43
Bütün təhriflərinə baxmayaraq aşıq sənətinin xalq arasında geniş şəkildə yayılmasında, onun qorunub
saxlanmasında və sonrakı nəsillərə ötürülməsində ifaçı aşıqların əməyi böyük olmuşdur. Onların aşıq sənətinin
kütləviliyini, özünə məxsus ənənələrini qoruyub saxlamaq sahəsindəki rolu da əvəzsizdir.
Aşıqların
üçüncü qrupuna el şairləri daxil edilir. Təəssüf ki, bu gün folklorşünaslıqda bəzən el şairinin
statusu təhrif olunur. Hələ qədimdən el şairi yazı-pozu bilməyən, heç bir təhsil almayan, öz fitri istedadın gücü
ilə söz qoşan sənətkarlar hesab edilirdi. Onlar el şairlərinin
birinci tipi idi. Belə sənətkarlar saz çalmağa, məclis
aparmağa da meyil göstərməzdilər. Lakin qoşub düzdükləri şerlər xalqın dilindən düşməzdi. Bu tipli sənətkarlar
xalq arasında dünən də olmuşdur, bu gün də vardır. Göyçə aşıq məktəbi el şairi - söz qoşub düzən sənətkarların
vətəni kimi tarixən çox səciyyəvidir. On illərlə bundan qabaq aşıq şeiri şəkillərində yazıb yaradan el şairləri bu
gün eyni adla öz peşəsini davam etdirməkdədirlər.
Sonrakı mərhələlərdə el şairi anlayışının məzmun çevrəsi bir qədər genişləndi. Xüsusilə Şirvan aşıq
şeirində müxtəlif üslublarda yazıb-yaradan, kamil mədrəsə təhsili almış sənətkarlar da el şairi kimi təqdim
edildi. Ümumiyyətlə, aşıq tarixən ictimai-siyasi həyatda baş verən dəyişikliklərdən kənarda qalmamışdır.
Əksinə, həmin dəyişikliklərdə fəal iştirak etmişdir. Orta əsrlərdən üzü bəri gəldikcə aşığın yazı-pozu bilib-
bilməməsinin aşıqlıq şərti kimi qəbul edilməsi əslində aradan qalxmağa başlayır. XIX əsrin ikinci yarısından
dövrünün qabaqcıl adamları olan aşıqlar yazı-pozuya meyl göstərməyə, zaman keçdikcə daha mükəmməl təhsil
almağa meyilli olmuşlar. O dövrlərin mükəmməl təhsili isə əsasən mədrəsə təhsili olub yazı-pozu öyrənməkdən,
sonralar isə müstəqil şəkildə dünyəvi və islami dəyərlərə, biliklərə yiyələnmək ənənəsi ilə bağlı olmuşdur.
Məsələn, Qurbani, Aşıq Valeh, Molla Cümə və başqaları belə bir sənət yolu keçmişlər. Aşıq Ələsgərin də yazı-
pozu bilib-bilməməsi məsələsində vahid fikir yoxdur. Aşığın yaradıcılığı onun da mükəmməl mədrəsə təhsili
aldığını göstərməkdədir.
Sonrakı zamanlarda da bu ənənələr davam etdirilmişdir. O taylı-bu taylı Azərbaycanın XX əsrin ikinci
yarısından sonrakı aşıq sənəti nümayəndələrinin böyük bir qismi əsasən müəyyən təhsil görmüş adamlar
olmuşdur. Bu günün özündə də həmin ənənə artan sürətlə davam etməkdədir. Demək, yazı mədəniyyətinə
yiyələnib-yiyələnməmək aşıq statusuna elə bir xələl gətirə biləcək, yaxud onun hansısa bir ölçüsünə zərər
vuracaq hal hesab edilə bilməz. Əksinə, bu, aşıq yaradıcılığının məzmun dolğunluğuna təsir göstərən bir amil
kimi dəyərləndirilməkdədir. Aşığın cəmiyyətdəki aparıcı mövqeyi əslində bu sənətkarların yazılı mədəniyyətə
meylli olduğunu göstərir. Məhz bu baxımdan el şairlərinin
ikinci tipini yazı-pozu ilə məşğul sənətkarlar təşkil
edir.
Həm yazı-pozu bilməyən, həm də müəyyən təhsil görən şəxslər aşıq poeziyasını məzmun etibarı ilə
olduğu kimi, forma və şəkil baxımından da zənginləşdirmişlər. Onların adı ilə bağlı çoxlu şer nümunəsi yaranıb
peşəkar ifaçılığa verilmişdir.
El şairi statusunun bəzi hallarda başqa şəkildə yozulub təhrif edilməsinə də təsadüf edilir. Bəzi
tədqiqatlarda xalq şeri üslubunda tək-tək şerlər yazan, aşıq poeziyası ilə bir o qədər də əlaqəsi ol-mayan
maarifçi ziyalı qadınlar da el şairi, qadın aşıq kimi təqdim edilir. Bu cəhət Şirvan aşıq məktəbinin adı ilə bağlı
tədqiqatlarda özünü daha çox göstərir. Şirvan şairlərinin böyük bir qismi XIII əsrdən başlayaraq XVIII əsrə
qədər klassik poetik üslubla yanaşı, tək-tək hallarda xalq şeri şəkillərində də müəyyən nümunələr yaratmışlar.
XVIII əsrdə Molla Pənah Vaqifin yaradıcılığının, eləcə də sonralar Qarabağ ədəbi mühitinin təsiri ilə bu ənənə
Şirvanda genişlənmişdir. Xalq şerinə müraciət poeziyaya, sənətə meyl edən bir sıra qadın sənətkarların
yaradıcılığında da özünü göstərməyə başlamışdır. Təəssüf ki, bu gün həmin sənətkarlar, eləcə də xalq şeri
üslubunda tək-tək şerləri olan, klassik üslubda yazıb yaradan Şirvan şairləri də el şairi sırasına daxil edilir.
Ana dilli şerimizin zənginləşməsində bu gün adı bizə məlum olan və ya olmayan Şirvan şairləri Şirvanda
klassik və xalq şeri üslubunda yaranan poeziyanın daşıyıcılarıdır. Onların hər birinin özünəməxsus yaradıcılıq
yolu və ənənəsi vardır. Odur ki, bu sənətkarların bir çoxunu, - lap elə Abdulla Padarlını, Mücrim Kərimi,
Kəbinəni və onlarla başqalarını aşıq və ya el şairi hesab etmək doğru olmazdı. Klassik poeziyadakı yeri və rolu
müəyyənləşdirilməklə yalnız şərti olaraq onları həm də xalq şeri üslubunda yazan sənətkarlar hesab etmək
mümkündür. Çünki həmin qrupa daxil olanlar özləri də iki yerə ayrılır.
Birincisi, klassik üslubda yazıb-yaradan,
dövrün ab-havasına uyğun olaraq xalq şerinə müraciət edənlərdir. Onların bir çoxu klassik vəzndə yazılmış
şöhrətli əsərlərin müəllifləridir. Yaradıcılıqlarının müəyyən mərhələsində ayrı-ayrı səbəblərlə bağlı, xüsusilə
M.P.Vaqif şeirinin təsiri altında xalq şeirinə müraciət etmiş və bu sahədə də qələmlərini sınamışlar.
Dostları ilə paylaş: