Ağqaya qoruğu. Gədəbəy rayonunda Şəmkirçayın qolu sayılan Ağqaya çayı hövzəsində «Mozuoğlunun
yurdu» adlanan sahədə (Ağqayaya yaxın) meşənin yuxarı sərhədi 2560 metrə çatır. Ərazidə xarakterik tozağac
və şərq palıdı meşəsi qalmışdır. Meşəliyin tərkibində fıstıq, vələs, ağcaqayın, meşə altında kollardan əzgil,
yemişan, itburnu, moruq, böyürtkan bitir. Meşənin tam yuxarı sərhədində tozağac üstünlük təşkil edir.
Apardığımız tədqiqat təsdiq edir ki, göstərilən ərazinin rəngarəng bitki örtüyü hələ az-çox təbii vəziyyətini
saxlayır. «Ağcaqaya» adlanan sahədə yayda istirahət edənlər orada çadır qurur, mal-qara otarır və qanunsuz ov
edirlər. Bu isə ərazidəki qiymətli təbii bitki örtüyünün yoxsullaşmasına, heyvanların həmin yerlərdən didərgin
düşməsinə gətirib çıxara bilər.
Yuxarıda göstərilən qanunsuzluqların qarşısını almaq üçün ərazinin təxminən 2500-3000 hektardan çox
hissəsinin qoruq elan edilməsi tamamilə məqsədəuyğundur.
Tutqunçay qoruğu. Kiçik Qafqazda Tərtərçayın böyük sağ qolu sayılan Tutqunçayın sol sahilində dəniz
səthindən 2300-2500 m yüksəklikdə ziyilli tozağac və Litvinov tozağacı üstünlük təşkil edən xarakterik meşə
sahəsi qalmışdır. Yamacın cənub cəhətində şərq palıdı bitir. Lakin ərazidə yay dövründə istirahətə gələnlər
tərəfindən ağaclar kəsilir, sahə mal-qaraya otarılır. Bu isə meşənin yuxarı sərhədinin aşağı düşməsinə, qiymətli
meşə sahələrinin kolluqlara çevrilməsinə, eroziya prosesinin inkişafına və sel hadisələrinin baş veməsinə səbəb
olur.
Təsvir edilən nadir meşə sahəsinin qoruq elan edilməsi həm də Tutqunçay hövzəsindəki «İstisu»
bulaqlarının qorunub saxlanmasına zəmin yaradar.
2. Arid meşə qoruqları
Çilgilçayın ardıc yasaqlığı
Təngaltı silsiləsinin cənub yamacında Orduc, Pucuq kəndləri və Yesurki dağı arasında (Gilgilçayın sol
sahilində) Dəhnə kəndi ətrafında və İstisu çayı hövzəsində xarakterik ardıc seyrək meşələri yayılmışdır.
Hazırda yüksək torpaqqoruyucu əhəmiyyətə malik olan bu ağaclıqlar intensiv mal-qara otarılması
nəticəsində məhvə doğru gedir. Buradakı ardıc meşələrini qoruyub saxlamaq və onların qoruycu funksiyasını
284
yüksəltmək məqsədilə 13 min hektara yaxın sahədə yasaqlıq təşkil edilməsi təklif olunur. Ərazidə ardıc
seyrəkliklərində elmi tədqiqatların inkişaf etdirilməsi perspektivləri böyükdür.
Laçın arid meşəsi qoruğu
Bu qoruğa Laçın şəhərinin ətrafında Həkəriçayın sağ və sol sahilində yayılan ardıc meşələri daxildir. Bura-
da Həkəriçayın sol qolu olan Yağlıdərə hövzəsində ardıc meşəsi 3 kilometr enində geniş zolaq təşkil edir.
Qoruğun yuxarı sərhədi Mollalar kəndinin yaxınlığında, aşağı sərhədi isə Minkəndçayın (Əhmədliçayın)
Həkəriçaya qarışdığı yerdə qurtarır.
Həkəriçay qoruğunda arid meşəsinin səciyyəvi xüsusiyyəti saqqızağacın olmamasıdır, burada ardıc sırf
meşəlik yaradır. Tək-tək dağdağana rast gəlinir, kiçik sahələrdə sıx gürcü ağcaqayını meşəliyinə təsadüf edilir.
Həkəriçay qoruğunun ardıc meşələri böyük tarlaqoruyucu, iqlim yaxşılaşdırıcı, gigiyena və estetik
əhəmiyyət kəsb edir. Lakin burada ağacların kəsilməsi və daim mal-qara otarılması meşələrin seyrəlməsinə və
sıradan çıxmasına səbəb olur.
Laçın qoruğunun Başarat filialı
Qoruğa Həkəriçayın Xoçyədik və Kiçik Həkəri qollarının hövzəsində olan (Qubadlı rayonu ərazisində) arid
meşələri daxil olur. Bu arid meşə sahəsi Kiçik Qafqazda (Azərb. Res. daxilində) ardıc meşəsinin ən böyük mas-
sivi sayılır. Onun eni 20 kilometrə çatır. Lakin ərazidə ardıc bütöv meşəlik yaratmır və yamacın şimal
cəhətlərində yarpaqlı meşələrlə növbələşir. Dəniz səthindən yuxarıya qalxdıqca meşənin tərkibində yarpaqlı
ağac cinsləri çoxalır. Yamacın cənub cəhətlərində dəniz səthindən 1000 metr yüksəkliyə qədər xarakterik
saqqız-ardıc seyrək meşələri, şimal cəhətlərində isə qarışıq ardıc, palıd, ağcaqayın, göyrüş meşələri yayılmışdır.
Qoruqda ardıc dəniz səthindən 1300 (1400) metrə qədər yüksəkliyə qalxır.
Başarat sahəsində arid meşələrinin qorunması olduqca aşağı səviyyədədir. Burada yüz hektarla ardıc meşəsi
yanğın nəticəsində sıradan çıxmışdır. Ərazinin hər yerində özbaşına ağac kəsilməsi və mal-qara otarılması
müşahidə olunur.
Laçın qoruğunda və onun Başarat filialında meşələr hasara alınmalı və təbii meşə bərpasına kömək göstərən
tədbirlər aparılmalıdır.
Vejnəli arid meşəsi yasaqlığına Vejnəli dərəsində (Zəngilan rayonu) dəniz səthindən 1200 m yüksəkliyə
qədər olan ərazidə saqqız-ardıc meşələri daxildir. Yasaqlığın şimali-şərq sərhədi Qızqalası dağından Araz
çayına qədər uzanan suayrıcı xətti, cənubi-qərb sərhədi Sığırt dağından Araz çayına qədər olan ərazidə qayalı
suayrıcı xətti, şərq sərhədi isə Araz çayı hesab olunur. Ərazidə arid meşələri friqana və kserofil şibləklər fonun-
da kiçik sahələr təşkil edir. Seyrək meşələrin sahəsi 600 hektara yaxındır, tərkibinə ardıc, saqqızağac, gürcü
ağcaqayını, badam və Araz palıdı daxil olur. Vejnəli yasaqlığında mal-qara otarılması qadağan edilməli, ardıcın
təbii bərpasına kömək edən tədbirlər həyata keçirməli, əsasən ardıc şitilləri əkilməlidir.
