Ədəbiyyat: Azad Nəbiyev. Azərbaycan xalq ədəbiyyatı. II hissə (orta əsr və yeni dövr folklor
yaradıcılığı). Bakı, “El m”, 2006, səh. 28-42.
Məmmədov Tariyel. Azərbaycan aşıq yaradıcılığı. Bakı, 2011, səh 54-58.
49
Memarlıq
Azərbaycan ərazisi memarlıq abidələri ilə zəngindir. Qədim insanların bədii yaradıcılığı Neolit və
Eneolit dövrlərinə aid abidələrdən məlumdur. Təbii-coğrafi və iqlim şəraitinin müxtəlifliyi lap qədim dövrlərdən
Azərbaycan sənətkarlarını müəyyən tikinti-memarlıq problemlərinin həllinə sövq edirdi. Müxtəlif memarlıq
tikililərinin yaranması və yayılmasında Azərbaycanın tarixən inkişaf etmiş vilayətlərinin önəmli rolu olmuşdur.
Qobustanda ən qədim yaşayış yerləri (mağaralar, müxtəlif primitiv sığınacaqlar və sairə) ilə yanaşı, meqalitik
memarlıq abidələri - kromlexlər, menhirlər (çoban daşı), dolmenlər və siklop tikililəri də aşkar edilmişdir.
Azərbaycanın müxtəlif yerlərində tez-tez təsadüf edilən siklop tikililər xüsusilə maraq doğurur. Hündür
daşlardan quraşdırılmış qurğular el arasında "qalaça", yaxud "hörükdaş" adlanır. Naxçıvan şəhəri yaxınlığındakı
Çalxanqala (Tunc dövrü) və Arpaçay sahilində Qaratəpə dağındakı Oğlanqala (e.ə. II-I minilliklər) müdafiə tikililəri
siklop tikililərə aid edilir. Cənubi Azərbaycan ərazisində, Araz yaxınlığında da bu tipli qala tikililəri (Bastam,
Danalı, Qalaoğlu və sairə) aşkar edilmişdir. Başlanğıcını mağara yaşayış məskənlərindən (Azərbaycanda onun
ən tipik nümunəsi Azıx mağarasıdır) alan qazma damların təkmilləşməsi nəticəsində sonralar ağacdan pilləvarı
örtüklü ev tipi geniş yayılmışdı.
Azərbaycanın qədim ev tiplərindən olan qaradamların səciyyəvi xüsusiyyəti onların örtük konstruksiyasında
idi. İçərisində ocaq yandırıldığından divarlarını his basmış (adı da buradandır) qaradamlarda tüstü çıxması və işıq
düşməsi üçün baca qoyulurdu.
Azərbaycan ərazisində Manna dövlətinin təşəkkülü (e.ə. IX-VII əsrlər), daha sonralar Cənubda
Atropatena dövlətinin yaranması ilə şəhərlər salınmış, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilmişdi.
Həsənli (Həsənlu) abidələr kompleksi, eləcə də Urmiya gölü sahilindəki qayalarda çapılmış sərdabaların tədqiqi
göstərir ki, Azərbaycanda eyvanlı ev tipi VII əsrdən təşəkkül tapmışdır. Həmin dövrün digər memarlıq
qurğularından yeganə dini tikili olan od mehrabları (müqəddəs odun saxlandığı yer) zəmanəmizədək gəlib
çatmışdır. Bu dövrdə yaranmış tikililər Azərbaycan memarlığının sonrakı inkişafına, eləcə də Əhəmənilər
dövlətinin və Ön Asiyanın digər ölkələrinin memarlığına əhəmiyyətli təsir göstərmişdir. Atəşpərəstliyin
yayılması ilə bağlı yaranan ibadətgahlar (atəşgədələr) islamdan öncə tikilmiş əsas dini binalar olmuşdur. Cənubi
Azərbaycanda, qədim Şiz şəhərinin ərazisindəki Təxti-Süleyman adlanan qalada yerləşən Sasanilər dövrünə aid
Azərgəşəsb atəşgədəsi bu cür tikililər üçün səciyyəvi olan elementləri özündə birləşdirmişdi. Qafqaz
Albaniyasında (e.ə. IV əsr - eramızın VII əsri) şəhərsalma xeyli inkişaf etmişdi. Qəbələ şəhərinin möhkəm qala
divarları, saxsı borulardan çəkilmiş su kəməri, Dəmirqapı (Dərbənd) keçidində daşdan tikilmiş müdafiə sistemi
("uzun divarlar"), Çıraqqala (VI əsr), Ləkit kəndindəki dairəvi xristian məbədi (V-VI əsrlər), Qum kəndindəki
bazilika (təqr. VI əsr), Mingəçevirdəki məbədlər kompleksi (VII əsr) və sairə şəhərsalma mədəniyyətinin
yüksək səviyyəsini göstərir. Sasanilər dövrü memarlıq abidələrindən müdafiə tikililəri xüsusilə diqqəti cəlb edir.
Bakıdakı Qız qalası və ətrafındakı inşaat
kompleksi, Xəzər dənizinin sahilindən
başlayaraq, Babadağın ətəyində qurtaran
Gilgilçay səddi, Beşbarmaq səddi (Dəvəçi
rayonu ərazisində) Azərbaycanda istehkam
tikililərinin inkişafı haqqında geniş təsəvvür
yaradır.
Ərəb istilasından (VII əsr) sonra
Azərbaycanda islam dininin yayılması ilə
bağlı memarlığın da inkişaf yönü dəyişdi.
Yeni tipli binalar - məscid, mədrəsə, türbə,
karvansara və sairə tikilməyə başladı. Bərdə,
Ərdəbil, Marağa, Urmiya, Şamaxı, Şəmkur
(Şəmkir), Şabran, Beyləqan, Gəncə və
Naxçıvan bu dövrdə Azərbaycanın ən önəmli şəhərləri idi. Şamaxı, Gəncə və Beyləqanın böyük şəhərlərə
çevrilməsi də məhz bu dövrə aiddir. Erkən feodal şəhərlərinin formalaşmasında möhtəşəm qala divarları ilə
əhatələnmiş içqalaların mühüm əhəmiyyəti vardı. Feodal hakimlərinin sarayları yerləşən içqalaların ətrafında
"şəhristan" adlanan yaşayış məskənləri salınır, iri inzibati və ictimai binalar tikilirdi. Bu dövrdə islam dini ilə
bağlı tikililərlə yanaşı, Qafqaz Albaniyasının bəzi əyalətlərində xristian məbədləri, müdafiə istehkamları inşa
edilirdi. Bunlardan indiki İsmayıllı rayonunun ərazisindəki Cavanşir qalası (təqribən VII əsr) və Qazax
rayonunun Yuxarı Əskipara kəndi yaxınlığındakı qala kompleksi (V-VIII əsrlər) diqqəti cəlb edir.
Orta əsrlərdə Azərbaycan ərazisində inşa edilmiş alban tikililəri memarlığın inkişafında önəmli rol
oynamışdır. Bu abidələrdən Zaqatala rayonundakı Paşan və Muxax kəndində IV-V əsrlərə aid tikili qalıqları,
50
Şəki rayonunun Böyük Gəldək kəndində Govurqala (VI əsr), Qəbələ rayonundakı Böyük Əmirli kəndində (IV-
VIII əsr) alban məbədləri, Oğuz şəhərində alban kilsəsi (orta əsrlər), Dağlıq Qarabağın Xocavənd rayonunun
Qarakənd kəndində alban kilsəsi (I əsr), Sos kəndində (IV əsr), İatsi kəndində (V, VII və VIII əsrlərə aid 4
məbəd), Taqaverd kəndində (675), Güneyçartar kəndində (1236) alban məbədləri, Ağdərə rayonunun Aterk (V
əsr), Kolatağ (614), Qoçoqot (672, 698), keçmiş Dostahir (713), Qasapet (718), Çıldıran (XII əsr) kəndlərində,
eləcə də Yuxarı Qarabağın Susanlıq (IV-VI əsrlər), Vanq (IX əsr), Traxtik (1094), Tsakuri (1131),
Məmmədadzor (1147), Tuğ (1197) kəndlərində, Əsgəran rayonunun Şuşikənd (905), Çanaqçı (1065 və 1100),
Xaçmaç (1100), Xantsk (1122), Xındırıstan (1202) kəndlərində alban məbədləri dövrümüzədək mühafizə
olunmuşdur.
Ərəb xilafətinin yüksəlişi dövründə Azərbaycan memarlığının inkişaf mərkəzlərindən biri də Bərdə
şəhəri idi. Mənbələrdə "bu yerlərin Bağdadı" adlandırılan Bərdədə geniş tikinti işləri aparılmış, çoxlu məscid və
başqa dini binalar, karvansara, bazar, hamam və sairə tikilmişdi. Xilafətin zəifləməsi nəticəsində Azərbaycanda
kiçik feodal dövlətlərinin yaranması ilə bağlı X-XII əsrlərdə müxtəlif memarlıq məktəbləri formalaşdı (Arran,
Təbriz, Naxçıvan, Şirvan-Abşeron). Azərbaycan memarlıq məktəbləri arasında ümumi üslub yaxınlığı var idi.
Arran memarlıq məktəbinə (Gəncə, Bərdə, Beyləqan) mənsub sənətkarların yaratdığı binaların əksəriyyəti
Gəncə zəlzələsi (1139) və monqol hücumları (XIII əsr) zamanı dağılmışdır.
Gəncə və Beyləqanda aparılan arxeoloji tədqiqatlar bir sıra tikili qalıqlarını aşkara çıxarmışdır. Gəncə
çayı üzərindəki 3 körpü (XII əsr), Beyləqandakı yaşayış evləri, hamam və sairə qalıqları Arran memarlıq
məktəbinin üslub özəllikləri haqqında aydın təsəvvür yaradır. Arran memarları böyük şöhrət qazanmış, başqa
ölkələrə dəvət olunmuşlar. Amasyadakı (Türkiyə) məscidin minarəsi üzərində qalmış kitabədə onun 1236-1246-
cı illərdə arranlı memar Məhəmməd ibn Mahmud tərəfindən tikildiyi yazılmışdır. Naxçıvan memarlıq
məktəbinin abidələri müxtəlif rəngli kaşıdan ornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron
məktəbinə mənsub tikililər sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz məktəbinin
ən yaxşı abidələri üçün dəbdəbəli quruluş, dekorların müxtəlifliyi səciyyəvidir. Bu dövrdə Azərbaycanda inkişaf
etmiş memarlıq qurğularından minarələr diqqəti cəlb edir. Dövrümüzədək gəlib çatmış abidələrdən məlum olur
ki, Azərbaycanda minarələrin formalaşması prosesi sürətlə keçmiş, artıq XI əsrin əvvəllərində adi minarə tipləri
meydana gəlmişdir. XIX əsrin ortalarınadək mövcud olmuş Şəmkur (Şəmkir) minarəsi (XII əsr) məlum
minarələrin ən kamil örnəyi olmuşdur. Bişmiş kərpicdən tikilmiş minarənin hündürlüyü 60 m idi. Onun firuzəyi
mina ilə işlənmiş həndəsi ornamentli bəzəkləri, minimal diametri Azərbaycan memarlarının yüksək ustalığını
nümayiş etdirirdi.
XII əsrin başlanğıcı Azərbaycanda feodal dövlətlərinin yaranması və güclənməsi ilə səciyyələnir. Bu
dövrdə Azərbaycanın siyasi müstəqilliyi yerli mədəniyyət
ənənələrinin inkişafı üçün imkan yaratdı. Ölkənin əksər vilayətlərini
birləşdirən dövlətlərin yaranması incəsənət və memarlığın
inkişafına, memarlıq-inşaat ənənələri əsasında yerli memarlıq
məktəblərinin meydana gəlməsinə səbəb oldu. Arran memarlıq
məktəbini təmsil edən Gəncə, Beyləqan və Bərdədən sonra
Naxçıvan (Naxçıvan memarlıq məktəbi), Şamaxı (Şirvan-Abşeron
memarlıq məktəbi), Təbriz və Marağa (Təbriz memarlıq məktəbi)
şəhərləri Azərbaycan memarlığının mərkəzləri oldu. Naxçıvan
memarlıq məktəbinə mənsub tikililərdə əsas inşaat materialı kərpic
idi. Burada müxtəlif kompozisiyalı inşaat və bəzək üslubları işlənib
hazırlanırdı. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif
Küseyir oğlu (1162) və Mömünə xatın (1186) türbələrinin, eləcə də
hazırda mövcud olmayan dini tikililər kompleksinin müəllifi memar
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir.
Əcəminin
yaradıcılığı
üçün
obrazın
monumentallığı,
kompozisiyanın mütənasibliyi və dekorların zərifliyi, öz dövrünə
görə rasional konstruksiyaların tətbiqi, ornament bəzəklərinin
oynaqlığı səciyyəvidir. Onun ornament kompozisiyaları bədiiliklə
riyazi təfəkkürün üzvi birləşməsinə əsaslanır. Əcəminin yaratdığı
kompozisiya və dekorativ bəzək üslubu Azərbaycanın, eləcə də bir
sıra ölkələrin türbə tikililərinə böyük təsir göstərmişdir. Marağadakı Göy günbəz türbəsi (1196-cı il, memar
Əhməd Məhəmməd oğlu) Əcəmi üslubuna xüsusilə yaxındır. Marağa abidələri Azərbaycan memarlığının
inkişafında əsas yer tutmuşdur. Bunlardan dövrümüzədək çatmış ən qədimi Qırmızı günbəz türbəsidir (1148-ci
il, memar Bəkir Məhəmməd). Urmiyada tikilmiş "Üç günbəz" türbəsi (1185-ci il, memar Əbu Mənsur Musa
oğlu) memarlıq quruluşuna görə Marağa abidələrinə yaxındır.
51
Naxçıvan məktəbinin kərpic tikililərində formalaşmış memarlıq üslubları daşdan tikilmiş türbələrdə -
Culfa rayonunun Cuğa kəndi yaxınlığındakı Gülüstan türbəsində (XIII əsrin əvvəli), Füzuli rayonunun Babı
kəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273-1274-cü illər, memarının Əli Məcidəddin olması güman edilir)
və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində (XIII-XIV əsrlər), Zəngəzurun Səlim keçidindəki Səlim
karvansarasında (1328/1329), İrəvan şəhərinin 7-8 km-də yerləşən Cəfərabad kəndindəki Pirhüseyn türbəsində
(1413) əksini tapmışdır. Bərdədə (1322-ci il, memar Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani) və Şərur
rayonunun Qarabağlar kəndində (qoşa minarəli türbə; minarələr - XII əsr-XIII əsrin əvvəli, türbələr - XIV
əsrin əvvəli) qalmış türbələrin oxşarlığına, hər ikisinin XIV əsrin əvvəlində tikilməsinə əsasən bu
abidələrin eyni memar tərəfindən yaradıldığı ehtimal olunur. XII əsr Azərbaycan memarlığı Kiçik Asiyada
Səlcuqilər dövlətinin xatirə tikililərinə xüsusi təsir göstərmişdir. Bəzi hallarda bu təsir müəyyən bir binanın
tikintisi üçün Azərbaycan memarlarının başqa ölkələrə dəvət edilməsi ilə bağlı olmuşdur.
X-XII əsrlərdə yaşayıb yaratmış bir çox Azərbaycan memarı, bənna və bəzək ustalarının adları müxtəlif
tikililərin kitabələrində, daş plitələrində, dekor elementlərində və sairədə dövrümüzədək çatmışdır. Bunlardan
Məhəmməd Cəfər oğlu (Beyləqan rayonunun "Peyğəmbər" qəbiristanlığındakı kitabəli plitə, X əsr), İbrahim
Osman oğlu (Gəncə darvazası, 1063-cü il), Məhəmməd Əbubəkr oğlu (Bakıda Sınıqqala məscidi, 1078-ci il),
Möhsün (XI əsr; əsərləri məlum deyil), onun oğlu Bəndan Möhsün oğlu (XII əsr; əsərləri məlum deyil), nəvəsi
Bəkir Məhəmməd, Əcəmi Əbubəkr oğlu Naxçıvani, Aşur İbrahim oğlu (İçərişəhərdəki İbrahim məscidinin daş
mehrabı, 1171-ci il), Əmirəddin Məsud (XII əsr; əsərləri məlum deyil), Əbu Mənsur Musa oğlu, Əhməd
Məhəmməd oğlu, Cəmaləddin (Ordubad rayonunun Xanağa kəndindəki Əlincəçay xanəgahında türbə, XII əsrin
sonu-XIII əsrin əvvəli), Əhməd Əbubəkr oğlu (XIII əsr, Mərənd; əsərləri bəlli deyil), Əbdülməcid Məsud oğlu
(Mərdəkanda dairəvi qəsr, 1232-1233-cü illər), Zeynəddin Əburəşid oğlu Şirvani (Bakı limanında
Şirvanşahların "Bayıl qəsri" iqamətgahı, 1235-ci il), Bədrəddin Təbrizi (Türkiyənin Konya şəhərində Cəlaləddin
Ruminin türbəsi, 1273-cü il), Məhəmməd Mahmud oğlu (Arran; Turkiyənin Amasya şəhərində məscid minarəsi,
1236-1246-cı illər), Mahmud Maqsud oğlu (Pirsaatçay xanəgahının minarəsi, 1256-ci il), Mahmud Məsud oğlu
(Bakıdakı Şəfiulla məscidi, X1V əsr), nəqqaş Əbdülmömin Şərəfşah oğlu (Təbriz; Urmiyada məscid mehrabının
oyma naxışları, 1277-ci il), Mahmud Səd oğlu (Bakı yaxınlığında Nardaran kəndindəki qəsr, Bibiheybət
məscidinin minarəsi, 1305-1313-cü illər), Əhməd Əyyub oğlu əl-Hafiz
Naxçıvani (Bərdə türbəsi, 1322-ci il), gəctəraş Nizam Bəndgir (Mərənd
şəhərindəki Cümə məscidinin gəcdən oyma bəzəkləri, 1329-cu il), Hacı
Məhəmməd (Təbrizdə, İsfahanda karvansara, 1331-ci il), Şahbənzər
(Ağdam rayonunun Xaçındərbətli kəndində türbə, 1314-cü il), Quştasf
Musa oğlu (Nardaran, Xan hamamı, 1388-ci il) və başqaları X-XIV əsrlərdə
Azərbaycan memarlığının ən dəyərli nümunələrini yaratmışlar.
VII-XIII əsrlərdə Azərbaycanda bir sıra möhtəşəm körpülər
salınmışdır. Bunlardan Araz çayı üzərindəki 15 aşırımlı (VII əsr) və 11
aşırımlı (XI əsr) Xudafərin körpüləri, indiki Qazax rayonundakı 4 aşırımlı
Sınıq körpü (Qırmızı körpü, XII əsr), Gəncəçayın üzərindən salınmış 3
körpü (qalıqları; XII-XIII əsrlər), Cənubi Azərbaycanın Miyanə şəhəri
yaxınlığında, Qızılüzən çayı üzərindəki körpü (Qız körpüsü, XII əsr) və
başqaları xüsusilə diqqəti cəlb edir.
Şirvan-Abşeron memarlıq abidələri üçün daş konstruksiyalar, həcm-
məkan həllinin lakonikliyi, daş üzərində oyma nəbati naxışlar səciyyəvidir.
Bakıdakı Sınıqqala məscidinin minarəsi (1078-ci il, Məhəmməd Əbubəkr
oğlu), Mərdəkan qalaları (Dördkünc qala, 1187-1188-ci illər; Dairəvi qala,
1232-1233-cü illər, memar Əbdülməcid Məsud oğlu), Nardaran qalası (1301-ci
il, memar Mahmud Səd oğlu), Ramana qalası (XIV əsr) və sairə bu məktəbin ən yaxşı abidələri sırasına daxildir. XIII
əsrdə Bakı limanında tikilmiş və hazırda suyun altında qalmış Şirvanşahların "Bayıl qəsri" adlı iqamətgahı da bu
dövrün maraqlı tikililərindəndir. Bürclü divarlarla əhatə olunmuş bu binalar kompleksi (1235-ci il, ustad
Zeynəddin Əburəşid oğlu Şirvani və ehtimal ki, memar Əbdülməcid Məsud oğlu) üzərindəki daş oymalar, yazı
və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. Şirvan-Abşeron memarlıq məktəbinə mənsub olan
tikililərdən biri də XIII-XIV əsrlərdə formalaşmış Pirsaatçay xanəgahıdır. Pir Hüseyn türbəsinin ətrafında
salınmış bu dini kompleksdəki minarənin üzərində onun tikilmə tarixi (1256) və memarın adı (Mahmud Maqsud
oğlu) qalmışdır. Mərəzədəki Diribaba türbəsi (1402) və Bakıdakı Şirvanşahlar sarayı kompleksində (1420-1460)
Şirvan-Abşeron memarlıq məktəbinin yetkin dövrü əksini tapmışdır. Əsas saray binası (1420-ci illər), ona
bitişik Divanxana (1450-ci illər), türbə (1435-ci il, memar Əli), məscid (1442) və sairə kompleksin ən maraqlı
tikililərindəndir. Şirvanşahlar sarayı ansamblının kompozisiya ahəngdarlığı, binaların miqyasının məharətlə
uyğunlaşdırılması, yeganə inşaat materialı - hamar yonulmuş yerli əhəngdaşının tətbiqi, əzəmətli baştağ
52
quruluşu, daş üzərində zərgər dəqiqliyi ilə işlənmiş oyma naxışlar və memarlıq elementlərinin uyarlığı
Azərbaycan memarlığının şah əsərlərindən olan bu kompleksə təntənəli görkəm verir.
XIII əsrin ortalarında Elxanilər dövlətinin yaranması memarlıq sahəsində müəyyən canlanmaya
səbəb oldu. Elxanilər sülaləsinin banisi Hülakü xanın hakimiyyəti illərində [1256-1265] Marağa
rəsədxanası tikildi. Dövlətin paytaxtının Təbrizə köçürülməsi ilə şəhər əsas memarlıq-sənətkarlıq mərkəzinə
çevrildi. Təbrizin ətrafında Qazaniyyə (Arquniyyə), qala divarları içərisində isə Rəşidiyyə kimi şəhərciklər
salındı. Qazan xanın vəziri Rəşidəddinin tikdirdiyi Rəşidiyyə xüsusilə məşhur idi. Akademiya şəhərciyi kimi
tanınan Rəşidiyyədə 24 karvansara, 1500 dükan, təqribən 30 min yaşayış evi, kitab fondu 60 min nüsxədən
ibarət 2 kitabxana, 2 cümə məscidi, mədrəsələr, hamamlar, bağlar, dəyirmanlar, yun parça və kağız
karxanaları, boyaqxana, zərbxana və sairə tikililər olmuşdur. Rəşidiyyənin əsas memarlıq özəyini Günbəd
(Rəşidəddin türbəsi), Dər üş-Şəfa (Şəfa evi) xəstəxanası, Abadsaray bağ-saray kompleksi təşkil edirdi.
XIV əsrin möhtəşəm tikililərindən Təbrizdəki Əlişah məscidi və Sultaniyyədəki Ulcaytu Xudabəndə
türbəsi (1305-1313) diqqəti cəlb edir. Hər iki abidəni Elxani hökmdarı Ulcaytu Məhəmməd Xudabəndə
tikdirmişdir (Əlişah Təbrizi bu abidələrin memarıdır). Sonralar Ərk qalası adı ilə tanınan möhtəşəm Əlişah
məscidi və əzəmətli Sultaniyyə türbəsi bir sıra abidələrin tikintisinə təsir göstərmişdir. Teymurun Səmərqənddə
tikdirdiyi məscid və mədrəsələrin memarlıq quruluşu üçün Əlişah məscidi örnək olmuş, Ulcaytu Xudabəndə
türbəsinin tikilməsindən yüz il sonra italyan memarı F.Brunelleskinin Florensiyada ucaltdığı Santa-Mariya del
Fyore kilsəsinin günbəzində Sultaniyyə türbəsinin konstruktiv üsullarından istifadə edilmişdir.
XV əsr Təbriz memarlıq məktəbinin ən gözəl abidələrindən biri Təbrizdəki Göy məsciddir (1465-ci il,
memar Xacə Əli Gücəci, nəqqaş Nemətulla Bevvab). "İslamın firuzəsi" adlandırılan Göy məscidin memarlıq
quruluşu, monumental günbəzi, kvadrat biçimli böyük salonu, rumi və islimi naxışları, kaşı və oyma bəzəkləri,
nəstəliq, kufi, süls və rüqə xətləri ilə işlənmiş kitabələri XV əsrdə Azərbaycan memarlıq-inşaat sənətinin yüksək
inkişaf səviyyəsini göstərir. XV əsrin sonu-XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin yaranması və Təbrizin
paytaxt elan edilməsi, eləcə də Şirvanın inzibati mərkəz kimi əhəmiyyətini itirməsi ilə Azərbaycanın siyasi və
iqtisadi həyatı ölkənin cənubunda mərkəzləşdi. Azərbaycan memarlığında Təbrizin mövqeyi xüsusilə gücləndi.
Tikililərin təbii şəraitlə üzvi şəkildə əlaqələndirilməsi, bitkin kompozisiyası və əzəmətli baştağ quruluşu, kəsmə
kaşıdan zövqlə tərtib edilmiş kitabə və ornamentlərin tətbiqi memarlıq abidələrində başlıca xüsusiyyətlərə
çevrildi.
XV-XVI əsrlərdə Azərbaycan memar və nəqqaşları başqa ölkələrdə də fəaliyyət göstərmiş, müxtəlif
şəhərlərdə maraqlı sənət örnəkləri yaratmışlar. Bursa, Qahirə, Bağdad, Dəmirqapı (Dərbənd), Herat, Səmərqənd
və sairə şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarlarının "imzaları" qalmışdır. Bursa
şəhərindəki Yaşıl türbənin (1420-1421) nəfis naxışlarla bəzədilmiş qapılarını azərbaycanlı usta Əhməd Təbrizli
hazırlamışdır. Türbənin yaxınlığındakı Yaşıl camenin (1424) mehrabını Təbriz ustaları özlərinin hazırladıqları
müxtəlif boyalı kaşı üzlüklərlə bəzəmişlər. Çaldıran vuruşmasından (1514) sonra I Sultan Səlim tərəfindən
İstanbula aparılmış azərbaycanlı memar Əli Təbrizli (Əsir Əli, Əcəm Əli təxəllüsləri ilə də tanınmışdır)
İstanbuldakı Topqapı sarayının baştağını və Sultan Səlim məscidini (1522) tikmişdir.
XVI-XVII əsrlər memarlığı müəyyən dərəcədə keçmiş dövr ənənələrinin davamı olmuşdur. Bu dövrdə
Cənubi Azərbaycanda şəhərsalma işləri geniş vüsət almışdı. Azərbaycanın Təbriz, Ərdəbil, Bakı, Gəncə,
Şamaxı və Naxçıvan kimi iri şəhərləri haqqında tarixi qaynaqlarda geniş məlumat verilir. Şəhərsalma
mədəniyyətinin öyrənilməsində Bakı, Gəncə, Şamaxı, Naxçıvan və Şəkinin XVIII əsr-XIX əsrin əvvəllərində
rus hərbi mühəndisləri tərəfindən tərtib edilmiş planları xüsusi əhəmiyyət kəsb edir. XVI əsrdə dini binaların
tikintisi, əsasən, Azərbaycanın cənub vilayətlərində aparılmışdır. Ölkənin şimalında (xüsusilə Şirvanda) bu cür
tikililər məhdud xarakter daşımış, dini binalar, əsasən, Abşeronda tikilmişdir. Abşeronun əski yaşayış
məskənlərində (Buzovna, Maştağa, Mərdəkan, Nardaran, Keşlə və sairə) XVII əsrə aid məscidlər qalmışdır.
Azərbaycanın ən qədim şəhərlərindən olan Ərdəbildə Səfəvilər sülaləsinin nekropolu - Şeyx Səfiəddin
kompleksi diqqəti cəlb edir. XVI əsrdə buradakı Şeyx Səfi türbəsinin ətrafında müxtəlif təyinatlı binalardan
(türbələr, məscid, zəvvarlar üçün otaqlar və sairə) ibarət iri kompleks yaradılmışdır. Kompleksin ən qədim
tikilisi Cənnətsara məscididir (XIII əsr). Cənnətsara məscidindən sonra ansamblın əsas binası olan Şeyx Səfi
türbəsi tikilmiş (XIV əsr,
memar Əziz Məhəmməd oğlu), XVI-XVII əsrlərdə başqa bina və tikililər kompleksi
tamamlanmışdır.
Gəncədəki İmamzadə türbəsi (XIV-XVII əsrlər) də Azərbaycanın önəmli dini tikililərindəndir. Üzərindəki
kitabədə türbənin imam Məhəmməd Bağırın oğlu İbrahimin qəbri üzərində tikildiyi göstərilir. Kərpicdən tikilmiş
türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini
kompleks yaradılmışdır. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu-XV əsrin əvvəllərində, ətrafındakı
kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Gəncənin Cümə məscidi (1606-cı il, memar Şeyx Bəhaəddin)
özünəməxsus memarlıq quruluşu, bayıra açılan dərin tutumlu baştağ-eyvanları, dövrünə görə böyük diametrli
günbəzi (17 m) ilə diqqəti cəlb edir. Məscidin girəcəyində qoşa minarə ucaldılmış, qarşısında geniş meydan
salınmışdır. Xalq arasında Şah Abbas məscidi kimi tanınan bu abidənin minbərinin üzərindəki oyma bəzəkli
53
ağac şəbəkələri şəbəkəçilik sənətinin nadir nümunələrindəndir. Nardaran kəndindəki Baxşəli məscidində (1663-
cü il, ustad Murad, bənna Əli) XVII əsr Abşeron dini tikililərinin özəllikləri əksini tapmışdır. Bərdədəki
İmamzadə məscidi dövrümüzədək çatmış nadir abidələrdəndir. Türbə və məsciddən ibarət olan bu abidənin
türbəsinin XIV əsrdə tikildiyi, XVIII əsrdə isə bərpa edildiyi ehtimal olunur. Rus şərqşünası B.A.Dornun
fikrincə, burada əvvəlcə İmamzadə türbəsi olmuş, sonralar onun ətrafında məscid (1868-ci il, memar Kərbəlayı
Səfixan Qarabaği) tikilmişdir. XII-XV əsrlərdə qülləvarı, səkkizüzlü, günbəzli və qülləvarı-günbəzli türbə tipləri
üstünlük təşkil edirdi. XVI-XVII əsrlərdə isə daha çox səkkizüzlü türbələr tikilirdi. Belə türbələrin yeraltı
sərdaba bölməsi olmurdu. Dəfn yeri üstü plitəli adi qəbir xarakteri daşıyırdı. Bu dövrdə daha az ömürlü türbə
tipi günbəzli sərdabalar olmuşdur. Onların sferik günbəzlə örtülən zalları dördkünc planlı idi. Naxçıvandakı
İmamzadə türbəsi, indiki Goranboy rayonunun Rəhimli kəndindəki Adıgözəl bəyin ailə türbəsi, Qusar
rayonunun Həzrə kəndində Şeyx Cüneyd türbəsi günbəzli türbələr qrupuna daxildir.
Ərdəbil yaxınlığındakı Kəlxoran (Kəhrəlan) kəndində Şeyx Cəbrayıl (Şeyx Səfiəddinin atası) türbəsi
yerləşir. Türbənin əsas dəfn yeri günbəzlə örtülmüş səkkizüzlü zaldan ibarətdir. Türbə plan quruluşuna və
tutum-məkan həllinə görə Həzrə kəndindəki Şeyx Cüneyd türbəsinə uyğundur və XIV-XVII əsrlərdə tikildiyi
ehtimal edilir. Şamaxı rayonunun Kələxana kəndindəki türbələr qrupu XVII əsr Azərbaycan qülləvarı
türbələrinin ən bitkin nümunələrindəndir (9 türbədən 8-i qalmışdır). Qəbələ rayonunun Həzrə kəndindəki Şeyx
Bədrəddin türbəsi (1446), Şeyx Məhəmməd türbəsi (XV əsr), Şeyx Mənsur türbəsi (1572), Tovuz rayonunun
Yanıqlı kəndindəki türbələr kompleksi (3 türbə; XVII əsr) və sairə abidələr XV-XVII əsrlərə aid türbələr
içərisində maraqlı memarlıq quruluşu ilə seçilirlər.
XVII-XVIII əsrlərdə ticarətin inkişafı ilə bağlı, müxtəlif təyinatlı binaların tikintisi genişləndi. Şamaxı,
Gəncə və Bakıda karvansaralar, Ərdəbil (Qeysəriyyə bazarı) və Təbrizdə örtülü bazarlar, eləcə də dini binalar və
yaşayış evləri inşa edildi. Karvansaralar Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmış ictimai tikili
olmuşdur. Bu dövrdə Azərbaycan şəhərlərinin strukturunda yaşayış evləri, məscidlər, karvansaralar və sairə ticarət
tikililəri başlıca yer tuturdu. Karvansaralar daha çox ticarət əhəmiyyətinə malik olan şəhərlərdə, yaxud karvan
yollarının üstündə tikilirdi. Şərq ölkələrində olduğu kimi, Azərbaycan şəhərlərində də hamam binaları geniş
yayılmışdı. Hamamlar sanitariya-gigiyena funksiyası daşımaqla yanaşı, həm də istirahət, görüş, söhbət və stolüstü
oyunlar, həmçinin mərasimlər yeri idi. Azərbaycan hamamlarının ən yaxşı örnəkləri Abşeronun Nardaran
kəndində (1388-ci il, memar Kəştasif Musa oğlu), Bakının İçərişəhər bölməsində (Qasım bəy hamamı, XIV əsr;
Hacı Qayıb hamamı, XV əsr), Basqalda (XVII əsr), Gəncədə (Çökək hamam, XVII əsr), Şuşada (Merdinli
məhəlləsinin hamamı), Qubada (Çuxur hamam), Şəkidə (Ağvanlar hamamı; hər üçü XIX əsr), Ağdamda (Abdal
Gülablı kəndinin hamamı, 1900-cü il, memar Kərbəlayı Səfixan Qarabaği) qalmışdır.
Müxtəlif təyinatlı memarlıq abidələri ilə yanaşı, körpü tikililəri də dövrümüzədək çatmışdır. Körpülər
Bakı, Şamaxı, Gəncə, Ərdəbil və başqa şəhərlər arasında, yaxud şəhərləri birləşdirən yolların üstündə tikilirdi.
XVIII əsrdə Azərbaycanın ayrı-ayrı xanlıqlara parçalanması, ölkənin iqtisadi cəhətdən dağınıqlığı memarlıq və
inşaatın inkişafında durğunluğa səbəb oldu. Ayrı-ayrı hallarda keçmiş ənənələr əsasında tikilmiş binaların
memarlıq həllində inşaat sənətinin geriləməsi özünü göstərir. Bununla yanaşı, şəhərsalma sahəsində müəyyən
dönüş yarandı. İri şəhərlər, habelə əvvəllər az əhəmiyyətli yaşayış məntəqələri olmuş Şəki və Şuşa kimi yaşayış
məntəqələri xanlıq mərkəzinə çevrildikdən sonra daha da böyüyüb genişlənirdi. XVIII əsr tikililərinin çoxu
ifadəlilik baxımından zəif təsir bağışlayır. Bu binaların memarlıq quruluşu feodal pərakəndəliyi şəraitində
monumental memarlığın tənəzzülünü aydın ifadə edir. Həmin dövrdə kənd yerlərində və ayrı-ayrı şəhərlərdə
tikilmiş məhəllə məscidlərində xalq memarlığının (xüsusilə yaşayış evlərinin) bir çox cəhətləri öz əksini
tapmışdır. Bu baxımdan Ordubaddakı Dilbər məscidi (XVIII əsrin sonu) daha səciyyəvidir. Memarlıq
xüsusiyyətlərinə görə eyniyyət təşkil edən bu cür məscidlərə Şuşa, Zaqatala, Salyan və sairə yerlərdə təsadüf
olunur. XVIII əsrin dini tikililərindən Suraxanıdakı atəşpərəst məbədi - Atəşgədə maraqlı memarlıq örnəyidir.
Plan quruluşuna görə şəhər karvansaralarına oxşayan atəşgədə beşguşəli daxili həyəti əhatə edən hücrələrdən və
həyətin ortasında tikilmiş üstü günbəzli dördbucaqlı "od məbədi"ndən (ibadətgahdan) ibarətdir. Abidənin əsası
qədim dövrlərdə qoyulmuş, indiki binası isə 1713-cü ildə Hindistanın Multan vilayətindən gəlmiş atəşpərəst
tacir və zəvvarlar tərəfindən tikdirilmişdir. XVIII əsr memarlığında müdafiə tikililəri, həmçinin yerli hakimlər
üçün tikilən içqala və xan sarayları əsas yer tuturdu. Bu dövrün ən əhəmiyyətli memarlıq abidəsi xalq tətbiqi
sənətinin bir çox növü ilə üzvi şəkildə əlaqələndirilmiş Şəki xanlarının sarayıdır (XVIII əsrin 60-cı illəri).
Sarayın nəbati ornament kompozisiyalarından, insan və quş rəsmlərindən, müharibə və ov səhnələrindən
ibarət divar rəsmləri XIX-XX əsrlərdə dəfələrlə bərpa edilmişdir. Həmin dövrdə Şəki xanlarının sarayı ilə yanaşı,
İçərişəhərdəki Bakı xanlarının evi də diqqəti cəlb edirdi.
Qarabağ xanı Pənahəli xanın inşa etdirdiyi Əsgəran qalası (sonradan İbrahim xan tərəfindən
genişləndirilmişdir) XVIII əsrin ən iri müdafiə tikilisidir.
Azərbaycanda yaşayış binaları haqqında ardıcıl məlumata, əsasən, XVIII əsrdən təsadüf edilir. Ölkənin
təbii coğrafi şəraiti, ərazinin ovalıq, düzənlik və yüksək dağlıq rayonlardan ibarət olması, əhalinin istehsal
fəaliyyəti, eləcə də yerli inşaat materialı xalq yaşayış evlərinin memarlıq quruluşunu formalaşdırmışdır. Yaşayış
54
evlərində eyvanın, yaxud örtülü balkonun olması, otaqların interyerində çoxlu yük yeri, taxça, yaxud
camaxatan, rəf, yaxud ləmə (bəzi yerlərdə "zeh" də adlanır), buxarı və sairə düzəldilməsi Azərbaycanın, demək
olar ki, bütün bölgələri üçün ortaq cəhət olmuş, ayrı-ayrı yerlərdə müxtəlif şəkildə memarlıq həllini tapmışdır.
XVIII-XIX əsrlər xalq yaşayış evlərinin maraqlı örnəkləri Zaqatala, Şəki, Ordubad, Şuşa, Quba, Qonaqkənd,
Gəncə və Abşeronda qalmışdır.
XVIII əsr Azərbaycan türbələrinin az bir qismi dövrümüzədək gəlib çatmışdır. XIX əsrin ilk illərində
tikilmiş "Yeddi gözəl" türbələr kompleksindən (Şamaxı qəbiristanlığında) 4 türbə qalmışdır. Azərbaycanın
səkkizüzlü türbələr qrupuna aid edilən bu abidələr Şamaxı hakimi Mustafa xanın ailə üzvləri üçün tikilmişdir.
Ən erkəni xanın anasının dəfn edildiyi türbədir (1810-cu il, memar Ustad Tağı).
XV-XVIII əsrlərdə azərbaycanlı memar, bənna və ustalardan Ustad Hacının oğlu (memar; Mərəzədəki
Diribaba türbəsi, 1402-ci il), Məhəmməd Məcid Təbrizi
(nəqqaş; Bursadakı Yaşıl camenin mehrabı, 1424-cı il), Hacı
Əhməd oğlu Əli (ağac üzərində oyma ustası; Bursadakı
camenin qapısı), Memar Əli (Məhəmməd Əli; Bakıda
Şirvanşahlar sarayı kompleksində 1435-ci il tarixli türbə), Hacı
Əhməd (memar; Dərbənddəki Qırxlar darvazası və Böyük
məscid, XV əsr), Yusif Ustad Zahir oğlu (memar; Qəbələ
rayonunun Həzrə kəndindəki Şeyx Bədrəddin türbəsi, 1446-cı
il), Tacəddin (memar; Quba rayonunun Agbil kəndində türbə;
1446-cı il, qalmışdır), Xoca Əli Hasil Təbrizi (memar;
Heratdakı Müsəlla ansamblının mədrəsəsi, XV əsr), Şəmsəddin
(memar; Məşhəddə Şah məscidi, 1451-ci il), Nemətulla
Bəvvab Məhəmməd oğlu (xəttat və kaşı ustası; Təbrizdəki Göy məscidin kitabələri, 1465-ci il), Şəmsəddin
Təbrizi (memar; İsfahandakı Ali məscid, 1522-ci il), Şəmsəddin Şəmaxi (memar; Qəbələ rayonunun Həzrə
kəndindəki Şeyx Mənsur türbəsi, 1570-ci il), Əsir Əli (Türkiyənin, Bolqarıstanın, Bosniya və Herseqovinanın
bir sıra şəhərlərində çoxlu bina tikmişdir; əsas işləri - İstanbulda Topqapı sarayının 2-ci baştağı, Sultan Səlim
məscidi, 1522-ci il; Sofiyada Seyfəddin Qazi məscidi, Sarayevoda imarət, kitabxana, məscidlər kompleksi,
1532-ci il; Qəbzədə Çoban Mustafa məscidi və sairə), Əmirşah Vəlyənkuhi (memar; Bakıda Şirvanşahlar sarayı
ansamblının Şərq darvazasının daşdan oyma bəzəkli baştağı, 1584-cü il), Şeyx Bəhaəddin (memar və alim;
Gəncənin Cümə məscidi və ətrafındakı meydanın memarlıq ansamblı, 1606-cı il), Nadir Əli Ustad Yarəli oğlu
(memar; Mərdəkanda türbə, XVII əsr), Pərviz (memar; Abşeronun Buzovna kəndinin qəbiristanlığında türbə,
1641-ci il), İsmayıl Nəqqaş Ərdəbili (xəttat və nəqqaş; Ərdəbildəki Şeyx Səfiəddin kompleksinin Ali qapı
baştağının bəzəkləri, 1647-ci il), Yusifşah Məlik Səfimai oğlu (memar; Şeyx Səfiəddin kompleksinin Ali qapı
baştağı, 1647-ci il), Baba Şeyxican (memar; Mərəzə kəndində karvansara, 1613-cü il), Murad Əli (memar;
Nardaranda Hacı Baxşı məscidi, 1663-cü il), Əbdüləzim Səhkar (memar; Şamaxı rayonunun Kələxana
kəndindəki türbələr kompleksi, XVII əsr), Baba Əli (memar; Abşeronun Məhəmmədli kəndində hamam, 1663-
cü il), Məhərrəm (memar; Abşeronun Binə kəndində məscid, 1697-ci il), Bünyad (memar; Abşeronun Maştağa
kəndində məscid, 1716-cı il), Abbasqulu (memar və nəqqaş; Şəki xanları sarayında böyük salonun tavanının
bəzəkləri, XVIII əsr) və başqaları fəaliyyət göstərmişlər.
XIX əsr Azərbaycan memarlığı rus şəhərsalma sənəti əsasında şəhərlərin böyüməsi və inkişafı, Gəncə,
Şamaxı, Bakı kimi şəhərlərin baş planlarının işlənib hazırlanması ilə səciyyələnir. Bu prosesə uyğun olaraq,
şəhərtipli yaşayış evlərinin tikintisi genişləndi. Quberniya və qəza şəhərlərində qapalı divarları küçəyə baxan
eynitipli evlərin yerində üzü küçəyə yönəldilmiş dəbdəbəli otaqları, böyük pəncərə və balkonları olan evlər
tikilməyə başlandı. Belə evlərin həyət tərəfində iri şüşəbəndli qalereyalar tikilirdi. İqtisadiyyatın inkişafı sənaye
müəssisələri tikintisinə geniş təkan verdi. Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsindən sonra yeni tipli
tikililərin meydana gəlməsi memarlığın inkişafında mühüm əhəmiyyət kəsb etdi. XIX əsrin ortalarında teatr,
məktəb və xəstəxanalar üçün yeni binalar, yaşayış evləri tikildi. Kapitalist istehsal münasibətlərinin yaranması
və genişlənməsi Azərbaycan memarlığının sonrakı inkişafına önəmli təsir göstərdi. Azərbaycan memarlığında
müşahidə olunan yeni təzahürlər Bakının tikintisində özünü daha aydın göstərdi.
Bu dövrdə Azərbaycan memarlığı iki yöndə - yaşayış məskənlərinin memarlıq-plan quruluşunda
mühüm yer tutan bina kompozisiyası prinsipləri və Avropa memarlığı ənənələri əsasında inkişaf edirdi. Yerli
memarlar və xalq ustalarının inşa etdikləri binaların kompozisiya quruluşunun əsasını ənənəvi memarlıq
formaları təşkil edirdi. XIX əsrin 2-ci yarısında Azərbaycan milli memarlığı daha çox dini və mədəni-məişət
binaları ilə təmsil olunurdu. Yerli memarlarla yanaşı, Avropa memarlıq məktəblərinin (əsasən, Peterburq Mülki
Mühəndislər İnstitutunun və İmperator Rəssamlıq Akademiyasının) yetişdirmələri də fəaliyyət göstərirdilər.
Azərbaycan memarlığında yayılmış müxtəlif istiqamətlərlə yanaşı, ayrı-ayrı yaşayış evlərinin və mülki binaların
tikintisində qotikanın üslublaşdırılması da özünü göstərir. Bu yöndə ilk binalar XIX əsrin ortalarından Gəncə
yaxınlığındakı kiçik alman koloniyalarında - Yelenendorf (indiki Xanlar şəhəri) və Annenfeld (indiki Şəmkir
55
şəhəri) qəsəbələrində, həmçinin Gədəbəy mis mədənlərində (inzibati binalar) tikilmişdir. Bakıdakı polyak kostyolu
(1909-1912-ci illər, memar İosif Kasperoviç Ploşko), Voronsov (indiki M.Əzizbəyov) küçəsindəki yaşayış evi
(1897-ci il, memar İosif Yinkenteviç Qoslavski), fransız qotikası ruhunda tikilmiş Murtuza Muxtarovun evi
(indiki Səadət sarayı, 1911-1912-ci il), Venesiya qotikası üslubunda inşa edilmiş "İsmailiyyə" (indiki
Azərbaycan MEA Rəyasət Heyətinin binası; 1908-1913-cü illər, hər iki binanın memarı İ.K.Ploşkodur) və sairə
binalar üslublaşdırılmış qotikanın maraqlı örnəklərindəndir. Yaşayış evlərinin tikintisi ilə yanaşı, ictimai
binaların inşası da xüsusi yer tuturdu. Bu baxımdan Bakıdakı indiki İncəsənət Muzeyinin (1888-1890-cı illər,
memar Nikolay Avqustoviç fon der Nonne), Şəhər Dumasının (indiki Bakı Şəhər İcra Hakimiyyəti; 1900-1904-
cü illər, memar İ.V. Qoslavski), Dövlət Filarmoniyasının (1911-1912) binaları diqqəti cəlb edir.
XIX əsrdə, yaşayış evləri istisna olmaqla, ən xarakterik tikililər ticarət binaları idi. Belə binalardan çox
vaxt həm ticarət müəssisəsi, həm də sənətkarlıq emalatxanası kimi istifadə edilirdi. Bakı, Gəncə, Şuşa və
Qubadakı ticarət dükanları belə tikililərin ən bitkin örnəklərindəndir. İkimərtəbəli ticarət binasının maraqlı
memarlıq həlli Şamaxı memarı Kərbəlayı Əli Rəcəb oğlunun layihəsində (1832) əksini tapmışdır. Şəkidəki
Yuxarı və Aşağı karvansaralar planlaşdırma və memarlıq həllinə görə ən iri və klassik karvansaralardır.
XIX əsrin 2-ci yarısından hamam binaları memarlıq-planlaşdırma xüsusiyyətlərinə görə yerli və Avropa
tiplərinə ayrılırdı ki, bunlardan da birincilər daha üstün idi.
Bu dövrdə Azərbaycanda bir sıra xəstəxana, şəhərlərin əksəriyyətində kiçik tibb müəssisələri, Bakıda
tədris müəssisələri üçün binalar inşa edilmişdir [Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi qızlar məktəbi (hazırda
AMEA Əlyazmalar İnstitutunun yerləşdiyi bina, 1898-1901-ci illər, memar İosif Vinkenteviç Qoslavski),
"Səadət" məktəbi (indiki Elmi-Tədqiqat Oftalmologiya İnstitutu, 1911-1912-ci illər, memar Zivər bəy
Əhmədbəyov)].
Azərbaycanda ilk teatr binası Şamaxıda tikilmiş (1858-ci il, memar Qasım bəy Hacıbababəyov),
sonralar isə Bakıda Tağıyev teatrı (indiki Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, 1883-cü il, memar
P.İ.Koqnovitski) və indiki Azərbaycan Dövlət Opera və Balet Teatrı (1911-ci il, memar Nikolay Georgiyeviç
Bayev) inşa olunmuşdur.
XIX əsrin 2-ci yarısından şəhərlərin iqtisadi inkişafı
ilə bağlı iri dini binalar inşa edildi. Bakıdakı Bəy məscidi
(İçərişəhərdə, 1895-ci il, memarlar Məhəmməd Haşim əl-
Bakuvi və Mirəli ən-Naqi bin Seyyid Hüseyn), Qasım bəy
məscidi (1896-cı il, memar Məşədi Mirzə Qafar İsmayılov),
Təzəpir məscidi (1905-1914-ci illər), "İttifaq", yaxud Göy
məscid (1912-1913), Əmircanda Murtuza Muxtarov məscidi
(1909-cu il; hər üç məscidin memarı Z.Əhmədbəyovdur)
kapitalizm dövrü üçün ən xarakterik tikililərdir.
XIX əsrin ortalarında Qarabağda özünəməxsus
memarlıq məktəbi yaranmış və onun ən görkəmli nümayəndəsi
yerli ənənə və prinsiplərə axıradək sadiq qalan Kərbəlayı
Səfixan Qarabaği olmuşdur. O, Bərdədə İmamzadə
kompleksini yenidən qurmuş (1868), Ağdamda məscid (1868-
1870), Şuşada Aşağı məscidi (1874-1875), Yuxarı məscid,
yaxud Cümə məscidini (1883) və məhəllə məscidlərini, indiki
Füzuli şəhərində Hacı Ələkbər məscidini (1890), həmin
rayonun Horadiz (1891-1908) və Qoçəhmədli (1906) kənd
məscidlərini, Odessada Tatar məscidini (1870-ci illər), Aşqabadda "Qarabağlılar" məscidini (1880-ci illər) və
sairə tikmişdir.
XIX əsrin 80-ci illərindən Azərbaycanda sənayenin müxtəlif sahələrinin inkişafı ilə bağlı sənaye
memarlığı formalaşmağa başladı. H.Z.Tağıyevin toxuculuq fabrikinin tikintisi (1898-1902-ci illər, memar
İ.V.Qoslavski) sənaye memarlığının inkişafında xüsusi yer tutdu. Bakı dəmiryol sahəsində yolun çəkilişi və
stansiyaların yerləşdirilməsi layihəsi 1881-ci ildə Peterburqda tərtib olundu. Bakı, Gəncə, Hacıqabul kimi
mühüm stansiyalar üçün həmin yerlərin fərdi xarakterini müəyyənləşdirən müstəqil vağzal binalarının
layihələri işlənib hazırlandı.
Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) mövcud olduğu qısa zaman kəsiyində memarlıq
sahəsində də müəyyən tədbirlər həyata keçirilmişdi. Erməni-daşnak quldurları tərəfindən Bakının 1918-ci ildə
yandırılmış möhtəşəm binaları - H. Z.Tağıyevin qızlar məktəbi, "İsmailiyyə" Cümhuriyyət dövründə şəhərin baş
memarı Z.Əhmədbəyovun layihələri əsasında bərpa olunmuşdu. Erməni quldurlarının basqını nəticəsində
xarabalığa çevrilmiş Şamaxı şəhərini bərpa etmək üçün Z.Əhmədbəyovun təşəbbüsü ilə "Yeni Şirvan"
cəmiyyəti yaradılmışdı.
56
Sovet dövrü Azərbaycan memarlığının ilk mərhələsi Bakı ətrafında fəhlə qəsəbələrinin [Binəqədi
(indiki M.Ə.Rəsulzadə), Razin (indiki A.Bakıxanov), Montin (indiki N.Nərimanov rayonu)] salınması ilə
əlamətdardır. 1924-1927-ci illərdə Aleksandr Platonoviç İvanitskinin rəhbərliyi ilə Bakının baş planı işlənib
hazırlandı. 1926-cı ildə Bakının neft rayonlarını şəhərlə əlaqələndirən elektrik dəmiryol xətti çəkildi. Bu, SSRİ-
də ilk elektrik dəmiryol xətti idi. Yol boyu inşa edilmiş tikililər kompleksi maraqlı memarlıq həlli ilə seçilirdi.
Həmin dövrdə tikilmiş Sabunçu vağzalının binası (memar N.G.Bayev) onların ən bitkin nümunələrindəndir. İlk
yaşayış massivlərindən olan Məmmədyarov qəsəbəsinin salınması ümumittifaq əhəmiyyəti daşıyırdı. 1920-ci
illərdə inşaat işlərinin kompleks şəkildə görülməsi müasir şəhərsalma sənəti üçün səciyyəvi idi. Sovet
hakimiyyətinin ilk illərində əsas tikinti işlərinin Bakının fəhlə rayonlarında aparılmasına baxmayaraq, şəhərin
özündə bir sıra binalar inşa edilir (Xəzər gəmiçiliyi işçiləri üçün indiki Neftçilər prospektində yaşayış binası,
memar Aleksandr Andreyeviç Nikitin; Füzuli küçəsi ilə Ş.Qurbanov küçəsinin kəsişdiyi yerdə "Beşmərtəbə"
adlanan çoxseksiyalı yaşayış evi), milli memarlıq ənənələrindən istifadəyə cəhd göstərilirdi.
Memarlığın yeni funksiyası neftçilər üçün mədəniyyət saraylarının tikintisində öz əksini tapdı.
Konstruktivizm üslubunda tikilmiş Neft və Kimya Sənayesi İşçiləri Həmkarlar İttifaqının Mədəniyyət Sarayı
(indi Xətai adına Mədəniyyət Sarayı) tanınmış sovet memarları Leonid, Viktor və Aleksandr Vesnin
qardaşlarının ən maraqlı işlərindəndir. Bakının sovet dövrü memarlıq simasının təşəkkülündə Mətbuat sarayı
("Azərnəşr"in keçmiş binası, memar Semyon Pen), "Dinamo" idman cəmiyyətinin sarayı (memar Konstantin
İvanoviç Sençixin), "İnturist" mehmanxanası (memar Aleksey Viktoroviç Şusev) və başqa tikililər mühüm rol
oynamışdır. XX əsrin 30-cu illərində fəal yaradıcılıq fəaliyyətinə başlayan gənc memarlar Sadıq Dadaşov və
Mikayıl Hüseynov bir çox binaların layihəsini hazırladılar. Bunlardan Bayıldakı fabrik-mətbəx (indiki
Ş.Ələsgərova adına doğum evi), Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) yeni
tədris korpusu (hər ikisi 1932-ci il), İncəsənət İşçiləri Evi, bir sıra yaşayış binaları kompleksi, Qazaxdakı
Pedaqoji Texnikumun binası (hamısı 1933-cü il) diqqəti cəlb edir.
20-ci illərin əvvəllərində Bakıda yaşıllaşdırma və bağ-park memarlığı sahəsində mühüm işlər görüldü.
Bu illərdə Sabir bağı ansamblı yaradıldı. 30-cu illərin əvvəllərində yeni Dənizkənarı bulvarın salınması (köhnə
bulvarın təbii davamı) Bakının mərkəzi hissəsinin ümumi memarlıq-plan quruluşunun yaxşılaşdırılmasına
əhəmiyyətli təsir göstərdi.
1934-cü ildə Bakıda Sovetlər Sarayı layihəsi üçün müsabiqə keçirildi. Azərbaycan SSR Sovetlər
Sarayının (indiki Hökumət Evi) layihəsi üçün birinci mükafat Lev Vladimiroviç Rudnev, Vladimir Munts və
Konstantin Tkaçenkoya verildi; bəzi düzəlişlərlə həmin layihə əsasında indiki bina tikildi (1936-1952). Bu
dövrdə Bakının memarlıq inkişafı 1924-1927-ci illərin baş planında nəzərdə tutulmuş bir sıra iri ictimai
binaların tikintisinin başa çatdırılması və yaşıllaşdırılma işlərinin genişləndirilməsi ilə səciyyələnir. Baş planın
həyata keçirilməsi sahəsində mühüm tədbirlərdən biri də indiki 28 May küçəsi ilə Bülbül prospektinin birləşdiyi
ərazinin yenidən qurulması idi. S.Dadaşov və M.Hüseynovun layihələri ilə həmin ərazidə tikilmiş "Nizami"
kinoteatrı və Azərbaycan Respublikası Yeyinti Sənayesi Nazirliyinin keçmiş binası (hər ikisi 1937-1939-cu
illər) həcm-məkan quruluşuna və monumental tikililərin memarlıq həllinə görə diqqəti cəlb edir. S.Dadaşov və
M.Hüseynov burada antik yunan və İntibah memarlığı üçün xarakterik olan üsul
və formalardan yaradıcı şəkildə istifadə etmişlər. Hüsü Hacıyev küçəsi ilə
İstiqlaliyyət küçəsinin kəsişdiyi yerdə ucaldılmış və bu ərazinin ansamblına üzvi
şəkildə daxil edilmiş "Monolit" adlanan bina (memar K.İ. Sençixin) 30-cu illərin
əhəmiyyətli tikililərindəndir.
1933-1936-cı illərdə Bakıda və respublikanın başqa şəhərlərində geniş
miqyasda məktəb tikintisi işləri aparılmışdır. Bunlardan S.Dadaşov və
M.Hüseynovun tip layihələri ilə Bakıda və respublikanın başqa şəhərlərində
tikilən dördmərtəbəli məktəb binaları memarlıq həllinin ifadəliliyinə görə
fərqlənir. Bu layihələr üçün milli memarlıq ənənələri ilə yanaşı, klassik formaların
tətbiqi xarakterikdir. 1935-ci ildə Bakı Şəhər İcraiyyə Komitəsinin yaşayış evi
kimi layihələndirilən, sonralar isə Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti üçün yenidən
qurulan bina (1938) ətraf mühitlə üzvi şəkildə uyuşur.
1937 ildə görkəmli sovet memarı və şəhərsalma mütəxəssisi Lev Aleksandroviç İlyinin başçılığı ilə
Bakının baş planı yeni redaksiyada işlənib hazırlandı. Özündən əvvəlkini ümumi şəkildə təkrar edən baş planın
yeni redaksiyasında Bakının mərkəzi hissəsinin indiki Azadlıq meydanına köçürülməsi ilə bağlı müəyyən
dəyişikliklər edildi. 30-cu illərin ortalarında Dağüstü parkın salınması (memar L.A.İlyin) Bakının Dağlıq yaylasının
yaşıllaşdırılmasının başlanğıcı oldu (1990-cı ilin Qanlı Yanvar faciəsindən sonra burada Şəhidlər Xiyabanı
yaradılıb). Bu dövrdə Azərbaycan memarlarının yaradıcılıq axtarışları yeni memarlıq formalarını milli ənənələrə
uyğunlaşdırmaq meyilləri ilə səciyyələnir. Bu istiqamətin inkişafında akademiklər Sadıq Dadaşov və Mikayıl
Hüseynovun birgə fəaliyyəti aparıcı yer tuturdu. 1939-cu ildə Moskvada açılmış Ümumittifaq kənd təsərrüfatı
sərgisindəki Azərbaycan SSR pavilyonu (SSRİ Dövlət mükafatı, 1941-ci il) bu iki görkəmli memarın birgə
57
yaradıcılığının məhsulu idi. S.Dadaşov və M.Hüseynovun layihəsi ilə tikilmiş Nizami ad. Azərbaycan
Ədəbiyyatı Muzeyinin binası (1940) milli memarlıq ruhu, bəzəklərinin nəfisliyi və gözəlliyi, fasadında eyvan-
lociyaların tətbiqi, Azərbaycanın görkəmli ədəbiyyat xadimlərinə qoyulmuş abidələrin kompozisiya həlli və
başqa özəllikləri ilə nəzəri cəlb edir. Həmin bina, eləcə də Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki
Azərbaycan SSR pavilyonu memarlıq, heykəltəraşlıq və monumental-dekorativ sənət növlərinin uğurlu
sintezidir. 30-40-cı illərin ayrıcında Bakıda inzibati binalarla yanaşı, yaşayış evlərinin tikintisi də əhəmiyyətli
yer tuturdu (o cümlədən A.Bakıxanov küçəsindəki "Artistlər evi", 1940-cı il, memarlar S.Dadaşov,
M.Hüseynov, V.M.İvanov, K.İ.Sençixin). 30-cu illərdə respublikanın digər şəhərlərinin planlaşdırılması və
tikintisi sahəsində də ilkin tədbirlər həyata keçirildi; həm də şəhərlərin baş planı yerli memar kadrlar tərəfindən
hazırlanırdı. Gəncənin yenidən qurulması və sonrakı inkişafının 1939-cu ildə təsdiq olunmuş layihəsi (Seyfulla
Qocamanlı, Aleksey Petroviç Slobodyanik) sovet dövründə Bakıdan sonra respublikanın ikinci böyük şəhərinin
baş planı idi. Gəncədə yeni sənaye müəssisələri, məktəblər, institut (pedaqoji institutun binası, 1940-cı il,
S.Dadaşov, M.Hüseynov), kinoteatrlar, klub və mehmanxanalar tikildi, Gəncə çayının üzərindən körpülər
salındı. Nizaminin 800 illik yubileyi ilə bağlı şairin abidəsinin layihəsi (heykəltəraş Fuad Əbdürrəhmanov,
memarlar S.Dadaşov, M.Hüseynov) hazırlandı və İkinci dünya müharibəsindən sonra ucaldıldı (1946-cı il; SSRİ
Dövlət mükafatı, 1947-ci il). Ənənəvi Azərbaycan türbələri tipində layihələndirilmiş Nizami türbəsində şairin
anadan olmasının 850 illik yubileyi ilə əlaqədar, 80-ci illərin sonu-90-cı illərin əvvəllərində əsaslı yenidənqurma
işləri aparıldı, türbənin quruluşu xeyli dəyişdirildi (memar Fərman İmamquliyev).
30-cu illərin sonunda Yevlax, Xankəndi və Şəki şəhərlərinin baş planlarının işlənib hazırlanmasına
başlanıldı.
1944-cü ildə Azərbaycan SSR XKS yanında Memarlıq İşləri İdarəsinin (ilk rəisi S.Dadaşov) təşkili
memarlıq fəaliyyətinə böyük təkan verdi. Azərbaycan xalq təsərrüfatının sonrakı inkişafı üçün yeni sənaye
mərkəzlərinin yaradılması zərurəti meydana gəldi. 40-cı illərin ortalarından Sumqayıt və Daşkəsən şəhərlərinin,
sonralar isə Mingəçevir şəhərinin salınmasına başlandı. Ərazilərin müxtəlif təbii-iqlim şəraitində olması
şəhərsalma məsələlərinin həllində fərdi yanaşma tələbini irəli sürürdü. Daşkəsən şəhərinin planlaşdırılması
zamanı memar S.Vahidov ərazinin dağlıq relyefini nəzərə alaraq, şəhərin memarlıq-plan quruluşunu terras
şəklində həll etmişdir.
Bakıdan 35 km aralı, Xəzərin sahilində salınmış Sumqayıt şəhərinin
memarlıq-plan quruluşu və həcm-məkan kompozisiyasında ərazinin təbii-
iqlim şəraitinin nəzərə alınması və relyef xüsusiyyətlərindən maksimal istifadə
əsas yer tutur. Sumqayıtın ilk planlaşdırma layihəsi 1945-1954-cü illərdə
işlənib hazırlanmış və 85 min nəfər əhali üçün nəzərdə tutulmuşdu. Sənaye
tikintisinin inkişafı ilə bağlı şəhərin baş planının yeni redaksiyası
hazırlandı. Əhalinin getdikcə artması ilə bağlı daha bir baş planın
hazırlanması zərurəti yaranmışdır.
Dünyada ilk dəfə açıq dənizdə, polad dirəklər üzərində salınmış
şəhərcik -Neft Daşlarının layihələndirilməsi və tikintisi müharibədən
sonrakı dövr memarlığında özəl yer tutur. 1949-cu ildə Xəzərdə zəngin
neft yatağının tapılması ilə bağlı yaranmış Neft Daşları şəhərciyinin
bədii-memarlıq simasını "adi" yaşayış evləri, mədəni-məişət müəssisələri
korpusları, orijinal küçə-estakada sistemi və sairə müəyyənləşdirir.
Bakının mərkəzi hissəsinin yenidən qurulması 1950-ci illərdə
Azərbaycan memarlarının mühüm yaradıcılıq fəaliyyəti kimi davam edirdi.
Şəhərin mərkəzində xeyli ərazidə yenidənqurma işləri aparıldı və yeni
binalar tikildi. 50-60-cı illərdə tikilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və keçmiş V.İ.Lenin
Mərkəzi Muzeyi Bakı filialının binaları (1954-cü il; 1955-ci il; Həsən Məcidov), M.F. Axundov adına Respublika
Kitabxanası (1960-cı il, M.Hüseynov), Azərbaycan Dövlət Dram Teatrının binası (1960-cı il, Qəzənfər Əlizadə;
Müzəffər Mədətovun iştirakı ilə), Mərkəzi Univermaq (1961-ci il, Nəsib Kəngərli) və sairə tikililər Bakının memarlıq
simasını zənginləşdirdi. Bu illərdə İçərişəhər orta əsr divarları Sabir bağı ilə Gənclər meydanı hissəsində
yöndəmsiz tikililərdən təmizlənərək bərpa edildi; Nizaminin abidəsi (1949-cu il, heykəltəraş F.Əbdürrəhmanov,
memarlar S.Dadaşov, M.Hüseynov) ucaldılan bağ və Nizami adına. Ədəbiyyat Muzeyi Azərbaycan
Respublikası EA Rəyasət Heyətinin binası ilə birlikdə koloritli memarlıq panoramına çevrildi. Tikintidə əsas
yeri yaşayış evləri tuturdu. Bakıda və respublikanın başqa şəhərlərində yaşayış evlərinin tikintisində iqlim
xüsusiyyətləri nəzərə alınır, binanın memarlıq siması yerli şəraitə uyğunlaşdırılırdı. Bakıda ilk çoxmərtəbəli
yaşayış evləri şəhərin dağlıq hissəsində - keçmiş Sovet küçəsində (indiki N.Nərimanov prospekti) tikilmişdir.
İndiki H.Cavid prospekti sahəsindəki tikililər 50-ci illərin memarlıq təcrübəsində böyük tədbirlərdən biri oldu.
Burada salınmış Azərbaycan Respublikası EA şəhərciyi kompleksi (1951-1966-cı illər, M.Hüseynov), yaşayış
evləri, əvvəllər tikilmiş Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet, 1931-1933-cü illər,
58
S.Dadaşov və M.Hüseynov) yenidən qurulmuş binası və sairə tikililər Bakıda yeni bir abad rayonun
meydana gəlməsinə zəmin yaratdı.
50-ci illərin əvvəllərində Bakıda Respublika stadionunun tikintisi başa çatdı (1952-ci il, Leonard
İqnatiyeviç Qonsiorovski, Georgi Aleksandroviç Sergeyev, Oleq Mixayloviç İsayev). Layihə müəllifləri
ərazinin təbii relyefindən səmərəli istifadə edərək, dəniz tərəfdən amfiteatr şəklində açılan hissəni ümumi
kompozisiyaya daxil etmişlər.
İctimai və mədəni-məişət təyinatlı binalar respublikanın başqa şəhərlərində də tikilirdi. Sumqayıt,
Daşkəsən, Mingəçevir kimi yeni şəhərlərdə mədəniyyət evləri, rayon mərkəzlərində kinoteatrlar, ticarət
müəssisələri, uşaq bağçaları və məktəb binalarının tikintisi kütləvi şəkil aldı. Naxçıvanda Musiqili Dram
Teatrının binasının (1961-ci il, Ənvər İsmayılov, H.Məcidov) tikilməsi ilə şəhərin baş planında nəzərdə
tutulmuş mərkəzin əsası qoyuldu. Gəncənin mərkəzi hissəsində tikilmiş uzunsov quruluşlu və kvadrat planlı
monumental inzibati bina (1960-cı il, Ə.İsmayılov, Faina Leontyeva) şəhərin memarlığında üstünlük təşkil etdi. Bu
dövr sənaye tikililərindən Daşkəsən Filizsaflaşdırma Kombinatının, Mingəçevir SES-in (Y.M.Popov, V.M.Perlin,
P.L.Rijik, H.Məcidov və K.İ.Sençixinin iştirakı ilə), Bakı Şərab zavodunun (Elçaruko İbrahimoviç Kanukov) binaları
diqqətəlayiq memarlıq quruluşu ilə seçilir.
50-ci illərdə binaların layihələndirilməsi və tikintisində israfçılığın aradan qaldırılması, tikintidə sənaye
bazasının genişləndirilməsi ilə bağlı tədbirlər Azərbaycan sovet memarlığında yeni mərhələnin başlanğıcını
qoydu. Həmin tədbirlər boş sahələrdə kütləvi mənzil tikintisini nəzərdə tuturdu. Bu isə layihə üsullarının
kökündən dəyişdirilməsini tələb edirdi. Fərdi layihələrin yerini ayrı-ayrı hissələri yeni yaradılmış evtikmə
kombinatlarında hazırlanan sənaye əsaslı eynitipli evlərin tikintisi tutdu. Məhz bu üsulun sayəsində qısa müddət
ərzində iri yaşayış massivləri salındı. Eyni zamanda mədəni-məişət kompleksləri və başqa xidmət binaları
tikilir, yaşıllıq zonaları yaradılırdı. Bakıda ilk təcrübə kimi kütləvi mənzil tikintisi indiki Musabəyov massivində
həyata keçirildi; bundan sonra şimal-qərb yaşayış rayonu, Respublika stadionunun ətrafı, daha sonralar isə 8-ci
km və Əhmədli yaşayış sahələrinin tikilməsinə başlandı. Binalar, əsasən, iki tipdən - müəyyən hissələri
(mərtəbələrarası örtüklər və sairə) zavodda hazırlanmış beşmərtəbəli daş evlərdən və yığma panel evlərdən
ibarət idi. Eyni ölçüdə tikilən beşmərtəbəli evlər iri yaşayış massivlərinə darıxdırıcılıq, yeknəsəqlik gətirdiyindən
tikintidə doqquzmərtəbəli qülləvarı binalar tətbiq edilməyə başlandı. Respublikanın Sumqayıt, Gəncə və digər
şəhərlərində yeni yaşayış rayonları tikintisinin sənaye bazası yaradıldı. Gəncə yaxınlığında "Quru qobu" adlanan
boş ərazidə Yeni Gəncə iri yaşayış massivi salındı. Yeni Gəncənin əsasını beş və doqquzmərtəbəli yaşayış evləri
təşkil edirdi.
Bakıda kütləvi mənzil tikintisi ilə yanaşı, şəhərin mərkəzi hissəsində fərdi layihələr üzrə hündür yaşayış
binalarının da ucaldılmasına başlandı. Bədii-memarlıq keyfiyyətləri ilə seçilən bu cür binaların ən yaxşı
örnəkləri M.Hüseyn küçəsində, Azadlıq meydanında, Respublika stadionu sahəsində, Tbilisi prospektində və
başqa yerlərdə tikilmişdir.
60-cı illərin sonu-80-ci illərdə Bakıda bir sıra iri ictimai bina və qurğular tikilmişdir. Bunlardan Dövlət
Sirki (Ə.İsmayılov, F.Leontyeva), H.Əliyev adına Respublika Sarayı (V.S.Şulgin, Boris Ginzburq, mühəndis
K.Kərimov), "Gülüstan" sarayı (Hafiz Əmirxanov, Nazim Hacıbəyov, Teodor Yakovleviç Şarinski,
Firəngiz Rüstəmbəyova, Novruz İsmayılov, Kamil Kərimov; Azərbaycan SSR Dövlət mükafatı, 1982-ci il),
"Şərq bazarı" ticarət mərkəzinin 1-ci növbəsi (Uzurmaq Borisoviç Revazov, Pavel İlyiç Yarinovski), Əl
Oyunları Sarayı (Faiq Yüzbaşov), Olimpiya Cəmiyyəti (Zeynəb Quliyeva), Azərbaycan Respublikası
Prezidentinin Sarayı (Tahir Abdullayev) və sairə binalar şəhərin memarlıq görkəmini daha da gözəlləşdirmişdir.
Bakıda iri ictimai tikililərdən Heydər Əliyev adına İdman-Konsert Kompleksi (T.Abdullayev, O.İsayev,
Y.Qədimov, T.Xanlarov), "Şərq bazarı" kompleksinin 2-ci növbəsi (U.Revazov, P.Yarinovski) və sairə tutum-
məkan quruluşu və şəhərsalma həlli baxımından diqqəti cəlb edir.
Gəncə, Naxçıvan, Sumqayıt, Xankəndi, Mingəçevir, Lənkəran, Əli Bayramlı, Şamaxı, Şuşa, Qazax,
Masallı, Ağdam və başqa yerlərdə mənzil tikintisi sahəsində nailiyyətlər qazanılmış, memarlıq-bədii
keyfiyyətləri ilə diqqəti cəlb edən inzibati-ictimai mərkəzlər, meydanlar yaradılmışdır. Bu baxımdan 1971-ci
ildə Sumqayıtda tikilmiş Ticarət Mərkəzinin (Avrora Salamova, Yuri Pavloviç Tolstonoqov) memarlıq həlli də
maraqlıdır.
Gəncənin mərkəzi meydanının indiki görkəmi Cümə məscidi və "Çökək hamam"ı əhatə etməklə keçmiş
sərhədləri çərçivəsində formalaşmışdır. Hələ XVII əsrdə meydanı dövrələyən çinar ağaclarının bir qismi indi də
qalır. Başqa meydanlardan fərqli olaraq, Gəncənin mərkəzi meydanı qapalıdır, burada heç bir nəqliyyat vasitəsi
işləmir. Bu da bütöv məkan sahəsi kimi onun memarlıq-məkan ifadəliliyini gücləndirir.
XX əsrin 70-ci illərindən başlayaraq Bakının yaşıllaşdırılması sahəsində tədbirlər həyata keçirilmişdir.
Heydər Əliyev adına Respublika Sarayının qarşısında salınmış meydan-bağ kompleksi (F.Rüstəmbəyova, Adil
Rüstəmzadə, Gülarə Mehdiyeva, 1973-cü il), Lermontov küçəsindəki Azərbaycan Respublikası Nazirlər
Kabineti binası qarşısındakı şəlalə, kaskad və fəvvarə ilə tamamlanan bağ (F.Rüstəmbəyova, Kamal Qasımov,
G.Mehdiyeva, 1975-ci il) şəhərin landşaftını zənginləşdirmişdir. Dənizkənarı bulvarın yenidən qurulması, onun
59
abadlaşdırılmasının davam etdirilməsi və ikinci terrasın salınması bağ-park incəsənətinin ən yaxşı
örnəklərindəndir. Hökumət evinin baş fasadı qarşısında hovuz salınmış, maraqlı memarlıq quruluşu olan fəvvarə
yaradılmışdır.
2004-2005-ci illərdə Respublika Sarayının qarşısındakı park yenidən qurulmuş, onun mərkəzi
hissəsində ümummilli lider Heydər Əliyevin abidəsi ucaldılmışdır (heykəltəraş Mixail Aleksandroviç Nogin,
memarlar İqor Nikolayeviç Voskresenski və Salavat Aleksandroviç Şerbakovdur).
Son illər respublikanın başqa şəhərlərində də yaşıllaşdırma işləri genişləndirilmişdir. Gəncədəki Yeni
Gəncə yaşayış massivinin mərkəzində 350 ha sahəsi olan Xatirə parkı salınmış, Gənclik sarayı tikilmişdir
(1980). Naxçıvan şəhərinin mərkəzi meydanı formalaşdırılmış, Musiqili Dram Teatrı, Şəhər İcra
Hakimiyyəti və Respublika Nazirlər Kabinetinin binası və başqa tikililərlə tamamlanmışdır.
1982-ci ildə Şuşada Molla Pənah Vaqifin məqbərəsi açılmışdır (memarlar Əbdülvahab Salamzadə,
E.İ.Kanukov, heykəltəraş A.Mustafayev). Milli memarlıq ənənələrindən istifadə etməklə tikilən bu abidəni
xatirə memarlığının uğurlarından saymaq olar.
Bakı metropoliteni yüksək bədii-memarlıq səviyyəsi, inşaat keyfiyyəti, memarlıq və təsviri sənətin
uğurlu sintezi ilə maraq doğurur.
Azərbaycan memarlıq abidələrinin bərpası üzrə işlərə 50-ci illərdən başlanmışdır. 1976–cı ildə 850 illik
yubileyi keçirilmiş Əcəmi Naxçıvaninin yaratdığı Yusif ibn Küseyir və Mömünə xatın türbələri bərpa
olunmuşdur. Bərdə türbəsi, Mərəzədəki Diribaba türbəsi, Həzrə və Kələxana türbələri ilkin görkə-minə
qaytarılmışdır. Şuşa, Şəki, Şamaxı, Ordubad, Bakı və sairə şəhərlərin memarlıq abidələrinin bərpası üzrə
intensiv və planlı iş aparılır. Bu baxımdan, Bakıdakı orta əsr Azərbaycan daş memarlığının incisi sayılan
Şirvanşahlar sarayı ansamblının bərpası xüsusilə əhəmiyyətlidir. Son illərdə Gəncədəki Bala Bəhmənli,
Qızıl Hacılı, Ozan, Zərrabı məscidləri, karvansara və sairə qədim abidələr əsaslı surətdə bərpa edilmişdir.
Bununla belə, son yüz ildə Azərbaycanın memarlıq irsi böyük
itkilərə uğramışdır. Bu işdə çarizm siyasəti, erməni-daşnak quldur
dəstələrinin planlı cinayətləri və bolşevik vandalizmi başlıca rol
oynamışdır. Şəmkir minarəsi (XI əsr), Naxçıvan və Bakı şəhərindəki
Cümə məscidləri (hər ikisi XII əsr), Gəncə şəhəri meydanı (XVI-XVII
əsrlər) və sairə nadir memarlıq əsərlərinin yalnız rəsmləri, foto təsvirləri
bu günə çatmışdır. 1930-cu illərdə Azərbaycan memarlıq abidələrinin
uçurulması daha qabarıq və planlı şəkil almışdı. Bakı yaxınlığındakı
məşhur Bibiheybət kompleksi, respublikanın başqa şəhər və kəndlərində
onlarca məscid, türbə, pir dinə qarşı mübarizə adı altında dağıdılmışdır.
Memarlıq abidələrinə belə amansız münasibət, əsasən,
müharibədən sonrakı illərdə aradan qaldırıldı. Buna baxmayaraq,
baxımsızlıq və özbaşınalıq nəticəsində memarlıq abidələrinin sayı
azalmaqda davam etmişdir. Bərdədə Axsadanbaba türbəsi, Gəncədə
Comərd qəssab türbəsi, Cavad xanın qəbri və bir neçə günbəzli ev,
Buzovnada Qum hamamı, Şəmkirdə Koroğlu qalası, Abşeron kəndlərində
çoxlu məscidlər, karvansaralar, ovdanlar və yaşayış evləri, Laçında Kiçik
türbə, orta əsr körpüsü və sairə məhv olmuşdur. 1990-cı ildən başlayaraq
Ermənistan tərəfindən işğal olunmuş Yuxarı Qarabağ və ətraf rayonların (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı,
Cəbrayıl, Füzuli, Ağdam) ərazisindəki çoxsaylı Azərbaycan abidələri erməni caniləri tərəfindən məhv
edilmişdir.
Respublikada memarlıq abidələrinin bərpası sahəsində müəyyən işlər görülsə də, onların bir çoxunda, o
cümlədən Naxçıvanda Mömünə xatın türbəsi, İmamzadə və Xanəgah kompleksləri, Şəki xan sarayı, Bərdə
türbəsi, Gəncə məscidi və hamamı, Qubada XIX əsrə aid hamam (Çuxur hamam) və sairə abidələrdə aparılan
işlərdə müəyyən təhriflərə yol verilmişdir. Son illərdə İçərişəhərdə tikinti-abadlıq işləri çağdaş elmi-bərpa
tələbləri əsasında aparılmadığından, buradakı abidələrin plan-məkan quruluşuna, küçə və məhəllə sisteminə
ciddi ziyan dəymişdir. Səciyyəvi olmayan tikinti materiallarının (beton, küçə döşəmələrində müxtəlif daş
növləri, rəngli suvaq və sairə) çox işlədilməsi nəticəsində bütövlükdə qədim Bakının orta əsr xarakteri və ruhu
zəifləmişdir. İçərişəhərin altından çəkilmiş metro tuneli burada çoxlu qədim məhəllə və yaşayış evlərinin
dağılmasına səbəb olmuşdur. Abşeronun qəsəbə və kəndlərindəki memarlıq abidələrinin bərpası da, tək-tək
hallar istisna olunmaqla, müasir dövrün tələbləri səviyyəsindən çox aşağıdır.
XXI əsrdə tarixən formalaşan Azərbaycan şəhərlərinin, bütövlükdə şəhərsalma sistemlərinin qorunması
problemləri ilə bağlı müxtəlif tədbirlər həyata keçirilmişdir. Dəvəçi rayonundakı Şabran şəhəri (2002) və
Çıraqqala (2002), Qax rayonundakı İlisu kəndi (2002), Ordubad rayonundakı Aparıcı vadisi (2002), Şəki
rayonundakı Kiş kəndi (2003), Hacıqabul rayonundakı Pir Hüseyn xanəgahı (2004) Azərbaycanın tarixi-
memarlıq qoruğu elan edilmişdir. İçərişəhərdə A.Zeynallı adına küçənin orta əsr görkəmi bərpa olunur. Orta
60
əsrlər Bakısının rəmzi sayılan Qız qalasının ətrafı son dövrlərdə tikilmiş gərəksiz tikililərdən
təmizləndikdən sonra o, həm şəhərin tarixi hissəsində öz yerini tapmış, həm də qədim şəhərin çağdaş
strukturuna üzvi şəkildə daxil olmuşdur.
Dostları ilə paylaş: |