CƏNUBİ AMERİKAYA MÜHACİRƏT ETMİŞ ƏRƏB MƏHCƏR ƏDƏBİYYATININ
GÖRKƏMLİ NÜMAYƏNDƏSİ ŞƏFİQ ƏL-MƏLUFUN “ABQAR” ŞEİRİ
Səadət İBRAHİMOVA
AMEA, Şərqşünaslıq İnstitutu
isaadat@rambler.ru
XIX əsrin sonu XX əsrin əvvəllərində Yaxın Şərqdə yaranmış qatmaqarışıq ictimai-siyasi vəziyyət və ağır iqtisadi
çətinliklər nəticəsində Suriya və Livandan Amerika qitəsinə ərəblərin kütləvi axını başladı. Həmin dövrdə Şimali və Cənubi
Amerikaya mühacirət edən ərəb ədibləri tərəfindən müasir ərəb ədəbiyyatının ayrılmaz hissəsi olan ərəb məhcər ədəbiyyatı
yaradıldı.
Ərəb məhcər ədəbiyyatının tanınmış nümayəndəsi, xristian əsilli Şəfiq əl-Məluf 1926-cı ildə Livandan Braziliyanın San
Paulo şəhərinə mühacirət etmişdir.Ədib vətən həsrəti, təbiət, fəlsəfi mövzuda şeirlər yazsa da, ədəbiyyat aləmində onu
məşhurlaşdıran “Abqar” adlı epik şeiridir. Şeir ilk dəfə olaraq, 1936-cı ildə 6 fəsildən ibarət, 1946-cı ildə isə daha geniş
həcmdə12 fəsildən ibarət formada işıq üzü görmüşdür. Müasir ərəb ədəbiyyatına yeni ruh gətirən “Abqar” şeirində romantik
ruhlu şairin xəyallar aləminə səfəri və orada yaşadıqlarından bəhs olunur.
İşıq üzü gördüyü vaxtdan ərəb məhcər ədəbiyyatında böyük rezonans doğuran “Abqar” şeirini təhlil edərkən, Şəfiq əl-
Məlufun bu şeiri Məhəmməd peyğəmbərin (s.a.v) yaşadığı merac hadisəsindən təsirlənərək qələmə aldığı hiss olunur.
Merac dedikdə, Allahın rəsulu Məhəmməd peyğəmbərin (s.a.v) bir gecə Məscidu-l Haramdan Məscidu-l Aqsaya
aparılması, oradan səmaya yüksədilməsi və Allahın hüzuruna çıxarılması nəzərdə tutulur.Merac sözünün ərəb dilindən
tərcümədə mənası “göyə çıxmaq üçün vasitə”, “pilləkan” kimi ifadə olunur.Öz davranışı, zəkası, mədəniyyəti, əxlaqı iləhər
kəsə örnək olan həzrəti Məhəmmədin (s.a.v) yaşadığı merac hadisəsi zamanı Allahın varlığı, ölüm və ölümdən sonrakı
həyat, cənnət və cəhənnəmin mövcudluğu ilə əlaqədar insanları hər zaman düşündürən suallar cavablandırılmışdır.Merac,
Məhəmməd peyğəmbərin (s.a.v) Allahın izni ilə yaşadığı möcüzədir. Bu möcüzə insan zəkasının tam dərk edə bilməyəcəyi
qədər ali və ucadır.
Şəfiq əl-Məlufun yazdığı “Abqar” şeirində də merac əlamətlərindən, xüsuilə Məhəmməd
peyğəmbərin merac gecəsi geri qaytarılarkən cənnət və cəhənnəmi, orada yaşanacaqları görməsi ilə bağlı yazılan
hədislərdən təsirləndiyi hiss olunur. Belə ki, bir çox hədis kitablarında Məhəmməd peyğəmbərə (s.a.v) merac gecəsi
cəhənnəmin göstərildiyi bildirilmiş və cəhənnəm Peyğəmbərin dili ilə təsvir edilmişdir. Həmçinin cəhənnəmdə
yaşanacaqlar, bu dünyada törədilən mənfi əməllərin hər birinə tətbiq ediləcək cəza formaları da hədislərdə aydın şəkildə
göstərilmişdir. Şəfiq əl-Məluf da “Abqar” şeirində şeytanların, cinlərin və onların günah işləməyə sövq etdikləri insanlarla
birgə yaşadığı qeyri-real aləmə səfərindən və orada gördüklərindən bəhs edir. Əslində şair İslam peyğəmbərinin insanlara
çatdırmaq istədiyi mesaji xəyalən səfər etdiyi dünyada mənəvi cəhətdən yaşadıqları ilə çatdırmağa çalışmışdır.Şeiri oxuyan
hər bir oxucu şairin yaratdığı bu xəyallar aləminə qərq olduqca yer üzündə yaşadığı gerçəkliklərlə qarşılaşır. Burada
şeytan, cin və quşların dilindən dünyada baş verən riyakarlıqlar, ədalətsizliklərin tənqid edilir. Şeir on iki fəsildən ibarətdir:
“Fi Tariqi Abqar” (“Abqar yolunda”),“Əl-İlahu-n Naqs” (“Yarım Allah”),“Hasrətu-r ruh” (“Ruhun həsrəti”), “Nəhru-l
Ğayy” (“Günah çayı” ),“Vadi Siccin” (“Siccin vadisi”),“Əl-həvcəl və-l həvbər”,“Hilmu Hura” (“Huranın
xəyalı”),“Hikmətu-l Kuhhan” (“Kahinlərin hikməti”),“Sauratu-l Bəğayə” (“Fahişəllərin üsyanı”), “Əl-Anqa”,“Əhadis-u
Xurafə” (“Xurafənin söhbətləri”),“Abqariyyun” (Abqarlılar).
Abqar cinlərin yaşadığı kənddir. Real aləmdən uzaq, batil inancların hökm sürdüyü bu kənddə cinlər, divlər, quşlar,
falçılar, şeir şeytanları yaşayır. Həzrəti Məhəmmədin (s.a.v) merac gecəsində gördüyü cəhənnəmi təsvir etdiyi kimi,Şəfiq əl-
Məluf da xəyalən səfər etdiyi aləmdə cəhənnəmi təsvir edir. O,cəhənnəmdə qarşılaşdığı şeytanları təsvir etməklə yer
üzündəki bütün insanları xəbərdar etməyə çalışır. Ədibə görə hər bir insanın daxilində, qəlbində bir şeytan gizlənib. Onun
insana hakim olması isə insanın zəifliyi, tamahkarlığı, ədalətsizliyi, iradəsizliyi və vicdanını itirməsi nəticəsində olur. Ona
görə də hər bir insan içindəki, mənfi hissləri boğmağı bacarmalı, nəfsinə məğlub olmamalıdır.
Şairin cəhənnəmə xəyali səfəri zamanı qarşılaşdığı şeytanlardan biri müharibə şeytanı Səbərdir. Səbər insanlar ilə
qidalanır. Burada şair göstərməyə çalışır ki, min illər boyu yer üzündə insanların torpaq, hakimiyyət, iqtidar, güc uğrunda
etdikləri və milyonlarla insanların ölümünə səbəb olan müharibələr şeytanın insan üzərində qələbəsinin təzahürüdür. Daha
sonra şair şəhvət şeytanı Avar ilə qarşılaşır. İslam peyğəmbəri Məhəmməd (s.a.v) cəhənnəmdə zina etdikləri üçün alovun
üzərində mis qazanda yanan bir qrup qadın və kişi gördüyünü bildirir. Şair də burada həzrəti Məhəmmədin insanlara
|