II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
489
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
MƏKTƏBƏQƏDƏR YAŞLI UŞAQLARIN NİTQİNİN İNKİŞAF
ETDİRİLMƏSİNİN PSİXOLOJİ TƏHLİLİ
Yeganə MƏMMƏDOVA
Azərbaycan Müəllimlər İnstitutu
yegane_m@bk.ru
İnsanların, o cümlədən uşaqların həyatında əsas rol oynayan idrak proseslərindən biri də nitqdir. Nitq insanlar arasında
xüsusi ünsiyyət vasitəsidir. Nitq inkişaf etdikcə uşaqların dünya görüşləri də inkişaf edir, məzmununu bildiyi sözlərin sayı
çoxaldıqca, dilin lüğət tərkibi təkmilləşdikcə uşaq həm xarici aləmin hadisələri arasında müxtəlif əlaqələr yaratmağı, həm
də əlaqələri sözlər vasitəsilə ifadə etməyi bacarırlar. Söz, fikri ifadə etmək üçün işlənir. Əgər fikir anlaşılmazsa, söz də
anlaşılmaz bir şeyə çevrilir. Uşağın nitqi inkişaf etdikcə o, öz fikrini aydın ifadə etməyə başlayır. Kiçikyaşlıların lüğət
ehtiyatının yeni sözlə zənginləşdirilməsi yalnız aydın təsəvvürlərin inkişafından keçir. Sözün əsasında varlığın ümumi
inikası olan anlayış durur. Bu isə sözün mənasını düzgün anlamağa gətirib çıxarır. Anlayış təfəkkürün elementi olmaqla
varlığın hadisələrini ümumiləşdirir, əşyanın ümumi əlamətlərini əks etdirir. Uşaq sözü ona aid olan məna ilə birlikdə çox tez
mənimsəyir, həmin sözlə ifadə olunan anlayış isə varlığın ümumiləşmiş obrazı olmaqla uşaq inkişaf etdikcə mənası
genişlənir və dərinləşir.
Məktəbəqədər dövrdə uşaqlar ana dilinə, əsasən, intuitiv şəkildə nitq vasitəsilə yiyələnirlər. Uşaq bağçalarında uşaqlar
nitqin bir cəhətinə şifahi növünə yiyələnirlər. Uşaqlar yeni bilikləri məhz şifahi nitq vasitəsilə mənimsəyirlər. Uşaqların
şifahi nitqi nə qədər yaxşı inkişaf edərsə, onların yazılı nitqi də o qədər yüksək olar. Şifahi nitq xarici nitq adlanır. Bundan
əlavə daxili (səssiz) nitq də mövcuddur. Fikir o vaxt dəqiq olur ki, insan daxilən onu nizama salır, formalaşdırır.
Bu dövrdə uşaqların nitq inkişafı üç əsas mərhələyə ayrılır: Birinci mərhələ - özlüyündə nitqə yiyələnmədən əvvəl,
təxminən iki aydan on bir aya qədər olan dövrü əhatə edən nitqəqədərki mərhələ; İkinci mərhələ- on bir aydan təxminən bir
yaş yeddi aya qədər dövrü əhatə edən mərhələ - dilin ilkin mənimsənilməsi mərhələsidir; Üçüncü mərhələ- dilin
qrammatik quruluşuna yiyələnmə mərhələsi adlandırmaq olar ki, bu bir yaş yeddi aydan beş yaşa qədər olan dövrü əhatə
edir. Sonralar uşağın nitqi əsaslı dəyişikliyə uğramır, yalnız lüğət tərkibinin artması və istifadə olunan qrammatik formaların
sayının artması baş verir.
Son zamanlar uşaq bağçalarının məktəbəhazırlıq qrupunda uşaqlara yazmaq və oxumaq vərdişləri öyrədilir. Bu vaxt
nitq inkişafının dördüncü mərhələsi - yazılı nitqə yiyələnmək mərhələsi inkişaf etməyə başlayır. Bu inkişaf hər şeydən
əvvəl nitqin inkişafı ilə, söz ehtiyatının artması ilə sıx sürətdə bağlıdır. Məktəbəqədər yaş dövrü elə bir dövrdür ki, uşaqların
nitqini öyrənmək üçün yüksək imkana malikdir. Bu dövrdə uşaqda fonematik eşitmə baş verir ki, bu da nitq səslərini
düzgün tələffüz etməyi, eyni zamanda yaşlı adamlarla uşağın ünsiyyət imkanını genişləndirir. Uşağın nitq inkişafı iki xətt
üzrə inkişaf edir; yaşlıların nitqini başa düşməklə nitqi təkmilləşir; uşağın özünün fəal nitqinin formaları təşəkkül taparaq
inkişaf edir. Uşağın ünsiyyət dairəsi genişləndikcə, onun ətraf aləm haqqında maraqları artdıqca nitqin yeni forması
kontekst nitqi meydana gəlir. Kontekst nitq zamanı uşaq öz danışığını müəyyən qədər tənzimləməyə çalışır, o situativ nitqə
nəzərən müfəssəldir. Uşaq bağçalarında təlim xarakterli məşğələlər və məktəbdə təlim prosesi kontekst nitqinin inkişafının
əsas vasitəsi rolunu oynayır. Bu dövrdə uşaqlarda nitqin planlaşdırma funksiyası da inkişaf etməyə başlayır. Uşağın nitqi bu
dövrdə onu praktik fəaliyyətini və davranışını planlaşdırma vasitəsi kimi özünü göstərir.
Məktəbəqədər dövrdə uşağın yiyələndiyi nitq funksiyalarından biri də izahlı nitqdir. Rabitəli nitqin bir forması olan
izahlı nitq uşağın həyat fəaliyyətində mühüm əhəmiyyətə malikdir. Məktəbəqədər dövrdə dialoji nitqin inkişafı və
təkmilləşməsi ilə yanaşı nitqin daha mürəkkəb və müstəqil növü olan monoloji nitq də inkişaf etməyə başlayır. Bu dövrdə
uşağın rəftar və davranışını tənzim edən, fikrini ifadə etməyə hazırlayan daxili nitqin inkişafı da nəzərə çarpır.
Nitqin bu dövrdəki inkişafı hər şeydən əvvəl ona görə böyük əhəmiyyətə malikdir ki, bu inkişaf uşaq psixikasının
inkişafına səbəb olur. İkinci siqnal sisteminin ( nitqin ) birinci siqnal ilə ( sözlə ) daim qarşılıqlı əlaqədə olması dil və
təfəkkürün inkişafına zəmin yaratmış olur. Məktəbəqədər yaş dövründə uşaqlarda təfəkkürün inkişafı əyani əməli, əyani-
obrazlı və sözlü-məntiqi ( mücərrəd ) təfəkkürə istinad edir. Uşağın duyğuları, qavrayışı, hafizəsi, təxəyyülü inkişaf edir,
bununla yanaşı hissləri, iradəsi, xarakteri də formalaşır.
Bu mərhələlərin ardıcıl inkişafı nəticəsində məktəbəqədər yaşlı uşaqların nitq inkişafı əsasən üç istiqamətdə inkişaf edir:
Uşaqlarda söz ehtiyatının artması.
Nitqin fonetik cəhətdən inkişafı, yəni, uşağın səsləri düzgün eşitməyə və tələffüz etməyə yiyələnməsi.
Uşağın nitqinin qrammatik cəhətdən inkişafı.
Valideynlər, tərbiyəçilər bu dövrdə səylə çalışmalıdırlar ki, uşağın bu dövrdəki psixi proseslərini düzgün inkişafının
formalaşdırılması onlarda düzgün nitqin yaranmasına zəmin yaratmış olsun.
|