II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
508
Qafqaz University
18-19 April 2014, Baku, Azerbaijan
MƏHSƏTİ İRSİ POL SMİTİN TƏRCÜMƏLƏRİNDƏ
İlahə MƏMMƏDOVA
Milli Aviasiya Akademiyası
ilahameri@mail.ru
Bakı/AZƏRBAYCAN
XII əsr Azərbaycan İntibahının ilk məşhur şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçi, ilk qadın bəstəkar,
yüksək intellekt sahibi Məhsəti Gəncəvi dünya şöhrətli rübailər ustadıdır.
Təqribən 900 il keçməsinə baxmayaraq, Məhsəti Gəncəvi poetik irsi nəinki Azərbaycanda, hətta bütün dünyada
oxunur və tədqiq edilir. Rübailərinin əlyazmaları dünyanın bir çox məşhur kitabxana və muzeylərində qorunub saxlanılır.
Bu vaxta qədər 200-dən artıq müəllif və tədqiqatçı Məhsəti irsindən bəhs etmişdir. Yüksək sənətkarlığı, mütərəqqi fikirləri,
humanist düşüncələri ilə seçilən Məhsəti Gəncəvinin yaradıcılıq irsinə rübailərlə yanaşı qəzəl, qitə, şeir-tapmaca, mənzum
hekayə də daxildir. Məhsəti rübailərində insan azadlığı, nikbinlik ruhu, konservatizmə və dini fanatizmə qarşı üsyankarlığı,
sadə insanların, müxtəlif peşə sahiblərinin poetik tərənnümü ona şöhrət gətirən başlıca kriteriyalardır.
Məhsəti Gəncəvi əsərlərini fars dilində yazmışdır. Həmin dövrdə ərəb dili elmin, fars dili isə poeziya dili hesab
olunurdu. Amma əfsuslar olsun ki, bir cox ingilis mənbələrində Məhsəti İran və ya fars şairi kimi təqdim edilmişdir.
Bu baxımdan Cənab Prezidentimiz İlham Əliyevin Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubileyinin dünya
səviyyəsində qeyd olunması haqqında 16 yanvar 2013-cü il tarixli sərəncamının cox böyük tarixi əhəmiyyəti vardır.
Bununla əlaqədar olaraq, Heydər Əliyev fondunun dəstəyi ilə dünya miqyasında bir sıra tədbirlər həyata keçirilmişdir.
Məhsəti Gəncəvinin tərcümeyi-halı rəvayətlər halında mövcuddur. Mənbələrə görə, Məhsəti 1089-cu ildə Gəncə
şəhərində anadan olmuşdur. Əsl adı Mənisə olan şairə xanım Məhsəti adını təxəllüs kimi götürmüşdür. “Məhsəti” fars
dilində “böyük” mənasında olan “maah” və “xanım” mənasında olan “Sati” sözlərindən düzəlir və “böyük xanım”
deməkdir. O, Gəncədə Sultan Səncər xanın dövründə (1117-57) sarayda yaşayıb yaratmışdır.
Məhsəti Gəncəvinin əsərləri dünyanın bir çox dillərinə rus, ingilis, fransız, alman və italyan dillərinə tərcümə
olunmuşdur. Xarici dillərdə Azərbaycan şairləri haqqında kitabların işıq üzü görməsi qürurverici və sevindirici bir
hadisədir. İngilis dilinə tərcümələri arasında avstraliyalı şair, tərcüməçi, müəllim, şərqşünas tədqiqatçı Pol Smitin
tərcümələri xüsusi əhəmiyyət kəsb edir. Pol Smit 45 ilə yaxın tərcümə ilə məşğul olmuş və Sufi şairləri haqqında 150-ə
yaxın kitabı nəşr olunmuşdur. Pol Smitin tərcümələri haqqında ədəbi-nəzəri, tənqidi fikrin müsbət rəyi vardır. Onun
Hafizin Divanının tərcüməsi barəsində mütərcim, Divanı əzbərdən söyləyən Əli Əkbər Şapurzman demişdir: “Möhtəşəm
tərcümələrdir. 99 % Hafiz, 1 % Pol Smitdir”.
