II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
476
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
SAVAD TƏLİMİ DÖVRÜNDƏ NİTQ VƏ TƏFƏKKÜRÜN İNKİŞAFI
Nərmin QULİYEVA
Qafqaz Universiteti (Magistr)
nn.quliyeva@gmail.com
Ana dili tədrisində savad təlimi çox mühüm bir məsələdir. Təlim prosesinin başlanğıcı savad təlimidir. Savad təliminə
normal şəkildə başlamaq üçün uşaqların dilini, nitqinin inkişafını, savad təliminə hazırlıq səviyyəsini diqqətlə öyrənmək
lazımdır. I sinifə gələn altıyaşlıların səviyyəsinin öyrənilməsi uşaq məktəbə gələnədək təşkil olunmalıdır. Şagirdlərə rabitəli
şifahi nitq üzrə ilkin vərdişlərin aşılanması, başqalarının nıtqini dinləməyi, eşitməyi, nitq səslərini düzgün tələffüz etməyi,
nitqin səs mədəniyyətinə yiyələnməyi, nitqə nəzarət etməyi və nöqsanları aradan qaldırmağa səy göstərməyi, kiçikhəcmli
mətnlərdən ibarət imla yazmağı oyrətmək savad təlimində başlıca məqsədə nail olmaq üçün yerine yetirilməli olan
vəzifələrdən bir qismidir. Savad təlimi dövrünün müvəffəqiyyəti müəllimin şagirdlərə nə dərəcədə bələd olmasından
asılıdır.
Kiçikyaşlı məktəblilərin əyani-obrazlı təfəkkürü tədricən inkişaf edir. Onlar gördükləri əşya və hadisələrin bir neçə
mühüm cəhətlərini ayıra bilir Əgər uşaq ümumilləşdirmə apara, mücərrədləşdirmə üzrə ilkin vərdişlərə yiyələnə bilmirsə,
bu, onun təcrübəsizliyi, biliyinin azlığı və qırıq-sökük olması ilə izah edilməlidir.
Savad təlimi dövründə nitq inkişafı üzrə iş nitqin bütün səslərini və sözlərin düzgün tələffüzü; lüğət ehtiyatının
zənginləşdirilməsi; sözlərdən cümlələrin və rabitəli nitqin qurulmasını əhatə edir. Bu dövrdə tələffüz və nitq səslərinin
qavranılması sahəsindəki səhvlər daha xarakterik olur.
Məktəbə yenicə gəlmiş uşaqların nitqi müxtəlif nöqsanlarla dolu olur. Bəzi uşaqların nitqində tıntınlıq, kəkələmək,
pəltəklik kimi xüsusiyyətlər olur. Bundan başqa, danışarkən sözləri axıradək tələffüz etmək, səs buraxmaq, səs artırmaq, bir
səsi başqasıyla əvəz etmək, səslərin yerini dəyişik salmaq, yerli şivə xüsusiyyətlərinə yol vermək, ədəbi tələffüz
normalarına riayət etməmək kimi hallar da özünü göstərir. Belə nöqsanlar uşaqların savada yiyələnməyinə mane olur və
uzun müddət yazıda da öz əksini tapır. Ona görə də, müəllim uşaqların tələffüzünə müntəzəm surətdə nəzarət etməli,
düzgün tələffüz nümunəsi verməklə həmin nöqsanların aradan qaldırılmasına nail olmalıdır. Bu məqsadlə uşaqların
diqqətini hər bir səsin tələffüz məxrəcinin düzgünlüyünə cəlb etmək, düzgün tələffüz olunmayan sözləri hecalarla tələffüz
etdirmək, onları cümlə içərisində işlətməyi tələb etmək, bir səsin düzgün tələffüz olunmaması ilə sözün mənasının necə
dəyişdiyini başa salmaq lazımdır. Ən zəruri hallarda şagird loqopedə göstərilməlidir Səslənmə etibarilə yaxın olan s-ş, ş-y,
s-z, ç-c, q-ğ, r-l, d-t, b-p və s. səslərin hecalarda cüt-cüt tələffüzünün tələb etmək lazımdır. Belə səslərin sözlərin səs təhlili
prosesində fərqləndirmək olar.
Şagirdlərin lüğət ehtiyatınn zənginləşdirilməsi əlifba dərsliyinin sütunlarında verilmiş sözlərlə başlanır. Sütunlar və
mətnin lüğəti uşağın həyatı, ətraf aləm haqqında çox rəngarəng sözlərlə zəngindir. Sütunlardakı sözlərin mənası bəzən
şagirdlərə çatmır. Bunun səbəbi isə həmin sözlərin müxtəlif sahələrə aid olması ilə bağlıdır.
Uşaqların nitqinin və təfəkkürünün inkişaf etdirilməsinin mənbələri arasında müşahidələr mühüm yer tutur. Təbiət
hadisələri və əşyalar uşaqlarla söhbət aparmaq üçün çox əlverişlidir. Müəllim şagirdlərin lüğət ehtiyatını yeni sözlərlə
zənginləşdirmək üçün ekskursiya, gəzinti, müşahidə prosesində və əşya dərsində, həmçinin əyani vəsaitdən istifadə etməklə
nail olur . Bunlardan əlavə, şagirdlərin şəxsi həyat təcrübəsi, əmək prosesi, onların əməyi, oyunları, əyləncələri, oyuncaqlar,
şəkillər, müəllimin təşkil etdiyi müşahidələr lüğət ehtiyatının zənginləşdirilməsinin mənbələridir. Ətraf aləm üzrəində
müşahidə prosesində onunla fəal təmasda şagirdlər müxtəlif əşyalarla, onların nədən düzəldilməsi ilə tanış olur, forması,
rəngi, dadı, xarici görünüşü, insanlara faydası və s. cəhətlərinə görə onları qruplaşdırır, təsnif edirlər. Şagirdlər ayrı-ayrı
əşyaları ümumi başlıq altına yığırlar: inək, qoyun, it, pişik, camış, keçi, donuz-ev heyvanlarıdır, sağsağan, qaranquş,
sığırçın, sərçə, bülbül-vəhşi quşlardır və s. Belə çalışmalar şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir.
Şagirdlərin cavablarının bütöv, yoxsa qısa, yarımçıq olması haqqında müzakirələr aparılır. Əksər müəllimlər cavabın
tam olmasını tələb edir. Bəzən sorğu, müşahidə prosesində tez-tez şagirdlərə: “Tam cavab ver” – deyə müraciət edirlər.
Ekskursiyada gördüklərindən danışarkən, şəkil üzrə hekayə qurub nəql edərkən planın maddələrinə tam cavab tələb etmək,
əsinə dialoqu yeknəsək edir. Elə suallar var ki, ona bir sözlə cavab vermək kifayətdir. Belə hallarda cavab elə sualın köməyi
ilə aydın olur: “Neçənci sinifdə oxuyursan?” “Məktəbə kiminlə gedirsən?” və s. Bir sözlə, canlı danışıq dilində, sual-cavab
şəklində dialoji nitqdə hə, yox, yaxşı, olar, olmaz, oxudu, gözəldir və s. sözlərlə cavab vermək mümkündür.
Suallar tədricən elə qoymalıdır ki, şagirdlər tərəfindən bir neçə cümlə ilə cavablandırılsın : “Cırtdan gecə nə etdi?”,
“Əvvəlcə keçinin hara getməsində, sonra canavarın gəlməsindən danış” və s. Beləliklə belə sualların köməyi ilə uşaqlar üç-
dörd cümlədən ibarət kiçik hekayə qurmağa hazırlanırlar. Şagirdlər öz fikrini müstəqil ifadə etməyi öyrənirlər. Şagirdlərdə
mənaca bir-birinə yaxın cümlələri məntiqi ardıcıllıqla düzmək bacarığı yaranır və inkişaf edir.
Savad təlimi lüğət üzrə aparılan işlə əlaqədar şagirdlərə cümlə qurmaq sahəsində də müəyyən vərdişlər aşılanır. Cümlə
qurmaq şagirdləri üç-dörd cümlədən ibarət kiçik hekayə qurmaq üzrə işə hazırlayır, onların rabitəli nitqini inkişaf etdirir.
Müəllim lüğət üzrə işlə cümlə qurmaq və rabitəli nitq üzrə iş arasında qırılmaz əlaqə yaratmalıdır. Şagirdlərin mənimsədikləri
yeni sözlərin əksəriyyəti onların fəal lüğətinə keçməli və müxtəlif çalışmaların köməyi ilə fəallaşmalıdır.