II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
364
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
VALTER SKOTTUN HƏYATI, ŞƏXSİYYƏTİ VƏ YARADICILIĞININ BƏZİ
MƏQAMLARINA DAİR
(Hesket Pirsonun “Valter Skott: həyatı və şəxsiyyəti” adlı bioqrafik romanı əsasında)
Günel XƏLİLOVA
Azərbaycan Dillər Universiteti
gunelkhalilova@rambler.ru
Bütün zamanların ən populyar janrlarından biri olan bioqrafik roman mədəniyyətin və ədəbiyyatın sütunlarını təşkil
edən görkəmli sənət adamlarının həyatı və şəxsiyyətinin unudulmazlığının realist və bədii təsvirini yaradan tarixi salnaməni
xatırladır. Müəyyən mənada öz mühitinin və dövrünün personajı kimi çıxış edən bu və ya digər sənət adamı, bəzi hallarda
coğrafi toponimlər belə dövrün ictimai, siyasi və milli-mənəvi ruhunu bir növ özündə yaşadır.
Valter Skott yaradıcılığının tanınmış tədqiqatçılarından biri Hesket Pirson (Hesketh Pearson, 1887-1964) Böyük
Britaniya mədəni və ədəbi arealında aktyor və bioqraf kimi tanınır. Onun özü barəsində yazdığı avtobioqrafiyası ölümündən
bir il sonra “Hesket Pirson özü öz gözləri ilə” (“Hesketh Pearson by Himself”, 1965) adı ilə nəşr olunmuşdur. 1987-ci ildə
isə İan Hanter (Ian Hunter) bu böyük sənət adamına həsr etdiyi “Peşiman olmalı heç nə: Hesket Pirsonun həyatı” (“Nothing
to Repent: The Life of Hesketh Pearson”) adlı bioqrafik romanında onu qeyri-adi və ömrü hədər getməyən bir sənət
mücahidi kimi oxuculara təqdim etmişdir. Hesket Pirsonun öz dövrünün tanınmış teatr xadimlərinin, şəxsiyyətlərinin həyat
və yaradıcılığından bəhs edən kitabları sırasında “Müasir adamlar və aktyorlar” (“Modern Men and Mummers”, 1921),
Uilyam Hazlitt (“William Hazlitt”, 1934), Sidney Smit (“The Smith of Smiths”, 1934), Corc Bernard Şou (“George Bernard
Shaw”, 1942), Oskar Uayld (“Oscar Wilde”, 1946) və digər sənət adamlarına həsr etdiyi bioqrafik romanları ilə məşhur
olmuşdur.
Hesket Pirsonun ölümündən on il əvvəl nəşr etdirdiyi “Valter Skott: həyatı və şəxsiyyəti” (“Walter Scott: His Life and
Personality”, 1954) adlı bioqrafik romanının rus dilinə tərcümə variantına “Valter Skott və Hesket Pirson” adlı ön söz
yazmış tərcüməçi və tədqiqatçı V.Skorodenko aşağıdakı mühakiməsində vacib bir məsələyə toxunmuşdur: “...Pirsona
məxsus bir keyfiyyət ondan ibarətdir ki, o, Skottdakı istorizm hissini, ölkənin tarixi ilə müasir zaman və insan xarakteri
arasındakı möhkəm, davamlı səbəbiyyət əlaqəsini açıb göstərmək məharətini görüb yüksək dərəcədə dəyərləndirmişdir.
Pirsonda Skott – zaman kontekstində şəxsiyyət, XVIII əsrin sonlarının – XIX əsrin üçdə birinin şotland xarakteri idi və belə
bir görmə bucağından Skottun “həyat və şəxsiyyəti”nin bir çox həqiqətə uyğun olmayan cəhətləri aydınlaşdırılıb şərh
edilir...” (2, s.6)
Proletar yazıçı Maksim Qorkinin 1933-cü ildə əsasını qoyduğu “Görkəmli adamların həyatı” («Жизнь замечательных
людей») adlı bioqrafiyalar seriyası ilə 1978-ci ildə V.Skorodenkonun rus dilinə tərcüməsi, ön sözü və şərhləri ilə nəşr
olunan adını çəkdiyimiz roman rus oxucusunda Valter Skottun kimliyi, həyatı və şəxsiyyəti haqqında müəyyən təsəvvür
yaratmışdır. Lakin V.Skorodenko “Valter Skott və Hesket Pirson” adı ilə təqdim etdiyi ön söz əvəzi araşdırmasında bir çox
mətləblərə tənqidi mülahizələrini söyləməkdən çəkinməmişdir. Əslində, bu, onun məharətli tərcüməçi və Valter Skott
həyatını, yaradıcılığını diqqətlə öyrənmək səriştəsindən irəli gəlir. Onu da nəzərə alsaq ki, Hesket Pirson tənqidi monoqrafik
nəşr deyil, sadəcə olaraq bioqrafik janrında roman yazmışdır, yenə də bu, tənqidi söz deməyin qadağasını yaratmamalıdır.
Bu baxımdan V.Skorodenkonun bəzi tənqidi qeydlərə münasibətimizi söyləməyi vacib hesab edirik.
Tərcüməçi və tədqiqatçı V.Skorodenko Valter Skottun bədii yaradıcılığının əsasən iki ədəbi cərəyan, yaxud ədəbi
dövrlə sıx bağlı olduğu qənaətini aşağıdakı kimi təqdim edir: “Əgər Skottun poeziyası romantizmə aiddirsə, onun nəsri –
Avropa ədəbiyyatının digər dövrünün keyfiyyətcə yeni hadisəsidir: Skottun tarixi romanı tənqidi realizmin böyük Avropa
romanının başlanğıcını yaratdı” (2, s.13).
Valter Skottun tənqidi realizm ədəbi cərəyanının yaradıcısı olması bir qədər mübahisəli görünür. V.Skorodenko özü də
söhbətinin davamında belə bir fikri irəli sürür: “Pirson ədəbiyyatşünas olmadığından ədəbiyyatşünaslıq terminlərindən
uzaqlaşaraq hər halda o təsirdən söhbət açır ki, o Skott – nasir yaradıcılığının müasirlərinə təsir göstərmişdir, eləcə də
Skottun ən yaxşı və xüsusən tarixi romanlarında romantizmi ötüb keçdiyinə işarə edir: “Onun ən yaxşı kitablarının
xarakterləri və tarixi fonu – bunlara heç bir romantik çata bilməmişdir”. Və çata da bilməzdi, biz bunu əlavə edirik, həmin o
sadə səbəbə görə ki, bu fon və bu xarakterlər romantik yazıçı tərəfindən deyil, realist tərəfindən yaradılmışdır” (2, s.13-14).
Beləliklə, şotland əsilli, dünya şöhrətli şair, yazıçı və dramaturq Valter Skottun həyatı və şəxsiyyətinin dolğun ifadəsini
yaradan Hesket Pirsonun bioqrafik əsəri yazıçının yaradıcılığında xüsusi yeri ilə seçilən şəxsiyyət və yaradıcılıq məsələləri ilə
yanaşı milli identifikasiyanın tədqiqi üçün bəzi məqamların aydınlaşdırılmasına xidmət etdiyini söyləmək olar.
ƏDƏBİYYAT
1. Lockhart John. The Life of Scott. London: 1837.
2. Пирсон Х. Вальтер Скотт. Серия биографий. Жизнь замечательных людей. Перевод с английского, предисловие
и комментарии В.Скороденко. Москва: «Молодая гвардия», 1978.