Qobustan ardıclığı Qobustan qəsəbəsindən cənuba doğru 4 kilometrlik məsafədə «Kiçik dağ»da yerləşir.
Burada çoxmeyvəli ardıc növü bitir. Bu ağaclıq «Qaraatpiri» adlanan ərazidə olub «müqəddəs» sayılır və ona
görə də insanlar tərəfindən toxunulmayıb indiyə kimi qalır. Bu sahədə 15 ədəd çox yaşlı, 30 ədəd isə nisbətən
cavan ardıc ağacları vardır. Ən iri ağacın yaşı 350-500-ə qədərdir. Ağacların aşağı hissəsində çevrəsi 70-100-
200 santimetrə, boyları isə 4-6 metrə çatır.
Bu ardıclıq vaxtilə Qobustanın bəzi yerlərinin meşəli olmasını təsdiq edir. Hazırda burada ağacların
kəsilməsi və intensiv mal-qara otarılması Qobustanın yeganə yaşıl tarixi abidəsinin taleyini qorxu altına alır.
Qobustan ardıclığı hasara alınaraq ciddi mühafizə olunmalıdır.
Quruçay şabalıdyarpaq palıd yasaqlığı. Üçüncü dövrün qiymətli relikt ağacı sayılan şabalıdyarpaq palıda
Böyük Qafqazda yalnız İsmayıllı rayonu ərazisində Göyçay və Girdimançay arasında rast gəlinir. Burada Bozqır
yayla ərazisində kiçik sahələrdə pöhrədən törəyən və insanın təsərrüfatsız fəaliyyətinin təsirilə pozulmuş
şabalıdyarpaq palıd qruplarına təsadüf olunur.
Tədqiqat nəticəsində Bozqır yaylanı kəsib keçən Quruçayın hövzəsində nisbətən az toxunulmuş
şabalıdyarpaq palıd meşə sahələrinə rast gəlinir.
Qoruq üçün ayrılmış ərazidə Zoğallıq kəndinin yanında kiçik sahədə fıstıq meşəsi də bitir. Bu sahə Bozqır
yayla ərazisində yeganə fıstıqlıq sayılır.
Hazırda antropogen amillərin məzyiqi altında göstərilən qiymətli meşə sahələrinin məhv olub sıradan
çıxması qorxusu vardır. Ərazidə qoruq yaradılmasının məqsədi Quruçay hövzəsindəki şabalıdyapaq palıd meşə
sahəsini və yeganə fıstıq meşəliyini mühafizə edib saxlamaqdır. Burada ilkin şabalıdyarpaq palıd meşəsinin
bərpa olunması dinamikası üzərində elmi-tədqiqat işlərinin aparılması da böyük əhəmiyyət kəsb edir. Yasaqlığın
sahəsi 2500 ha-dır.
Sultanbud saqqızağac yasaqlığı. Respublikamızda ən qiymətli və xarakterik saqqız ağacı meşəliyi
Qarabağ düzündə olub «Sultanbud» meşəsi adı ilə məşhurdur. Bu meşəliyin sahəsi 2 min hektardan çox olub
Bərdə və Ağdam rayonları ərazisində yerləşmişdir. Sultanbud meşəsində əsas ağac cinsi saqqız və uzunsaplaq
palıd hesab olunur.
285
Hələ 1930-cu ildə Sultanbud saqqızağac meşəsinin mühafizə olunmasının vacibliyini nəzərə alıb qoruq elaq
edilməsi haqda xüsusi qərar çıxarılmışdır. Çox təəssüf ki, həmin qərar kağız üzərində qalmış, həyata
keçirilməmişdir. Sonralar bu əvəzedilməz saqqızağac meşəliyinin qoruğa çevrilməsi barədə Azərbaycan SSR
Nazirlər Sovetinin Dövlət Təbiəti Mühafizə Komitəsi, 1980-ci ildə isə Azərbaycan SSR Meşə Təsərrüfatı Nazir-
liyi yenidən layihə hazırlamışdır.
Hazırda Sultanbud sahəsində intensiv mal-qara otarılması nəticəsində saqqız meşəsinin vəziyyəti pisləşir və
sahəsi azalmağa doğru gedir.
Kür-Araz ovalığında vahid və nadir Sultanbud saqqızağac meşə sahəsinin qoruq elan edilməsi olduqca va-
cib məsələdir.
14.2. Relikt və qiymətli meşə sahələrinin mühafizəsi
Respublikamızın dağlıq ərazisində az-çox öz ilkin vəziyyətini saxlayan qiymətli və relikt ağac cinslərindən
ibarət meşəlik sahələri mövcuddur. Lakin bu sahələr antropogen amillərin təsirilə pozulur və yavaş-yavaş məhvə
doğru gedir. Belə sahələrin qorunub saxlanması təbiətin mühafizəsi işində xüsusi əhəmiyyət kəsb edir. Aşağıda
onların bəzilərinin təsviri verilir.
a) Qaraçöhrə sahələri
Araxçın qaraçöhrə sahəsi. Ağsu çayının qolu olan Qırxbulaqçayın yuxarı hissəsində «Araxçın» adlanan
yerdə, dəniz səthindən 1900-2000 m yüksəklikdə qaraçöhrə ağaclığı bitir. Meşənin yuxarı qurtaracağı boyu
qaraçöhrə örtüksüz təmiz meşəlik yaradır. Araxçın qaraçöhrəliyi böyük torpaqqoruyucu rol oynamaqla, həm də
böyük elmi qiymətə malikdir. Odur ki, bu sahəni mal-qaradan mühafizə edərək xüsusi qorunan bitki qrupuna aid
etmək lazımdır.
Lerik qaraçöhrə meşəliyi. Qafqazda örtüksüz bitən yeganə qaraçöhrə sahəsidir. Bu meşəlik Sanqadabulaq
adlanan kiçik çayın sol sahilində, dəniz səthindən 1200-1300 m yüksəklikdə, dikliyi 25-30
0
olan yamacın
cənubi-qərb baxarında yerləşir. Meşəliyin sahəsi 2 ha olub orada 150 qaraçöhrə ağacı bitir. Lerik
qaraçöhrəliyinin ətrafı bərkidilməklə təbiət abidəsi kimi qorunmalıdır.
Həmzəlli qaraçöhrəliyi. Qanıx-Həftəran vadisində Qəbələ rayonunun Həmzəlli kəndinin qəbirstanlığında
qarışıq qaraçöhrə, ağcaqayın, şabalıd, göyrüş və qafqaz xurması meşəliyi mövcuddur. Meşəlikdə 260-dan artıq
irigövdəli qaraçöhrə ağacı bitir. Tarixi abidə kimi qorunması tövsiyə olunur.
Xaltan qaraçöhrə meşəsi. Quba rayonunun Xaltan kəndindən 3 km şimalda yerləşir. Burada qaraçöhrə
fıstıq-vələs meşəsinin ikinci yarusunu tutur. Qaraçöhrə yarusunun sıxlığı 30-60% arasında dəyişir. Enliyarpaqlı
meşə massivi fonunda qaraçöhrəlik sahəsinin eni 100-300 m, uzunluğu 500 m təşkil edir. Təəssüflə demək
lazımdır ki, meşəlik yaxşı mühafizə olunmur. 100-dən artıq kəsilmiş qaraçöhrə ağacının kötüklərini qeydə aldıq.
Yuxarı Xanagah qaraçöhrəliyi. Quba rayonunun Yuxarı Xanagah kəndinin yaxınlığında dəniz
səviyyəsindən 900-1000 m hündürlükdə yerləşir. Fıstıq-vələs meşəsinin ikinci mərtəbəsini tutur. Sahədə
kəsilmiş ağaclara rast gəlinir və mal-qara otarılır.
Cənut qaraçöhrə meşəliyi. Pirqulu qoruğunun qonşuluğunda (qoruqdan kənarda) Mustafalıçayın
(Cənutçayın) sağ sahilində dik yamacın (30-45
0
) şimali-şərq baxarında iki yaruslu meşəlik mövcuddur. Birinci
yarusda palıd, ağcaqayın və göyrüş bitir. İkinci yarusu isə qaraçöhrə tutur. Bu meşəlik respublikada ən böyük
qaraçöhrəlik olub sahəsi 400 ha-dır. Bura Böyük Qafqazda qaraçöhrənin şərq hüdudu hesab olunur. Cənut
qaraçöhrəliyi turistlər tərəfindən pozulur, ağacların özbaşına kəsilməsi və mal-qara otarılması müşahidə olunur.
Odur ki, sahə Pirqulu qoruğuna daxil edilərək xüsusi mühafizə olunmalıdır.
Axoxçay qaraçöhrəliyi. İsmayıllı qoruğunda Axoxçayın sağ sahilində fıstıq-vələs meşəsinin ikinci yarusu-
nu tutur. Budaqlı danaya meşəlikdə qrupla bitir və üçüncü yarus təşkil edir. Bu, danaya bitən yeganə qaraçöhrə
meşəliyi xüsusi qorunmalıdır.
Cənazəçay qaraçöhrə meşəsi. Xalagöl silsiləsinin şərq yamacında Cənazəçayın (Qatexçayın qolu) sol
sahilində, dəniz səviyyəsindən 1600 m hündürlükdə mürəkkəb relyef şəraitində, dik yamacın (30-50
0
) cənubi-
şərq baxarında yerləşir (Zaqatala qoruğunda). Fıstıq meşəsinin ikinci yarusunu tutur. Fıstıq ağaclarının yaşı 200-
250, qaraçöhrənin yaşı isə 800-1000 il təşkil edir. Bu qaraçöhrəliyin səciyyəvi cəhəti burada meşəaltı azaliya
kolundan (sarı rododendron) ibarət olmasıdır.
v) Şərq palıdı ağaclıqları
Sarıbaş palıd meşəsi. Kürmükçay hövzəsində (Qax rayonu), Sarıbaş kəndinin yuxarı hissəsində yerləşərək
həmin kəndi leysan yağışlarının dağıdıcı təsirindən mühafizə edir. Meşəliyin 300 yaşı var.
Talış yüksək dağlıq palıd meşəsi. Viləşçayın yuxarı axarı hissəsində «Saxala-Burun» adlanan dağda dəniz
səviyyəsindən 2100-2200 m yüksəklikdə, yamacın şimal baxarında sırf və qarışıq şərq palıdı meşəliyi vardır.
Qarışıq meşəlikdə şərq palıdına hirkan ağcaqayını, hirkan armudu və iberiya palıdı qarışır. Bu meşəlik vaxtilə
Talışın yuxarı meşə zonasında şərq palıdının geniş yayılmasını və antropogen amilin təsiri qəticəsində onun çox
yerdə məhv edilməsini təsdiq edir. Bu meşəlik böyük qoruyucu rola malik olub, həm də tarixi əhəmiyyət kəsb
edir. Odur ki, o, qiymətli təbiət abidəsi kimi qorunmalıdır, lakin hazırda amansızcasına məhv edilir.
286
Laçın rayonunda şərq palıdı meşəlikləri. Laçın rayonunda Piçəniş çayı və onun qolu olan Nağdalıçay,
həmçinin Şəlvəçayın yuxarı axını yamaclarında dəniz səthindən 1600-2000 m yüksəklikdə kiçik sahələrdə şərq
palıdı bitir. Bu meşəliklər insanın təsərrüfat fəaliyyətinin təsirilə müxtəlif dərəcədə pozulmuş vəziyyətdə olub
cavan və orta yaşlıdır (40-80 il). Tərkibində tək-tək və qrupla yaşı 250-300-ə çatan iri gövdəli ağaclara da
təsadüf edilir. Belə nəhəng «mayak»lar keçmişdə meşə qırma zamanı kəsilməyib saxlanılan ağaclar olub döş
bərabərində yoğunluqları 60-100, bəzən 140 sm-ə çatır.
Bəzi sahələrdə palıd meşələri iki mərtəbəli olur. Birinci yarusu yetişmiş və yaşı ötmüş palıd ağacı qrupları
(150-200 il) tutur. Bu yarusun doluluğu orta hesabla 0,2, hündürlüyü 20-25 m çatır. İkinci yarusda isə doluluğu
0,4-0,5, hündürlüyü 8-10 m olan cavan yaşlı (40-60 il) vələsli-palıd meşəliyi bitir. Yamacın rütubətli yerlərində
meşəlikdə üstünlük vələsə keçir.
Yaxın keçmişdə təsvir edilən pozulmuş meşəliklərin yerini yüksək məhsuldar palıd meşələri tuturmuş. Yeri
gəlmişkən qeyd edək ki, bu meşələrdəki palıd ağaclarının oduncağı respublikamızın digər regionlarında yayılan
şərq palıdından özünün qarmızımtıl, gözəl baxımlı teksturası ilə ayrılır. Lakin bu ağacın qırmızı yaxud qızılı
palıd növü olduğu hələ təsdiq edilməmişdir.
Piçənis çayının sağ sahilində «Cidalar» adlanan dağın şimali-şərq yamacında dəniz səthindən 1600-2000 m
yüksəklikdə (26№-li meşə kvartalında) 100 hektara yaxın sahədə xarakterik palıd meşəsi qalmışdır. Yetişmiş və
yaşı ötmüş bu palıd meşəliyinin tərkibinə çoxlu miqdarda vələs və cökə qarışır.
Təsvir olunan palıdlığın mühafizəsi elmi əhəmiyyətə malikdir.
q) Adi şabalıd ağaclıqları
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycanda şabalıd meşələri çox az sahə tutur və onların müasir vəziyyəti
qənaətbəxş deyildir, insanın meşəyə daim təsərrüfatsız münasibəti nəticəsində daha da pisləşməkdə davam edir.
Qum şabalıdlığı. Qax rayonunun Qum kəndi yanında yerləşir. Burada şabalıd əsasən yamacların şimal,
qismən cənub cəhətində həm sırf, həm də iberiya palıdı, fıstıq və vələslə qarışıq meşəlik əmələ gətirən fındıqlı-
ayıdöşəyili, daş böyürtkanlı və müxtəlif kollu-fındıqlı meşə tipləri yaradır. Bu meşəliklər fıstıq-vələs meşələri
fonunda ayrı-ayrı kiçik sahələrdə bitir.
