1915-ci ilin oktyabrın 2-də Bakıda nəşrə başlayan “Açıq söz” qəzetinin ilk sayında baş redaktor M.Ə.Rəsulzadənin “Tutacağımız yol” adlı baş məqaləsi çap edilmişdi. Məqalədə Rəsulzadə vaxtilə Ə. Hüseynzadənin əsasını qoyduğu məşhur üçlük düsturunu belə təqdim edirdi: “Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: Dil, Din və Zaman... Dilcə - biz türküz, türklük milliyyətimizdir... Dincə - müsəlmanız. Zamanca da – biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz... Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, mütləqa 3 əsasa sarılmalıyız: Türkləşmək, müasirləşmək və islamlaşmaq…”
M.Ə.Rəsulzadə 1916-cı ildə yenə “Açıq söz” qəzetində “Getdiyimiz yol” adlı baş məqalədə müasirləşməyə üstünlük verərək yazırdı: “Müasirləşmək – budur bütün millətləri sülh və nicat yoluna çıxaran böyük vasitə!...”
1918-ci ilin noyabrında Mudros müqaviləsi şərtlərinə uyğun olaraq, Osmanlı Türkiyəsi öz qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımıram”, deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşılamağa artıq səbəb qalmamışdı.
1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yerinə üçrəngli bayrağın yaradılması haqqında M.Ə.Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzülüşü isə M. Ə. Rəsulzadənin “Açıq söz” qəzetindəki məqaləsindən götürüldü.
Həmin üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda Dəniz Vağzalında ingilis generalı Tomsonun qarşılanma mərasimində göyə qaldırıldı. O zaman dövlət himnimiz olmadığından böyük bəstəkar Ü.Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun” əsərində Nofəlin səhnəyə gəlişində səsləndirilən coşdurucu musiqinin (“Heyratı” üstündə) çalınması qəbul edilir ( Ü.Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələyib). Qeyd edim ki, türklər 1453-cü ildə Konstantinopolu (İstanbulu) fəth edərkən bu musiqiyə oxşar bir marşla düşmən üzərinə hücum etmişdilər.
1918-ci ildə Bakıya gələn ingilislər üçrəngli bayrağımızın rəsmi olaraq dalğalandırılmasına o qədər razılıq vermirdilər. Onlara təsir edən, bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idi. “Müsavat” Partiyasının qurucularından olan M.Ə.Rəsuloğlu öz xatirələrində yazırdı ki, ingilislər yalnız həftənin 1-ci və 4-cü günləri, yəni iclas keçiriləndə icazə verirdilər ki, Parlament binası üzərində milli bayrağımız dalğalansın, iclas bitən kimi bayrağımızın endirilməsini tələb edirdilər.
1918-ci ilin 7 dekabrında Parlamentin açılış mərasimində M.Ə.Rəsulzadə bu sözləri söylədi: “Səadət və hürriyyət istiqlaldır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayrağı Şurayi-Milli qaldırmış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhraranəsini (azad adamlar iqtidarını) təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dalğalanacaqdır). Bir daha qaldırılmış bayraq bir daha enməyəcəkdir!”
Böyük mütəfəkkir Ü.Hacıbəyli “Azərbaycan” qəzetində (1918-ci il, 9 dekabr) M.Ə.Rəsulzadənin bu çıxışını belə təsvir edirdi: “Məhəmməd Əmin milli ittitahəsində bu üç rəngin: türkləşmək, islamlaşmaq və müasirləşmək amalı əlamətindən ibarət olduğuna işarə ilə bu bayraq endirilməz! – dedikdə bütün məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən, təəssüratı-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.
Dövlət bayrağımızdakı səkkiz guşə ilə bağlı da müxtəlif izahlar vardır. Bir izahda bildirilir: Ay (qəməri) təqvimi islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə “Türk dövrü” kimi qalmış bir təqvim yaradılmışdır. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırıncı ayı olan Zilhəccəsinə 30-cu gün əlavə edilirdi.
Beləliklə, “Türk dövrü kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar “Türk dövrü təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizlik dövrün axırıncı dövründəki 7-ci il zamanı Zilhiccəni 29 sutka saxlamaqla dəqiqliyi 1290-cı ildə bir sutkaya qaldırmış və təqvimdən XVI əsrdən Türkiyədə istifadə etmişlər.
Çox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş Türk İmperatorluğunun bayrağındakı ay hilalı yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir (Bax: Ə. Ətayi. “Təqvimlər keçmişdə və bu gün”. “Elm”, 1998, N 1).
Bəzi izahlarda isə səkkiz guşəli ulduz “Od Yurdu”nun səkkiz hərflə yazılışına işarədir. Böyük yazıçı C.Cabbarlı yazırdı: “Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu”.
Bayrağımızdakı göy rəng türkləşmək ideyası ilə bağlıdır. Türklərin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkdilli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr tikilmişdi. Bu abidələrin əksəriyyəti göy rəngdə olmuşdu. Bu baxımdan göy rəng həm də simvolik məna daşımışdır. Göy rəng həm də XIII əsrdə Elxanilər dövrünün əzəmətini, onların zəfər yürüşlərini əks etdirir.
Bayrağımızdakı yaşıl rəng islam dininə mənsubluğumuzu ifadə edir. Böyük mütəfəkkir Əli bəy Hüseynzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir.
Milli bayrağımızdakı qırmızı rəng müasirləşməni, inkişafı əsas götürür. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua inqilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliləyişlər baş vermişdi. Həmin dövrdə proletariatın kapitalizm quruluşuna qarşı mübarizəsi olmuşdu. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə.Hüseynzadə yazırdı: “Avropalaşalım, firəngləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropalıların ədəbiyyatına, sənayelərinə, ümum və maarifinə, kəşfiyyat və ixtiralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!”
Milli bayrağımızda qırmızı rəngin üzərində ortada aypara və səkkizguşəli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstontinopolun gerbi olmuşdu. Türklər 1453-cü ildə Konstantinopolu aldıqdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başqa xalqlara keçmişdir (Bax: M. Əliyev. “Qobustan”jurnalı, 1989, N 3).
Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır.
Böyük yazıçı C.Cabbarlı şeirlərinin birində yazırdı:
Dostları ilə paylaş: |