II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
478
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
TƏDRİSİN AŞAĞI PİLLƏSİNDƏ INGİLİS DİLİNDƏ ŞİFAHİ NİTQİN
İNKİŞAF ETDİRİLMƏSİNDƏ ƏYANİ VASİTƏLƏRİN ROLU
Həcər ABDULLAYEVA
Bakı Slavyan Universiteti
aa_hecer@yahoo.com
Nitq insanlar arasında ünsiyyətin başlıca vasitəsidir. O insan fəaliyyətinin məhsulu olmaqla yanaşı, həm də cəmiyyəti
yaşadan başlıca amillərdən biridir. Tədrisin aşağı pillələrindən başlayaraq xarici dilin tədrisinin ən mühüm məqsədlərindən
biri də bu dildən üsiyyət vasitəsi kimi sərbəst istifadə etməyi aşılamaqdan ibarətdir. Nitqin nə qədər mürəkkəb və çoxşaxəli
bir proses olduğunu nəzərə alsaq ünsiyyət vərdişlərinin aşılanmasının da bir o qədər çətin və məsuliyyətli iş olduğunu
təsəvvür edə bilərik. Mükəmməl nitq vərdişlərinin aşılanması müəllimdən yüksək peşəkarlıq tələb edir. Hər bir qrupun
müxtəlif əqli xüsusiyyətlərə, bilik, bacarıq və vərdişlərə malik olan öyrənciləri olduğundan təlim prosesinin səmərəsini
artırmaq üçün müəllimin müxtəlif üsul və vasitələrdən istifadə etməsi zəruridir. Bu günə qədər uşaq psixologiyasına
əsaslanaraq yazılan pedaqoji ədəbiyyatlarda pedaqoqlar, metodistlər, psixoloqlar tədris işində əyani vasitələrin rolu
haqqında kifayət qədər geniş söhbət açmışlar.
Dahi çex pedaqoqu Y.A. Komenski demişdir: “Duyğularımızda olmayan bir şey şüurumuzda da yoxdur.” Komenskinin
təklif etdiyi əyanilik prinsipi aşağı siniflərdə nitqin inkişaf etdirilməsində yaxşı nəticə verir. Belə ki, ingilis dilində yeni
sözləri mənimsətməkdə rəngli şəkillərdən, ətraf mühitdən götürülmüş canlı əşyalardan, animasiyalardan istifadə etdikdə
şagirdlər tərəfindən sözlərin yadda saxlanması və istifadə edilməsi asanlaşır. Duyğu orqanlarından alınan siqnallar əqli işi
stimullaşdırır, nəticədə təxəyyül, təsəvvür, qavrayış kimi təfəkkür prosesləri fəaliyyət göstərməyə başlayır. Bu mürəkkəb
proseslərin vəhdətdə fəaliyyəti müəllimin tədris etdiyi materialların şüurlu mənimsənilməsinin və həmişəlik yadda
saxlanılaraq, lazım olduqda tətbiq edilməsinin qarantıdır.
Böyük rus pedaqoqu K. D. Uşinski isə əyaniliyin nitq vərdişlərinin yaradılaraq inkişaf etdirilməsindəki rolunu başqa bir
tərəfdən əsaslandırmışdır. O yazır: “ Əgər sizə girdiyiniz sinifdə söz almaq çətindirsə, həmin sinfə şəkil aparın.”
Müşahidələr sübut edir ki, həqiqətən də şagirdlərə müəyyən süjetli şəkillər əsasında danışmaq daha asan, cəlbedici və
maraqlıdır. Belə ki, bu zaman onlar sərbəst şəkildə, məcbur edilmədən öz fikirlərini ifadə edirlər. Heç də təsadüfi deyildir
ki, bu gün Azərbaycanda nəşr olunan aşağı sinif ingilis dili dərsliklərində rəngli şəkillərə əsaslanan tapşırıqlar üstünlük
təşkil edir. Bu cür dərsliklərdən istifadə olunması şagirdlərdə ruh yüksəkliyi yaradır və onların ingilis dlində sərbəst danışıq
vərdişlərinə yiyələnməsini sürətləndirir.
Əyani vasitələrdən dil dərslərinin istənilən mərhələsində istifadə etmək olar: yeni materialın öyrədilməsində, əvvəl
tədris olunan materialların təkrarında, ev tapşırıqlarının yoxlanılmasında, şagirdlərin böyük əksəriyyətinə qaranlıq qalan
məsələlərin izahında və s. Müxtəlif dil aspektlərinin tədrisində əyani vasitələrdən istifadəyə heç bir məhdudiyyətin
qoyulmaması da onların necə geniş imkanlara malik olmasının bariz sübutudur. Ustad müəllim istər leksikanın, istər
qrammatikanın, zərurət yarandıqda hətta fonetikanın belə tədrisini heç bir çətinlik çəkmədən əyaniləşdirə bilər.
Nitq prosesində şagirdlərin səhv tələffüzü müəllimin düzgün şəkildə təkrarı, sonra isə şagirdlərin xor şəklində bir neçə
dəfə düzgün tələffüzü ilə əyaniləşir və birdəfəlik aradan qaldırılır. Dinləmə aparatı vasitəsilə mətn parçaları və dialoqların
dinlənilməsi gələcəkdə intonasiyalı tələffüzün və qüsursuz nitqin olmasının ilkin bünövrəsini təşkil edir. Kütləvi olaraq
çətin yadda qalan sözlərin, səslərin dil kabinetlərində qrafik və cədvəllər vasitəsilə əyaniləşdirilməsi də səmərəli üsullardan
biri hesab olunur. Çünki divardan asılan materiallar dərs prosesində şagirdlərin qeyri-iradi olaraq diqqətini cəlb edir və göz
yaddaşlarına həkk olunmuş olur.
Şifahi nitqin anlaşıqlı və informativ olması üçün zəngin söz ehtiyyatının olması vacibdir. Buna görə də leksik
materialın tədrisinin əyaniləşdirilməsi son dərəcə zəruridir. Təbii ki, dərs prosesində rast gəlinən bütün sözlərin
əyaniləşdirilməsi çox vaxt itkisinə səbəb ola bilər. Lakin yeni və çətin sözlərin əyani tədrisində böyük fayda vardır.
Təcrübəli müəllimlər yeniliklərdən istifadə edərək sözləri oyunlar vasitəsilə, maraqlı və rəngarəng üsullarla, şəkil və
prezentasiyalarla mənimsədirlər.
Qrammatik materiallar qabaqcıl müəllimlər tərəfindən əksər hallarda qrafik və cədvəllərdə müqayisəli şəkildə tədris
olunur. Məsələn, sifətin dərəcələri cədvəl şəklində təqdim olunduqda və canlı nümunələr göstərildikdə yüksək səmərə verir.
Biliyin qiymətləndirilməsində kartoçkalardan da istifadə edilə bilər. Kartoçkalarda yazılan cümlələr üzərində qrammatik
qaydaların tətbiqini yoxlamağın və qiymətləndirməyin müxtəlif üsulları vardır. Dərs prosesində rast gəlinən bu cür
nümunələrin sayını sonsuza qədər artırmaq mümkündür.
Beləliklə müşahidə və təcrübələrin yekunu olaraq qeyd etmək lazımdır ki, əyani vasitələrdən düzgün və yerində istifadə
edildikdə dili müvəffəqiyyətlə tədris etmək və sərbəst nitq vərdişlərinə malik olan şagirdlər yetişdirmək olar.
Dostları ilə paylaş: