14.10. Adi şabalıd meşələrinin bərpası
(Castanea sativa Mill)
Şabalıd cinsinə 14 növ daxildir. Bunlardan təbii halda 7 növü Şimali Amerikada, 4 növü cənub-şərqi
Asiyada, bir növü (adi şabalıd – C. sativa) Qafqazda, Azərbaycanda yayılmışdır. Bu növə Aralıq dənizi, Balkan
ölkələri, Kiçik Asiya və İtaliyada rast gəlinir.
A.A.Qrossheym (1952), V.Z.Qulisaşvili (1956) qeyd edirlər ki, keçmiş SSRİ ərazisində təbii halda şabalıd
meşələri ancaq Qafqazda – Krasnodar ölkəsində və cənubi Qafqazda yayılmışdır. Kiçik sahələrdə şabalıd
meşələrinə şimali qərbi Qafqazda və Acar-İmeretiya dağlarında rast gəlinir. Şabalıdın şərq sərhədi Liaxva
çayına kimi çatır, sonra onun arealı kəsilir və iberiya palıdı ilə əvəz olunur. Böyük Qafqazın cənub yamacında
Kaxetiyada yenidən şabalıd meşələrinin arealı başlanır və Azərbaycanın ərazisinə daxil olur.
Azərbaycan respublikasında təbii halda şabalıd meşələrinə əsasən Böyük Qafqazın cənub yamacında –
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonları ərazisində rast gəlinir. Bu meşəliklər nisbətən kiçik
sahələri tutub əsas etibarilə dəniz səviyyəsindən 550-1200 (1300) metr hündürlükdə yamacın rütubətli şimal,
qərb və qismən cənub cəhətlərində yerləşir.
309
Şabalıd əksər halda palıd, vələs və fıstıqla meşəlik yaradır. Bəzən şabalıd xalis (sırf) ağaclıq da əmələ
gətirir. Kiçik «ləkələr» şəklində belə meşəliklərə Qumçay (Qax), Həmzəli və Dəstəmaz çayları (Qəbələ)
hövzəsində təsadüf edilir. Xalis şabalıd ağaclıqları seyrək halda bitir və çox vaxt dağ ətəklərinin nisbətən aşağı
yüksəkliklərini (500-900 metr) örtüb, yaşayış məntəqələrinə yaxın yerlərdə yayılmışdır. Tədqiqat işlərimiz
göstərdi ki, sırf şabalıd meşələrinin formalaşması insan fəaliyyətinin müsbət təsirilə sıx əlaqədardır. Belə
meşəliklər qarışıq ağaclıqların tərkibindən başqa cinsləri (palıd, vələs, fıstıq və s.) kəsib kənar etməklə yaradılır.
Bunu təmiz şabalıd meşələrində olan başqa ağac cinslərinin kötükləri və onların çoxlu yeniyetmələri təsdiq edir.
Böyük Qafqazın cənub yamacından başqa şabalıd ağacına qrup şəklində və kiçik sahələrdə iqlim şəratinə
görə bir qədər fərqlənən respublikamızın digər rayonlarında da rast gəlinir. Bura Kiçik Qafqazın Xanlar rayonu
(Zurnabad kəndinin ətrafı), Dağlıq Qarabağda – Xankəndi, Xocavənd, Hadrut rayonları, Böyük Qafqazın şimal-
şərq yamacında isə Quba rayonu aiddir.
M.S.Medvedyev (1930), V.Z.Qulisaşvili (1950), İ.S.Səfərov (1964) Qarabağda şabalıdın yabanı bitdiyini
göstərir. N.H.Axundov (1963) Zurnabadda şabalıdın süni salınmasını qeyd edir, Qarabağda isə şabalıdın süni
olmasını şübhəli sayır. V.A.Petrov (1940) Dağlıq Qarabağda şabalıdın yabanı halda bitməsini inkar edir.
Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycanın bir çox rayonlarının iqlim şəraiti
şabalıdın yetişdirilməsi üçün əlverişli sayıla bilər. Bununla yanaşı, ayrı-ayrı illərdə hava şəraitinin pis keçməsi
hətta şabalıdın təbii arealında ona mənfi təsir göstərə bilər. Bəzi ağacların cavan zoğlarını gec düşən şaxtalar
vurur.
Şabalıd meşələrinin yayılması və inkişafına təsir edən amillərdən biri torpağın karbonatlıq dərəcəsi və kali-
umun miqdarı hesab olunur. Tədqiqatçıların əksəriyyəti torpağın karbonatlı olmasının şabalıda mənfi təsir et-
diyini göstərir.
Kiçik Qafqazın dağlıq ərazisində – Xankəndi rayonunun Sağnax kəndi yaxınlığında, Xocavənd rayonunun
Taqavert kəndi ətrafında, Hadrud rayonunun Mədədkənd və Böyük Tağlar kəndləri yaxınlığında dəniz
səviyyəsindən 1200-1300 m yüksəklikdə şabalıd ağaclarına rast gəlinir. Burada şabalıd tək-tək nəhəng ağaclar
kimi və qarışıq palıd-vələs meşələrinin tərkibində (60-80 yaşlı) bitir.
Lənkəran-Astara zonasında şabalıd ağacının bitməsi üçün əlverişli sayılan subtropik iqlim şəraitində,
karbonatsız torpaqlarda bu cinsin təbii halda olmaması məsələsi hələ aydınlaşdırılmamışdır. Y.S.Medvedyev
(1930) burada şabalıdın təbii olmasını nəzərdə tutmuşdur. V.Z.Qulisaşvili (1950) Lənkəran zonasında şabalıdın
olmamasını anlaşılmaz bir məsələ hesab edir. S.Q.Nedyalkovun (1974) tədqiqatına görə isə İranın Xəzərətrafı
hissəsində şabalıd təbii halda bitir. S.Q.Nedyalkovun (1974) və İ.S.Səfərovun (1979) fikrincə, Talışda şabalıdın
təbii halda olmamasının səbəbini keçmiş geoloji dövrlərdəki iqlimin xüsusiyyətlərində araşdırmaq lazımdır.
Hazırda bu zonada müxtəlif vaxtlarda əkilmiş ağacların yaxşı vəziyyəti, onların normal böyüməsi, bol və sağlam
meyvə gətirməsi göstərilən tədqiqatçıların fikrini bir daha təsdiq edir.
Yuxarıda göstərilən bütün meşəliklər daima insan fəaliyyətinin təsiri altında olduğu üçün əsasən törəmə
meşə tipləri hesab edilir. Bu meşələr yamacın bütün cəhətlərində adətən müxtəlif dərəcədə skeletli, gilli və
gillicəli, karbonatsız süxurlar üzərində inkişaf edir. Meşənin təbii bərpası başqa ağac cinslərinin üstünlüyü ilə
gedir: yamacın şimal baxarlarında rütubətli torpaqlarda fıstıq, vələs, güney, nisbətən quru yamaclarda isə palıd
üstünlük təşkil edir. Təbii meşə bərpası şabalıdla yanaşı, cökə, yabanı gilas, armud, ağcaqayın və sairənin
hesabına gedir. Şabalıdın bərpası əsasən pöhrələrlə olub, tək-tək toxumdan əmələ gələn cücərtilərə də rast
gəlinir. Lakin bütün körpə ağaclar mal-qara tərəfindən məhv edilir.
Qeyd edildiyi kimi adi şabalıd iqlim şəraitinə müəyyən qədər plastik, torpaq şəraitinə isə özünəməxsus
tələbatı olan ağac növüdür. Bu cəhətləri nəzərə almadıqda əkilən şabalıd bağları və ya meşəlikləri istənilən
nəticəni vermir, ağaclar əyri gövdəli, alçaq boylu, az məhsuldar olur və müəyyən dövrdən sonra quruyub sıradan
çıxır.
Dağ rayonlarında meşə sahələrinin məhsuldarlığını artırmaq üçün şabalıd ağacı mühüm yer tutur.
Respublikamızda bu məqsədlə şabalıd əkinləri əsasən öz vətənində, yəni Böyük Qafqazın cənub yamacı
rayonlarında salınmışdır.
Şabalıd ağacı qalınlığı 20-60 santimetr olan qonur dağ-meşə torpaqlarında yaxşı boy atır. Lakin yamacın
cənub cəhətlərində quru bitmə şəraitində daşlı torpaqlarda onun böyüməsi xeyli ləng gedir.
Xalq təsərrüfatının müxtəlif sahələrində əhəmiyyətinə görə şabalıdı ən qiymətli ağac cinslərindən biri say-
maq olar. Şabalıdın yüksək keyfiyyətli oduncağından mebel, parket, faner, çalğı alətləri və bəzək detallarının
hazırlanmasında istifalə edilir. Keçmiş dövrdə şabalıd ağacının oduncağı qiymətli material kimi başqa yerlərə
göndərilirdi.
