14.4. Kürqırağı tuqay meşələrinin mühafizəsi və bərpası
Kürqırağı tuqay meşələrinin acınacaqlı vəziyyəti həm dövlətimizin, həm də alimlərin diqqət mərkəzindədir.
Respublikamızda tuqay meşələrinin nisbətən geniş sahələri səhra və yarımsəhra rayonlarımızı kəsib keçən Kür
çayının ətrafında yayılmışdır. Tuqay meşələri yayılan Kürboyu ərazidəki rayonların meşə ilə örtülmə dərəcəsi
291
(meşəlik faizi) olduqca aşağıdır. Əgər respublikamızın meşəlik faizi 11%-dirsə, Kür-Araz düzənliyində bu
rəqəm cəmi 0,8%-dir. Odur ki, Kürboyu tuqay meşələrinin mühafizəsi və bərpası böyük təsərrüfat əhəmiyyəti
kəsb edir.
Məlum olduğu kimi, Kür Azərbaycanda və hətta bütün Qafqazda ən böyük çay hesab olunur. Uzunluğu
1515 kilometrdir. Bu çay öz mənbəyini Türkiyədən Çaldır suayrıcından, dəniz səthindən 2741 metr
yüksəklikdən götürür. Kür çayının yalnız 200 kilometr olan hissəsi Türkiyədən axır. Sonra 400 kilometr
Gürcüstan torpağından keçərək respublikamıza daxil olur. Onun Azərbaycan respublikası daxilində uzunluğu
900 kilometrə çataraq həmişə step (çöl) və yarımsəhra ərazilərini kəsib keçir. Orta Asiyada və həmçinin
Mərkəzi Asiyada səhra və yarımsəhraları kəsib keçən belə çaylar çoxdur. Bütün bu çayların sahilləri boyu
meşələrə rast gəlinir. Əgər bu çaylar olmasaydı söz yox ki, səhra və yarımsəhra şəraitində meşə də bitməzdi.
Çaylar öz sahillərində meşənin inkişafı üçün xüsusi əlverişli şərait yaradır. Burada qrunt suyunun səviyyəsi
səthə yaxın yerləşir, torpağın nəmliyi yüksək olur, vaxtaşırı ətraf sahələri daşqın suları basır. Bütün bunlarla
yanaşı, səhra və yarımsəhra zonasında hərarətin də yüksək olması bitki örtüyünün, o cümlədən meşənin güclü
inkişafına səbəb olur. Çay sahili boyu bitən belə meşələrə Cənubi Qafqaz və Orta Asiya xalqları tuqay meşələri
adı vermişlər. Başqa meşələrdən fərqli olaraq tuqay meşələri özünəməxsus qalın, sıx kollu, sarmaşıqlı, çox vaxt
keçilməz olur.
Amu-Dərya və Sır-Dərya çaybasar sahələrin tuqay meşələrində əsas ağac cinsi turanqa (qovaq növü) hesab
olunur. Ona söyüd, çaytikanı qarışır. Münbit allüvial torpaqlarda sıx, sarmaşıqlı meşəlik əmələ gəlir. Ot örtüyü
müxtəlif qamış növləri, kəndir, iri murquz (taxıl fəsiləsindəndir) və s.-dən ibarətdir. Duzlu torpağı olan sahələri
yulğun kolluqları tutur.
Respublikamızda tuqay meşələrinə bir çox düzən çayları ətrafında rast gəlmək olar. Ən uzun və geniş tuqay
meşəsi Kür çayının payına düşür.
Əgər tarixi məlumatlara müraciət etsək, görərik ki, vaxtilə Kür çayı Azərbaycanda bütün uzunluğu boyu,
Xəzər dənizinə kimi tuqay meşələri ilə əhatə olunubmuş. Hazırda isə bu meşələrin yadigarlarına kiçik ləkələr
şəklində rast gəlinir. Son zamanlar isə bu kimi meşə sahələrinin də sırada çıxması təhlükəsi gözlənilir.
