ƏL-MƏƏRRİ YARADICILIĞININ ƏRƏB ƏDƏBİYYATINDAKI YERİ
Pərviz AĞAYEV
AMEA, Şərqşünaslıq İnstitutu
menbeshunasliq@box.az
Ərəb ədəbiyyatının parlaq simalarından biri olan Əbu Əla Əl-Müərri miladi 937-ci ildə Hələb yaxınlığında Məərrətun
Nüman adlı qəsəbədə elm mühitində dünyaya gəlmişdir. İlk təhsilini atasından sonra isə dayılarından almışdır. Uşaqlıq
dönəmində keçirdiyi çiçək xəstəliyi nəticəsində ilk öncə sağ sonra isə sol gözünü itirmişdir. O, gənclik dövründə daha çox
elm əldə etmək üçün Şam bölgəsini dolşmış, həyatını böyük ustad və alimlərdən faydalanmaq ilə keçirmişdir.
Valideynlərini itirdikdən sonra mənəvi dincliyi Bağdadda axtaran ədib, burdakı mühitə uyğunlaşa bilmədiyindən yenidən öz
məmləkətinə qayıtmışdır. Dövrünün əksər şair və ədiblərindən fərqli olaraq hər zaman fəqirlərin yanında olmuş, dəbdəbəli
həyatdan uzaq duraraq heç zaman şerlərindən maaddi qarşılıq güdməmişdir. Bağdadda olduğu müddətdə şəhərin bütün
kitabxanalarını gəzərək daha öncə oxumadığı əsərlərlə tanış olmuşdur. Bununla kifayətlənməyən ədib İslam coğrafiyasının
çeşidli bölgələrini ziyarət etmiş, elm əldə etmək yolunda heç nəyini əsirgəməmişdir. Hələbdə olan zaman dil və ədəbiyyat
təhsilini məşhur nəhv alimi ibn Hələveyhinin tələbəsi olan Məhəmməd ibn Abdullah ibn Səəddən öyrənmişdir. Hədis
elmini isə öz qəbiləsindən olan Yəhya Tənuhidən almışdır. Bizansların hakimiyyəti altında olan Lazkiyə vilayətinə səfər
etmiş oradakı bir çox yəhudi və xristian alimləri ilə elmi münaqişələrdə iştirak etmişdir. Onun istər elmi ədəbi mühitdə,
istərsə də adi insanlar arasında nüfuzunun uca olması dövri kitablarda rəvayət edilmişdir. Dərin zəkası, zehni ilə dillərə
əzbər olmuşdur. Elmi bəhslər zamanı istifadə olunan sözlərin yetmiş bənzər mənası ilə təkrar təkrar deməsi qaynaqlarda
qeyd edilmişdir.
Əl-Məərri həm nəsr həm də nəzm formasında böyük yaradıcılığa malik olmasına baxmayaraq əsərlərinin bir çoxu
düşmən istlası nəticəsində məhv edilmişdir. Lakin günümüzə isə onun yalnız üç əsəri gəlib çatmışdır. Bunlardan biri ilk
dönəmdə yazdığı “Saktu Əz-Zənd” və “ Əd-Dariyyat” adlı divanlarıdır. Daha sonra isə yazdığı “Lüzum ma Yəlzəm “ adlı
bir divanı da vardır. “Lüzum ma Yəlzəm” alı divanında elm, əxlaq, maddə, Allah, ruh, zaman, məkan, siyasət, sosial həyata
dair olan fəlsəfi görüşlər yer almaqdadır. Ədibin nəsr olaraq yazdığı ən məşhur əsərləri “Risalətül Gufran” və “Risalətul-
Məlaikə “ dir. Bu əsərləri ədib təkcə nəsr olsun deyə deyil, yaşadığı mühitdə ictimai siyasi prosesləri qiymətləndirmək və
incələmək məqsədi ilə qələmə amışdır. Əl-Məərrinin yaradıcılığındakı bu əsərlərin movzuları ilə aşağıdakı şəkildə tanış
olmaq olar. Onun “Saktu Əz-Zənd” adlı divanındakı şerlərin əksəriyyəti gənclik dövründə qələmə aldığı şerlərdir və onların
çoxu mübaliğəli şəkildə yazılmışdır. “Əl-Lüzumiyyət” adlı divanı isə on bir min beytdən ibarət bir divandır. Bu divan
haqqında öncə sadaladığımız mövzular kitabın əsəs mövzusu hesab olunur. “Əd-Dariyyat” bu divan müharibə əhvalında
yazılmış bir əsərdir. Müharibə hazırlıqlarından bəhs edir. “Zecrun Nəbih” kitabını da o, özünü dinsizlikdə ittiham edən
insanlara cavab olaraq yazmışdır . “Risalətul- Ğufran” əsərinin mövzusu onun Vəzir Əbül Qasim ilə arasında keçən
yazışmalardan ibarətdir. Simvolik olaraq qısa hekayələrdən və tarixi ibrətlərdən ibarətdir.
Bir çox ədəbiyyatçıların fikrinə əsasən məşhur yazıçı Dante İlahi Komediyasını da yazarkən ibn Ərəbidən və Məərridən
faydalanmışdır. Bununla yanaşı Azərbaycanın görkəmli alim və ədəbiyyatşunası olan Xətib Təbrizi ondan dərs almışdır.
Daha sonralar isə Təbrizi Əl-Məərrinin “Səqt Əz-Zənd” kitabına şərh də yazmışdır. Onun həmçinin məşhur şair Buhtərinin
divanı üzərinə yazdığı 5 adda müxtəlif şərh kitabları vardır. Ədibin həmçinin Mütənəbbinin “Mucizu Əhməd” kitabına da
yazdığı şərhi vardır.
Əl-Məərrinin öz dövrünün məşhur ədib və şairlərindən biri olması onun yaradıcılığından açıq aydın görülməkdədir. O
həm nəsr həm də şer mövsuzunda xüsusi bacarığa malik bir şəxsdir. Yaradıcılıq həyatının ilk dönəmlərində necəki, hər
kəsin təsirləndiyi biriləri olursa, o da şair Mütənəbbidən təsirlənmiş və şerlərini onun üslubuna bənzər üslubda yazmışdır.
Müəyyən bir məqama yetişdikdən sonra şerlərində özünəməxsusluğu ilə seçilmişdir. Yazdığı nəsrlərdə qısa hekayə janrına
üstünlük vermiş, cəmiyyətin gerçəkliklərini orada qabarıq şəkildə göstərmişdir. Digər tərəfdən də öz şerlərində insanların
əxlaq və davranışlarına baxaraq kor olmasını özü üçün bir nöqsan olmadığını, tam əksinə xalq arasında olan
çatışmamazlıqları görmədiyi üçün öz halına şükr etmişdir.
Bəzi ədəbiyyatçılar şer, nəzm və nəsri biri birindən ayırdıqları üçün Əl-Məərri ilə Mütənəbbinin şerlərinin ərəb şer
üslubuna uymadığını iddia etmişlər. Ona görə ki, ərəbcə yazılan mənzumələrin ərəb şer üslubuna uyğun gəlməsi vacibdir.
|