Deyilənlərə görə, Birinci dünya müharibəsi zamanı Fransada dağıdılmış Reyn kilsəsinin taxtadan
düzəldilmiş əşyaları bir neçə yüz il bundan əvvəl Abxaziyadan aparılmış şabalıd ağaclarından hazırlanmışdır.
Oduncağı tünd qəhvəyi rəngli gözəldir, bir qədər palıdı xatırladır, tərkibində aşılayıcı maddə olan tannidlər onu
çürüməyə qarşı palıddan da davamlı edir. Bu səbəbdən meşədə yıxılmış şabalıd ağaclarının gövdələri 100 ildən
artıq çürüməyib salamat qalır və istifadə üçün yararlı olur. Şabalıd ağacının oduncağından düzəldilən çəlləklərdə
saxlanılan konyak, çaxır və pivə xoşagələn xüsusi dadı, rəngi və ətri ilə fərqlənir. Şabalıdın meyvəsi yeməlidir,
310
ondan bişirilmiş və qovrulmuş halda istifadə olunur. Şabalıdın meyvəsindən alınan undan kulinariyada da
istifadə edilir, ondan 5-6% xəmirə qatdıqda çörək ləzzətli və dadlı olur.
Bir sıra pirojna və konfet məhsullarının hazırlanmasında da şabalıddan istifadə olunur. Tort məhsullarını
bəzəmək üçün şabalıdın meyvəsindən istifadə edirlər. Şabalıdın meyvəsindən kofe, kompot, şokolad, mürəbbə
də hazırlanır.Qənnadılaşmış şabalıd dünya miqyasında böyük ad qazandığından Şərqi Avropa ölkələrinə ixrac
edilir.
Şabalıd ağacının meyvəsində, kökündə, qabığında və gövdəsində 10%-ə qədər aşılayıcı maddələr vardır.
Onlar dərinin aşılanması üçün işlədilir.
Y.D.Xaryuzovaya görə 100 kq şabalıd ağacı oduncağından 18-20 kq ekstrakt alınır. Şabalıd meyvələrinin
tərkibində çoxlu miqdarda «A», «B», «C» vitaminləri vardır, A.A.Qrossheymə görə (1952) şabalıdın yarpaqları
«K» vitamininin mənbəyi sayılır. Onun «A», «B» və «C» vitaminləri olan təzə meyvələrində 44-45%-ə qədər su
olur. Quru ləpəsinin tərkibində 16-34% nişasta, 4-4,5% şəkər, 8-14% azotlu maddələr, o cümlədən 8-10% zülal
vardır: Bundan başqa şabalıd meyvəsinin tərkibində dekstrin, alma, limon və süd üzvi turşuları da vardır.
Nəhayət şabalıd ağacının çiçəkləri bal arıları üçün bol və keyfiyyətli nektar verir.
Süni şabalıd meşələri və bağları əsasən tingliklərdə yetişdirilən şitillərlə salınır. Toxumların quş və
gəmircilərdən qorxusu olmayan sahələrdə şabalıd səpin yolu ilə də artırıla bilər.
Tinglik mümkün qədər meşə və bağ salınması nəzərdə tutulan sahələrə yaxın olmalıdır. Belə halda əlverişli
hava şəraitindən istifadə edib, təzə çıxarılan şitilləri həmin sahələrə çatdırmağa və basdırmağa imkan yaranır.
Tinglik üçün münbit torpaqlı yaxşı işıq düşən sahə seçilir. Orada alaq otları biçilir, yandırılır, torpaq şumlanır,
yumşaldılır və səpin ləklər, şırımlar hazırlanır.
Şabalıdın toxumları meşədən sağlam və yaxşı boy atan ağaclardan yığılmalıdır. Toplanmış toxumların
içindən səpin üçün iri və girdələri seçilir. Bir sahədən yığılmış toxumları iqlim xüsusiyyətləri ilə kəskin
fərqlənən digər ərazidə istifadə etmək məqsədəuyğun deyildir.
Toxumlar payızda yığılan kimi, tinglikdə səpilir və ya yaza saxlanılır. Ərazinin iqlim şəraitindən asılı ola-
raq, yazda səpin mart və ya aprel ayında aparılır.
Şabalıd toxumları qış dövründə (yaza qədər) xüsusi zirzəmilərdə, yaxşı havalı xəndəklərdə, yeşiklərdə
saxlanılır. Stratifikasiya üçün qum, saman və quru xəzəldən istifadə edilir. Şəki-Zaqatala zonası rayonlarında
yerli əhali ağacdan çırpdıqdan sonra şabalıd toxumlarını qərzəkli halda qıjının (ayıdöşəyinin) arasında saxlayır.
Bu üsulla şabalıd toxumları yaza qədər çox yaxşı qalır. Ümumiyyətlə, çalışmaq lazımdır ki, saxlanan dövrdə
şabalıd toxumları normal rütubətlə təmin olunsun, həm də şaxtadan və ziyanvericilərdən ziyan çəkməsin.
Şabalıd toxumlarının cücərmə faizi səpinqabağı 80-dən aşağı olmamalıdır. Torpağın mexaniki tərkibindən
asılı olaraq toxumlar şırımlarla 5-10 sm dərinliyində basdırılır, toxumların arası 4-10 sm götürülür. Şırımlarda
toxumlar adətən torpağa başı aşağı və ya böyrü üstə qoyulur. Ləklərdə şırımların arası 12-20 (25) sm qəbul edi-
lir. Bir kvadratmetr ləkə orta hesabla 1 kq toxum səpilir.
Səpini gəmiricilərdən qorumaq məqsədilə toxumlar müxtəlif zəhərli maddələrlə isladılır. Toxumların
mühafizəsi işini bir qədər də asanlaşdırmaq üçün onlar cücərməyə başladığı dövrdə səpilir. Belə toxumları
səpərkən kökcüklərin (tumurcuqların) uclarını qırmaq vacibdir, bu zaman yerüstü yan köklər sürətlə inkişaf
etməyə başlayır.
Əgər tinglikdə əkin materialı bağ yetişdirmək üçün nəzərdə tutulmuşsa, 1-2 yaşlı şitillər payızda və ya qışın
sonunda qələmlik sahəsinə köçürülür. Yerüstü saçaqlı köklərin inkişafına şərait yaratmaq məqsədilə çıxarılmış
şitillərin əsas kökləri (təxminən üçdə bir hissəsi qədər) kəsilir. Bəzən gövdəciyin aşağı hissəsində əmələ gələn
budaqcıqlar da kənar edilir. Qələmlik sahəsində 5-6 yaşında əkin materialı hazırlanırsa, cərgəaraları 1 m,
cərgələrdə şitillərin arası 80 sm götürülür. Burada şitillərin aşağı hissəsində əmələ gələn budaqcıqlar hər il
kəsilir və əsas budaq calaq aparmaq üçün hazırlanır.
5-6 yaşlı şitillərin boyu 2-2,5 m-ə çatdıqda onları 1,5-2,0 m hündürlükdən calaq etmək olar. Calaq zamanı
ağacın təpə hissəsi və bütün yan budaqları kəsilir. Calaq ediləndən sonra şitillər qələmlik sahəsində 1-2 il də
qalır.
Yamacın dikliyi, torpaq qatının qalınlığı və s. asılı olaraq şabalıd əkinləri üçün sahə zolaqlarla və mey-
dançalar şəklində hazırlanır. Hazırlanmış sahələrdə əkin üçün çalalar payızın əvvəlində qazılır, onların ölçüləri
əkin materialının böyüklüyündən asılı olur. 1-2 illik şitillər üçün ölçüləri 45x45 sm, dərinliyi isə 30 sm olan ça-
lalar qazılır. Geniş kök sisteminə və 2-2,5 m hündürlüyə malik olan iri şitillərlə şabalıd bağı saldıqda isə
çalaların ölçüləri 100x100 sm, dərinliyi 60-70 sm olmalıdır.
Şabalıd bağı salarkən ağaclar seyrək yerləşdirilir, onların arası 8-10 m-ə qədər götürülür. Münbit torpaqlar-
da şabalıd sürətlə qol-budaq ataraq yaratdığı geniş çətirlər tez birləşir. Odur ki, bol meyvə məhsulu əldə etmək
üçün 40 yaşından sonra ağaclar seyrəldilməlidir. Seyrəltmə apardıqdan sonra ağacların arasında 16, 20, 24 m
məsafə qalır.
Dik yamaclarda və eroziyaya uğramış yuxa torpaqlı sahələrdə ağaclar sıx əkilməlidir.
Dostları ilə paylaş: |