A.H.Babayev (1995) respublikada ilk dəfə olaraq torpaq münbitliyinin riyazi modellərini işləmişdir.
M.M.Yusifova (2000) tərəfindən Arazboyu üzümaltı torpaqların ekoloji rayonlar üzrə bonitet balları
hesablanmış, 1:100000 miqyaslı ekoloji qiymət xəritələri tərtib edilmişdir.
V.A.Quliyev (2000) Azərbaycanın şimal-şərq əkinçilik zonasının 1:100000 miqyasında torpaq, torpaq-
kadastr rayonlaşdırılması xəritələrini hazırlamış, bonitet və aqroistehsalat qruplaşdırılması kartoqramlarını tərtib
etmişdir.
23
C.Ə.Şabanov (2001) Lənkərançay hövzəsi daxilində torpaqların münbitlik göstəricilərinin (humus, azot, pH,
NPK, udulmuş əsasların cəmi və s.) 30-40 il ərzində dəyişkənliyini – monitorinqini öyrənmişdir. Müəllif
torpaqların bonitet şkalalarını tərtib etmiş, onların orta çəkili bonitet balını müəyyən etmiş, bonitet kartoqramını
(1:100000) tərtib etmişdir.
M.Ə.Bayramov (2002) Ceyrançöl qış otlaq torpaqlarının torpaq-ekoloji rayonlaşdırılması xəritəsini tərtib
etmiş, torpaqların bonitet və aqroistehsalat göstəricilərini xəritə (1:100000) üzərində yerəşdirmişdir.
N.K.Mikayılov (2003) tərəfindən Kür-Araz düzündə ağır gilli şoranların və şoran-şorakətlərin meliorativ
yaxşılaşdırılması məqsədilə kimyəvi meliorantlar tətbiq etməklə yuma işləri aparılmışdır. Meliorantlar aparılmış
sahələrdə torpaqların fiziki, fiziki-kimyəvi və su-fiziki xassələri xeyli yaxşılaşmış, yumadan sonra sahələr müxtəlif
kənd təsərrüfatı bitkiləri altında istifadə olunmuşdur (düyü, pambıq, arpa, yemlik noxud, taxıl, yonca və b.).
A.İ.İsmayılov (2003) tərəfindən Azərbaycanda ilk dəfə olaraq torpaq informatikasının konseptual elmi
əsasları işlənib hazırlanmış, torpaq tədqiqatlarının operativ, obyektiv və riyazi əsaslarla araşdırılmasını təmin
edən informasiya sistemi yaradılmış, torpaq ekoloji sisteminin əsas informativ göstəricilərinə əsaslanan
məlumatların təsvir dili və müvafiq klassikatorlar tərtib olunmuş və torpaq təsnifatının informasiya bazası təşkil
olunmuş, torpaqda gedən proseslərin təbiətini nəzərə almaqla torpaqların münbitlik modellərinin qurulmasının
yeni üsulu təklif olunmuşdur.
N.A.İsmayılova (2003) Böyük Qafqazın cənub-şərq yamacı meşəaltı torpaqların bonitirovkasını aparmışdır.
Tədqiqatlar nəticəsində ekoloji rayonların ekoloji qiymət xəritəsi (1:100000) tərtib edilmişdir.
M.Ə.Yusibov (2004) Qanıx-Türyançay kadastr rayonunun kənd təsərrüfatına yararlı torpaqlarını tədqiq
etmiş, taxıl və yemaltı torpaqların bonitirovkasında müqayisə üçün torpaq-iqlim düsturlarından da istifadə
edərək, rayon üçün səciyyəvi olan bir neçə torpağın aqroekoloji münbitlik modelini tərtib etmişdir.
N.Ə.Sultanova (2004) Abşeronun tərəvəzaltı (pomidor) boz-qonur torpaqlarının torpaq-ekoloji
xüsusiyyətlərini tədqiq etmiş, ilk dəfə olaraq 1:5000 miqyasında pilot təsərrüfatda münbitlik amillərinin
səciyyəsi əsasında torpaqların ekoloji qiymət xəritəsini tərtib etmiş, kontur qiymətləndirmə metodundan istifadə
etməklə həmin miqyasda torpaqların bonitet şkalasını qurmuş, aqroistehsalat qruplaşdırılmasını aparmışdır.
Azərbaycanda ekoloji problemlərdən biri hesab olunan torpaq eroziyası və sel hadisələri haqqında
fikirlərə yalnız XIX əsrin sonlarında rast gəlmək olar. N.S.Nikitin (1866) İlisu dərəsi haqqındakı oçerkində
yazırdı ki, Qax rayonunda Kürmükçayın bulanıq suları suayrıcından başlayır və çay oradan çoxlu eroziya
məhsulları gətirərək İlisu kəndindən aşağıda çökdürür. D.Karqanov 1875-ci ildə yazırdı ki, güclü yağışdan sonra
Zaqatalanın şəhər divarının dağılmasını, N.İ.Statkovski isə Salavat aşırımından Hərbi Axtı yolunun salınması
zamanı (1846-cı ildə) Şinçaydan güclü sel keçdiyini göstərmişdir.
H.B.Zərdabi (1876-1877) yazırdı ki, meşələrin intensiv qırılması iqlimi dəyişdirir və torpaq güclü
yuyulmağa məruz qalır, bu zaman çaylar bulanıq axır. Elə həmin dövrdə Zərdabi Abşeron yarımadasında şimal
küləyinin təsirilə hərəkət edən qumların zərəri haqqında göstərirdi və küləyə qarşı bu şəraitdə yaxşı bitən əncir
və narın əkilməsini tövsiyə edirdi.
1935-ci ildə N.İ.Sitkovski Balakənçayda sel hadisələrini tədqiq edir. 1937-ci ildə B.A.Klopotovski Pir-
saatçay hövzəsində və 1939-cu ildə Xanlar rayonunun dağlıq hissəsində eroztya prosesinin intensivliyi və
coğrafi yayılmasını öyrənmişdir.
1945-ci ildən başlayaraq torpaq eroziyası üzrə tədqiqat işləri Azərbaycan SSR EA Torpaqşünaslıq və Aqro-
kimya İnstitutunda müntəzəm olaraq aparılmışdır. 1950-ci ildə Torpaq-Eroziya Stansiyası yaradılır.
K.Ə.Ələkbərovun, sonralar isə X.M.Mustafayevin başçılığı ilə respublikanın regionlarında, ayrı-ayrı çay
hövzələrində torpaq eroziyasının coğrafi yayılması, müxtəlif dərəcədə eroziyaya uğramış sahələrin
müəyyənləşdirilməsi həyata keçirilir. Bu istiqamətdə marşrut, stasionar və yarımstasionar şəraitdə aparılan
tədqiqatların nəticəsində ayrı-ayrı rayonlar üzrə torpaq-eroziya xəritələri tərtib edilir, eroziyaya uğramış
torpaqların münbitliyini artırmaq və eroziyaya qarşı mübarizə tədbirlərinin elmi əsasları hazırlanır. Bu iş böyük
erozionist ordusu tərəfindən yerinə yetirilir. Onlardan X.M.Mustafayev, A.İ.İzyumov, Q.Q. Həsənov,
Q.S.Rəhimov, X.Q.Seyidova, Ə.A.İbrahimov, M.Y.Xəlilov, N.Ə.Əsədov, B.K.Şakuri, Ş.Q.Hüseynov, S.M. Nu-
rullayev, Ş.A.Ağayev, Q.A.Qiyasi və bir sıra başqalarını göstərmək olar.
Eroziya ilə bağlı sel hadisələri erozionistlərlə (Mustafayev X., Ələkbərov K.) yanaşı, respublikamızda
əsasən Coğrafiya İnstitutunun tədqiqatçıları (S.H.Rüstəmov, B.Ə.Budaqov, İ.E.Mərdanov, B.T.Nəzirova,
Əyyubov A.C., Quluzadə V.A., Babaxanov N.A., Nəbiyev X.L., Məmmədov D.X. və b.) və digər təşkilatlar
(İbadzadə Y., Leontyev L.N., Roşin N.İ., Sitkovski N.İ. və b.) tərəfindən öyrənilmişdir. Bu tədqiqatçılar öz
əsərlərində respublikamızın ayrı-ayrı regionlarında və çay hövzələrində sel hadisələrinin yaranma səbəbləri,
onun iqtisadi nəticələri və sellərə qarşı mübarizə tədbirləri haqqında geniş məlumatlar verir.
Respublikamızda təbii fəlakətlərin, o cümlədən, sellərin və daşqınların tədqiqi tarixi, iqtisadi və sosial-
coğrafi öyrənilməsi N.A.Babaxanov və N.Ə.Paşayevin «Təbii fəlakətlərin iqtisadi və sosial-coğarfi
öyrənilməsi» əsərində (2004) ətraflı şərh olunmuşdur.
Flora və bitki örtüyü sahəsi
Azərbaycanda flora və bitki örtüyünün öyrənilməsi o qədər də qədim tarixə malik deyildir.
24
İlk vaxtlar Qafqazın bu maraqlı regionuna tək-tək tədqiqatçılar gəlmişlər. Ayrı-ayrı təbiətşünaslar Qafqazın
çətin relyef şəraitində yerləşən və hələ öyrənilməyən zəngin təbiətinə səyahət etmişlər. XVIII əsrdə və XIX
əsrin əvvəllərində təbiətşünaslar bitki örtüyü ilə yanaşı, təbiət elminin digər sahələrini-geologiyanı,
mineralogiyanı, xüsusilə zoologiyanı öyrənməyə başlamışlar.
1725-ci ildə Sankt-Peterburq Elmlər Akademiyası Qafqaza bir sıra ekspedisiyalar təşkil edərək təbii
sərvətləri öyrənməyə başladı. Cənubi Qafqazın ilk tədqiqatçısı 1700-1702-ci ildə məşhur botanik Turnefor
olmuşdur. 1724-1725-ci illərdə Rusiya Elmlər Akademiyasının ilk botaniki Buksbaum Qafqaza səyahət etdi.
S.T.Qmelinin başçılıq etdiyi Rusiya Elmlər Akademiyasının ekspedisiyaları tərəfindən 1770-1773-cü illərdə
Qafqazın florasının öyrənilməsi sahəsində böyük işlər görülmüşdür.
XVIII əsrin sonunda Küldenştatd və Pallas Qafqaz regionu üzrə zəngin floristik material toplamışlar.
X.X.Steven Qafqazın, o cümlədən Azərbaycanın bir sıra meşəli rayonlarında olmuşdur. O, 1805-ci ildə Qax-
etiya, Qartaliniya və Somxetiyada və Gəncənin ətraf ərazilərində olmuşdur. X.X.Steven 1810-cu ildə Qafqazın
bir çox rayonlarına səyahət etmiş, Qubada olaraq Şahdağa, Tufandağa qalxmış, Böyük Qafqazın cənub
yamacının ayrı-ayrı sahələrini (Şamaxı, Vəndam, Şəki) gəzmiş, Bakıda və Gəncədə olmuşdur.
Qafqaz bitkiləri, o cümlədən meşə florası nüsxələrinin zəngin kolleksiyası imperator Botanika bağının di-
rektoru K.A.Meyer (1829-1830), Talış florası üzrə isə F.Qoqenager (1834-1835) və E.K.Eyxvald (1820)
tərəfindən toplanmışdır.
XIX əsrin ortalarında o dövrün məşhur dendroloqu Karl Kox Qafqazda böyük botaniki tədqiqatlar
aparmışdır. Qafqaz üzrə səyahətini yekunlaşdıraraq Şərqi Qafqazın ayrı-ayrı hissələrindən kolleksiyalar
toplamışdır. O, öz işlərində Qafqaz florasının xarakteristikasını vermiş və Qafqazın floristik əyalətlərə
bölünməsi təşəbbüsünü göstərmişdir. 1880-ci ildə Kox Qafqaxın bitki örtüyünün xəritəsini tərtib etmişdir.
XIX əsrin sonlarında toplanmış materiallar əsasında tədqiqatçılar Qafqazın ayrı-ayrı vilayətlərinin florasını
müqayisə etmiş, floristik və coğrafi-botaniki rayonlaşdırma üzrə təşəbbüslər göstərmişlər. Bu dövrdə floristik
tədqiqatlar və bitki növlərinin sistematikası və coğrafiyasının öyrənilməsilə yanaşı, Qafqaz rayonlarının bitki
örtüyünü səciyyələndirən dəqiq bitki təsvirləri yerinə yetirilmişdir. Bu baxımdan olan işlərdən görkəmli
alimlərdən Q.İ.Radde, Y.S.Medvedyev, M.N.Smirnov, Y.A.Voronov, F.P. Keppen, V.N.Lipski, N.İ. Kuznetsov,
A.Voronin, D.İ.Sosnovski və A.A.Qrossheymin işlərini qeyd etmək olar.
Bu tədqiqatçılardan Q.İ.Radde, Y.S.Medvedyev və N.İ. Kuznetsov bu və ya digər prinsiplərə əsaslanaraq
Azərbaycanı da əhatə etməklə Qafqazı bir sıra floristik və botaniki-coğrafi vilayətlərə və əyalətlərə bölmüşlər.
Şərqi cənubi Qafqazın meşə bitkisinin öyrənilməsində Y.S.Medvedyev və N.İ.Kuznetsovun işləri böyük
əhəmiyyət kəsb edir. Y.S.Medvedyevin «Zaqafqaziya meşələrinin oçerki» (1882) və «Qafqazda bitki örtüyünün
vilayətləri haqqında» (1907, 1914) əsərləri bu baxımdan xüsusilə qiymətli sayılır.
N.İ.Kuznetsovun «Qafqazın coğrafi-botaniki əyalətlərə bölünməsi prinsipləri» (1909) əsəri Qafqazda bitki
örtüyünün, o cümlədən meşə bitkisinin öyrənilməsi işində yeni və mühüm mərhələ hesab olunur. N.İ.Kuznetsov
bitki örtüyünün öyrənilməsində tarixi metoddan istifadə edən ilk tədqiqatçılardandır, bu baxımdan. onun
tədqiqatı yüksək qiymətə layiqdir.
N.İ.Kuznetsovun tərtib etdiyi Qafqazın coğrafi-botaniki əyalətləri xəritəsində Dağıstan-Quba, Somxeti-
Qarabağ, İberiya və Lənkəran meşə vilayətləri bilavasitə Azərbaycan ərazisi daxilindədir. Sonralar müxtəlif
müəlliflər tərəfindən Qafqazın bitki örtüyünün botaniki-coğrafi əyalətlərə bölünməsi işi N.İ.Kuznetsovun
bölgüsünün dəqiqləşdirilməsi istiqamətində aparılmışdır.
Beləliklə, yuxarıda qeyd edilən tədqiqatlar zamanı Azərbaycanda bitki örtüyünün öyrənilməsi respublikanın
ayrı-ayrı hissələrində yerinə yetirilərək ümumi plan əsasında aparılmış, epizodik xarakter daşımış və bu işlərin
az praktiki əhəmiyyəti olmuşdur.
Azərbaycanın o dövrdə bitki örtüyünü xüsusi öyrənən idarəsi olmamış, respublikanın ərazisindən toplanan
bitki kolleksiyaları kənara çıxarılmışdır.
Azərbaycanda bitki örtüyünün xalq təsərrüfatının əhəmiyyəti mənafeyinə planlı, məqsədyönlü öyrənilməsi
1920-ci ildən sonra olmuşdur. Yeni açılmış ali məktəblərdə təşkil olunmuş botanika kafedralarında floranın,
bitki fiziologiyasının öyrənilməsi, Azərbaycan bitkilərindən ilk kolleksiyaların toplanmasına başlanıldı.
Azərbaycanın bitki örtüyünün öyrənilməsi və botanika elminin inkişafında akademik A.A.Qrossheymin
xüsusi rolu olmuşdur (1888-1946). 1924-1947-ci illərdə Azərbaycanda bütün botanika tədqiqatları əslində
A.A.Qrossheymin adı ilə bağlıdır. Bu dövr ərzində botanika tədqiqatları onun rəhbərliyi altında, bilavasitə onun
və ya onun şagirdlərinin iştirakı ilə yerinə yetirilmişdir.
Azərbaycanda bitki örtüyünün və floranın öyrənilməsində xalq torpaq komissarlığının təşkil etdiyi qış və
yay otlaqlarının geobotaniki tədqiqatları böyük rol oynamışdır. Bu tədqiqatlara A.A.Qrossheym başçılıq
etmişdir. Tədqiqatların əsas məqsədi respublikada otlaq təsərrüfatının nizamlanması olmuşdur. Qış otlaqlarını
öyrənərkən A.A.Kolakovski (1933), L.İ.Prilipko (1939, 1948, 1950), M.İ.Saxokia (1931), həm də Kürqırağı və
Arazətrafı tuqay meşələrini, düzən palıd meşələrini və seyrək saqqız meşələrini tədqiq etmişlər. Qış otlaqları ilə
məşğul olan tədqiqat dəstəsi (Axverdov, Yaroşenko) subalp çəmənlərinə bitişik meşənin yuxarı sərhədini də
öyrənmişlər.
25
Qış və ya otlaqlarının tədqiqatlarının nəticələri Azərbaycan xalq torpaq komissarlığı tərəfindən buraxılmış
32 əsərlər silsiləsində çap edilmişdir.
1926-cı ildə A.A.Qrossheymin əsasən meşə örtüyünə həsr olunmuş «Talışın florası» adlı qiymətli əsəri nəşr
edilir. Kitabda Hirkan florası dərindən təhlil olunur, dəniz səthindən hündürlüyə görə Talışın meşə örtüyü düzən
meşəsinə, aşağı, orta və yuxarı dağ meşə regionlarına bölünür. Hər bir zona üçün meşənin botaniki
xarakteristikası verilir. 1936-cı ildə isə A.A.Qrossheymin «Qafqaz florasının təhlili» adlı kapital monoqrafiyası
nəşr olunur.
1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi açılır, onun nəzdində isə
A.A.Qrossheymin başçılıq etdiyi botanika bölməsi təşkil olunur. 1936-cı ildə bölmənin əsasında, tərkibində
Nəbatat bağı olan Botanika İnstitutu yaradılır. Bitki örtüyünün, floranın, bitki sərvətlərinin, həmçinin bitki
fiziologiyasının öyrənilməsi sahəsində Botanika İnstitutu botanika elminin mərkəzinə çevrilir və elmi-tədqiqat
işlərini əsasən üç istiqamətdə (bitki örtüyünün öyrənilməsi, floranın öyrənilməsi və bitki sərvətlərinin
öyrənilməsi) aparır.
İnstitut bitki örtüyünün xəritələşdirilməsi üzrə böyük işlər yerinə yetirir. Hələ 1930-cu ildə A.A.Qrossheym
Zaqafqaziyanın ilkin bitki örtüyünün sxematik xəritəsini tərtib edir. 1931-ci ildə mövcud kartoqrafik materiallar
əsasında A.A.Qrossheym və L.İ.Prilipko tərəfindən Azərbaycanın 1:1000000 miqyasında geobotaniki xəritəsi
tərtib olunur. Azərbaycan meşələrinin ümumi təsviri 1945-ci ildə nəşr olunan «Azərbaycan SSR-in fiziki
coğrafiyası» kitabında L.İ.Prilipko tərəfindən verilir.