Çinarlı şabalıdlığı. Qax rayonunun Çinarlı kəndi ətrafında dəniz səviyyəsindən 900-950 m hündürlükdə
dikliyi 20-30
0
olan yamacın cənub baxarında yerləşir. Burada şabalıdlıq yuxa, çox skeletli torpaqda
formalaşaraq vələslə bidominant ağaclıq yaradır, ona tək-tək titrəkyarpaq qovaq da qarışır. Meşəaltı zəif inkişaf
edib fındıq və əzgildən ibarətdir, ayıdöşəyili meşə tipi yaradır.
Ələsgər şabalıdlığı. Zaqatala rayonunun Ələsgər kəndinin yaxınlığında dəniz səthindən 750 m
yüksəklikdə, dikliyi 20
0
olan yamacın şimal-qərb baxarında yerləşir. Burada şabalıdlıq 80-90 yaşlı olub gilli
süxur üzərində formalaşaraq ayıdöşəyili, müxtəlif kollu tipli sırf ağaclıq yaradır.
Mamrıx şabalıdlığı. Zaqatala rayonunun Mamrıx kəndi yaxınlığında dəniz səthindən 680 m hündürlükdə
dikliyi 8-12
0
olan yamacın cənubi-qərb baxarında yerləşir. Burada şabalıd qafqaz vələsi və iberiya palıdı ilə po-
lidominant ağaclıq yaradır. Yaşı 90-130-dur.
Həmzəli şabalıd meşələri. Onun əsas sahələri Qəbələ rayonunda Həmzəlli çayının hər iki sahili yamacında
və bu çayın qolu olan Duruca çayının terrasında dəniz səthindən 800-900 m hündürlükdə əsasən dik yamacların
şimal, şərq və cənub-şərq baxarlarında yerləşir.
Bu şabalıdlıqlar müxtəlif yaşlı və müxtəlif doluluqlu olub monodominant ağaclıqlar şəklində yayılmışdır.
Onların yaşı 80-200-dən 200-300 arasında dəyişir. Tərkibinə tək-tək qoz və armud qarışır. Burada
daşböyürtkanlı-ayıdöşəyili və müxtəlif kollu şabalıd meşə tipləri bitir.
Vəndam şabalıd meşələri. Qəbələ rayonunun Vəndam kəndinin yanında Dəstəmaz adlı kiçik çayın
hövzəsində dəniz səthindən 700-800 m yüksəklikdə yerləşir. Burada dikliyi 20-30
0
olan yamacların şimal və
şimali-şərq cəhətlərində gilli süxurlar üzərində doluluğu 06 olan sırf tərkibli şabalıdlıq formalaşmışdır (yaşı 80-
130). Meşəaltı yaxşı inkişaf edib zoğal, əzgil, daş böyürtkandan təşkil olunmuşdur.
Çanaxçı şabalıd ağacları. Dağlıq Qarabağda Çanaxçı və Moşxmat kəndləri arasında dəniz səthindən 1150-
1200 m yüksəklikdə az meylli yamacın şimali-şərq baxarında yerləşir. Burada şabalıd ağacları doluluğu 03 olan
palıd-vələs meşəliyi fonunda bir-birindən 90-120 m aralı məsafədə bitir. Bütün ağaclar kötük pöhrələrindən
əmələ gələrək yaşları 160-220-yə çatır.
Qarmaqvari şam meşəlikləri
Əsrikçay şam meşəliyi. Əsrikçay hövzəsində Tovuz rayonunun Böyük Qışlaq kəndi ətrafında dəniz
səthindən 1620-1650 olan daşlı qayalı sahələrdə 30-40 yaşlı şam meşəsi bitir, burada eroziyaya uğramış daşlı
yamaclarda şam arealını genişləndirir. Lakin mal-qara otarılması nəticəsində cavan ağaclar zədələnərək məhv
edilir, bəziləri isə yastıq şəklində kol formasını alır. Bu ərazidən 3 km qərbdə dik daşlı yamacın güney cəhətində
3 ha sahədə 50 yaşlı şam ağacları bitir, tərkibinə yaşı 15-25 olan palıd və qismən vələs qarışır.
Hazırda Əsrik çayı hövzəsində bir tərəfdən daşlı-qayalı yamacları şam ağacları zəbt edir, digər tərəfdən isə
şam meşələri palıd, vələs və fıstıqla əvəz olunur.
287
Zəyəmçay şam meşəliyi. Tovuz rayonunda Zəyəmçay hövzəsində Bala-Şamlıq kəndinin yanında dəniz
səthindən 1150-1350 m yüksəklikdə yamacın cənub cəhətində aşınmış dağ süxurları üzərində ikiyaruslu şam
meşəsi bitir.
Burada birinci yarusu (mərtəbəni) boyu 18-22 olan şam ağacları tutur, bu ağacların 50-90 yaşı var, orta di-
ametri 20 sm-dir. Tək-tək 150-200 yaşı olan qoca şamlara təsadüf edilir. Meşəliyin 2-ci yarusunu boyları 2-3 m
olan palıd ağacları tutur, ağaclığın bu mərtəbəsi şübhəsiz şamın seyrək çətri altında sonradan yaranmışdır.
Əsrik və Zəyəm çayları hövzələrində olan şamlıqların mühafizəsi qənaətbəxş deyildir. Bu sahələrdə daim
mal-qara otarıldığından şam cücərtiləri və cavan ağacları zədələnərək sıradan çıxır. Bu sahələrdə olan mövcud
meşələri mühafizə etmək məqsədilə ətrafı dəmir torla hasarlanmalıdır. Şam meşələrinə yaxın yerləşən eroziyaya
uğramış daşlı çılpaq yamaclarda yerli şam ağaclarının toxumları yığılıb səpilməlidir.
Filizçay şamlığı. Böyük Qafqazın cənub yamacında Filizçay hövzəsində dəniz səviyyəsindən 800-1000 m
yüksəlikdə dar çay dərəsinin qayalı yamaclarında müxtəlif yaşlı seyrək şam ağacları bitir. Bu şam seyrəkliyi son
buzlaq dövrünün relikti kimi qorunmalıdır.
Qabırrı eldar şamı meşəliyi. Eldar şamının dünyada təbii halda yeganə bitmə yeri respublikamızda Qabırrı
çayının sağ sahilində Elləroyuğu dağıdır. B şam növu burada 220 ha sahə tutub olduqca quraq şəraitdə müxtəlif
ardıc növləri ilə birlikdə bitərək arid tipli seyrəklik yaradır. Ona tək-tək saqqızağac qarışır. Kollardan
dovşanalması, qaratikan, acılıq, zirinc, gəvən, xırda meyvəli albalı bitir. Eldar şamının təbii halda bitdiyi yer
dəniz səthindən 300-600 m yüksəklikdə yerləşir.
Eldar şamı sahəsində təbii meşə bərpası normal gedir. Hazırda bu sahə Göygöl qoruğunun filialı sayılır.
Qabırrı sahəsindəki yeganə endem relikt eldar şamı massivində müstəqil qoruq təşkil olunmasını məqsədəuyğun
hesab edirik.