Tuqay meşələrinin əsas sahəsi hələ 1920-ci ilə qədər əkin sahələri əldə etmək məqsədilə qırılıb məhv
edilmişdir. Yaxın keçmişdə 20 min hektar Samux meşəsi adı ilə məşhur olan tuqay meşəsi Mingəçevir dənizinin
altında qalmışdır. 10 min hektara qədər tuqay meşəsi Şəmkir və Yenikənd su anbarlarının yaradılması məqsədilə
qırılıb məhv edilmişdir.
Belə vəziyyət Kürqırağında az da olsa qalmış tuqay meşələri qalıqlarının lazımi səviyyədə qorunması və
orada yeni meşəliklərin salınmasının vacibliyini daha da artırır. Təəssüf ki, tuqay meşələrinin orda-burda qalan
kiçik sahələri də insanların təsərrüfatsız fəaliyyəti nəticəsində gözümüzün qabağında yoxa çıxır. Son illər
Kürboyu tuqay meşələrinə insanların mərhəmətsiz münasibəti daha da artımşdır. Ağdaş, Bərdə, Ağcabədi və
Saatlı rayonlarında meşələrin vəziyyəti daha acınacaqlıdır. Burada tuqay meşələri başdan-başa qışlaqlara
çevrilmişdir. Hər il Kürboyu meşə təsərrüfatları ərazilərində fermerlərin və qaçqınların qoyun və qaramal
sürüləri otarılır. bunun nəticəsində təbii və süni salınmış meşələr seyrəlir, kolluqlara çevrilir, qoruyucu
funksiyası zəifləyir və gələcək nəsli kəsilir.
Kürqırağı tuqay meşələrinin ümumi səciyyəsi
Kür çay boyu meşə bitkisi müasir vəziyyətinə və yayılma xarakterinə görə 4 rayona ayrılır:
1) Ağstafa-Şəmkir. Bu ərazi Gürcüstan respublikasından başlayaraq Mingəçevir su anbarına qədər uzanır.
Burada tuqay meşələrinin qalıqlarına rast gəlinir. Qrunt suyu səthə yaxın yerləşir, ərazini dövrü olaraq Kürün
daşqın suları basaraq meşənin bitməsi üçün əlverişli şərait yaradır. Meşənin təbii bərpası ən çox əsas ağac cinsi
olan ağyarpaq qovağın hesabına gedir, lakin mal-qara tərəfindən zədələnir və məhv edilir.
2) Yevlax-Ağdaş. Bu ərazi Varvara gölündən başlayaraq Ağdaşın Körpükəndinə qədər uzanır. Burada Kür
çayının hidroloji rejiminin dəyişilməsi ilə əlaqədar olaraq, ayrı-ayrı sahələrdə qovaq meşələrinin quruması
müşahidə olunur. Bununla yanaşı, burada bir neçə sahədə yüksək məhsuldar qovaq meşəsi massivi mövcuddur.
Meşənin bərpası əsasən qarağacın üstünlüyü ilə gedir.
Qovaq yeniyetmələri ancaq çayın sahillərində müşahidə olunur.
3) Ağcabədi-Sabirabad. Bu ərazi olduqca az meşəliyi ilə səciyyələnir. Kürün hidroloji rejiminin
dəyişilməsilə əlaqədar olaraq, qovaq meşələrinin quruması əlaməti nəzərə çarpmır. Təbii meşə bərpası həm
qarağacın, həm də ağyarpaq qovaq və söyüdün hesabına gedir. Burada tuqay meşəsinin inkişafı üçün çox
əlverişli şərait vardır. Lakin buna insanın təsərrüfat fəaliyyəti maneçilik törədir.