Sonralar L.İ.Prilipko (1945) Lənkəran zonasının hirkan meşələrində, 1947-ci ildə Əlican, Türyançay və
Göyçay çayları hövzələrində (Bozdağda) ardıc-saqqız meşələrində, 1948-ci ildə Samux tuqay meşələrində dərin
tədqiqatlar aparır. Uzun illər boyu Azərbaycanın meşələrinin hərtərəfli öyrənilməsi nəticəsində topladığı zəngin
materiallar əsasında 1954-cü ildə L.İ.Prilipko «Azərbaycanın meşə bitkiləri» adlı kapital monoqrafiyasını nəşr
etdirir.
Azərbaycan Respublikasında bitki örtüyünün öyrənilməsində V.İ.Ulyanişev, Ş.O.Barxalov, V.X.Tutayuk,
İ.İ. Karyagin, İ.N.Beydeman, P.D.Yaroşenko, Ü.M.Ağamirov, V.Q. Xryanovski, Y.M.İsayev, V.C.Hacıyev,
V.Ş.Quliyev, V.S. Novruzov, O.V.İbadov, A.A.Bayramov, S.H.Musayev, R.A. Fətəliyev, O.H.Mirzəyev,
E.C.Hüseynov və başqalarının böyük rolu olmuşdur.
Böyük Qafqazın yüksək dağ bitkiliyinin tam floristik tərkibi, dominant və subdominant bitki
formasiyalarının geobotaniki səciyyəsi, bitki örtüyünün dinamikası, ona ekzogen və endogen, antropogen
faktorların təsiri V.C.Hacıyev tərəfindən öyrənilmişdir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə «Azərbaycanın
bitki örtüyü» xəritəsi Azərbaycan, rus və ingilis dillərində tərtib edilmişdir.
Azərbaycan EA Botanika İnstitutunda 1949-cu ildə meşə şöbəsi təşkil olunur. Şöbə tarlaqoruyucu meşə
zolaqlarının salınması və həmçinin dağ meşələrində meşə təsərrüfatının qaydaya salınması ilə bağlı məsələlər
üzərində tədqiqatlar aparır.
1949-cu ildən sonra Botanika İnstitutunda meşələrin öyrənilməsi əsasən İ.S.Səfərovun adı ilə bağlıdır.
İ.S.Səfərov üçüncü dövrün relikt ağacları üzərində uzun illər apardığı tədqiqatlar əsasında iki monoqrafiya çap
etdirir (Səfərov, 1962, 1979). Bu əsərlərində ilk dəfə olaraq Azərbaycan florasının əsas relikt ağac və kol
bitkilərinin bioekoloji xüsusiyyətləri, növdaxili dəyişkənliyi, təsərrüfat əhəmiyyəti hərtərəfli işıqlandırılmışdır.
Talış florasının Avrasiyanın digər regionları florası ilə əlaqələri xüsusi olaraq təhlil edilmişdir.
İ.S.Səfərovun eldar şamı üzrə apardığı tədqiqatlarını xüsusi olaraq qeyd etmək lazımdır (Səfərov, 1955,
1972). Bu tədqiqatlar nəticəsində o, eldar şamının biologiyası, tarixi və təsnifatı üzrə qiymətli materiallar əldə
etmişdir. Müəllifin eldar şamının Orta Asiya və digər cənub regionlarında becərilməsi üzrə hazırladığı
metodikası əsasında Bolqarıstan və Rumıniya ərazisində onun yaşıllıqları salınmışdır.
İ.S.Səfərov ilk dəfə Azərbaycan şəraitində meşəsiz rayonlarda tarlaqoruycu meşə zolaqlarının salınmasının
praktiki üsullarını hazırlamış, onun tərəfindən bu zolaqların kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına
təsirinin öyrənilməsi metodikası işlənilmiş, aqromeşəmeliorativ rayonlaşdırma aparılmış, tarlaqoyurucu meşə
zolaqları konstruksiyaları və Azərbaycanın ayrı-ayrı təbii zonaları üçün ağac növlərinin tətbiqi məsləhət
görülmüşdür (Səfərov, 1958).
1945-1952-ci illərdə İ.S.Səfərov Mil, Muğan, Şirvan, Qarabağ düzlərində və Lənkəran zonasında meşə
massivləri və qoruyucu meşə zolaqları salınması işinin bilavasitə rəhbəri və iştirakçısı olmuşdur. Bu və ya digər
rayonlarda onun bilavasitə iştirakı ilə 22 min hektardan çox süni meşələr salınmışdır. Hal-hazırda bu meşələr
sabit yüksək kənd təsərrüfatı məhsulu almağa xidmət edir və mühüm ekoloji funksiyaları yerinə yetirir.
1945-ci ildən başlayaraq İ.S.Səfərov Bakı, Sumqayıt və digər yaşayış məntəqələrinin yaşıllaşdırılması üzrə
böyük işlər görmüşdür.
