Üçrəngli bayrağımızın mənası
Bayrağımızın yaranma tarixindən, onun mənasından, ağ ayparanın və səkkiz guşənin nə olduğundan, hansı ideyalardan qaynaqlandığından yetərincə məlumatlıyıqmı?
M.Ə.Rəsulzadə hələ 1917-ci ildə “Açıq söz” qəzetində eyni adlı məqalədə “Cümhuriyyətdən-Cümhuriyyətə fərq var” deyərək yazırdı: “…cümhuriyyəti-ənam da (Xalq Cümhuriyyəti də) cümhuriyyəti-xasdan (imtiyazlı Cümhuriyyətdən) daha faydalı və daha müvafiq məqamdır... Var olsun Cümhuriyyəti-ənam! (yəni Xalq Cümhuriyyəti )”.
Xalq Cümhuriyyəti 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: “Üstündə qırmızı fonda ağ səkkizguşəli ulduz və aypara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin”.
Həmin dövrdə bayrağımız Osmanlı Türkiyəsinin bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkiyəsinin bayrağındakı hilal ayın qarşısındakı ulduz beş guşədən, Azərbaycan Cümhuriyyətinin bayrağında isə səkkiz guşədən ibarət idi. İlk bayrağımızın eynən Osmanlı Türkiyəsində olduğu bir çox səbəblərlə izah edilir: biz bununla türk xalqı olaraq böyük bir mədəniyyət sisteminə əsaslandığımızı sübut edirdik.
Gəncəyə gəlmiş Qafqaz İslam Ordusunun komandiri Nuru Paşanın ətrafındakı “ilhaqçı”lar qrupu da “biz müstəqil dövlət yox, məhz Türkiyəyə birləşmək istəyirik” – deyərək, ciddi təbliğat aparırdı. Hətta o zaman Nuru Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ci Hökumət Kabinəsi buraxılmış, Gəncədə Nuru Paşanın istəyincə 2-ci hökumət kabinəsi formalaşmışdı.
Qırmızı rəngli bayrağımız haqqında olan qərar da məhz ikinci hökumət kabinəsi formalaşandan 4 gün sonra verilmişdi.
1918-ci ilin noyabrın 9-da isə üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi: “Yaşıl, qırmızı və mavi rənglərdən, ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin”.
Milli bayrağımızdakı göy rəng - türkçülüyü, qırmızı rəng– müasirliyi, yaşıl rəng – islam ideologiyasını ifadə edir. Bəs bu üçlük düsturunu böyük bir şüara çevirən ilk dəfə kim olub?
Bütün türk milləti üçün böyük bir ideala və məqsədə çevrilən bu üçlük şüarının banisi Rusiya və Türkiyə universitetlərində təhsil almış əslən Azərbaycandan olan Əli bəy Hüseynzadədir. 1907-ci ilin iyul ayının 10-da Bakıda özünün nəşr etdiyi “Füyuzat” (xeyir, fayda) jurnalındakı bir məqaləsində “Türk hissiyyatlı, islam etiqadlı, firəng qafalı” kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütəfəkkir Ziya Göyalp belə ifadə etmişdi: “Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli”.
Bəs bu şüar bayrağımızda niyə bir qədər fərqlidir?
Dostları ilə paylaş: |