Saqqız ağacı sahələri
Fındığan saqqızlığı. Xızı rayonunun Fındığan kəndi yaxınlığında (Ataçayın sağ sahilində) xarakterik
saqqızağac qrupları bitir. Burada saqqız ağaclarına üç qonşu dərədə yovşan yarımsəhrası və qaratikan üstünlük
təşkil edən şibləklər fonunda rast gəlinir, tərkibinə iydəyarpaq armud və zirinc qarışır. Təsvir olunan ərazidə
min ədədə yaxın saqqız ağacları saydıq. Hazırda bu ağaclar əhali tərəfindən kəsilir və intensiv mal-qaraya
otarılır. Bu nadir saqqızlığı qoruyub saxlamaq elmi cəhətdən böyük əhəmiyyət kəsb edir.
Əyricə palıd-saqqız meşəliyi. Tərtərçayın Kürə qovuşduğu yerdə kiçik sahə təşkil edir. Ağaclığın 200-300
yaşı olub doluluğu 03-dür. Meşəaltı kollar göyəm və qaratikandan ibarət olub yaxşı inkişaf etmişdir. Sahə daim
mal-qara otarılmasına və ağacların qanunsuz kəsilməsinə məruz qalır və sıradan çıxması təhlükəsi var. Odur ki,
nadir qiymətli meşə obyekti kimi mühafizəsinin gücləndirilməsi vacibdir.
Qarayazı palıd-saqqız meşəliyi. Ağstafa rayonunun Müğanlı və Sadıxlı kəndlərinin yaxınlığında
yerləşmişdir. Meşəlik uzunsaplaq palıdın və ya saqqız ağacının üstünlüyü ilə bidominant ağaclıqlardan təşkil
olunub, kiçik sahədə bidominant palıd-qarağac ağaclığına da təsadüf olunur. Ağacların yaşı 150-200 arasında
dəyişir. Meşəliyin doluluğu aşağı olub 02-04 təşkil edir. Ağacların çoxu insan tərəfindən pozulub,
əksəriyyətinin budaqları və təpə hissəsi kəsilib. Sahənin Qarayazı qoruğuna daxil olmasına baxmayaraq daim
mal-qaraya otarılır, qanunsuz ağaclar kəsilir və köklənir. Sahənin sıradan çıxmaq təhlükəsi var, onun ciddi
qorunmağa ehtiyacı var.
14.3. «Yaşıl abidələrin» mühafizəsi
Vaxtilə respublikamızın ərazisinin çox hissəsi meşə ilə örtülü olmuşdur. Sonra əkinçiliyin və maldarlığın
sürətlə inkişafı, təbiətdən istifadə edərək, onun sərvətlərinə lazımi qayğının göstərilməməsi meşələrin
azalmasına, bir çox yerlərdə isə tamamilə yoxa çıxmasına səbəb olmuşdur.
Meşəsizləşdirilmiş ərazilərdə hazırda rast gəlinən kolluqlar, kol şəklinə salınmış ağaclar vaxtilə burada
meşənin mövcudluğunu sübut edir. Lakin elə meşəsiz massivlər də var ki, orada meşənin izindən əsər-əlamət
belə qalmamışdır.
Meşəsi yox edilmiş ərazilərdə az-çox təbii şəklini saxlamış ağac qruplarına və kiçik meşə sahələrinə
insanların «müqəddəs» saydıqları yerlərdə- «Pir»lərdə, qəbirstanlıqlarda təsadüf etmək olar. Belə sahələrdə in-
sanlar ağaclara toxunmur, onları kəsməyi «günah» hesab edir, daha doğrusu qorxur. Odur ki, belə yerlərdə
ağaclar neçə-neçə əsrlər yaşayaraq, «abidələşir», qocalaraq quruyur, yıxılır, necə deyərlər, öz əcəli ilə məhv
olur. Belə «abidələrə» ən çox Quba, Dəvəçi və Şamaxı rayonlarında rast gəlmək olar. Onların daha yaxşı
mühafizə olunub saxlanması elmi və tarixi əhəmiyyət kəsb edir.
1. Dəvəçi rayonunun Zöhramlı kəndinin yanında dəniz səthindən 550 metr yüksəklikdə yamacın şərq
cəhətində kiçik sahədə yaşı ötmüş palıd meşəsi vardır. Bu meşəlik «Pirnaxır-Rivanda-piri» adı daşıyır. Ona
görə ağaclar «müqəddəs» hesab edilərək kəsilmir. Burada möhtəşəm palıd ağaclarının yaşı 200-dən çoxdur, orta
hündürlüyü 20 metr, ən böyük ağacın boyu 24 metrdir. Ağaclığın orta diametri 60-80 santimetr, ən yoğun
ağacın diametri isə 120-130 santimetrdir. Meşəlik seyrəkdir. Meşəaltı kollara, cavan və körpə ağaclara rast
gəlinmir, tək-tək yemişan koluna təsadüf olunur. Bunun səbəbi meşəlikdə bütün ilboyu mal-qaranın
288
otarılmasıdır. Meşənin seyrək olması da məhz bununla əlaqədardır. Bu sahədə ağacları kəsib aparan yoxdur.
Lakin müəyyən dövr keçdikdən sonra onlar qocalaraq quruyur, yıxılır və meşə tədricən seyrəlir. Deməli,
meşənin yalnız baltadan qorunması kifayət deyildir. Onu insanın bütün mənfi təsirlərindən mühafizə etmək va-
cibdir.
2. Pirəbədilçayın sol sahilində, dəniz səthindən 620 metr yüksəklikdə «Qarayanlıq piri» yerli əhali
arasında məşhurdur. Bu sahə Pirəbədil kəndindən təxminən 3 kilometr cənubda yerləşir. Burada kiçik sahədə
yaşı 2 əsri keçmiş palıd meşəliyi mövcuddur. Ağaclar nəhəng olub,yoğunluğu 1,0 metrdən artıqdır. Bəzilərinin
döş bərabərində diametri 1,5 metrə çatır. Palıd ağaclarının boyu 30-35 metrə çatır. Təsvir olunan sahədə topa
halında doluluğu 0,8-0,9 olan sıx vələslik də bitir, ona tək-tək göyrüş və palıd da qarışır. Burada ağacların yaşı
80-nə yaxın olub, boyları 30 metrə çatır, bəzən meşəliyin 2-ci yarusunu təşkil edir. Maraqlıdır, yamacın bir
qədər az meylli (cənub-şərq cəhəti) hissəsində diametri 48-52 santimetr olan 2 fıstıq ağacı da bitir. Lakin burada
da mal-qara otarılır. Bu isə gələcəkdə fıstığın tamamilə yoxa çıxmasına səbəb ola bilər.
«Qarayanlıq pir»in yanında kiçik sahədə dikliyi 19-15 dərəcə olan yamacın şimal-qərb cəhətində qoz
meşəsi vardır. Buraya Şıx Daşdəmirin qozluq sahəsi və ya «Qozluq piri» deyilir. Bu qozluq bir əsr qabaq
əkilmişdir. Burada hazırda ağacların bir-birindən arası 10-15 metr, orta diametri 60 santimetrdir, bəzi ağacların
yoğunluğu 86 santimetrə çatır, hazırda ağacların bəziləri qocalaraq quruyur, hər yıxılan ağacın kök boğazından
2-8 pöhrə inkişaf edir və yenidən ağac əmələ gəlir. Pöhrədən yaranmış belə gövdələrin boyu 10-12 metr, diame-
tri 10-16 santimetrə çatır. İndi qozluq təbii meşə şəklini almışdır. Altında qrup halında alça, yemişan, əzgil
kolları bitir. Sıx ot örtüyündə ətirşah, qırtıc, çıtiryarpaq üstünlük təşkil edir, pişikquyruğu və qaymaqçiçəyinə də
rast gəlinir.
3. «Çinar-baba» piri Dəvəçi rayonunda Çinarlar kəndinin yanında, dəniz səthindən 900 metr yüksəklikdə
yerləşir. Bura keçmiş qəbirstanlıq hesab olunur. Burada bir kökdən döş bərabərində yoğunluğu 80, 70 və 80 san-
timetr, boyları 30 metrə çatan 3 nəhəng çinar gövdəsi ucalır. Çinarın yanında boyu 30 metr, diametri 1,5 metrə
çatan tək palıd ağacı, 8 nəhəng göyrüş ağacı, tək ağcaqayın bitir. Bu ağacların yoğunluğu 20-80 santimetr olan 8
qoz ağacı əhatə edir.
«Çinar-baba» adlanan yerin lap yanında sahəsi 3-4 hektar olan qəbirstanlıqda bidominant vələs-göyrüş və
palıd-vələs meşəliyi bitir. Burada palıd ağacları göyrüş, vələs və ağcaqayınlardan nəhəngliyi ilə seçilir, düz
gövdəli boyları 35 metr, yoğunluqları 60-100 santimetrə çatır. Yamacın yuxarı hissəsində, şimala baxan
cəhətində meşənin tərkibinə 5 ədəd fıstıq ağacı daxil olur. Onların yoğunluğu 20-42 santimetr arasında dəyişir.
Bu ağacların yaşı palıddan azdır. Bu onu göstərir ki, fıstıqlar sonralar palıd ağaclarının çətri altında özünə
sığınacaq tapıb inkişaf etmişlər.
4. Qonaqkənddən Utuq kəndinə gedən yolda Utuqçayın qolunun sağ sahilində, dəniz səthindən 1250
metr yüksəklikdə «Pir» adlanan qəbirstanlıqda onlarla palıd ağacı bitir, onların gövdələrinin yoğunluğu 28-32
santimetr təşkil edir, diametri 54 santimetr olan bir ədəd də göyrüş və onlarla çöl ağcaqayını var. Burada
yoğunluğu 32 santimetrə çatan iri yemişan ağacları çox cəlbedicidir.
«Pir»in ətrafındakı yamaclar tamamilə meşədən məhrum edilmiş, güclü eroziyaya məruz qalmışdır, çox
yerdə ana süxur qaya şəklində səthə çıxmışdır. Bu yamaclarda tək-tək və qrup halında ardıc, zirinc, gərməşov,
yemişan kollarına, balta və mal-qara tərəfindən kol şəklinə salınmış palıd və vələsə rast gəlinir.
5. Dəvəçi rayonu Sadan kəndinin yaxınlığında dəniz səthindən 370 metr yüksəklikdə, dikliyi 15 dərəcə
olan yamacın şimal-şərq cəhətində, geniş meşəsiz ərazidə «Pir-Vahid» adlanan yerdə boyu 13-15 metr olan 2
palıd ağacı bitir. Onlardan birinin döş bərabərində diametri 32 santimetrdir, o birisi kök boğazından iki gövdə
əmələ gətirib yoğunluqları 44 və 18 santimetrdir. Bu ağacların yanında diametri 28, 24 və 32 santimetr olan 3
qarağac vardır. Palıd ağacının altında boyu 5-7 metr olan 2 iydəyarpaq armud ağacı bitir.
Sadan kəndinin yanında başqa bir yerdə, tək qəbrin üstündə (dəniz səthindən 400 metr hündürlükdə,
yamacın şimal-qərb cəhətində) yeganə palıd ağacı bitir. Onun boyu 13 metr, diametri 62 santimetrdir.
Yuxarıda göstərilən ağacları əhatə edən yamaclarda bir ədəd də olsa, iri ağaca rast gəlmək çətindir. Bu
meşəsizləşdirilmiş yamaclarda indi dəfələrlə mal-qara ağzından çıxmış kolşəkilli palıdlara, yemişan, qaratikan,
sumax, dovşanalması, doqquzdan və s. kollara təsadüf edilir.
6. Şamaxı rayonu Dədəgünəş kəndinin yaxınlığında, yerli əhali tərəfindən «müqəddəs ocaq» hesab
edilən «Dədəgünəş piri» adlanan yer vardır. Burada dəniz səthindən 1050 metr yüksəklikdə, dikliyi 15-30
dərəcə arasında dəyişən yamacın cənub cəhətində ağcaqayın-vələs-palıd meşəliyi bitir, yaşı 120-200-dür.
Ağaclığın orta diametri 52 santimetr, ən iri palıd ağacının yoğunluğu 1 metrdən artıqdır. Meşəliyin tərkibinə
cəmi 6 ədəd fıstıq ağacları qarışır, onların boyu 25 metr, diametrləri 20-26 santimetr təşkil edir, ən yoğun fıstıq
ağacının diametri 60 sentimetrdir.
7. «Keçdiməzpir» - Şamaxı rayonu Sabirli kəndindən 3 kilometr cənubda Keçdiməz dərəsinin sağ
sahilində dəniz səthindən 600 metr yüksəklikdə yerləşir. Burada meylliyi 30-40 dərəcə olan yamacın şərq
cəhətində 200 ədədə qədər saqqızağac bitir. İri ağacların 300-500 yaşı olub, yoğunluqları 40-96 santimetr
arasında dəyişir, boyları 8-12 metrdir. Pirin yanındakı 40-a qədər möhtəşəm saqqızlar meşəlik yaradır. Pirin
ətraf yamaclarında tək-tək cavan saqqız ağaclarına rast gəlinir. Təsvir olunan sahədə saqqız ağaclarının indiyə
289
qədər qalması onların qəbirstanlıqda olub «müqəddəs» sayılmasıdır. Saqqız ağaclarının altında tək-tək nar, qara-
tikan kolları, kəvər və dəvətikanı bitir.
Hazırda «Keçdiməz pir»ində ağacları kəsən yoxdur, lakin onların altında daim mal-qara otarılır, bürkü yay
günlərində ağacların çətri altında qoyunlar və qaramal kölgələnir, bunun nəticəsində torpaq tapdaq edilir, onun
strukturu pozulur, ot örtüyü inkişaf etmir. Bu səbəbdən leysan yağışları zamanı torpaq qatı şiddətli yuyulmağa
məruz qalır, ağacların kökləri səthə çıxır. Qocaman saqqızlar quruyaraq yıxılır, onları əvəz edəcək nəsil
yaranmır. Bu hal Böyük Qafqazın cənub yamacındakı elmi və tarixi əhəmiyyət daşıyan yeganə saqqız
meşəliyini təhlükə altına alır. Odur ki, bü sahənin ətrafı dəmir torla hasarlanıb qorunmalıdır.
Yuxarıda təsvir olunan ağac qrupları və meşə sahələri meşəsi yox edilmiş massivlərin əhatəsində yerləşir.
Bu sahələrə bitişik olan meşəsiz yamaclarda insan fəaliyyətinin mənfi təsiri davam etdiyi üçün meşə örtüyü
bərpa oluna bilmir. Meşədən məhrum olmuş bu yamaclar bu və ya digər dərəcədə eroziya prosesinə məruz
qalmış, münbit torpaq qatı dağılıb, yarğanlar əmələ gəlmişdir. Bu cür ərazilərdə quraqlaşma prosesi müşahidə
olunur, meşəsiz sahələr bozqıra, hətta yarımsəhraya çevrilir. Burada pöhrədən törəmiş kolşəkilli ağaclara, seyrək
kolluqlara rast gəlmək olar.
Haqqında danışdığımız «yaşıl abidələr» meşə landşaftı və meşə iqlimi yarada bilməsə də tutduğu və ona
bitişik sahənin mikroiqlimini müəyyən qədər yaxşılaşdırır. Geniş meşəsiz ərazilərin fonunda yerləşdiyi üçün
belə kiçik yaşıllıqlarda geniş meşə massivlərinə nisbətən quraqlaşma müşahidə olunur. Yuxarıda təsvir etdiyi-
miz nisbətən böyük sahəli «yaşıl abidələr»də rütubətsevər fıstıq ağacına təsadüf olunur. Bu ağacları keçmiş
fıstıq meşələrinin yadigarları hesab etmək olar. Çox yerdə isə fıstıq cinsi-palıd, ağcaqayın, göyrüş kimi nisbətən
kserofit ağac növləri ilə əvəz olunmuşdur. Deməli, müasir «yaşıl abidələr» keçmişin ilkin bitki örtüyünü həmişə
təmsil edə bilməz. Lakin onlar vaxtilə bu ərazilərin meşəli olduğunu göstərən «canlı şahidlər»dir.
Respublikamızda qoruq rejimi yalnız dövlət qoruqlarında və «yaşıl abidələrdə» deyil, həmçinin bütün meşə
təsərrüfatı meşələrində yaradılmalıdır.
Meşə massivlərində qoruq rejimi təşkil edildikdə ərazidə təbiətin müvazinətdə saxlanmasına imkan yaranır.
Bu eyni zamanda qonşu sahələrdə təbiətin digər sahələrinə də müsbət təsir göstərir, oranın iqlimini yaxşılaşdırır,
bitki örtüyünü və heyvanat aləmini zənginləşdirir, çaylarda su rejimini nizama salır və s.
Hazırda respublikamızın meşə sahələrində qoruq şəbəkələri get-gedə genişləndirilir. Lakin bütün meşələrin
qoruq elan edilməsi iqtisadi cəhətdən düzgün sayıla bilməz. Belə ki, qoruq olmayan ərazilərdə meşə sərvətindən
xalq təsərrüfatının müxtəlif sahələri üçün səmərəli istifadə olunması vacibdir. Lakin bu o demək deyildir ki, qo-
ruqdan kənarda qalan meşələrin mühafizə olunmasına diqqəti azaltmalıdır. Qeyd edək ki, qoruq meşələrimizin
sahəsi 30 min hektar olub respublikada ümumi meşə örtüyünün yalnız 3,3 faizini təşkil edir. Az sahə tutan bu
meşələr Azərbaycanda geniş ərazidə olan rəngarəng meşə örtüyünü bütövlükdə təmsil edə bilməz. Doğma
respublikamızın hər bir ağacı. kolu, meşə sahəsi bizim üçün qiymətlidir, əzizdir və onlar da təbiətin əvəzedilməz
yadigarları kimi yüksək səviyyədə qorunmalıdır. Lakin hazırda meşələrimizin mühafizəsi və ondan səmərəli
istifadə edilməsi işində bir sıra çatışmazlıqlara rast gəlirik, yaşıl sərvətimizi qoruyub onu daha da
zənginləşdirmək işində mövcud imkanlardan lazımi dərəcədə istifadə etmirik.
Dağ və düzən meşələrinin çox yerində ağacların özbaşına kəsilməsi, meşənin mal-qaraya otarılması adi hal
olmuşdur. Yaşayış məntəqələri ətrafında, yolların kənarında ağacların budaqları kəsilir, kötüklərinlə ocaq
qalanır, əksər ağacların gövdələrinə balta yaraları vurulur, onları qurutmaq məqsədilə gövdəsinin aşağı hissəsi
balta ilə kəsilib «halqalanır».
Hazırda aşağı və orta dağ qurşağı meşələri qaramal, yüksək dağ meşələri isə qoyunlar üçün yay otlaqları,
düzən meşələri isə qışlaqlar kimi istifadə olunur. Bunun nəticəsində məhsuldar meşələr kolluqlarla əvəz edilir
və ya təsərrüfat üçün tam yararsızlaşaraq dağlıq ərazidə daşlıqlara, qayalıqlara çevrilir, düzəndə isə meşə yox
edilən yerdə bataqlıqlar, şorlaşmış sahələr və bozqırlar yaranır. Deməli, insan meşəni yox edir, əvəzinə isə
təbiətə heç nə qaytarmır. Əksinə, gələcək nəsli həm qiymətli meşədən, münbit torpaq sahəsindən. həm də təmiz
havadan məhrum etmiş olur. Odur ki, meşələrin mühafizəsi işini yaxşılaşdırmaq günün vacib problemi hesab
edilməlidir.
Təcrübələrin nəticələri göstərdi ki, düzən zonada meşə əkini işləri aparmayıb, sahələri lazımi qaydada
mühafizə etmək və süni suvarmaq yolu ilə də ilkin meşələri bərpa etmək mümkündür. Bu tədbirin müsbət nəticə
verməsini təsdiq edən bir neçə misal göstərək.
Ağdaş rayonu Abad kəndinin yaxınlığında şumlanıb tərəvəz bitkiləri becərilən kiçik meşə talalarında bir
kvadrametr sahədə ağyarpaq qovağın orta hesabla 30 ədəd cücərtisini müşahidə etdik. Sürətlə inkişaf edən bu
cücərtilərin orta boyu ilk ilində 70 sm təşkil edir, bəzi yeniyetmələrin bir yaşında hündürlüyü hətta 140
santimetrə çatır. Deməli, suvarılan sahədə təbii olaraq meşəlik yarana bilir.
Ağstafa meşə təsərrüfatı ərazisində və Sabirabad rayonunda Arazın Kürə qarışdığı yerdən aşağıda subasar
sahələrin hamısında kifayət qədər qovaq və söyüd cücərtiləri müşahidə olunur.
Qarayazı qoruğu ərazisində Kürün sahil hissəsində ayrı-ayrı sahələrdə bir kvadratmetrdə Sosnovski
qovağının və ağyarpaq qovağın orta hesabla 40-60 ədəd biryaşlı şivlərini saydıq.
