71
Dərsliyin “Fəaliyyət” hissəsində verilmiş tapşırıqda əsas məqsəd şagirdləri mətn
redaktorunda sadə şəkillərin çəkilmə imkanları ilə tanış etməkdir. Bunun üçün müəllim
proyektor vasitəsilə mətn redaktorunun pəncərəsində rəsm zolağını göstərir. Sadə
fiqurların çəkilməsi və onların rənglənməsini nümayiş etdirmək məqsədəuyğundur.
Şagirdlərin praktik işdə qazandıqları yeni bacarıqlarla bağlı yaranan suallar və
çətinliklər aşkarlanıb müzakirə edilə bilər. Adətən, şagirdlər sadə fiqurları (düzbucaqlı və
dairə) çəkmək üçün rəsm alətləri zolağından uyğun fiquru seçəndən sonra siçanı iş
sahəsində çıqqıldadırlar. Müəllim onlara bu alətdən qrafik redaktorda olduğu kimi, siçanın
sol düyməsini basılı saxlayıb onu hərəkət etdirməyi izah edir. Yaranan fiqurun ölçülərini
dəyişmək üçün onun tutacaqlarından istifadə olunmalıdır. Fiquru rəngləmək üçün qrafik
redaktordan tanış olan boya alətindən istifadə etmək daha məqsədəuyğundur. Çünki
kontekst menyusundan istifadə etmək 5-ci sinif şagirdləri üçün bir qədər mürəkkəb ola
bilər. Ay və ulduz fiqurları isə avtofiqurlardan seçilir.
Müəllim dərsliyin bu hissəsində verilən məlumatı proyektorda göstərməklə şərh edə
bilər. Sadə fiqurlar çəkmək üçün rəsm zolağındakı alətlərdən necə istifadə olunduğunu və
boya aləti vasitəsilə fiqurların rəngləndiyini nümayiş etdirmək olar.
Dostları ilə paylaş: