İkinci xüsusiyyət ifaçı fərd və ya fərdlərin struktur tərkibi ilə bağlıdır. Elə aşıq məktəbi vardır ki, o,
aşığın tək, eləsi də vardır ki, kollektiv - bir neçəsinin ifasını məqbul hesab edir. Eləsi də vardır ki, yalnız aşığın
saz havalarının ifa məharətinin nümayiş etdirilməsinə üstünlük verir. Məsələn, Aşıq Ədalətin, Aşıq Zakir
Bayramovun və b. peşəkar ifaçılıq repertuarını formalaşdırır. Belə repertuarlarda tək bir aşıq saz çalma
məharətini nümayiş etdirir (Aşıq Ədalət), yaxud tək bir aşıq özü saz çalıb oxuyur və s. Bütün bunlar isə ayrı-
ayrı aşıq məktəblərinin repertuar rəngarəngliyi idi. Onların hər birinin öz gözəlliyi olduğu kimi, aşıq
məktəblərində də hər birinin özlərinə məxsus yeri vardır.
Repertuar fərqinin başqa bir cəhəti isə onun quruluşu ilə əlaqədar idi. Müxtəlif aşıq məktəblərində ifa
repertuarının quruluşu bir-birindən fərqlidir. Şirvan aşıq məktəbində bu daha qabarıq nəzərə çarpır. Burada
aşıqdan qabaq xanəndə oxuyur, ondan sonra isə aşıq meydana çıxır, bir xeyli saz havalarından çalıb məclisi
əyləndirir, öz ifa məharətini göstərir, sonra isə dastan söyləməsinə keçir. Daha əzəllərdə isə Şirvan aşıqları
müxtəlif nağıllarla sözə başlar, aşıq repertuarında nağılların dastanlaşma prosesi davam edərdi. Başqa bir aşıq
məktəbi daha şöhrətli məhəbbət dastanlarının, Təbriz məktəbində isə «Koroğlu»nu söyləməyə üstünlük
verilərdi. Bütün bunlar isə aşıq repertuarlarının özünəməxsus ənənələrinin və təravətinin qorunub saxlanmasına
böyük kömək edərdi.
Müxtəlif aşıq məktəblərində tarixən bir-birindən fərqli və oxşar ənənələr fəaliyyətdə olmuşdur. Onların
hər birinin özünəməxsusluğu var, heç biri digərini inkar etmir, əksinə, bir-birini tamamlayır və ümumilikdə aşıq
sənətinə füsunkar bir gözəllik verir.
Ən yeni dövr folklor yaradıcılığı mərhələsində ağız ədəbiyyatının bütün üslubları, janrları və sahələri
kimi, aşıq poeziyasında güclü özünəqayıdış prosesi başlamışdır. Bu isə onun yazılı ədəbiyyatın içərisində
getdikcə əriyib yox olacağı, milli yaddaşdan silinəcəyi barədəki illüziyaları təkzib edir. Ola bilsin iyirmi birinci
yüzillikdə dünya miqyasında baş verən qloballaşma və inteqrasiya qovşağında milli dəyərlərimizi aşıq
yaradıcılığı başqa institutlardan daha üstün sürətlə mühafizə edib qoruyacaqdır. Ona görə də aşıq yaradıcılığını
milli-mənəvi dəyərlər, xüsusilə azərbaycançılıq ənənələri ilə güclü bağlılıq çevrəsində ayrı-ayrı məktəblər, etik-
estetik, mədəni-kulturoloji və etnopsixoloji dəyərləri əks etdirmək baxımından öyrənib dünya miqyasında
tanıtmaq bu gün son dərəcə vacib və zəruridir.