4) Salyan. Bu ərazi Salyandan Xəzərə kimi uzanıb, təbii meşə örtüyündən tamamilə məhrumdur. Yulğun
kolluqları üstünlük təşkil edir. Tək-tək söyüd və qovaq ağaclarına və onların yeniyetmələrinə təsadüf edilir.
Ərazini qorumaq və meşə əkmək yolu ilə tuqay meşələrini bərpa etməyə şərait vardır.
Qarayazı tuqay meşələri vaxtilə Rusiya imperatorunun ov həvəskarları cəmiyyətinin Tiflis şöbəsinin
sərəncamında olmuş, çar ailəsi üçün ov məqsədilə yalnız bu yerlərin meşələri və heyvanlar aləmi qorunmuşdur.
Qarayazı meşələri üç hissədən – Qarayazı, Soyuqbulaq və Böyükkəsik sahələrindən ibarət idi. 1922-ci ildə
292
həmin meşə sahələri bölüşdürülmüş, onların birincisi Gürcüstanın, son ikisi isə Azərbaycanın tərkibinə daxil
edilmişdir. Qarayazı meşələri əsrimizin onuncu illərində və iyirminci illərinin əvvəllərində xeyli məhv
edilmişdir. Sonradan təbiətin qorunmasına müəyyən qayğı göstərildi və 1922-ci ildə xüsusi dövlət yasaqlığı
yaradıldı. Bu yasaqlığın məqsədi ərazidəki heyvanları qorumaq idi. Lakin bu yasaqlıqda qoruma işləri lazımi
səviyyədə təşkil edilməmişdir. 1957-ci ildə Qarayazı sahəsinin mövcud təbii kompleksini mühafizə etmək və
keçmiş zənginliyini bərpa etmək üçün bir sıra tədbirlər görüldü. 1964-cü ildə 12 min hektar sahədə Qarayazı-
Ağstafa yasaqlığı təşkil edildi. Lakin yasaqlıq vasitəsilə ərazinin heyvan və quşlarını tam qorumaq mümkün
olmadı; eyni zamanda burada təbiətin kompleks mühafizəsi zəruriyyəti də yarandı. Ona görə də Azərbaycan
hökumətinin 1978-ci il qərarına əsasən Ağstafa meşə təsərrüfatının Kürətrafı meşələrində 6 min hektara yaxın
ərazidə Qarayazı dövlət qoruğu yaradıldı. Lakin az sonra respublika hakimiyyət orqanlarının əsassız qərarı ilə
(1979) qoruğun meşəli və meşəsiz ərazisindən 1119 hektar torpaq fondu rayonun üzümçülük sovxozuna verildi.
Hazırda qoruğun sahəsi 4855 hektardır. Burada məşhur Qarayazı meşələrinin təbiət kompleksi qorunur.
Qarayazı qoruğunun sahəsi kiçik olduğundan tuqay meşələrinin qorunması ilə əlaqədar olan tələbatı ödəmir.
Qarayazı qoruğu Kürətrafı dövlət meşə fondunun 7,3 faizini təşkil edir. Onun ərazisinin azı 2500 hektara qədər
artırılması məqsədəuyğundur. Qeyd etmək lazımdır ki, Ağdaş rayonunda tuqay meşəsi şəklini az-çox saxlamış
ağyarpaq qovaq meşəliyinin nisbətən geniş massivində ikinci qoruğun yaradılması olduqca vacib məsələdir.
Meşə quruluşu layihələrində Kür çay boyu hər iki sahildə 270 metr enində qoruq zolağı ayrılmış və orada
bütün qanun pozuntuları (meşənin qırılması, mal-qara otarılması və s.) ciddi qadağan edilmişdir. Lakin bu qo-
ruyucu zolaq yalnız meşə planları üzərində və digər meşə quruluşu materiallarında mövcuddur. Faktiki olaraq
bütün Kürqırağı meşələrində insanın təsərrüfatsız fəaliyyəti müşahidə olunur, meşə təsərrüfatları tərəfindən ona
ciddi nəzarət göstərilmir.
Tuqay meşələrinin meşə əkini yolu ilə bərpası
Mövcud ədəbiyyat materiallarından istifadə edərək aşağıda Kürqırağı ərazidə meşənin bərpası işlərinin
təcrübəsi qısa təhlil edilir.
Kürboyu meşə təsərrüfatlarında indiyə kimi 15 min hektara qədər süni meşə salınmışdır. Meşə əkinlərində
əsasən aşağıdakı ağac cinslərindən istifadə edilmişdir: ağ akasiya, yaşıl göyrüş, şabalıdyarpaq palıd, uzunsaplaq
palıd, eldar şamı, qarağac, adi qoz, Qafqaz xurması, Kanada qovağı, sosnovski qovağı, hibrid qovaqlar, çəkil,
iydə və s.
Hazırda Kür boyu yerləşən meşə təsərrüfatlarında 27 min hektar meşəsiz və meşə ilə örtülü olmayan sahələr
və 5 min hektardan çox pozulmuş seyrək meşə əkinləri mövcuddur. Bu ərazinin yalnız 2 min hektarında ildə
400 hektar hesabilə məhsuldar qovaq növləri yetişdirilərsə 5 ildən sonra başdan-başa qırma yolu ilə dövri olaraq
hər il 150-200 min kubmetr oduncaq ehtiyatı əldə etmək olar (400 hektardan). Bu isə respublikamızın meşə
materialına olan tələbatını xeyli ödəyər. Bütün bunları nəzərə alaraq Respublika Ekologiya və Təbii Sərvətlər
Nazirliyi Kürqırağı ərazidə qiymətli qovaq növlərindən ibarət meşə plantasiyaları yaratmağı ön plana
çəkməlidir.
Qovaq ağaclarından salınan meşələr eyni yaşda olan akasiya, göyrüş, şam və palıd meşələrindən 5-10 dəfə
yüksək məhsuldarlığa malikdir. Kürqırağı ərazinin çox hissəsində qrunt suyu səthə yaxın yerləşir. Belə sahələr
qovaq üçün əlverişli hesab olunur. Odur ki, tuqay meşələrinin bərpası üçün qovaq əsas cins sayılmalıdır.
Qovaq ağaclarının yetişdirilməsində kənd təsərrüfatı elmləri namizədi Qafar Cəlilovun və türk
qovaqşünaslarının təcrübəsindən istifadə edilməlidir.
Tuqay meşələrinin bərpa edilməsində qovaqla yanaşı, uzunömürlüyü, tez böyüməsi, nəhəng gövdəsi,
əzəmətli yaraşıqlı çətri, davamlılığı və qiymətli oduncağı ilə şöhrət qazanan çinara da xüsusi yer verilməlidir.
Kürqırağı zonada bu ağacın tayı-bərabəri yoxdur. Ancaq nədənsə bu uzun ömürlü və qiymətli ağac cinsindən
meşə əkinlərində istifadə edilmir. Bərdə və Ağcabədi meşə təsərrüfatlarında tək-tək və qrupla əkilmiş çinar
ağaclarının 15 yaşında boyu 13-14 metrə, döş bərabərində diametri 28-34 santimetrə çatır. Bu onu göstərir ki,
çinar böyümə sürətinə görə qovaqla yanaşı durur, uzunömürlülüyü və dekorativliyinə görə isə ondan da
üstündür.
Kürqırağı ərazidə indiyə kimi aparılan süni meşəsalma işləri qənaətbəxş deyildir. Meşəsalma işlərində
əsasən ikinci dərəcəli ağac cinslərinə üstünlük verilir. Qiymətli ağac cinsləri olan palıd növləri, qoz, qovaq
növləri, saqqızağac, püstə, çinar əkinləri yox dərəcəsindədir. Ağac cinsləri yerli şəraitə uyğun seçilmir, qarışıq
əkinlərdə onların bioloji xüsusiyyəti. növarası mübarizə məsələsi nəzərə alınmır. Çox vaxt bu ondan irəli gəlir
ki, hazırda tingliklərdə ağac və kol cinslərinin seçilməsi, onların təsərrüfatlar üzrə planlaşdırılması düzgün
aparılmır, qiymətli və uzunömürlü ağac cinslərinin yetişdirilməsinə az diqqət yetirilir.
