N.K.Mikayılov (2003) tərəfindən Kür-Araz düzündə ağır gilli şoranların və şoran-şorakətlərin meliorativ
yaxşılaşdırılması məqsədilə kimyəvi meliorantlar tətbiq etməklə yuma işləri aparılmışdır. Meliorantlar aparılmış
sahələrdə torpaqların fiziki, fiziki-kimyəvi və su-fiziki xassələri xeyli yaxşılaşmış, yumadan sonra sahələr müxtəlif
kənd təsərrüfatı bitkiləri altında istifadə olunmuşdur (düyü, pambıq, arpa, yemlik noxud, taxıl, yonca və b.).
A.İ.İsmayılov (2003) tərəfindən Azərbaycanda ilk dəfə olaraq torpaq informatikasının konseptual elmi
əsasları işlənib hazırlanmış, torpaq tədqiqatlarının operativ, obyektiv və riyazi əsaslarla araşdırılmasını təmin
edən informasiya sistemi yaradılmış, torpaq ekoloji sisteminin əsas informativ göstəricilərinə əsaslanan
məlumatların təsvir dili və müvafiq klassikatorlar tərtib olunmuş və torpaq təsnifatının informasiya bazası təşkil
olunmuş, torpaqda gedən proseslərin təbiətini nəzərə almaqla torpaqların münbitlik modellərinin qurulmasının
yeni üsulu təklif olunmuşdur.
N.A.İsmayılova (2003) Böyük Qafqazın cənub-şərq yamacı meşəaltı torpaqların bonitirovkasını aparmışdır.
Tədqiqatlar nəticəsində ekoloji rayonların ekoloji qiymət xəritəsi (1:100000) tərtib edilmişdir.
M.Ə.Yusibov (2004) Qanıx-Türyançay kadastr rayonunun kənd təsərrüfatına yararlı torpaqlarını tədqiq
etmiş, taxıl və yemaltı torpaqların bonitirovkasında müqayisə üçün torpaq-iqlim düsturlarından da istifadə
edərək, rayon üçün səciyyəvi olan bir neçə torpağın aqroekoloji münbitlik modelini tərtib etmişdir.
N.Ə.Sultanova (2004) Abşeronun tərəvəzaltı (pomidor) boz-qonur torpaqlarının torpaq-ekoloji
xüsusiyyətlərini tədqiq etmiş, ilk dəfə olaraq 1:5000 miqyasında pilot təsərrüfatda münbitlik amillərinin
səciyyəsi əsasında torpaqların ekoloji qiymət xəritəsini tərtib etmiş, kontur qiymətləndirmə metodundan istifadə
etməklə həmin miqyasda torpaqların bonitet şkalasını qurmuş, aqroistehsalat qruplaşdırılmasını aparmışdır.
Azərbaycanda ekoloji problemlərdən biri hesab olunan torpaq eroziyası və sel hadisələri haqqında
fikirlərə yalnız XIX əsrin sonlarında rast gəlmək olar. N.S.Nikitin (1866) İlisu dərəsi haqqındakı oçerkində
yazırdı ki, Qax rayonunda Kürmükçayın bulanıq suları suayrıcından başlayır və çay oradan çoxlu eroziya
məhsulları gətirərək İlisu kəndindən aşağıda çökdürür. D.Karqanov 1875-ci ildə yazırdı ki, güclü yağışdan sonra
Zaqatalanın şəhər divarının dağılmasını, N.İ.Statkovski isə Salavat aşırımından Hərbi Axtı yolunun salınması
zamanı (1846-cı ildə) Şinçaydan güclü sel keçdiyini göstərmişdir.
H.B.Zərdabi (1876-1877) yazırdı ki, meşələrin intensiv qırılması iqlimi dəyişdirir və torpaq güclü
yuyulmağa məruz qalır, bu zaman çaylar bulanıq axır. Elə həmin dövrdə Zərdabi Abşeron yarımadasında şimal
küləyinin təsirilə hərəkət edən qumların zərəri haqqında göstərirdi və küləyə qarşı bu şəraitdə yaxşı bitən əncir
və narın əkilməsini tövsiyə edirdi.
1935-ci ildə N.İ.Sitkovski Balakənçayda sel hadisələrini tədqiq edir. 1937-ci ildə B.A.Klopotovski Pir-
saatçay hövzəsində və 1939-cu ildə Xanlar rayonunun dağlıq hissəsində eroztya prosesinin intensivliyi və
coğrafi yayılmasını öyrənmişdir.
1945-ci ildən başlayaraq torpaq eroziyası üzrə tədqiqat işləri Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqro-
kimya İnstitutunda müntəzəm olaraq aparılmışdır. 1950-ci ildə Torpaq-Eroziya Stansiyası yaradılır.
K.Ə.Ələkbərovun, sonralar isə X.M.Mustafayevin başçılığı ilə respublikanın regionlarında, ayrı-ayrı çay
hövzələrində torpaq eroziyasının coğrafi yayılması, müxtəlif dərəcədə eroziyaya uğramış sahələrin
müəyyənləşdirilməsi həyata keçirilir. Bu istiqamətdə marşrut, stasionar və yarımstasionar şəraitdə aparılan
tədqiqatların nəticəsində ayrı-ayrı rayonlar üzrə torpaq-eroziya xəritələri tərtib edilir, eroziyaya uğramış
torpaqların münbitliyini artırmaq və eroziyaya qarşı mübarizə tədbirlərinin elmi əsasları hazırlanır. Bu iş böyük
erozionist ordusu tərəfindən yerinə yetirilir. Onlardan X.M.Mustafayev, A.İ.İzyumov, Q.Q. Həsənov,
Q.S.Rəhimov, X.Q.Seyidova, Ə.A.İbrahimov, M.Y.Xəlilov, N.Ə.Əsədov, B.K.Şakuri, Ş.Q.Hüseynov, S.M. Nu-
rullayev, Ş.A.Ağayev, Q.A.Qiyasi və bir sıra başqalarını göstərmək olar.
Eroziya ilə bağlı sel hadisələri erozionistlərlə (Mustafayev X., Ələkbərov K.) yanaşı, respublikamızda
əsasən Coğrafiya İnstitutunun tədqiqatçıları (S.H.Rüstəmov, B.Ə.Budaqov, İ.E.Mərdanov, B.T.Nəzirova,
Əyyubov A.C., Quluzadə V.A., Babaxanov N.A., Nəbiyev X.L., Məmmədov D.X. və b.) və digər təşkilatlar
(İbadzadə Y., Leontyev L.N., Roşin N.İ., Sitkovski N.İ. və b.) tərəfindən öyrənilmişdir. Bu tədqiqatçılar öz
əsərlərində respublikamızın ayrı-ayrı regionlarında və çay hövzələrində sel hadisələrinin yaranma səbəbləri,
onun iqtisadi nəticələri və sellərə qarşı mübarizə tədbirləri haqqında geniş məlumatlar verir.
Respublikamızda təbii fəlakətlərin, o cümlədən, sellərin və daşqınların tədqiqi tarixi, iqtisadi və sosial-
coğrafi öyrənilməsi N.A.Babaxanov və N.Ə.Paşayevin «Təbii fəlakətlərin iqtisadi və sosial-coğarfi
öyrənilməsi» əsərində (2004) ətraflı şərh olunmuşdur.
Dostları ilə paylaş: |