Sürayyə Əzizova
ADMİU- magistrant
CAHANGİR ZEYNALOV VƏ TEATR
Azərbaycan teatr sənətinin kökləri ta qədim dövrə dayanır. Teatr sənətinin yaranmasına
dini inanclar, bayramlar, toy ənənələri böyük təkan vermişdir. Dövr keçdikcə bu sənət növü
inkişaf etməyə başlamışdır. Milli teatrımızın yaranması XIX əsrə təsadüf edir və deyə bilərik ki
teatrın təşəkkülündə xalq teatrının əhəmiyyətli rol oynaması, o dövr dramaturgiyasının güclü
şəkildə inkişafına təkan vermiş və peşəkar teatrın yaranmasına səbəb olmuşdur. Artıq truppalar
yaranmağa başlamışdır. M.F.Axundovun komediyaları səhnələşdirilməyə, qeyri-peşəkar
aktyorların toplanmasına və tamaşalar hazırlanmasına başlanmışdır. Bu inkişaf zamanla teatr
xadimlərinin fəaliyyətinə və cəmiyyətlərin yaranmasına nail olmuşdur. “Nicat” cəmiyyəti ilə
başlanan bu yol “Səfa” ilə davam edir. Bu truppaların öncülləri isə H.Ərəblinski, S.Ruhulla,
C.Zeynalov və b. xadimlər olur. O dövrün siyasi və maddi sıxıntılarına baxmayaraq bu truppalar
fəaliyyətlərini davam etdirməyi bacarırlar. C.Zeynalov bu yolda fədailərdən biri olur. O öz evini
teatr edir və sənətin inkişafına sanki bir sütun olur.
1865-ci
ildə Bakıda anadan olan C.Zeynalov Azərbaycanın ilk peşəkar aktyorlarından
olub. Səhnəyə ilk dəfə qız rolu ilə çıxıb. Onun oynadığı rolların tam siyahısı gəlib bizə
çatmamışdır lakin bildiyimiz rolları
Mirzə Fətəli Axundzadənin "Hacı Qara"sında Hacı Qara,
"Müsyö Jordan və dərviş Məstəli şah"da Şahbaz bəy və Məstəli şah, "Molla İbrahimxəlil
kimyagər"də Molla İbrahimxəlil, "Xırs quldurbasan"da Tarverdi, "Lənkəran xanının vəziri"ndə
Mirzə Həbib, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər"ində Hacı Qəmbər, "Ağa Kərim xan
Ərdəbili"də Ağa Kərim xan, "Müsibəti-Fəxrəddin"də Vəli, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa
77
Məhəmməd şah Qacar" faciəsində Tavad Maqobeli və s. kimi əsas obrazları oynayıb.
Baxdığı
tamaşalar haqqındakı düşüncələrini, mülahizələrini, hazırladığı tamaşaların məşqlərini, məşq
tarixlərini “Tiyatro dəftərçəsində” qeyd edir. XIX əsrin sonlarında o səhnə fəaliyyətinə Həbib
bəy Mahbudbəyovla Sultanməcid Qənizadənin birgə hazırladıqları tamaşalarla başlayaraq
sonraki fəaliyyətini rejissor və pedaqoq kimi davam etdirir. Maddi imkanı güclü olan Kərbəlayi
Cahangir Zeynalov 1900-cü ildə Müsəlman dram artistləri cəmiyyətinin yaranmasında əvəzsiz
rolu oynayır,aktyorlara əl tutur, tamaşaların hazırlanması üçün lazım olan madiyyatı təmin edir.
1918-ci ildə ermənilərin xalqımıza qarşı zorakılığı Zeynalovun Bakını müvəqqəti tərk etməsinə
gətirib çıxarır. Çox keçmir ki o yenidən ailəsi ilə birgə Bakıya qayıdır amma artıq bu uzaqlıq,
yollarda yaşadığı çətinlik onun səhhətində problemlər yaradır və çox keçmir ki onun vəfatına
səbəb olur. Cahangir Zeynalov sənətdə açdığı bu yolda varis olaraq qızı Nəsibə Zeynalovanı
xalqa bəxş edib. Onun ən böyük arzusu qızının bu sənətə gəlməsi və layiqli sənət adamı olması
idi. Atasını körpə yaşında itirən Nəsibə həqiqətən də atası qədər fədakar və öz möhürünü vuran
aktrisa olmağı bacarır. Bu ailə şəcərəsi Nəsibə xanımla bitmir, atasının adını oğlunda yaşadır və
onu sənətinin davamçısı edir. Uzun illər səhnəmizdə əvəzsiz rollarla çıxış edən Cahangir
Novruzov müasir dövrün güclü aktyorlarından sayılır, baxmayaraq ki, son illərdə o səhnə
həyatına fasilə vermiş və pedaqoq kimi fəaliyyətini davam etdirir.