Kürqırağı ərazidə meşə təsərrüfatı sahələrindən səmərəli
istifadə olunması
Tədqiqatlar nəticəsində Kürqırağı zonada sahələrin xüsusiyyətindən, qrunt suyunun səviyyəsindən, torpağın
şorlaşma dərəcəsindən və s.-dən asılı olaraq tuqay meşələrinin vəziyyətini yaxşılaşdırmaq və bərpa etmək üçün
293
meşə fondu torpaqları təsərrüfatı qruplara bölünmüşdür. Aşağıda ayrı-ayrı təsərrüfat qruplarının xarakteristikası
və onlar üçün təklif olunan tədbirlər verilir.
I. Qovaq meşələri
Ağdaş meşə təsərrüfatı ərazisində tuqay meşəsi şəklini az-çox saxlamış ağyarpaq qovaq meşəliyinin
nisbətən geniş massivində qoruğun yaradılması olduqca vacib məsələdir.
Doluluğu 0,5 və yuxarı olan təbii bərpası zəif gedən qovaq meşələrində təbii bərpaya kömək məqsədilə tor-
paq zolaqlarla və ya hissə-hissə yumşaldılmalı və suvarılmalıdır.
Süni suvarmaya imkan olmayan sahələrdə meşə altında əmələ gələn palıd və tutağacı yeniyetmələrinə şərait
yaratmaqla onların tərkibində qarağac və kollar kənar edilməlidir.
Qovaq meşələrinin çoxu insanın təsərrüfatsız fəaliyyətinin təsiri nəticəsində bu və ya digər dərəcədə
pozulmuşdur. Belə sahələrin vəziyyətini yaxşılaşdırmaq məqsədilə aşağıdakı tədbirlər irəli sürülür.
1) Rütubətli sahələrdə sıx böyürtkan və yulğun kollu pozulmuş qovaq (qismən söyüd) meşəlikləri.
Bu sahələr vaxtaşırı daşqın sularına məruz qalır, qrunt suları səthə yaxın yerləşir. Ağacların çoxunun təpə
hissəsi və budaqları kəsilmişdir. Təbii bərpa zəif gedir və mal-qara tərəfindən məhv edilir.
Qovaq yeniyetmələrinin inkişafına şərait yaratmaq məqsədilə kolluqlar dar zolaqlarla və ya sahəciklərlə
köklənərək sahədən çıxarılmalıdır.
2) Rütubətli şəraitdə sıx tutağacı kolları olan pozulmuş qovaq meşəlikləri
Bəzən tut kolları meşəliyin ikinci mərtəbəsini tutur, tərkibində tək-tək qarağac, iydə və qovaq
yeniyetmələrinə təsadüf edilir, tutağacının budaqları hər il barama üçün doğranır.
Qarışıq qovaq-tutağacı meşəliyi yaratmaq məqsədilə tutağacı yeniyetmələrini qrup şəklində mühafizə
etməli, ağaclığın tərkibindən iydə və qarağac kənar edilməlidir.
3) Rütubətli şəraitdə qovaq seyrəklikləri. Tək-tək mal-qara tərəfindən zədələnmiş halda qovaq, tut və
qarağac yeniyetmələrinə təsadüf olunur. Daşqın sularına bəzi illərdə məruz qalır.
Qovaq meşəsini bərpa etmək üçün ərazi zolaqlarla yumşaldılmalı və qovaq yeniyetmələrinin əmələ gəlməsi
üçün erkən yazda bir dəfə suvarılmalıdır.