Pol Smitin məhz Məhsəti Gəncəviyə həsr etdiyi “Məhsətinin rübailəri” (“Rubaiyyat of Mahsati”) adlı kitabı haqqında
nə söyləmək olar? Bu kitabda Məhsəti Gəncəvinin həyatı, yaradıcılığı barəsində məlumat verilmiş, rübailərinin ingilis
dilində tərcümələrinə geniş yer ayrılmışdır.
Rəvayətlərə istinadən, Pol Smit Məhsəti Gəncəvinin 1098-ci ildə Xocənd şəhərində (Tacikistanda) anadan olduğunu
qeyd etmişdir.¹ Məhsəti Atasının həmin şəhərdə ilahiyyat alimi olduğunu, məhz atasının ölümündən sonra Məhsətinin anası
ilə birlikdə Gəncəyə köçdüyünü, Sultan Səncər xanın dövründə Gəncədə, onun sarayında yaşadığı göstərilmişdir.
Məhsətinin məhz Nizami Gəncəvi ilə tanış olması və Nizami Gəncəvi ilə eyni yerdə dəfn olunduğu da bildirilir. Məhsəti
Gəncəvinin Ömər Xəyyamı tanıdığını və onun kimi məhz rübai janrında yazması və bu janrı daha da inkişaf etdirib
kamilləşdirdiyi göstərilmişdir.
Pol Smit Məhsəti Gəncəvinin 98 rubaisinin, 2 qitə, 1 qəzəlinin tərcüməsini kitabında təqdim etmişdir. Tədqiqatçı
Məhsətidən görkəmli qəzəl şairi kimi də bəhs etmişdir. Həmçinin, Əlirza Korangi İsfahanidən sitat da gətirilir: “Şübhəsiz ki,
Məhsəti Gəncəvi XII əsr ən görkəmli qəzəl şairlərindən biridir..... ideya axıcılığı zəminində Hafiz və Sədinin qəzəllərinə
çox bənzəyir.” ² XII-XIII əsrin böyük sufi Məhsəti poeziyası dini fanatizmi, mövhumatı, ikiüzlülüyü qəbul etməyən
cəsarətli poeziya çələngi kimi qiymətləndirilir. Kitabda həmçinin Məhsəti Gəncəvinin Gəncədə heykəlinin ucadılması, bu
şəhərdə onun adına küçə, məktəb, muzeyin olması da göstərilir.
Məhsəti haqqında məlumatlara tədqiqatçının digər kitablarında da rast gəlinir. “Sufi şairlərinin rübailəri” ( “Ribald
poems of the sufi poets. Sanai, Anvari, Mahsati, Rumi, Sadi and Obeyd Zakani”), “Şərqin doqquz görkəmli şairə xanımı”, (
“Nine great Women poets of the East”) və s. kitabları da Məhsəti irsinin dünyada yaxşı tanınmasına xidmət edir. Pol Smitin
“Classic Poetry of Azerbaijan:An Anthology” (“Klassik Azərbaycan poeziyası antologiyası”) kitabında XI-XVII əsrlər
Azərbaycan klassik şairlərinin şeirlərinin ingilis dilində məsnəvi, qəzəl, rübai, qitə və qəsidə janrlarında tərcümələrini
vermişdir.
İngilis dilli mənbələrdə Məhsəti Gəncəvi haqqında çoxsaylı tədqiqatlar yazılması, çoxlu tərcümələr edilməsi
diqqətəlayiqdir. Məhz bu tədqiqatları araşdırıb ortaya çıxarmaq, nəinki Azərbaycan oxucularına, həmçinin dünya xalqlarına
təqdim olunması üçün tədqiqatçıların üzərinə məsuliyyətli iş düşür.
Dostları ilə paylaş: |