1968-ci ildən başlayaraq İ.S.Səfərovun rəhbərliyi altında eroziyaya uğramış dağ yamaclarında qərzəkli
meyvə bitkilərindən (əsasən püstə və badam) plantasiyalar yaradılmışdır (İ.S.Səfərov, M.Y.Xəlilov,
Ş.Q.Hüseynov, F.H.Məmmədova, 1986).
Botanika İnstitutunun meşəşünaslıq şöbəsi İ.S.Səfərovun rəhbərliyi altında təbiətin mühafizəsi və meşəçilik
sahəsində bir sıra layihələr və tədbirlər hazırlamışdır:
26
I. Bakı su kəmərinin üçüncü növbəsinin inşası ilə əlaqədar olaraq Samur-Qusarçay çayarası ərazidəki kurort
və suqoruyucu meşələri qoruyub saxlamaq məqsədilə elmi cəhətdən əsaslandırılmış tədbirlər hazırlanmışdır.
II. Magistral kanallar boyunca və iri su anbarları ətrafında ümumi sahəsi 10 min hektardan çox olan irriqa-
siya qoruyucu zolaqlar yaratmaq layihəsi (Q.Cəlilov, M.Xəlilov).
III. Respublikanın meşələrində yabanı meyvə ehtiyatları hesablanmış və hər il 80-100 min ton müxtəlif
meyvə və giləmeyvə tədarükü barəsində təklif irəli sürülmüşdür (K.Əsədov).
IV. Respublikanın bütün ərazisində 2,5 min ədəd möhtəşəm ağac (çinar, palıd, azat ağacı və s.) aşkar
edilmiş və onlar canlı təbiət abidələri elan edilmişdir.
1951-ci ilin yanvar ayında Azərbaycan elmi-tədqiqat meşə təsərrüfatı və arqomeşəmeliorasiya institutu
yaradılır. 1950-1958-ci illərdə institut Bakı şəhərinin Mərdəkan qəsəbəsində yerləşmiş, 1959-cu ildə Bərdə
şəhərinə köçürülmüşdür. İnstitut mövzu planına əsasən öz işini respublikanın müxtəlif bölgələrində aparmışdır.
İnstitutun meşəçilik şöbəsinin elmi əməkdaşları (H.Dadaşov, N.Sadıxov) meşələrin istifadə üçün qırılması
üsullarını, Ə.Hüseynov, L.Hüseynova şam ağaclarının məhsuldarlığını, dağ meliorasiyası şöbəsi (K.Əsədov,
Q.Qəribov) dağ meşələrində fıstıq ağaclarının süni yetişdirilməsi aqrotexnikasını, meşə torpaqşünaslığı şöbəsi
(B.Mirzəyev, S.Bayramov, M.Xəlilov) dağ rayonlarında meşə əkiləcək sahələrin torpaq-bitmə şəraitini
öyrənmiş, Xırdalan qəsəbəsində yerləşən dayaq məntəqəsi (F.Ə.Əmirov, A.Bandin) Abşeronda, Lənkəran dayaq
məntəqəsi isə Lənkəran zonasında meşə yetişdirməyin mütərəqqi üsullarını işləyib hazırlamışlar.
İnstitutun seleksiya və toxumçuluq şöbəsi (Ə.Quliyev) qoz və püstə ağaclarının seleksiyası üzərində
tədqiqat aparmışdır, bunun nəticəsində respublikanın ərazisində bitən ən yüksək keyfiyyətə malik olan qoz
ağacları aşkara çıxarılmış, institutun dendrarisi ərazisində respublikada ilk dəfə olaraq 4 hektar elit kolleksiya
bağı salınmışdır, burada qoz ağaclarının 200 sortu yetişdirilmişdir. Bunlardan ən yüksək yağlılığa malik, iri
ləpəli, nazik qabıqlı formalar calaqetmə yolu ilə respublikanın əsasən dağ rayonlarında artırılmışdır.
Meşəçilik şöbəsində Ə.Hüseynov, L.Hüseynova tərəfindən respublikanın düzən rayonlarında yetişdirilmiş
meşə əkinlərində xidmət qırması aparılması üzrə müvafiq tövsiyyələr hazırlanıb Dövlət meşə komitəsinə təqdim
edilmişdir.
Meşəçilik və dendrologiya şöbəsinin işçiləri (Mlokoseviç, Zubaryeva, Muradov və b.) institutun
dendrarisində 400-dən artıq ağac və kol növü introduksiya etmişlər, bunlardan bir sıra növlərin perspektiv
olduğu aşkar edilmiş, meşələrin məhsuldarlığını artırmaq üçün həmin növlərdən istifadə edilməsinin zəruriliyi
müəyyənləşdirilmişdir.