4) İkimərtəbəli pozulmuş qovaq meşəlikləri. İkinci mərtəbə sıx qarağaclıqdan təşkil olunur. Qrunt suyu
səthə yaxın yerləşir, daşqın suları müşahidə edilmir.
Meşəliyin ikinci yarusunda xidməti (seyrəltmə) qırma aparılması məsləhət görülür.
5) Nisbətən quru bitmə şəraitində qovaq seyrəklikləri
Qrunt suları 3 m-dən aşağıda yerləşir. Daşqın sularına məruz qalmır. Təbii bərpa çox zəif gedir, tək-tək
qarağac, tutağacı və cır nara təsadüf edilir. Belə sahələrdə qovaq meşələrinin bərpası üçün suvarma işi
aparılmalıdır.
Təklif: Açıqlıqlarda tutağac şitilləri əkməli və ya şumlanmış sahədə toxumla palıd (uzunsaplaq və ya
şabalıdyarpaq) ağaclığı yetişdirmək.
II. Palıd-qarağac və palıd-saqqız ağaclıqları
1) Qrunt suları dayazda yerləşən sahələrdə pozulmuş palıd və qarağaclar. Əsasən Ağstafa meşə təsərrüfatının
Muğanlı və qismən Soyuqbulaq və Poylu meşəçilikləri ərazisində rast gəlinir. İntensiv mal-qara otarıldığından
təbii bərpa müşahidə olunmur.
Açıqlıqlarda tutağacı şitilləri əkilməli və ya yumşaldılmış sahələrdə palıd toxumları səpilməlidir. Belə
sahələrdə qovaq meşəliyi yaradılarsa əkilmiş qovaq qələmləri ilk illərdə suvarılmalıdır.
2) Qrunt suyu dərinlikdə yerləşən sahələrdə pozulmuş palıd və qarağac meşəlikləri. Meşə altında seyrək qa-
ratikan, yemişan, cır nar, zirinc və göyəm bitir. Təbii bərpa olduqca zəif gedir.
Təklif: Sahədə mal-qara otarılması qadağan edilməli, təbii meşə bərpasına kömək etmək məqsədilə sahə
yumşaldılmalı və palıd toxumu səpilməlidir. Birinci ildə suvarılma məsləhət görülür.
3) Pozulmuş palıd-saqqız ağaclıqları. Ağstafa meşə təsərrüfatında təsadüf edilir. Təbii bərpa getmir.
Təklif: Sahədə mal-qara otarılması qadağan edilməli. Ağaclıqlarda sahə yumşaldılmalı və suvarma işi
aparılmalıdır.
III. Kolluqlar
Kürqırağı ərazidə yulğun kolları çox yayılmışdır. Onun sahəsi qərbdən şərqə doğru getdikcə artır. Belə kol-
luqlar əsasən sıradan çıxmış qovaq meşələrinin yerində və axmazlarda əmələ gəlmişdir. Bunlar heç bir təsərrüfat
əhəmiyyəti daşımır. Bununla yanaşı, yulğun koları bitən sahələrdə qrunt suları səthə yaxın olduğundan qovaq və
çinar ağaclıqlarının inkişafı üçün əhəmiyyətlidir. Odur ki, yulğun kollarını hissə-hissə qırıb, yerində qovaq
meşəlikləri salmaq daha məqsədəuyğundur.
Palıd, qarağac və saqqız ağacları sıradan çıxmış sahələrdə qaratikan və nar kolları çox yayılmışdır.
Qaratikan kolluqlarına Ağstafadan başlayaraq Ağdaşın Ketovan kəndinə kimi olan ərazidə, nar kollarına
isə, əsasən Varvara gölündən aşağı sahələrdə təsadüf olunur. Bunların yerində meşə örtüyünü bərpa etmək üçün
uzunömürlü və quraqlığa davamlı ağac cinslərindən püstə, badam, saqqız, dağdağan, palıd, azatağac, eldar şamı
və hələb şamından istifadə etmək məqsədəuyğundur.
