Şəhərsalma. Azərbaycanda şəhərsalma sənəti qədim dövrlərdən bəllidir. Herodot, Strabon və başqa
antik müəlliflərin əsərlərində Azərbaycanın inkişaf etmiş zəngin şəhərləri haqqında məlumat verilir. Lakin qədim
şəhərlərin arxeoloji cəhətdən zəif öyrənilməsi onların memarlıq-plan quruluşunu təsvir etməyə, əsas şəhərsalma
ünsürləri, abadlaşdırma işləri və inkişaf sürəti barəsində mühakimə yürütməyə imkan vermir.
Ərəb işğalı dövründə və sonralar Azərbaycan şəhərlərinin özünəməxsus xüsusiyyətləri, onları
birləşdirən ticarət yolları, şəhərlərdə istehsal olunan məmulatlar, ayrı-ayrı hallarda isə tikililərin xarakteri
haqqında ərəb coğrafiyaşünasları məlumat vermişlər. Karvan yolları üstündə yerləşən Bərdə, Dərbənd, Ərdəbil,
Marağa, Urmiya, Təbriz, Şamaxı, Şəmkur (Şəmkir), Şabran, Beyləqan,
Gəncə və Naxçıvan kimi şəhərlər VII-XI əsrlərdə sənətkarlıq və ticarətin
inkişafında əhəmiyyətli yer tuturdu. Vaxtilə Bərdə, Marağa, Ərdəbil,
Naxçıvan, Gəncə, Təbriz, Şamaxı və sairə şəhərlərdə zərb olunmuş
sikkələrin Hindistan, Misir, İsveç, Finlandiya və İngiltərədə tapılması orta
əsrlərdə Azərbaycanın bu ölkələrlə geniş ticarət əlaqələri olduğunu
göstərir.
Azərbaycan şəhərləri erkən feodalizm dövrünün Şərq şəhərləri
üçün ümumi olan təşəkkül və inkişaf prosesi keçmişdir. Bu dövrdə
şəhərlər 3 əsas hissədən ibarət idi: içqala; şəhərin əsas hissəsi olan
şəhristan, yaxud içərişəhər; Şərq ölkələrində "rabad" adlanan bayırşəhər.
Təbii təpəlik üzərində tikilən və möhtəşəm divarlarla əhatələnən feodal qəsrinin – içqalanın ətrafında ikinci qala
divarları ilə dövrələnmiş şəhristan yerləşirdi. Şəhristanda yaşayış məhəllələri, iri ictimai binalar və dini tikililər,
örtülü bazarlar və sairə tikilirdi. Bayırşəhərdə (rabadda) sənətkar emalatxanaları, dükanlar, ümumiyyətlə şəhərin
işgüzar həyatı cəmləşirdi.
Bəzi şəhərlərin ayrı-ayrı feodal sülalələrinin iqamətgahına çevrilməsi ilə bağlı, burada tikinti işləri
genişlənirdi. XII əsrin ortalarında belə şəhərlərdən bəziləri böyük sənətkarlıq və istehsal mərkəzinə çevrilmişdi.
XII əsr-XIII əsrin əvvəllərində Təbriz, Gəncə, Naxçıvan, Marağa, Şamaxı şəhərləri inkişaf etmiş, qalınlığı bəzən
bir neçə metrə çatan möhtəşəm qala divarları ilə əhatə olunmuşdu. Şəhərlər qədim dövrlərdən yaranıb
formalaşmış bədii-memarlıq və texniki-inşaat ənənələri əsasında inkişaf edirdi. Monqol-tatar hücumlarından və
Elxanilər dövləti ilə Qızıl Orda arasında uzun sürən müharibələrdən sonra Azərbaycanın cənub vilayətlərindəki
bir çox şəhərlər (ilk növbədə Təbriz və Marağa) yenidən inkişaf etməyə başladı. XIV əsrdə Hindistandan Qərbə,
Aralıq dənizi ölkələrinə gedən ticarət karvanlarının başlıca dayanacaq məntəqələrindən biri Təbriz olmuşdur.
XV əsrdə Azərbaycan şəhərlərinin formalaşması və inkişafının özünəməxsus plan quruluşu və memarlıq
görkəmi var idi. Şəhərlərin plan quruluşunda qala divarları önəmli yer tuturdu. Azərbaycan şəhərləri, adətən,
məhəllələrə bölünür, bəzi şəhərlərdə (Təbriz və sairə) məhəllələr darvazalarla bir-birindən ayrılırdı.
Məhəllələrdə yaşayış evləri ilə yanaşı məscid, su qurğuları, hamam və sairə tikilirdi. Küçələrin çoxu ərazinin
eniş-yoxuşluğuna uyğunlaşdırılaraq, dolanbac biçimdə şəbəkə əmələ gətirirdi. Yalnız baş küçə və meydanlar
şəhərin plan quruluşuna mütənasiblik verirdi.
XVI əsrdə ənənəvi planlaşdırma əsasında inkişaf edən şəhərsalma sənəti meydan ansambllarının
salınmasında və dini komplekslərin tikintisində əksini tapmışdır. XVI-XVII əsrlərdə Təbrizin baş meydanı olan
Sahibabad meydanı, Ərdəbildəki Şeyx Səfiəddin kompleksi tam formalaşmışdı. Səfəvilər dövləti paytaxtının
Təbrizdən Qəzvinə köçürülməsi ilə bağlı yeni şəhərsalma tədbirləri görülmüş, saray kompleksləri, ictimai və
ticarət meydanları salınmışdı. Şəhərlərin plan quruluşunda önəmli yer tutan belə tikililər Azərbaycanın Gəncə,
Şamaxı, Bakı və digər şəhərlərində aparılan şəhərsalma tədbirlərində geniş tətbiq edilmişdir.
XVII əsrdə Azərbaycan şəhərləri arasında iqtisadi əlaqələrin güclənməsi, başqa ölkələrlə ticarətin
genişlənməsi şəraitində şəhərlərin önəmli dərəcədə böyüməsi prosesi başlandı. Azərbaycan şəhərləri həm
ticarət, həm də sənətkarlıq mərkəzləri idilər. Buna görə də XVII əsrdə şəhərsalmanın inkişafı müvafiq iqtisadi
şəraitlə bağlı olmuşdur. Bu dövrdə iri dini tikililər, ticarət kompleksləri, karvansaralar, örtülü bazarlar və sairə
inşa edilir, müəyyən hallarda dini tikililərlə ticarət binaları vahid kompleks əmələ gətirirdi. Şəhərlərin mərkəzi
meydanı cümə məscidi ətrafında formalaşırdı. Belə komplekslər baş meydanın ansamblını təşkil edirdi. Bu
ansamblların ən məşhuru Gəncənin baş meydanıdır.
Feodalizm dövrü Azərbaycan şəhərlərində və yaşayış məskənlərində əhalinin peşə, sənətkarlıq, tayfalar və
sairə üzrə qruplara ayrılması şəhərin ayrı-ayrı yerlərində müxtəlif qrupların yaşadığı məhəllələrin yaranmasına səbəb
olurdu. Şəhərin müxtəlif hissələrini bir-birindən fərqləndirmək üçün müəyyən məhəlləyə orada yaşayan əhalinin
məşğul olduğu peşənin adı əlavə edilirdi (məsələn, "Zərgərlər məhəlləsi", "Bağbanlar məhəlləsi" və sairə). Bu
da öz növbəsində yaşayış məskəninin ortaq plan quruluşuna, ayrı-ayrı məhəllələrdə ictimai və məişət binalarının
61
tikintisinə əhəmiyyətli təsir göstərirdi. Hər məhəllənin ayrıca məscidi, hamamı, məktəbi və sairə tikililəri
olurdu.
