Nizaminin doğulduğu yer və mənşəyi Nizaminin doğulduğu yer Gəncə və şöhrət tapdığı şəhər də Gəncədir. Şair öz
iqamətgahında xəmsəsini yazmışdır. Buna sübut kimi Nizaminin «Sirlər xəzinəsi» səh.
180; «Xosrov və şirin» səh. 37; «Şərəfnamə» səh. 25; «İqbalnamə» səh 29-da Gəncəyə
həsr etdiyi misralardan aydın görmək olar. Bunu o dövrün təzkirə yazanları da təsdiq
etmişlər. Əvfi və Dövlətşah Səmərqəndi onun Gəncədə doğulduğunu və Gəncəvi
təxəllüsünü götürdüyünü göstərmişlər. Lakin bəziləri onun əhli Qum olduğunu iddia
edirlər. Ancaq görünür bu fikir sonradan əlavə edilmişdir. Digər tərəfdən nəsli Qumdan
olsa belə vətəni Gəncə olduğuna şübhə yeri qalmır. Azərbaycan alimləri və rus
şərqşünası Bertels onun Gəncəli olduğunu vurğulamışlar. Lakin başqa bir təzkirəçi
Əbdülqəni sahib yazır ki, şeyxin əcdadı Qumdandır və onun atası Gəncəyə gəlib orada
evlənib Nizami də Gəncədə anadan olmuşdur.
Böyük İran alimi Vəhid Dəstgerdi yazır ki, bütün bu mülahizələri sübut edəcək
dəlillər əlimizdə yoxdur. Onun İraqdan olması fikirləri də mövcuddur, ancaq Gəncədə
doğulduğu hamı tərəfindən qəbul edilmişdir. Nizami «Şərəfnamə» əsərinin 53-cü
səhifəsində, “İqbalnamə”nin 29-cu səhifəsində İraq, Qum və Gəncə adlarını çəkir.
Ancaq bəzi təzkirəçilərin onun əslən İraq əcəmlərindən olması fikri heç bir yerdə
təsdiqlənmir. Bütün bunlar mülahizələrdir. Əsas odur ki, Nizami Gəncəlidir.