ETNOPSİXOLOGİYA 5
ÖN SÖZ Mənəviyyat şüurun yox, xarakterin törəməsidir. Xalqın ağlı yox, xarakteri onun tarixdə inkişafını müəyyən edir. Qustav Le Bon Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar
nəzəriyyəsinin banisi Lütfi Zadə ilə olan müsahibələrdən birində
ondan soruşurlar ki, bəs niyə yaşadığınız Amerika və Avropa
ölkələrində sizin kəşfinizə maraq göstərmədilər, etinasız qaldılar,
amma Şərq ölkələri onu dərhal qəbul etdilər? Böyük alim bunun
səbəbini həmin ölkələrdə yaşayan xalqların psixologiyası ilə bağlı
olduğunu qeyd edərək demişdir: “Bu həmin xalqların düşünmə və
qavrama vərdişləri ilə əlaqədardır. Bildiyimiz kimi ameriaklılar və
avropalılar dəqiq düşünmə tərzi, Şərq xalqları isə qeyri-səlis
düşünmə vərdişləri ilə xarakterizə olunurlar. Elə buna görə də
mənim nəzəriyyəm ilk öncə Şərq ölkələrində öz tətbiqini tapmağa
başladı”.
Deməli, etnik psixoloji xüsusiyyətlər insanları bir məsələyə
həssas, digərinə isə etinasız olmasına təsir göstərir. Allah yaratdığı
hər bir insanı ümumi planda cinsindən asılı olaraq kişi və qadın
xüsusiyyətləri ilə proqramlaşdırmışdır. Düşdüyü sosial və təbii
mühitdən asılı olaraq insan ona yüklənmiş olan təməl proqramdan
fərqli şəkildə istifadə edir. Bu səbəbdəndir ki, bir insan başqasına
faydalı olmağı, ona kömək etməyi digəri isə başqasından yarar-
lanmağı, ondan istifadə edərək yaşamağı özünə həyat tərzi seçir.
İnsanın və ya toplumun hansı keyfiyyətləri, psixoloji xüsusiyyətləri
özündə formalaşdırması birmənalı şəkildə sosial mühit faktorları ilə
əlaqədardır. Hətta irsi olan xüsusiyyətlərin də fərdin və ya qrupun
fikir, hiss və davranışında üzə çıxması sosial mühitdən asılı olur.
Belə ki, bəzi irsi xüsusiyyətlərin inkişaf etməsinə və üzə çıxmasına
sosial mühit qərar verir. Əgər müvafiq inkişaf şəraiti olmasa irsi
keyfiyyətlərin fikir, hiss və davranışda təzahür etməsi qeyri-
mümkün olar.