Kağızqabıq, ləpəsi asan çıxan badam sortu erkən çiçəkləyir. Şamaxıda martın ortalarında çiçək açmışdır.
Buradakı 7 yaşlı ağacların boyu 2,8-3,0 m, diametri isə 7,5 sm-dir. 1979-cu ildə çiçəklərini şaxta vurmuş və
meyvə məhsulu olmamışdır. 1982-ci ildə Şamaxıda yığılmış meyvəsinin ləpə çıxımı 50,5% olmuşdur.
Terraslarda qərzəkli ağac cinslərinin daha yaxşı inkişaf etməsi və eroziyaya qarşı daha effektli nəticə
verməsi üçün yeni səmərəli qarışdırma sxemi tətbiq edilmişdir. Belə ki, Ağsu, Şamaxı, Dəvəçi və Zəngilan
rayonlarında püstə və badam terraslarda eldar şamı ilə cərgələrdə qarışdırılmış, eyni zamanda hər 3 ağac cinsi
sırf cərgələrlə əkilmişdir. Terraslar arasında qalan zolaqlarda isə kol cinsləri – sumaq, ölməz kol və göyəm
əkilmişdir. Belə sxemlə yaradılmış meşə-bağlar öz yerüstü hissələri və kök sistemləri ilə yamaclarda eroziya
prosesinin qarşısını müvəffəqiyyətlə ala bilir. 1968-ci ildən başlayaraq indiyə qədər göstərilən rayonların
ərazisində terraslarda salınan belə meşə-bağların sahəsi 2007 hektar təşkil edir. Bu meşə-bağların ən jeniş
massivləri Dəvəçi və Siyəzən rayonları ərazisində olub 1000 hektara yaxındır. Burada yarımsəhra şəraitində
vaxtilə daşlı, bəhrəsiz olan yamaclar indi təbiətin yaşıl bir guşəsinə çevrilmişdir. Ağaclar boya-başa çatdıqca bu
dağların gözəlliyi ilbəil artır. 1983-cü ildən başlayaraq terraslarda salınacaq yeni meşə-bağlarda əkin sxemlərinə
daş palıd, iydəyarpaq armud və Krım şamı, zeytun da daxil edilmişdir.
Elmi-tədqiqat işlərinin nəticələri və ayrı-ayrı rayonlarda mövcud olan qərzəkli ağacların tədqiqi göstərdi ki,
respublikamızın əksər regionlarında, o cümlədən, Böyük və Kiçik Qafqazın aşağı dağ-meşə qurşağı və dağətəyi
massivlərində, Naxçıvan zonasında, Abşeronda qiymətli püstə və badam sortları yetişdirmək, onların sahəsini
genişləndirmək olar. Hazırda respublikamızın ayrı-ayrı rayonlarında eroziyaya uğrayaraq kənd təsərrüfatı
bitkiləri üçün yararlı olmayan torpaqların sahəsi 100 min hektara çatır. Bu ərazilərdə püstə və badamdan istifadə
edib bağlar, meşə-bağların salınması respublikamızda meyvəçiliyin inkişaf etdirilməsinə kömək edəcəkdir.
Salınacaq yaşıllıqlar bəhrəsiz quru, daşlı yamacları cana gətirəcək, oranın iqlimini yaxşılaşdıracaq, ov
heyvanları və quşların çoxalması, ərazinin estetik vəziyyətinin daha da gözəlləşməsi üçün zəmin yaradacaqdır.
Dostları ilə paylaş: |