İnstitutun elmi işçiləri şoran torpaqda yetişdirilən ağacların davamlığını (S.Ələkbərov, S.Məmmədov), Sul-
tanbud meşəsində bitən saqqız ağaclarının toxumvermə xüsusiyyətini (Ə.İsmixanova), çinar (V.Babaxanov),
qovaq (Q.Cəlilov), texniki söyüd (İ.Hüseynov) ağaclarının biologiyası və yetişdirilmə aqrotexnikasını öyrənib
istehsalata müvafiq tövsiyələr vermişlər.
H.Quliyev Azərbaycanın qərb zonasında meşə yetişdirmək, K.Əsədov Kiçik Qafqazın meşə tiplərini
öyrənmək üzrə tədqiqatlar aparmışlar. Bir qrup tədqiqatçılar respublikanın meşələrində bitən iberiya palıdı
(Ç.Abdullayev), araz palıdı (K.Quliyev), şərq palıdı (F.Cəfərli, H.Adıgözəlov), şabalıdyarpaq palıdın
(H.Bədəlov) forma müxtəlifliyini təyin etmək yollarını öyrənmişlər.
Torpaq eroziyası üzrə çalışan elmi işçilər (T.Məmmədov, F.Hacıyev, F.Əmirov, H.Bayramov, M.Xəlilov)
Böyük Qafqazın cənub yamacı rayonlarında müasir eroziya proseslərini öyrənmiş, bu prosesə qarşı mübarizə
aparmaq üçün müvafiq dağ meliorasiya tədbirləri hazırlamışlar.
İnstitutun meşəyetişdirmə şöbəsi (A.Bukov, Q.Nağıyev) müxtəlif təsərrüfatların ərazisində tarlaqoruyucu
meşə zolaqlarının salınması təcrübəsini və bu zolaqların ərazinin mikroiqliminə, kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığına təsirini öyrənmişlər.
Respublikada meşələrin elmi tədqiqi və mühafizəsi sahəsində akad. Həsən Əliyevin çox böyük xidmətləri
olmuşdur. Hələ 1949-52-ci illərdə Botanika İnstitutuna rəhbərlik edərkən onun səyi nəticəsində 8 cildlik
«Azərbaycanın florası» kitabı nəşr edilmişdir. Sonralar H.Əliyev Azərb. EA Torpaqşünaslıq və Aqrokimya
İnstitutunda işləyərkən 1956-cı ildə orada meşə torpaqşünaslığı şöbəsi yaradır və ömrünün sonuna qədər
meşələrin və meşə torpaqlarının öyrənilməsi ilə məşğul olur. Bu istiqamətdə elmi-tədqiqat işləri apararkən
H.Əliyev respublikanın müxtəlif regionlarında ayrı-ayrı ağac cinslərinin yayılması qanunauyğunluqları və
əhəmiyyətinə diqqət yetirmiş, həm stasionar, həm də marşrut tədqiqatlarından müxtəlif meşə tiplərinin torpaqla
əlaqəsi və təsirini aşkar etmişdir. İnsanın sistemsiz təsərrüfat fəaliyyəti nəticəsində dağ və düzən meşələrinin
göz qabağında sıradan çıxması, ayrı-ayrı qiymətli ağac növlərinin tükənmək təhlükəsi onu həmişə narahat etmiş
və özünün «Həyəcan təbili» kitabında həyəcanla çıxış etmişdir.
Akademik H.Əliyevin elmi-təşkilati fəaliyyəti nəticəsində 1955-ci ildə Azərb. EA təbiəti mühafizə üzrə
komissiya yaradılır və o, bu komissiyaya sədr seçilir. 1963-cü ildə isə H.Əliyevin təşəbbüsü ilə Respublika
Təbiəti Mühafizə Cəmiyyəti yaradılır. Onun uzun illər rəhbərlik etdiyi bu cəmiyyət bitki örtüyünün, o cümlədən
meşələrin mühafizəsi və bərpası, həmçinin respublikanın ayrı-ayrı rayonlarında yaşıllaşdırma üzrə böyük
tədbirlər həyata keçirilir. Məsələn, H.Əliyevin təşəbbüsü ilə Dəvəçi, Şamaxı, Zəngilan və Talışın Zuvant
27
zonasının arid meşə-bitmə şəriatində püstə, badam, saqqızağac, eldar şamı, iydəyarpaq armud və sərv ağacından
ibarət salınan bağlar, meşə-bağlar təqdirə layiqdir. Hazırda bu bağlardan bol məhsul yığılır.
H.Ə.Əliyev öz təşəbbüsü ilə 1975-ci ildə yaratdığı «Azərbaycan təbiəti» elmi kütləvi jurnalın baş redaktoru
idi. Son 25 il ərzində bu dövri nəşrdə (redaktoru xalq şairi Məmməd Arazdır) respublikanın bitki örtüyünün
vəziyyəti, orada gedən pozitiv və neqativ hallar, ayrı-ayrı bitki növlərinin yayılması, mühafizəsi və bərpası
haqqında maraqlı məlumatlar, tövsiyələr verilir.