290
Ağdaş meşə təsərrüfatının «Bıçaxçı» sahəsində və Sabirabad meşəçiliyində Kürün subasar sahilində bir
kvadratmetr sahədə orta hesabla 140 ədəd qovaq və 30 ədəd söyüd cücərtisini hesaba aldıq. Mayın sonunda qo-
vaq şivlərinin boyu 60 santimetrə. söyüdünkü isə 80-100 santimetrə çatır. Təəssüflə qeyd olunmalıdır ki, əmələ
gələn bu körpə ağaclar elə birinci ilin payız-qış aylarında mal-qara tərəfindən məhv edilir. Göründüyü kimi, qo-
vaq və söyüd tez boy atan ağac cinsləri olub ilk yaşında 70-100 sm böyüyür. Bu onu göstərir ki, Kür və Araz
sahillərində sahələr 2-3 il yaxşı mühafizə olunarsa, orada tam mənasında tuqay meşələrini bərpa etmək
mümkündür.
Düzən zonada palıd və saqqız yayılan quraqlıq şəraitində meşənin təbii bərpası zəif gedir. Mal-qaradan qo-
runduqda isə bəzi sahələrdə meşənin bərpası müşahidə olunur. Məsələn, Bərdə rayonunda Tərtər çayının Kürə
töküldüyü yerə yaxın ərazidə olan seyrək palıd-saqqız meşəliyi 2-3 il mal-qaradan qounduğu üçün bir hektarda
7 min ədəd cavan palıd şivləri əmələ gəlmişdir.
Ağstafa meşə təsərrüfatının Soyuqbulaq meşəçiliyində dəmir yolunun yaxınlığında tikanlı məftillə
hasarlanıb mal-qaradan və özbaşına kəsilməkdən mühafizə olunan ərazidə iri gövdəli palıd meşəliyi qalmışdır.
Burada ağacların çətri altında kifayət qədər cavan ağaclar müşahidə olunur. Tikanlı məftilin xaricində qalan
ərazidə isə il boyu mal-qara otarılır, ağaclar qanunsuz kəsilir. Burada keçmişdə məhsuldar palıd meşəsinin
yerində yalnız tək-tək qolbudağı, başı kəsilmiş ağaclara təsadüf etmək mümkündür.
Dağ yamaclarında da mühafizə yolu ilə meşələri bərpa etmək, məhsuldarlığını artırmaq üçün imkanlar
vardır. Məsələn, Laçın rayonunun Mirik kəndindən başlamış Minkəndə qədər çayın sağ sahili boyu ayrı-ayrı
sahələr yaxşı mühafizə olunur. Bunun nəticəsində burada kolluqların yerində sıx cavan meşəlik əmələ gəlmişdir.
Həmin çayın sağ sahilində üç yerdə sahələrin qorunması ilə əlaqədar seyrək kolluqlar meşəyə çevrilmişdir.
1962-ci ildən bəri Laçın meşə təsərrüfatının sərəncamına keçirilmiş 14 min hektara yaxın kolxoz meşələri yaxşı
mühafizə olunduğu üçün məhsuldarlığı artmış, torpaqqoruyucu rolu yüksəlmişdir. Tovuz meşə təsərrüfatında
Şamlıq kəndindən yuxarıda yerləşən ərazidə 1950-ci ildən bəri qoruq rejimi təşkil edilmişdir. İndi burada
yamacın şimal-şərq cəhətində yüksək doluluqlu fıstıq-vələs meşəliyi bərpa olunmuşdur.
Şəki rayonunda Kiş kəndinə yaxın yerləşən yamacın şimal-qərb cəhəti uzaqdan yaşıl meşəsilə adamı özünə
cəlb edir. Bu sahə ciddi nəzarət altında qorunur, burada indi palıd, vələs, göyrüş, ağcaqayın və sairə cinslərdən
ibarət normal meşəlik əmələ gəlmişdir. Bu sahəyə bitişik mühafizə edilməyən qonşu ərazilərdə isə məhsuldar
palıd meşələrini kolluqlar əvəz etmişdir. Ona görə güclü yağışlar zamanı burada şiddətli eroziya prosesi
müşahidə olunur, torpaq qatı yuyulub aparılır, yarğanlar əmələ gəlir.
Subalp zonasında insanın təsərrüfat fəaliyyəti dayandırıldıqda müxtəlif ağac cinslərinin bərpası müşahidə
olunur və meşə tədricən təbii sərhədinə doğru irəliləyir. Belə vəziyyəti biz Göygöl və Zaqatala qoruqları, Laçın
meşə təsərrüfatı ərazisində, Şəki rayonunun Töhrə yaylağında müşahidə etdik. Qax rayonunun «Taxta-qaya»
adlanan sahəsində yamacın şimal cəhətində 30 ildən çoxdur ki, mal-qara otarılmır. Bunun nəticəsində meşənin
müasir sərhədindən 100 metr yuxarıya doğru sıx otlar arasında qrup halında çoxlu körpə fıstıq ağacları əmələ
gəlmişdir, onların vəziyyəti yaxşı olub normal inkişaf edir. Yenə həmin rayonun Sarıbaş kəndinin yanında
dəniz səthindən 1800-2150 metr yüksəklikdə meşənin çəmənə doğru irəliləməsi aydın nəzərə çarpır. Burada
kəndi sel basmasın deyə, onun yuxarı tərəfində yerləşən palıd meşəsi çoxdan bəridir ki, yerli əhali tərəfindən
qorunur, orada mal-qara otarılmasına yol verilmir. Meşənin kənarında 100-200 metr çəmənə tərəf olan sahədə
topa halında və tək-tək 10-20 yaşlı cavan palıd ağacları bitir. Bu qruplar bəzən sıx, keçilməz olur. Qorunan
sahədə eroziya prosesinin qarşısı tamamilə alınmışdır. Bu hal meşənin öz keçmiş sərhədini yenidən tutmasına
nümunəvi bir misaldır. Qorunan sahəyə bitişik yamaclar mal-qaradan lazımi dərəcə mühafizə olunmadığı üçün
orada meşəlik tamamilə sıradan çıxmış və eroziyaya uğrayaraq çox yerdə ot örtüyündən də məhrum olub
çılpaqlaşmışdır.
Düzdür, belə misalların sayını davam etdirmək olar. Lakin bu olduqca kiçik sahələri əhatə edir.
Respublikamızın meşə təsərrüfatlarında isə seyrək meşələrin sahəsi 60 min, kolluqların sahəsi isə 40 min hekta-
ra çatır. Bunların çoxunda heç bir əlavə xərc və ağır zəhmət çəkmədən ciddi qoruq rejimi yaratmaq yolu ilə
meşələri bərpa etmək, onları tədricən öz ilkin vəziyyətinə qaytarmaq olar və vacibdir.
Heç bir başqa nemətlə əvəz oluna bilməyən meşələrimizin bərpa edilməsi kimi məsuliyyətli bir işin həyata
keçirilməsində meşə təsərrüfatlarında ciddi dönüş yaranmalıdır. Bu vacib və mühüm tədbirin yerinə
yetirilməsində meşə işçilərinə təbiəti mühafizə təşkilatları və geniş xalq kütlələri yaxından kömək göstərməlidir.
Yadda saxlamaq lazımdır ki, bəşəriyyətin ən qiymətli sərvəti olan meşə həmişə həyatın əsası olmuş və
olacaqdır.
Babalarımızın qan-təri ilə bizə çatdırılan ana təbiəti, onun torpağını, meşələrini, heyvanat aləmini göz
bəbəyi kimi qorumaq və onu daha da zənginləşdirib gələcək nəslə təhvil vermək borcumuzdur.
Dostları ilə paylaş: |