294
IV. Qurumaq ehtimalı olan süni meşə əkinləri
1) Az məhsuldar seyrək akasiya ağaclıqları. Qrunt suyu səthə yaxın yerləşən sahələrdə akasiya əkinləri qo-
vaq və çinarla, qrunt suyu dərində yerləşən sahələrdə isə şabalıdyarpaq palıd, uzunsaplaq palıd və püstə ilə əvəz
edilməlidir.
2) Ağac növləri düzgün seçilməyib qarışdırılan süni meşəliklər (göyruş-akasiya, iydə-göyrüş, palıd-göyrüş,
tut-akasiya və s.) kəsilib yenidən rekonstruksiya olunmalıdır. Ağac növləri yerli bitmə şəraitinə uyğun seçilib
düzgün qarışdırılmalıdır. Kürqırağı ərazidə meşə təsərrüfatları ərazisində 30 min hektardan artıq meşəsiz
sahələrdə yeni məhsuldar meəşliklərin yetişdirilməsi mühüm məsələ sayılır. Bu sahələrin çoxunda torpaq örtüyü
az duzludur. 14.1 saylı cədvəldə süni meşəliklərin salınması üçün istifadə olunacaq ağac və kol çeşidləri verilir.
V. Meşəsiz sahələr
Torpağın şoranlıq dərəcəsindən və qrunt suyunun səviyyəsindən asılı olaraq müxtəlif ağac cinslərindən
istifadə edilməlidir. Onların qarışdırma variantları aşağıdakı kimi olmalıdır:
1) Yeraltı suyu səthə yaxın yerləşən duzlu olmayan və az duzlu torpağı olan sahələrdə:
a) Çinar-qovaq əkini (hər cinsdən 2-3 cərgə)
b) Qarağac-palıd (hər cinsdən 3 cərgə)
v) Təmiz qovaq meşəlikləri (Sosnovski qovağı, ağyarpaq qovaq, Kanada qovağı, müxtəlif qovaq sortları)
q) Təmiz (sırf) çinar ağaclığı
d) Göyrüş-şam (3 cərgə eldar şamı. 1 cərgə kol, 2 cərgə göyrüş)
2) Yeraltı suyun səviyyəsi dərində yerləşən az duzlu və duzlu olmayan sahələrdə:
a) Saqqız (püstə)-palıd (2 cərgə saqqız, 1 cərgə ərik, 2 cərgə palıd)
b) Təmiz (sırf) püstə plantasiyası
v) Təmiz qoz plantasiyası
q) Təmiz-xurma meşəliyi
d) Şam-sərv (2 cərgə eldar şamı, 1 cərgə kol, 2 cərgə sərv)
3) Orta dərəcədə duzlu torpaqlarda:
a) Qarağac-göyrüş-tut (hər cinsdən 3 cərgə)
b) Təmiz tut ağaclığı
v) Göyrüş-tut ağaclığı (hər cinsdən 3 cərgə)
q) Qovaq-söyüd ağaclığı (2 cərgə ağyarpaq qovaq, 1 cərgə söyüd)
295
Cədvəl14.1.