Uzun illər apardığı elmi-tədqiqat işlərinə əsaslanaraq Həsən Əliyevin təşəbbüsü ilə «Qarayazı Tuqay
meşəsi» qoruğu və Böyük Qafqazın şərq qurtaracağında meşə örtüyünün şərq hüdudunda meşə üzərində elmi-
tədqiqat işlərini gücləndirmək və mövcud meşələri qorumaq məqsədilə Pirqulu dövlət meşə qoruğu
yaradılmışdır.
Azərbaycan EA coğrafiya institutunda respublikanın meşə örtüyünün hərtərəfli öyrənilməsi təbiəti mühafizə
şöbəsi (1969) və biocoğrafiya laboratoriyasının (1982) yaranması ilə əlaqədardır.
1969-1972-ci illərdə Kürqırağı tuqay meşələrinin strukturunu və müasir vəziyyətini tədqiq edərkən orada
meşələrin (əsasən qovaq meşələrinin) Mingəçevir su anbarından aşağı ərazilərdə quruması səbəbləri aşkar
edilmiş və onların kserofil ağac-kol qruplaşmaları ilə əvəz olunması müəyyən edilmişdir (H.Əliyev,
M.Y.Xəlilov, 1975). Tuqay meşələrinin müasir vəziyyətini əks etdirən irimiqyaslı xəritə tərtib edilmiş, onların
bərpası üçün elmə əsaslanmış tədbirlər sistemi hazırlanmışdır. M.Y.Xəlilovun apardığı (1969-1990) çöl
tədqiqatları nəticəsində respublikanın ayrı-ayrı dağ və düzən regionlarının müxtəlif təbii zonalarında hələ az-çox
ilkin (təbii) vəziyyətini saxlamış meşə obyektləri aşkar edilmiş və onların mühafizə olunması üçün yeni
qoruqların və yasaqlıqların təşkili üzrə təkliflər işlənib hazırlanmışdır. Aparılan tədqiqatların nəticələri mono-
qrafiya və kitabçalarda nəşr edilmişdir (H.Ə.Əliyev, M.Y.Xəlilov, 1975, 1982, 1983, 1988; İ.S.Səfərov,
M.Y.Xəlilov, Ş.Q.Hüseynov, F.H. Məmmədova, 1986; M.Y.Xəlilov, 1985, V.Ş.Quliyev, M.Y. Xəlilov, 1998,
Q.Ş.Məmmədov, M.Y.Xəlilov, 2002, 2003, 2004).
Təbiəti mühafizə şöbəsində N.H.Axundov (1992) tərəfindən pozulmuş meşələrin müasir vəziyyəti
öyrənilmiş, meşələrin potensial məhsuldarlığının rayonlaşdırılması işi yerinə yetirilmiş, əsas meşəyaradan ağac
cinslərinin oduncağının artım dinamikasının regional qanunauyğunluğu aşkar edilmiş və onun əsasında ilk dəfə
respublika meşələri üzrə etalon ağaclıqların məhsuldarlığa görə modelləri hazırlanmışdır. 1:600000 miqyasında
Azərbaycan Respublikasının meşə örtüyü xəritəsi tərtib edilmişdir.
Q.Ş.Məmmədov meşə ekosistemlərinin məhsuldarlığına təsir göstərən ərazilərin ekoloji xüsusiyyətlərinin
aşkar edilməsi, meşə torpaqlarının münbitliyinin bal və pul vahidi ilə qiymətləndirilməsinin ekoloji əsasları,
meşə torpaqlarının meşə-meliorativ qruplaşdırılması və yeni əsasda xəritələşdirilməsi, münbitliyinin mühafizəsi
və idarəedilməsi üzrə təkliflərin hazırlanması istiqamətində geniş tədqiqatlar aparmışdır. Onların nəticələri mo-
noqrafiya, kitabça və məqalələrdə nəşr edilmişdir (Məmmədov, 1979, 1991, 1997, 1998, 2000 və s.).
Azərbaycan Elmi-tədqiqat Çoxillik Bitkilər İnstitutu yaşıllaşdırma və tarlaqoruyucu meşə zolaqlarının
salınması məqsədilə ağac və kol bitkilərinin introduksiyası üzrə elmi işlər aparmışdır. Bu institutun Lənkəran
filialı tərəfindən Hirkan meşə cinslərinin biologiyasının və ekzot cinslərin introduksiyasının öyrənilməsi üzrə
maraqlı elmi tədqiqat işləri yerinə yetirilmişdir. Bu institutun ərazisində Lənkəran təcrübə stansiyasının
yaratdığı «Hirkan sahəsi» elmi və praktiki əhəmiyyət kəsb edir. Burada əsas Hirkan cinslərindən başqa 150-dən
artıq ekzot növlər vardır, onların arasında evkomiya, mantar palıdı, evkalipt, pekan, tülpan və digər ağaclar
xüsusi maraq doğurur.
Dostları ilə paylaş: |