Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 130
Təqlid. Ünsiyyət prosesində insanların bir-birinə təsirinin psixoloji vasitələri
içərisində sirayət və təlqinlə yanaşı təqlid də özünəməxsus yer tutur. O, sosial-psixoloji
fenomen kimi hər hansı bir adamın hərəkətini, işini və ya davranışını başqasının təkrar
yamsılaması (oxu: təkrar etmə) kimi meydana çıxır.
Təqlid faktının təhlili məntiqi cəhətdən tamamilə əsaslı olan bir məsələni
aydınlaşdırmağı tələb edir; insan kimi, nə üçün və necə təqlid edilir?
Tərbiyə prosesində həmişə bu üç suala cavab axtarmaq lazımdır. Lakin burada
həmin sualları başa düşmək üçün əhəmiyyətli olan bir ümumi cəhətə diqqəti cəlb
etmək istərdik: təqlid prosesində həm koqnitv, həm də affektiv cəhətləri fərqləndirmək
lazımdır. Onlar təqlid şəraitində özünəməxsus etalon rolunu oynayır. İnsan adətən
başqa adamda məhz bu etalonlara müvafiq cəhətləri gördükdə, onu təqlid etməyə
başlayır. Koqnitiv və affektiv etalonlar bütövlükdə insanın sərvət meylərini, məsələn,
ən qiymətli keyfiyyətlər haqqında təsəvvür və anlayışlarını əks etdirir. İnsanda təqlid
obyektinə seçici-emosional münasibət məhz bu zəmində formalaşır.
Təqlid ictimai təcrübənin mənimsənilməsi yollarından biridir. O, ontogenetik
inkişafın ilk mərhələlərində xüsusilə böyük əhəmiyyət kəsb edir. Ananın körpə uşaqla
ilk ünsiyyəti onun təqlid yolu ilə sosial təcrübəni mənimsəməsi üçün əlverişli şərait
yaradır. Yəni uşaq yaşlı adamları və başqa uşaqları təqlid etmək vasitəsilə müəyyən
əşyalarla əməliyyatları, özünüxidmət vərdişlərini, davranış normalarını mənimsəyir,
nitqə yiyələnir.
Müxtəlif yaş qruplarında təqlidin mexanizmləri eyni deyildir. Yaşlı adamlarda
təqlid müəyyən peşə fəaliyyəti sahələrində (idmanda, incəsənətdə və s.-də)
öyrənmənin özgün ünsürü kimi özünü göstərir.
Bu baxımdan təqlidin iki səviyyəsini fərqləndirmək məqsədəuyğundur: