babamızdır, heç ondan qorxarıqmı?”- yalan idi. Baxışlarından bilirdik ki, məzarların xofu,
gecələr
vahiməli bayquş səsləri, həyətimizdəki sarı ilanlar, qaranlıq dünyanın gerçəklikləri
nə qədər acı olsa da, taleyi bu həyətə yazılmış qadın müqəddəs yalanlar uydurmağa
məcbur qalmışdı. Qismətinə düşən qədərlə barışmalı idi. Evimizin böyüyü idim, ikinci
sinifdə oxuyurdum, balacamız, sonbeşiyimiz isə iki aylıq körpə idi. Qəfil ölüm atamızı
əlimizdən alıb son bildiyim o məkana apardı. Elə gözümüzün qabağındaca
torpağa
qoyuldu. Sonra get-gedə bu ölüm də adiləşən hadisələrdən birinə çevrildi.
Bəzən mənə elə gəlirdi ki, elə atam kimi biz də vaxtsız qırılacaq bu yolun düz
yaxınlığındayıq. Ucuz bilinən ölümün hər an yaxınlaşacağını düşünəndə özümə balaca
məzar yeri də cızmışdım. Amma sən demə insan bu barədə nə düşünə bilər, nə də ömür
dünyasına özü əlvida demək gücündədir.
Hər şeyi nizamlayan, elə tale yolunun da
hüdudlarını çəkən tanrı imiş. Onun istədiyi vaxt gerçəkləşən sonsuzluq da son deyilmiş,
torpaqdan yaranan insanın torpağa dönüşüymüş. Ziyarətimizdəki müqəddəslərin kimliyi
barəsində dəqiq məlumatımız yoxdur. Ucqar kənd olduğundan bu daş abidələrin hamısı
oxunmayıb. Bir neçə şəkli hörmətli alimimiz Məşədixanım Nemət bu mövzuda yazdığı
elmi topluya daxil edib...
Öz dövründə Əfəndi hesab edilən bu insanların müqəddəs ruhları həmişə yad olunur.
Ailəmizin dördüncü övladı doğulanda adını İsmayıl qoyduq və nədənsə adını uluların
adıyla Əfəndi deyə çağırmağa başladıq. Elə o vaxtdan da bu ləqəb üstündə qaldı. Bakıda
yaşayan əmim bizə köməklik üçün iki qardaşımı şəhərə apardı. Uşaqlar da məktəbli
olarkən əmimin dünyadan köçməsi hər ikisinin həyatına acı təsirini göstərdi. Bu uşaqlar
da allahın onlara cızdığı yetimlik taleyini yenə yaşamalı oldular. Həmin Əfəndi dediyimiz
qardaşım beşinci sinifdə oxuyanda doqquz mərtəbəli binanın üstünə qalxıb, göyərçin
tutmaq istəyir və üzü aşağı yıxılır. Televizor antennasına ilişərək
yeddinci mərtəbənin
eyvanına düşür. Bu hadisə möcüzə idi, necə ola bilərdi ki, qəfil bir sim sayəsində qurtuluş
mümkün olmuşdu... Və sonralar onun yaşadığı hadisələrə baxanda bir daha əmin olduq ki,
Allahın nəzərində olanlar Allah istəmədiyincə ölə bilməzmiş. Çünki Əfəndi qardaşımın
başına gələn hekayətlər ölümü yetişməyən bir gəncin
həyat gerçəklikləridir ki, onları dəf
etmək cəsarəti də ilahidən gəlirmiş. Yəni hələ Allahdan ipi üzülməyibmiş. Bəlkə də
müqəddəsliyinə inandığımız insanın ləqəbini daşıdığı üçün də onu taleyin fəlakətlərindən
qoruyan ruhlara hörmət əlaməti olaraq tanrı əmanətindəyimiş....
Dostları ilə paylaş: