yolu ilə becərmək olar.
Qoz ağaclıqları və bağları kifayət qədər münbit torpağı olan, qrunt suyu səthə yaxın yerləşməyən sahələrdə
salınır. Müxtəlif tədqiqatçılar qoz bağları salarkən ağacların arasını 8 m-dən 20 m-ə qədər götürməyi təklif
edirlər.
Sahə şırımlanıb səpin yeri müəyyənləşdirildikdən sonra eni və dərinliyi 40-50 sm olan çalalar qazılır. Sonra
həmin çalalar yaxın sahədə olan münbit torpaqla doldurulur. Çalaların ortasında toxum səpmək üçün 7-8 sm
dərinliyində yuvacıq düzəldilir. Təcrübələr göstərmişdir ki, hər yuvacığa 3 toxum səpmək məqsədəuyğundur.
Bu zaman yüksək cücərti və bitiş alınır. Yuvacıqda toxumlar biri digərindən 10-15 sm aralı səpilir. Yuxarıda
qeyd edildiyi kimi, toxumlar yuvaya yanı üstə qoyulur.
İlk illər əsas qulluq işi torpağın yumşaldılmasından və alaq otlarından təmizlənməsindən ibarətdir. Cərgə
aralarında bostan və yem bitkiləri (yonca və s.) yetişdirmək olar. Qozla birlikdə fındıq da becərmək
mümkündür. Bütün digər əkinlər qoz ağaclarından 1 m aralı yerləşdirilməlidir. Torpağa qulluqla bərabər,
bitkilərə də xidmət edilməlidir. Bu xidmət ağacları ştamplama və çətrini formaya salmaqdan ibarətdir. Qoz
ağaclarında ştampın formaya salınması ilk ildən başlanır. Birinci il şitilin gövdəsinin əsasında əmələ gələn yan
tumurcuqlar və zoğlar kənar edilir. Birinci ilin avqust ayında və ya ikinci ilin erkən yazında yarpaqlar
açılmamışdan, ikinci il isə keçən ildən qalan və yeni əmələ gələn yan tumurcuqlar kənar edilir. Tumurcuqlar
barmaqla qopardılır, zoğlar isə iti bıçaqla dibindən kəsilir. İkinci il ştampa qulluq işi bütün vegetasiya dövrü
davam etdirilir.
Üç yaşında ağaclarda artıq ştamplama başa çatdırılır. Ştampın hündürlüyü və çətrin başlanğıcı ağacın
böyümə sürətindən asılı olaraq 70-100sm və ya 1,5 m-ə qədər ola bilər. Dördüncü il bütün ağacların gövdəsinin
ştampı formaya salınır və çətir yaradılır. Lakin sonrakı illərdə də ağacın ştampında əmələ gələn zoğların və
tumurcuqların kənar edilməsi işi davam etdirilir. Bu iş erkən yazda (yarpaqlar açılmamış) və payızda (oktyabr-
da) aparılır.
Qoz ağacının çətri ştamp hündürlüyündən başlanır. Ağacın gövdəsi 2 və ya 3 budağa ayrılır. Gövdə hər il
böyüyərək yeni budaqlar yaradır, budaqlar isə yeni zoğlar əmələ gətirir. Beləliklə, çətir formalaşır.
Əkin materialı, yəni şitil yetişdirmək üçün münbit torpağı olan sahədə tinglik salınır. Tinglik üçün ayrılan
ərazidə torpaq payızda 30-40 sm dərinliyində şumlanır, kultivasiya olunur və malalanır, sonra toxum səpilir.
Səpin bir-birindən 50-60 sm aralı olan cərgələrdə aparılır. Cərgələrdə toxumların arası 10-15 sm götürülüb 7-9
sm dərinliyinə basdırılır. 1 hektara 3000 kq toxum səpilir. Qoz toxumları torpağa başı aşağı, köndələninə səpilir.
Tinglikdə torpaq müntəzəm olaraq yumşaldılır, alaqdan təmizlənir. Gələcəkdə şitillərin asan çıxarılmasını
təmin etmək üçün yan köklərin yaxşı inkişaf etməsinə şərait yaradılmalıdır. Bu məqsədlə əsas (mil) köklər
kəsilir.
Tinglikdə şitillər 1 və ya 2 il qalır. Sonra isə daimi əkin yerinə və ya qələmlik sahəsinə köçürülür və orada
şitillərin gövdəsinə və çətrinə düzgün forma verilir.
Şitillər tinglikdən erkən yazda çıxarılır. Bu dövrdə çıxarılıb əkilən şitillərin inkişafı bir qədər ləngidiyindən
erkən yaz şaxtalarına məruz qalmır. Şitillər çıxarıldıqdan sonra gövdələri zədələnməməlidir, onların kökləri
mümkün qədər aşağı hissədən kəsilməlidir ki, saxlanılan kökün uzunluğu 35 sm-dən kiçik olmasın.
Qələmlik sahəsində cərgələrin arası 1 m götürülür, cərgələrdə şitillər 40-50 sm-dən bir əkilir. Burada
şitillərə 2-3 il müddətində qulluq edilərək çətirlərinə forma verilir.
306
Şitillər daimi yerinə köçürülərkən torpaq bağ salmaq qaydası ilə hazırlanır, yəni payızda 60-70 sm dərinliyində
şumlanır, yazda isə kultivasiya olunub malalanır. Şitillər əkiləcək yerlər qabaqcadan qeyd olunur və çalalar hazırlanır.
Bağ salarkən şitillər tumurcuqlanmamışdan əkilir. Cərgə və şitillərin arasında məsafə 8-10 m götürülür. Şitillər
əkildikdən sonra hərəsinə 2-3 vedrə su verilir.
Məlum olduğu kimi, qoz meşə ağacıdır və ondan istifadə edərək süni meşəliklər salmaq vacibdir. Qoz ağacı
ilə qarışıq əkmək üçün elə ağac və kol cinsləri seçilməlidir ki, onlar boyca qozu ötüb keçməsin, torpağın səthinə
yaxşı kölgə salsın. Bu cəhətdən cökə, alma, armud və fındıqdan istifadə etmək daha məqsədəuyğundur.
Qozun meşə əkinləri kol və boyqovucu ağac cinsləri ilə qarışıq aparılır. Azərbaycan şəraitində birinci üsul
daha yaxşı nəticə verir. Meşə əkinlərində cərgəarası məsafə 2 m, cərgədə ağacların arası 0,5-1,0 m götürülür.
Qoz ağacları kol cinsləri ilə də qarışıq əkilir. Kol cinsi kimi fındıqdan istifadə etmək daha faydalıdır.
Əkindən sonra 3-5 il müddətində ağacların gövdəsinin aşağı hissəsində əmələ gələn tumurcuq və zoğlar kənar
edilir. Bu xidmət işi may və iyunda, ayda iki dəfə aparılmalıdır. Tumurcuq və zoğların kənar edilməsi ağacların
tez böyüməsinə şərait yaradır. Qoz ağacının tez böyüməsi, geniş sıx çətri, uzunömürlülüyü, qiymətli oduncağı
və dadlı meyvəsini nəzərə alaraq ondan tarlaqoruyucu meşə zolaqlarında istifadə edilməsi böyük əhəmiyyətə
malikdir. Respublikamızda Kür-Araz ovalığında, Samur-Dəvəçi və Lənkəran düzənlkilərində meşə zolaqları
saldıqda qozu əsas ağac cinsi kimi götürmək məqsədəuyğundur.
Yol kənarlarının yaşıllaşdırılmasında da adi qozdan geniş istifadə edilməlidir. Bu cəhətdən Qəbələ, Şəki,
Zaqatala-Laqodexi yolları boyu əkilən qoz xiyabanları təqdirəlayiqdir. Bu təcrübədən respublikamızın başqa
yollarının yaşıllaşdırılmasında da istifadə edilməlidir. Yol kənarlarında qoz ağacları yalnız gözəl dekorativ ağac
olduğu üçün deyil, həm də qoruyucu xüsusiyyətlərinə görə əkilir. Onun güclü kök sistemi torpağı və yolu yuyu-
lub dağılmaqdan mühafizə edir, nəhəng çətirləri ilə küləyin sürətini zəiflədərək yayın qızmarında yolu
kölgələndirir. Yolun iki tərəfi boyu bir cərgə əkilən qoz ağacları açıqlıqda olduğu üçün daha tez bar verməyə
başlayır. Yol kənarı yaşıl zolaqlar bir neçə cərgədə salına bilər. Belə halda cərgələrin arası 8-10 m götürülür.
Adi qoz ilin bütün fəsillərində gözəldir. O, həm də uzunömürlü olub, bir neçə əsr yaşayır. Odur ki, ondan
yaşıllaşdırma işlərində meşə parkların, parkların, xiyabanların yaradılmasında, küçələrdə və həyətyanı sahələrdə
istifadə edilməsi məsləhətdir. Yüksək fitonsidli bu bitki havanın təmizlənməsində böyük rol oynayır.
Dostları ilə paylaş: |