxsın kitaba desin mənə.
Dedilər:
– Axund var burda.
Axund yazığ Allahı çağırdı, Allahdan imdad istədi.
Dedi:
– Sənin inəyin bağlanıb qalıb Vəlinin həyətində. Ot tökülüb onun qabağına, yeyir.
Allah onun sözünü eşitdi. Allahtala onun sözünü düz yola gətirdi. Çıxdı getdi gördü, həqiqətən, inəyi bağlanıb Vəlinin həyətində, ot tökülüb yeyir.
Dedi:
– İnəy mənimdi.
İnəyi tapdı gətirdi. İnəyi tapandan sonra axundun hörmətini elədi. Axund gördü ki, həqiqi mənada Allahtala onun imdadına səs verdi.
Kasıb kişi pulu qoydu cibinə, çıxdı yola düzəldi. Çox getdi, az getdi. Gördü bir qız dayanıb yolun ortasında qalıb məətəl, bilmir hara qaçsın, hara getsin.
Dedi:
– Sən burda niyə dayanmısan, qızım, ağlıyırsan?
Dedi:
– Şahın bi qızı var, indi ölər, bayaq ölər, ona görə ağlıyıram. Ölüm ayağındadı. O şah deyir ki, mənim qızım ölsə, hamını kənddə öldürəcəm. Çox qəddardı. Ona görə də məətəl qalmışam, bilmirəm neyniyim.
Gedir çıxır ora, Allahı çağıra-çağıra. Görür ki, həqiqi mənada qız xəstədi.
Deyir:
– A kişi, hardan gəlmisən?
Deyir:
– Mən Allah bəndəsiyəm gəlmişəm.
Gəlir deyir, nədir, nə deyil, mən axundam. Oturur xəstənin başı üstə Allahı çağırır, imdad eliyir. Allahdan imdad ala-ala qıza Allahtala şəfa verir, qız ayılır. Şah öz xəzinəsindən buna milyardlar verir. Şahlığı alır və arvadı da axund dostu olur. Onun da varı artır.