Orta əsrlərdə Azərbaycan şəhərlərinin plan quruluşunda müdafiə tikililəri böyük rol oynayırdı. Şəhər
ərazisinin qala divarları ilə əhatələnməsi məhdud xarakter daşıdığından binaların tikintisində sıxlıq yaranır və
bu, şəhərin plan quruluşuna təsir göstərirdi. XVII əsrdə Azərbaycan şəhərləri müəyyən mühəndis qurğularına
malik idi. Şəhərlərin su təchizatına xüsusi diqqət yetirilirdi. Su təchizatı kəhriz sistemi (Bakı, Gəncə, Təbriz,
Ərdəbil, Ordubad və sairə), yaxud açıq kanallarla (arxlarla) təmin edilirdi. Təbriz, Ərdəbil və Ordubad
şəhərlərinin kəhrizləri daha mürəkkəb və çoxşaxəli idi. Çirkab suların axıdılması üçün saxsı borulardan
kürəbəndlər qurulurdu. Əhalini yay aylarında buzla təchiz edən buzxana və qarxanalar tikilirdi.
XIX əsrin ortalarında Azərbaycan şəhərlərinin memarlıq-planlaşdırma quruluşunda mühüm
dəyişikliklər əmələ gəldi, quberniya mərkəzlərinin baş planları tərtib edildi (Şamaxı, 1858-ci il; Gəncə, 1873-cü
il). 1810-cu ildən başlayaraq, Bakının İçərişəhər hissəsindən kənarda Bayırşəhər salındı. Şəhərin hərbi
mühəndislər tərəfindən tərtib edilmiş ilk planları XIX əsrin 70-ci illərindən yeni baş planlarla əvəz olundu. XIX
əsrin sonu-XX əsrin əvvəllərində Bakının genişlənməsi və müntəzəm plan əsasında tikilməsinə baxmayaraq,
şəhər kapitalizm dövrünün şəhərsalma təzadlarını qabarıq şəkildə əks etdirirdi. Bu dövrdə quberniya
mərkəzlərində mühəndis və memar, şəhərlərdə isə memar vəzifəsi təsis olundu.
Mütəşəkkil xarakter daşıyan şəhər tikintisinin planlaşdırılmasında ərazinin tarixi topoqrafıyasına,
tikilinin xüsusiyyətinə, su kəməri sisteminə böyük əhəmiyyət verilir, şəhərlərin özünəməxsus fərdi
xüsusiyyətləri qorunub saxlanırdı. Kapitalizmin inkişafı dövründə tarixi ənənələri saxlamaq baxımından bu,
mühüm əhəmiyyətə malik idi. Məhz bu dövrdə Zaqatala, Qusar, Göyçay, Ağdaş, Ağdam kimi kiçik yaşayış
məntəqələri baş plana əsasən şəhərlərə çevrildi. Gəncə, Şamaxı, Şuşa, Şəki, Quba, Lənkəran, Naxçıvan və sairə
şəhərlər daha da inkişaf etdi, Bakı isə çar Rusiyasının ən böyük sənaye mərkəzlərindən biri oldu. Azərbaycan
şəhərlərinin planlaşdırılmasında və tikintisində İ.V.Qoslavski, K.B.Skureviç, İ.K. Ploşko, N.A. fon der Nonne
və başqa əcnəbi memarlarla yanaşı, Kərbəlayı Əli Rəcəb oğlu, Qasım bəy Hacıbababəyov, Məşədi Mirzə Qafar
İsmayılov, Zivər bəy Əhmədbəyov, Məmmədhəsən Hacınski, Hacı bəy Axundov kimi Azərbaycan memarları
da fəal iştirak edirdilər.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra şəhərsalma işləri yeni əsaslar üzrə aparıldı. Qədim
şəhərlərin yenidən qurulması, yeni sənaye mərkəzlərinin yaradılması, rayonların planlaşdırılması məsələləri ön
plana çəkildi. Bu dövrdə Bakı, Gəncə, Naxçıvan və başqa iri şəhərlər yenidən quruldu, Şəki, Yevlax, Şamaxı,
Zaqatala və sairə şəhərlərin əvvəlki siması dəyişdi, Sumqayıt, Daşkəsən, Əli Bayramlı kimi yeni sənaye
mərkəzləri yaradıldı. Azərbaycanın qədim şəhərlərindən olan Naxçıvan şəhəri böyüyərək Naxçıvan MR-in
paytaxtına çevrildi. Birmərtəbəli gilmöhrə evlərin yerində iri binalar tikildi, yaşayış və ictimai binalardan ibarət
geniş meydanlar salındı. Dağlıq Qarabağın mərkəzi Xankəndi şəhərində ictimai binalar, pedaqoji institut, kənd
təsərrüfatı texnikumu, tibb və musiqi məktəbləri, muzeylər, kitabxanalar tikildi, mərkəzində meydan - bağ
ansamblı salındı. Şəki şəhərində ipək kombinatı, fabriklər, SES, məktəblər, mədəniyyət evləri, uşaq
müəssisələri, yeni yaşayış binaları tikildi. Azərbaycanın kənd
rayonlarında da geniş miqyasda inşaat işləri aparılır, məktəblər,
mədəni-məişət binaları tikilir.
