AZƏRBAYCAN FOLKLORUNDA KEÇƏL OBRAZI
Mətanət MUSTAFAYEVA
Azərbaycan Müəllimlər İnstitutu, Şəki filialı
reshad_mustafa@mail.ru
Xalq ədəbiyyatı nümunələrinin bədii obrazlı dili əsasən bir –birinə bənzəməklə yanaşı, bəzən müxtəlif janrda olan
nümunələrin bəzi motivlərində, hətta obrazlarda eynilik, paralellik müşahidə olunur.
Dastan, nağıl, qaravəlli və sair
kimi janrlarda ortaq obraz kimi biz keçəli görə bilərik. Keçəl obrazı qaravəllilərin əsas obrazlarından biridir. Nəzərə alsaq
ki, qaravəllilər üçün səciyyəvi cəhətlər bu janrda olan nümunələrin ictimai nöqsanları satirik, yumoristik dillə tənqid
edilməri və yekunda gözlənilməz nəticə ilə bitməsidir, o zaman kasıb, “cındırından cin hürkən” keçəllərin bu nümunələrə
niyə əsas qəhrəman olduğu aydınlaşır.
Keçəl kasıbları təmsil edir, ac yatır, bir loğma quru çörəyə sevinir, geyimi çox fağırıdır, bəzən “qotur basmış”
vəziyyətdə olur, ancaq iştirak etdiyi xalq ədəbiyyatı nümunələrinin süjeti irəlilədikcə onun sadə təbiəti, çox bilmişliyi,
inadkarlığı, fərasəti, hətta hiyləgərliyi belə ortaya çıxır. Çox vaxt keçəllər tərs, dediyindən dönməyən kimi göstərilir ki, bu
da bəzən hadisələrin gedişini əvvəldən görə bilməsi, bəzən bu, gedişatı öz xeyrinə dəyişə bilməsi ilə əlaqədar olur. Keçəl
hazırcavabdır, hər vəziyyətdən çıxa bilir, çətin anlarda ağıllı mübarizə üsulu seçə bilir, heç vaxt razı olmaz ki, onun haqqı
tapdalansın, ona çatacaq olan mal-dövlət başqasına qismət olsun. Bütün bu mübarizliyinə görə xalq öz keçəlini sevir, onu öz
təffəkkür məhsulunun qəhrəmanı edir.
“İsfahan keçəli”, “Cənnət satan molla”, “Keçəllə qazı”, “Keçəl, molla və ögey ana”, “Keçəl, darğa və axund”, “ Bala
öküz ala öküzün nəyidi?”, “ Keçəl”, “Üçgül keçəl”, “Tacirbaşı ilə keçəl”, “Keçəlin fəndi”, “Keçəllə dəyirmançı”, “Keçəlin
nağılı” və sair kimi qaravəllilərin əsas mərkəzi obrazı keçəldir. Nəticə etibarı ilə hər birində keçəl qalib gəlir, məsədinə nail
ola bilir.
“Tacirbaşı ilə keçəl” qaravəllisində hadisələr zalım, acgöz kimi göstərilən tacir ilə keçəlin arasında cərəyan edir.
Keçəlin atası iki gün tacirə işləsə də, tacir onu iki loğma quru çörəklə aldadır, əməyinin qarşılığını vermir. Bundan hiddət-
lənən keçəl tacirin oğlunun başını elə həmin çörəklə yarır. Ancaq keçəlin fəndi və fərasəti onu xilas edir, tacir kilimin ar-
asında döyülüb can verir. Sonda keçəl tacirin qızılları ilə başqa şəhərdə firavan həyat sürür.
|