Dərin inkişaf yolu keçmiş milli teatr ənənələrimizin təşəkkülündə əvəzsiz rolu olmuş
həmçinin realist aktyor məktəbinin banisi Cahangir Zeynalovun teatr və sənət fəaliyyətinin
araşdırılaraq dərin tədqiqata davamlı olması gələcək nəsillərin də istinad mənbəyinə çevrilməsi
qoyulmuş əsas məqsədlərdən biridir.
Aysel Mehdiyeva
ADMİU- magistrant
ESTRADA SƏNƏTİNİN TİPOLOJİ TƏHLİLİ
Müasir estrada sənətinin inkişafında Qorxmaz Əlili, Telman Adıgözəlov, “Bakılı oğlanlar”,
“Bu şəhərdə” və digərləri əllərindən gələni etsələr də, bu janr hələ ki, tam şəkildə özünü təsdiq
edə bilməyib. Estrada deyəndə, ilk növbədə çoxşaxəli, incəsənət növündən istifadə edə bilən
“meydan” gəlir gözlərimiz önünə. Həqiqətən bu “meydan” hər hansı bir kiçik klubda, kino-
konsert zallarında, mədəniyyət saraylarında, hətta idman zalları, stadionlarda da yaradıla bilər.
Estrada səhnəsində müxtəlif həcmli konsert-tamaşalar hazırlanır: tələbələrin solo konsertlərindən
tutmuş, miniatür teatrı, sirk nömrələri – gözbağlayıcılar, akrobatlar, illuziyaçılardan ibarət
çıxışlar, hətta iri həcmli musiqili-rəqsli vodevillər, muzikxollar, operettalar və s. və i.a daxilidir.
Son dövrlərin estrada tamaşaları, aktyorları, rejissor işi təhlil edilməmiş, hətta heç bir
cəhətdən araşdırılmamışdır. Mövzunun yeni, orijinal olması bir də onunla əlaqələndirilir ki, biz
Azərbaycan teatr tarixini, ədəbiyyatını araşdırarkən heç bir məlumata rast gələ bilmədik.
Estrada sənətinin tipoloji təhlilinin bütün xüsusiyyətləri, janrın spesifikası və digər
cəhətləri bəllidir. Estrada janrı gənc yaşlarını yaşayır. Lakin yaşı olduqca çoxdur. Bu gün biz
estada janrının əvvəlki dövrlərə nisbətən daha sürətli inkişafını görsək də, bu elə də geniş
təşəkkül tapmış janr deyil. Bildiyimiz kimi estrada janrı digər janrlardan tamamilə fərqli, seçilən
növdür. Biz televiziyadan tanıdığımız KVN (“Bakılı oğlanlar”), “Bu şəhərdə” kimi aktyorların
yaratdıqları qruplardan ibarət estrada aktyorlarının çıxışlarını daima izləyirik. Bu qruplar xalqın
bir növ “güzgü”sü rolunu oynayaraq, parodiya vasitəsilə müxtəlif obrazlar yaradırlar. Burada bir
rejissorun işiylə digərinin işi arasındakı fərq olduqca böyükdür. Estradanın imkanları olduqca
geniş və müxtəlifdir. Buna görə də “estrada” deyəndə, hərə öz həvəs və marağına, zövqünə
uyğun incəsənət növündən istifadə edir. Kimlərsə “estrada” səhnəsini bir müğənninin çıxışı,
kimlərsə rəqqasların, balet cütlüyünün, musiqi ansamblının, sirk nömrələrinin, klounların çıxış
meydanı kimi qəbul edir. Ümumiyyətlə “estrada” – latın sözü olub, “strata” – hazırlanmış
meydança deməkdir. Küçə və meydanlarda kütlələr qarşısında öz istedad və bacarıqlarını
nümayiş etdirməyə can atanlar, onları seyr edən tamaşaçılardan seçilmək üçün özlərinə bir qədər
78
hündürlüyü olan kiçik meydança – səhnə düzəltməyə başladılar. Bu da ona görə idi ki,
tamaşaçılar, onları hər tərəfdən görmək imkanı əldə edə bilsinlər. Həmin bu hündür meydança da
“estrada” adlanır. Tədqiqatın məqsədi estrada üslublarını araşdırmaq, estrada janrında çıxış edən
aktyor və rejissor kollektivinin yaradıcılığını geniş elmi-nəzəri şəkildə vəziyyətini araşdırmaq,
nəzəriyyəçilərin, magistrların, dissertanların ixtiyarına elmi şəkildə estrada nömrəsinin struktur
özəlliklərinin bədii həllini verməkdir. Tədqiqat işinin əsas vəzifələrindən biri odur ki, magistr
estrada janrında tamaşalar hazırlayan rejissorların yaradıcılığını araşdıraraq, onların üslublarının
tədqiqat obyektinə çevirsin, fərqli və oxşar cəhətləri müxtəlif aspektlərdən təhlil etsin. Məqsəd
estrada nömrəsinin struktur özəlliklərinin təhlil edilməsidir. Bizdə bildiyimiz kimi bu janr geniş
təşəkkül tapmadığına görə bu janrın araşdırılması çətindir. Bu məqsəd biz bu janrda fəaliyyət
göstərən, bu sənətə böyük töhfələr bəxş etmiş rejissor və aktyor kollektivinin yaradıcılığını elmi
şəklə salaraq, nəzəri bir iş ortaya çıxartmaqdır.
Ədəbiyyat:
1. Əlizadə M.Ə. “Teatr: Seyr və sehr...” Bakı: Elm, 1998, 251 s.;
2. Əlili Q. Milli estrada sənətinin təşəkkülü tarixindən (Qədim və erkən orta əsrlər). Bakı:
Təknur, 2012, 190 s.;
3. Ağayeva N.K. Azərbaycan teatr tənqidi və teatrşünaslığın inkişaf problemləri. Bakı: Elm,
1997, 355 s.
Rəvanə Ərəbova
ADMİU- magistrant
“BAYATI-ŞIRAZ” MUĞAMININ NƏZƏRİ ƏSASLARI
“Bayatı-Şiraz” - Azərbaycan şifahi ənənəli professional musiqi irsində əsas muğam
dəstgahlarından biridir.
“Bayatı-Şiraz” dəstgahı, onun bütün təsnif və rəngləri, bir çox xalq mahnıları və rəqsləri
bayatı-şiraz məqamına əsaslanır.Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları”
fundamental elmi əsərində bayatı-şiraz məqamının nəzəri əsasları, bu məqamda qurulan musiqi
əsərlərinin əsas cəhətləri üzə çıxarılmışdır.
Məmməd Saleh İsmayılovun “Azərbaycan xalq musiqisinin məqam və muğam
nəzəriyyəsinə dair elmi-metodik oçerklər” əsərində bayatı-şiraz məqamı və “Bayatı-Şiraz”
muğamı ilə bağlı dəyərli fikirlər mövcuddur. Bundan əlavə, Ramiz Zöhrabovun “Muğam”
kitabında “Bayatı-Şiraz” muğamına ayrıca oçerk həsr edilmişdir. Burada muğamın müxtəlif
dövrlərdə ifaçılıq variantları, obrazlı bədii məzmunu haqqında hərtərəfli zəngin məlumat
verilmişdir. Nəriman Məmmədov da “Bayatı-Şiraz” muğamını nota yazmaqla yanaşı, onun
quruluş xüsusiyyətləri, məqam-intonasiya əsası ilə bağlı dəyərli tədqiqatlar aparmışdır.
Bəhram Mansurov “Bayatı - Şiraz” muğamının müstəqil muğam kimi yalnız XIX əsrin
axırlarından mövcud olduğunu və əvvəllər isə “Bayatı - İsfahan” dəstgahı kimi tanındığını
söyləyir.
«Bayatı-Şiraz» muğamının tərkibi müxtəlif dövrlərdə fərqli olmuşdur. Orta əsrlərdə
klassik muğamlar arasında bu adda muğama rast gəlmirik. Səfiəddin Urməvinin (XIII əsr),
Əbdülqadir Marağayinin (XIV əsr) elmi əsərlərində bu “Bayatı-Şiraz” muğamının adı
göstərilmir. Hətta bu muğamın adı XVII-XIX əsrlərin musiqi risalələrində də çəkilmir. Lakin 12
klassik muğamlardan biri olan “İsfahan” muğamının “Bayatı-İsfahan”a çevrilməsi fikrini
əsaslandırmaq olar. Belə ki, “Bayatı-İsfahan” muğamı keçmiş dövrlərin musiqi təcrübəsində
geniş yayılmışdır, sonradan isə tədricən şöbə halına keçərək, hal-hazırda “Bayatı-Şiraz”ın
mərkəzi şöbələrindən biridir. Orta əsrlərə aid mənbələrdə rast gəlinən “Gərdaniyyə”, “Nühüft”,
“Üzzal”, “İsfahanək” kimi adlar da indiki “Bayatı-Şiraz” muğamının şöbə və guşələri arasında
çəkilir.
79
Qeyd etmək lazımdır ki, XIX əsrin sonu – XX əsrin əvvəllərində də “Bayatı-Şiraz”
muğamı “Bayatı-İsfahan” adlanırdı. Həmin dövrdə Mirzə Mansur Mansurovun rəhbərliyi ilə
fəaliyyət göstərmiş Bakı muğam məclislərində “Bayatı-İsfahan” muğamı oxunurdu. Bu muğam
İran musiqisində bu gün də geniş yayılmışdır.
XX əsrə qədərki dövrdə muğam ifaçılığında “Bayatı - İsfahan” dəstgahı mövcud olmuş
və aşağıdakı şöbələri əhatə etmişdir: “Bərdaşt”, “Gərduniyyə”, “Nişibi-fəraz”, “İsfahanək”,
“Bayatı - İsfahan”, “Xosrovan”, “Nühif”, “Hacı-Yuni”, “Naleyi-zənbur”, “Məsnəvi”, “Pəhləvi”,
“Bayatı - kürd”, “Qatar”, “Bayatı-əcəm”, “Gəbri”, “Baba Tahir”, “Azərbaycan”, “Əbül-çəp”,
“Bayatı - Şiraz”, “Xavəran”, “Üzzal”, “Dilrüba” və “Mayə Bayatı – Şiraza ayaq”. Yalnız XIX
əsrin axırlarından “Bayatı - Şiraz” muğamı müstəqil muğam kimi tanınmağa başlamış, “Bayati-
İsfahan” isə onun tərkibinə əsas şöbə kimi daxil olmuşdur.
Elmi ədəbiyyatda «Bayatı-Şiraz» muğamının adına yalnız XX əsrdə təsadüf olunur.
Mirzə Fərəcin tərtib etdiyi muğam cədvəlində «Bayatı-Şiraz» 17 şöbə və guşədən ibarət dəstgah
kimi göstərilmişdir: 1.Dəraməd; 2.Bayatı-İsfahan; 3.Bayatı-Şiraz; 4.Əbülçəp; 5.Cəfəriyyə;
6.Budəşti; 7.Azərbaycan; 8.Bayatı-Kürd; 9.Hacıyuni; 10.Giləyi; 11.Dəşti; 12.Məhdi-Zərrabi;
13.Qatar; 14.Bayatı; 15.Aşiqi-Güş; 16.Niiriz-Davudi; 17.Üzzal.
Göründüyü kimi, Mirzə Fərəc tərəfindən tərtib olunmuş bu cədvəldə “Bayatı-Şiraz”ın əsasını
təşkil edən şöbələr öz əksini tapmışdır. Lakin R.Zöhrabov “Muğam” əsərində bu cədvəlin
dəstgah formasına uyğun olmadığı fikrinə gəlir. O yazır ki, bu tərkibdə “Şur”, “Rast”, “Nəva” və
başqa muğamlara keçidlər özünü göstərir və sonda “Bayatı-Şiraza ayaq” – muğamın yekunu,
mayəyə qayıdış verilmir. Dəstgah zil şöbə olan “Üzzal” ilə tamamlanır ki, bu da muğam dəstgah
quruluşu üçün səciyyəvi deyil.