Daşkəsən şəhəri filiz mədənlərinin yaxınlığında,
yüksək dağlıq yerdə salınmışdır. Ərazinin relyefi şəhərin plan
quruluşunu müəyyənləşdirmişdir (memar S.Vahidov). Şəhərin
inzibati binalardan ibarət mərkəzi ərazinin ən hündür hissəsində
yerləşir. Buradan enişə doğru ayrılan maili küçələr terras
sistemi əmələ gətirir. Mingəçevir şəhərinin plan quruluşu
düzbucaqlı küçələr şəbəkəsi, ictimai mərkəz, yaşayış və sənaye
sahələri ilə səciyyələnir.
Bakı yaxınlığında salınmış Sumqayıtın da memarlıq
simasında sənaye qurğuları əhəmiyyətli yer tutur.
Azərbaycanda kurort tikintisi sahəsində mühüm tədbirlər həyata keçirilir. Naftalan, Abşeron və
sairə kimi müalicə mərkəzlərində sanatoriyalar, istirahət evləri, mehmanxanalar tikilmiş, bu yerlər
beynəlxalq müalicə ocaqlarına çevrilmişdir. Xəzərin sahilində iri kurort kompleksinin tikinti layihəsi
hazırlanır.
Azərbaycanın öz dövlət müstəqilliyini bərpa etməsi (1991) memarlıq və şəhərsalma sahəsinə də əsaslı təsir
göstərdi. Ötən əsrin 60-80-ci illərində Bakı, Gəncə, Sumqayıt və digər iri şəhərlər üçün səciyyəvi olan vahid, bəsit,
yeknəsəq tipli, iri bloklu, lazımi daxili rahatlığı olmayan binaların layihələrindən imtina edildi. 90-cı illərin
ortalarında Bakıda "İstanbul evləri" adlandırılan yaşayış binalarının tikintisinə üstünlük verilsə də, sonralar yerli
memarların hazırladığı, şəhərin iqlim şəraitinə, relyefinə uyğun olan layihələrdən daha geniş istifadə olunmağa
başlandı. Yeni tikililərdə müasir Qərb üslubu ilə yanaşı, klassik Şərq memarlığına xas olan elementlərdən də
62
faydalanma (bəzən də onların birləşdirilməsi) nəticəsində şəhərin görkəmində müəyyən dəyişikliklər baş verdi.
Dəmir-beton karkasın, kərpic və şüşənin, yerli üzlük daşların geniş tətbiqi son dövrün çoxmərtəbəli binaları
üçün səciyyəvidir. Sənaye üsulu ilə hazırlanan üzlük materiallardan da geniş istifadə olunur. Son illərdə Bakıda
çoxmərtəbəli (18-22) binaların tikintisinə üstünlük verilir.
Ölkədə inşa edilən fərdi yaşayış binalarının memarlıq həllində müsbət dəyişiklik baş vermişdir. Bir çox
tikililərdə XIX əsrin sonu - XX əsrin əvvəlləri üçün səciyyəvi olan memarlıq ənənələrinin davam etdirilməsi
nəzərə çarpır.
Azərbaycanda dini azadlığın təmin olunması bir çox yeni məscidlərin, kilsə və sinaqoqların, türbələrin
və sairə tikintisinə, köhnələrin bərpa və təmirinə imkan yaratmışdır. Yeni məscid binaları üçün orta əsrlərin
memarlıq ənənələri səciyyəvidir (məsələn, Bakıda Bibiheybət məscidi). Konservatizm, habelə sadəlik bu cür
tikililərə daha çox xasdır.
Dostları ilə paylaş: |