Meşə salınması üçün təklif olunan ağac və kollar
Ağac
və
kollar
Kürətrafı
meşəbitmə
rayonu
Kür-
Araz
ovalığ
ı
Ağac və
kollar
Kürətrafı
meşəbitm
ə rayonu
Kür-
Araz
ovalığ
ı
İynəyarpaqlı ağaclar
Yarpaqlı ağaclar
Hələb şamı
-
+
Yapon saforası
-
+
Eldar şamı
+
+
Söyüd növləri
+
+
İtaliya şamı
+
+
Meliya
-
+
Primorsk şamı
+ + Alma
+ +
Veymut şamı
+
-
Armud
+
+
Üfiqi sərv
+
+
Ərik
+
+
Şaquli sərv
+ + Heyva
+ +
Arizon sərvi
+
+
İnnab
+
+
Himalay sidri
+
+
Əncir -
+
Yapon
əzgili
+
+
Yarpaqlı ağaclar
Uzunsaplaq palıd +
+
Kanada qovağı
+
+
Daş palıd
+
+
Sosnovski
qovağı
+ +
Şabalıdyarpaq
palıd
+ +
Ağyarpaq qovaq +
+
Bolleana qovağı +
+
Qarağac
+
+
Dağdağan
-
+
Adi qoz
+
+
Amerika
ağcaqayını
- +
Pekan
+
-
Badam
-
+
Qafqaz xurması
+
-
Zeytun
-
+
Püstə
+
+
Çinaryarpaq
ağcaqayın
- +
Saqqızağac
+
+
At şabalıdı + +
Kollar
Çinar
+
+
Cır nar
-
+
Tut
+
+
Albalı
+
+
Ağ akasiya
+
+
İydə
-
+
Yaşıl göyrüş - + Amorfa
- +
Sabunağac
-
+
Sarağan
-
+
Kağızağac
- + Maklyura
- +
Katalpa
-
+
Yulğun
-
+
Şoran torpaqlarda yalnız iydə, yulğun, lələk, maklyura və yapon saforası kimi ağac-kol cinsləri əkilə bilər.
Kürqırağı tuqay meşələrinin bərpa edilməsi Kür-Araz ovalığında kənd təsərrüfatının daha da inkişafına
kömək edəcəkdir. Bu meşələr qızmar günəşli Qarabağın, Şirvanın, Milin, Muğanın iqlimini yaxşılaşdıracaq,
burada istirahət və sağlamlıq ocaqları yaratmağa real imkanlar açacaq, ərazinin estetik vəziyyətinin daha da
gözəlləşməsi üçün zəmin yaradacaqdır.
14.5. Qovaq ağaclıqlarının salınması
Dünyada yayılmış 120 qovaq növünün 16-sına Qafqazda, Azərbaycanda isə 11-nə (Q.H.Cəlilova görə 13-nə)
təsadüf edilir.
Qovaq ağaclarının oduncağı yüngül və yumşaqdır, onları sıxmaq və əymək yolu ilə istənilən şəklə salmaq
olur. Oduncağından mebel sənayesində, çəllək, arı təknəsi hazırlığı işlərində (oduncağının rəngi çıxmır və ondan
iy gəlmir), gəmiqayırmada, tikintidə, kağız, karton, faner, kibrit sənayesində istifadə edilir. Qabığında 9%-ə
yaxın tanin maddəsi vardır, dabbaqçılıqda və təbabətdə geniş istifadə olunur.
Qovaq, kənd təsərrüfatı bitkilərinə (xüsusilə texniki bitkilərə) ziyan verən həşəratları məhv edən quşların ən
çox sevdiyi ağac cinsidir. Azərbaycanın düzənlik rayonlarının pambıq sahələrində bitən bir ədəd qovaq ağacının
üzərində 25-30 quş yuvasına rast gəlinir və quşlar öz balalarını ziyanverici həşərat və onların sürfələri ilə
yemləyirlər (Cəlilov, 1972).
296
Hazırda respublikanın dağ və düzən rayonlarında sınaqdan keçirilmiş və becərilmiş 150-dən artıq qovaq
növü məlumdur. Onların 120-si respublikanın müxtəlif torpaq və iqlim şəraitlərində Q.H.Cəlilov (1972)
tərəfindən sınaqdan keçirilmişdir. Müəllif təklif etdiyi faydalı qovaq növlərini kök sisteminin yayılması,
inkişafı, bioloji xüsusiyyətləri və eləcə də morfoloji quruluşlarına görə aşağıdakı 3 qrupa bölür:
Dostları ilə paylaş: |