Bakı Musiqi Texnikumunun Şərq şöbəsi üçün tərtib olunmuş proqramda (1925) “Bayatı-
İsfahan” muğamı verilmişdir. Onun tərkibi aşağıdakı kimidir: “Mayeyi-Bayatı-Şiraz”, “Bayatı-
İsfahan”, “Əbül-çəp”, “Azərbaycan”, “Bayatı-kürd”, “Hacı-Yuni”, “Dəşti”, “Qatar”, “Üzzal”,
“Bayatı-Şiraz”.
Mirzə Fərəcin cədvəlindəki və ilk muğam proqramındakı muğam tərkiblərinin müqayisə
olunması göstərir ki, “Bayatı-Şiraz” və “Bayatı-İsfahan” ən böyük və əhəmiyyətli şöbələrdir.
“Bayatı-İsfahan” adının “Bayatı-Şiraz”la əvəz olunması isə muğam sənətinin inkişafı ilə bağlıdır.
“Azərbaycan xalq musiqisinin əsasları” əsərində Ü.Hacıbəyli bayatı-şiraz məqamının
nəzəri əsaslarını üzə çıxarmış və bu ladda bəstələnən musiqinin quruluşunun aşağıdakı
şöbələrdən ibarət olduğunu göstərmişdir: “Mayeyi-Bayatı-Şiraz”, “Bayatı-İsfahan”, “Üzzal”,
zildə “Bayatı-Şiraz” və “Bayatı-İsfahan” və mayəyə qayıdış.
Bu məsələ ilə bağlı R.Zöhrabov qeyd edir ki, “Bayatı-Şiraz”ın ifa cəhətdən inkişafı
nəticəsində həmin dəstgah bəzi şöbə və guşələrdən azad olmuşdur. Belə ki, bəzi şöbə və guşələr
bayatı-şiraz məqamına uyğun gəlmədiyi üçün dəstgahın tərkib hissəsindən ixtisar edilmişdir.
Müasir dövrdə «Bayatı-Şiraz» muğam dəstgahının məcmusunu 8 şöbə və guşə təşkil edir.
Bunlar: “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz”, “Nişibi-fəraz”, “Bayatı-İsfahan”, “Zil Bayatı-Şiraz”,
“Xavəran”, “Hüzzal”, “Dilrüba”, “Bayatı-Şiraza ayaq” (kadensiya) şöbələridir. Bu muğam-
dəstgah “sol” bayatı-şiraz lad-tonallığında ifa olunur.
Emosional təsir qüvvəsinə və öz gözəl, axıcı melodikasına görə “Bayatı-Şiraz”a Şərq
aləmində “Ərusi musiqi”, yəni “musiqinin gəlini” deyirlər. Bu, lirik məzmunlu bir muğamdır.
Üzeyir Hacıbəyli “Bayatı-Şiraz”ı bədii-ruhi təsir cəhətdən qəmli əhval-ruhiyyə daşıyan
muğam kimi xarakterizə etmişdir. Tarzən Əhməd Bakıxanov “Bayatı-Şiraz”ın həzin bir
melodiyaya malik muğam olduğunu qeyd edir. Tarzən Kamil Əhmədov isə “Bayatı-Şiraz”
muğamına tam qəmginlik gətirən muğam kimi baxmırdı. O qeyd edirdi ki, bu muğamın indiki ifa
səviyyəsi, əlvan melodik quruluşu, xüsusilə “Bərdaşt” və “Mayəyi-Bayatı-Şiraz”ın əlvan
çalarlarla, təntənəli çalınması onun gərginlikdən, qüssədən uzaq olduğunu göstərir.
Həqiqətən də “Bayatı-Şiraz”ın emosional təsir qüvvəsi rəngarəng və genişdir. O,
dinləyicidə qəmginlik hissi yaratmaqla bərabər, onu düşündürür, xəyala daldırır.
“Bayatı-Şiraz” dəstgahının əsas şöbələri “Bərdaşt”, “Mayeyi-Bayatı-Şiraz” və “Nişibi-
Fəraz” melodiya-intonasiya cəhətdən bir-birilə bağlı və həmahəngdir. “Bayatı-Şiraz”ın
80
“Bərdaşt”ı bir qədər cəld templi, təntənəli əhval-ruhiyyədədir. “Mayeyi-Bayatı-Şiraz” şöbəsi isə
aramlı inkişafa və özünəməxsus ölçüyə malikdir.
Bildiyimiz kimi, bu dəstgah əsasında bir sıra bəstəkarlarımız əsərlər yazmışlar. Buna misal
olaraq, Fikrət Əmirovun “Gülüstan-Bayatı-Şiraz” simfonik muğamını, Süleyman Ələsgərovun
“Bayatı-Şiraz” simfonik muğamını, Nazim Əliverdibəyovun “Bayatı-Şiraz” xor muğamını
göstərə bilərik.
Yeganə Əsgərova
ADMİU- magistrant
RƏHİLƏ HƏSƏNOVANIN FORTEPİANO YARADICILIĞI
XX ƏSR AZƏRBAYCAN FORTEPİANO MUSİQİSİ KONTEKSTİNDƏ
Müasir
Azərbaycan musiqi sənətinin istedadlı bəstəkarı Rəhilə Teymur qızı Həsənovanın
Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzolunmaz və mühüm rolu var. Onun
yaradıcılığının özünəməxsusluğu, milli musiqi kökləri ilə sıx bağlılığı çox önəmlidir.
XX
əsr Azərbaycan musiqisi öz inkişafında bir neçə mərhələlərdən keçmişdir.
Azərbaycan fortepiano musiqisi milli musiqi sənətinin inkişafında çox vacib yerlərdən birini
tutur.
Bir çox ölkələrdə əhəmiyyətli yer tutan fortepiano alətinin geniş yayılması Azərbaycan
bəstəkarlarını bu alət üçün əsər yazmağa ruhlandırır. Milli instrumental musiqisinə bəlli olmayan
yeni tematika, yeni məzmun fortepiano sənətinin janr diapazonunu olduqca genişləndirir.
XX
əsrin əvvəllərindən müasir dövrə qədər fortepiano musiqisi Azərbaycan
bəstəkarlarının yaradıcılığına mükəmməl surətdə daxil olur. Üzeyir Hacibəyli və Asəf Zeynallı
ənənələrini davam etdirərərək, hər bir Azərbaycan bəstəkarları fortepiano musiqisinə
özünəməxsus, spesifik yaradıcılıq dəsti xəttini daxil edərək onu zənginləşdirmişlər.
Rəhilə Teymur qızı Həsənovanın fortepiano yaradıcılığı obraz, mündəricə, üslub
rəngarəngliyi ilə diqqəti cəlb edir. Rəhilə Həsənova bütün janr və formalara yeni məzmun,
kompozisiya və forma strukturlara yeni həll prinsiplərini gətirir, bununla da onları çox
zənginləşdirir və fərdiləşdirir. Mövcud janr, forma, kompozisiyalar özündə müəllifin üslub
xüsusiyyətlərini daşıyaraq, bəstəkarın yaradıcılığında yeni zahiri görünüşə malik olurlar.
Beləliklə, qeyd olunan bütün cəhətlər Rəhilə Həsənova fortepiano yaradıcılığının
Azərbaycanda XX əsr musiqi mədəniyyətində tutduğu mövqeyini əsaslandırır. Bəstəkarın müasir
Azərbaycan musiqisinə gətirdiyi yeni ideya və formalar, musiqisinin milli köklərimizlə qırılmaz
əlaqəsi fortepiano yaradıcılığının cəzbedici olmasına və sevilməsinə səbəb olmuşdur.
Rəna Abbasova
ADMİU- magistrant
XALQ KOMEDİYALARININ PSİXOLOJİ TƏBİƏTİ
Xalq komediyalarından danışarkən ilk növbədə qeyd etmək lazımdır ki, milli gülüş
mədəniyyətimizin şəcərəsi lap qədimlərə gedib çıxır. Müxtəlif məişət və mərasim şənlikləri, el-
obanın dilində gəzən gülməli hadisələr sonradan xalq komediyalarının psixoloji təbiətini təşkil
etməyə başlayır. Xalq komediyalarından danışarkən, “Kosa-kosa”, “Qaravəlli”, “Kəvsəc”,
“Hoqqa”, “Məzhəkə” və digər əyləncəli tədbirlər, şənliklər yada düşür. Bu bayramların kökü
milli ənənələrə əsaslanaraq hazırlanır, insanlara xoş-əhval ruhiyyə, şənlik bəxş edirdi.
Xalq komediyalarının psixoloji təbiətindən danışarkən biz istər milli ənənələr, istərsə də
ümumən Şərq gülüş mədəniyyətinin tarixinə, köklərinə gedib çıxır, nəyin hardan və necə
yarandığını izləyirik.
81
“Xalq komediyalarının psixoloji təbiəti adlı dissertasiya işindən çıxarış olaraq çapa verilən
tezisdə qeyd etmək istəyirik ki, biz xalq komediyalarından danışarkən, ilk növbədə gülüşün yaranma
tarixini araşdırıb, ümumi nəticələrimizi verib, bundan sonra hələ eramızdan əvvəl Qədim
Yunanıstanda yaranmış komediya sənətinə toxunmağa çalışdıq. Bildiyimiz kimi istər komediyalar,
istərsə də faciə janrı ilk dəfə Şərqdə yaranmışdır. Şərqdə geniş təşəkkül tapan və bütün dünyaya səs
salan komediya sənətinin başlıca məqsədi insanları güldürmək, şənləndirmək, onlara təbəssüm bəxş
etməkdir. Komediyalar bir neçə növə bölünərək inkişaf etmiş, formalaşmışdır.
Son illərdə də komediya janrına olan maraq əvvəlki illərlə eyni vəziyyətdədir. Cəmiyyət
hər zaman gülüşə, komediyaya, xalq tamaşalarına, meydan oyunlarına, “Kosa-kosa”, “Qara-
vəlli”, “Məzhəkə” və digər ənənələrə əsaslanan səhnəciklərə baxmağa davam edəcəkdir. Çünki
burada nə qədər böyük qəhqəhələrə səbəb olacaq gülüş olsa da, bunun dərin qatlarında insanları
düşündürən, təsirləndirən mənalı və dərin fikirlər mövcud olur ki, bu da həmin insanlara öz
səflərini göstərir.
Qələmə alınan dissertasiya işində komediya sənətinin bütün ünsürləri öz əksini taparaq, bu
janr əsasında hazırlanmış milli ənənələr əsasında formalaşmış tamaşalar, tədbirlər və səhnəciklər
öz əksini tapıb.
Xalq komediyalarının psixoloji təbiətindən danışarkən biz, ölkəmizlə yanaşı yaxın qardaş
ölkələrində də geniş şəkildə təbliğ edilərək sevilib, izlənilən “Qaragöz”, “Orta oyunu” və digər
tamaşalar haqqında da araşdırmalar apararaq, təhlil etmişik.
Xalq komediyalarından olan “Qaravəlli” tamaşalarının hazırlayan aktyorlar cəmiyyətdə baş
verən eybəcərlikləri, haqqsızlıqları öz oyunları ilə tamaşaçılara təqdim edirdilər. “Qaravəlli”
tamaşaları mahiyyətcə sinkretik xarakterli tamaşalar olmuşdur. Komediyanın bir qolunu təşkil edən
“Qaravəllilər” yaradıcılığın bütün sahələrini əhatə edib. “Qaravəlli” tamaşalarında musiqi, rəqs,
mahnı, söz, lirik parçalar, kinayəli gülüş, tənqid mübaliğə yolu ilə ələ salmaq kimi xüsusiyyətlərlə
bərabər şərtilik, lakoniklik və nikbinlik üzvi şəkildə birləşmişdir. (M.Allahverdiyev. Azərbaycan xalq
teatr tarixi: ali məktəblər üçün dərs vəsaiti. B., Maarif 1978, səh 189).
Türk dövlətlərinin qeyd etdiyi “Qaragöz” oyunu isə xalq zəkasının bir ifadə vasitəsidir.
Türk xalqında hadisələrdən komediya yaratma gücü, eyni zamanda dram yaratma
qabiliyyətindən çox üstündür. Burada eyni tipləri, özünəməxsus sözləri, xəyalı və dayanışlarıyla
öz bəyaz pərdəsində ölümsüz xarakterlər halında canlandırmaq böyük hünər tələb edirdi.
Ədəbiyyat:
1. Allahverdiyev M.Q. Azərbaycan xalq teatr tarixi: ali məktəblər üçün dərs vəsaiti. B., Maarif,
1978, səh. 193;
2. M.Allahverdiyev. Azərbaycan xalq teatr tarixi: ali məktəblər üçün dərs vəsaiti. B., Maarif,
1978, səh.. 48;
3. M.Allahverdiyev. Azərbaycan xalq teatr tarixi: ali məktəblər üçün dərs vəsaiti. B., Maarif,
1978, səh. 189;
4. Səlim Nüzhət Gerçək. Türk tamaşası. Istanbul, 1942;
5. Şükrü Elçin. Xalq ədəbiyyatına giriş. Ankara, 1986;
Nərmin Əliyeva
ADMİU- magistrant
AZƏRBAYCANDA KOMPÜTER QRAFİKASININ İNKİŞAFI
Satirik qrafikanın yaranması və inkişafı “Molla Nəsrəddin” jurnalının fəaliyyəti ilə
bağlıdır. Azərbaycan Sovet qrafikasının inkişafında xalq rəssamı, mahir karikatura ustası Əzim
Əzimzadənin(1880-1943) müstəsna rolu olub. O, qrafikanın müxtəlif janrlarında çalışaraq
rəngarəng rəsm silsilələri, plakat, karikatura, səhnə tərtibatı, geyim eskizləri və s. yaradıb.
82
Ə.Əzimzadənin kitab qrafikası sahəsində yaratdığı ən kamil əsər M.Ə.Sabirin
“Hophopnamə”sinə çəkdiyi illüstrasiyalardır.
30-cu illərdə qrafika sahəsində Qəzənfər Xalıqov, İsmayıl Axundov, Kazım Kazımzadə,
Ə.Məmmədov və b. rəssamlar da fəaliyyət göstəriblər. Azərbaycan və xarici ölkə yazıçılarının
kitablarına illüstrasiyalar çəkərək müxtəlif aktual mövzularda siyasi plakatlar yaradıblar.
Kompüter qrafikası proqramlarına rastr və vektor qrafikaları, fraktal grafika, üçölçülü
obyektləri yaratmaq və redaktə etmək üçün istifadə edilən proqramlar (məsələn, 3 ds MAX
proqramı), avtomatlaşdırılmış layihələndirmə sistemləri daxildir.Avtomatlaşdırılmış sistemlər çox
maraqlidır, lakin nəzərə almaq lazımdır ki, onlardan peşəkar istifadə yaxşı hazırlıq tələb edir.
Məsələn, avtomatlaşdırılmış layihələndirmə sistemi olan AutoCAD proqramından peşəkar
memarlar binaların layihələndirilməsi və şəhərlərin planlaşdırılması üçün istifadə edirlər. Golden
Software firmasının Grapher elmi qrafika proqramı cədvəl və ya analitik formada verilən bir
dəyişənlə şərh edilən məlumatların işlənməsi üçün nəzərdə tutulmuşdur.Kompüter qrafikası
fənninin əsas məqsədi təsvirlərin yaradılması və saxlanması prinsipləri barədə ətraflı məlumat ver-
məklə yanaşı daha populyar qrafik redaktorların əsas imkanlarını araşdırmaqdan ibarətdir.Fənnin
tədrisi prosesində tələbələrə aşılanan biliklər gələcək mütəxəssislərin kompüter qrafikası sahəsində
daha da püxtələşməsi və ustalığının təkmilləşməsi üçün əsas (fundament) olacaqdır.
"Kompüter qrafikası" kursu informatika fənninin baza kursunun öyrənilməsi prosesində
formalaşan bilik və vərdişlərə əsaslanır.
Kompüter qrafikasında istifadə edilən fraktal qrafika riyazi hesablamaya əsaslanır.
Fraktal qrafikanın əsas elementi riyazi formuldur.
Burada fərdi kompüterin yaddaşında rastr və vektor qrafikasında olduğu kimi obyekt deyil,
obyekti təzahür edən tənliklər saxlanılır.
Riyazi
formullara
əsaslanaraq
mürəkkəb
illüstrasiyalardan tutmuş üçölçülü obyektlərə kimi müxtəlif təsvirlər əldə etmək mümkündür.
Dostları ilə paylaş: |