34
yeganə adadır ki, geoloji quruluşu qonşu Ərəbistan yarımadasının
sahil hissəsinə oxşardır. Arxipelaqın digər adaları isə mərcan
mənşəlidir. Bu adalar dayaz laqunlar və sualtı qayalarla əhatə
olunmuşdur. Adalar arasında hərəkət edən sürətli qayıqların sükançısı
böyük ustalığa malik olmalıdır ki, vaxtında və xətasız bu maneələri
dəf edə bilsin.
Bəhreyn adasının sahil xətti girintili-çıxıntılı olduğundan bir
növ dişləri sınmış mişara bənzəyir. Maili qum çimərlikləri tez-tez
qayalar və qarma-qarışıq şəkildə üst-üstə yığılmış daşlarla əvəz
olunur. Onun mərkəzi hissəsi hündürlüyü 35 metrə çatan əhəng daşlı
təpəlikdir. Adanın ən hündür yeri isə onun şimalındadır (135 m.).
Digər adaların dəniz səviyyəsindən orta hündürlüyü 15-30 metrdir.
Bəhreyn adasının əlverişli sahillərində bir neçə dəniz limanı
salınmışdır. Onlardan biri ölkənin paytaxtı Manama yaxınlığında,
digərləri isə Mühərrək adası ilə ensiz torpaq örtüyü ilə birləşən ər-
Rümman (Sülmən) və Sitra adalarında yerləşir. Bu limanlara ən
müasir okean gəmiləri daxil ola bilər. Xatırladaq ki, hələ qədim
dövrlərdə də əcnəbi yelkənli gəmilər məhz bu yerlərdə lövbər
salardılar. Rəvayətə görə «Min bir gecə» nağıllarının qəhrəmanı
məşhur dənizçi Sindbad da Bəhreyn adasında yaşamışdır. İtaliyalı
tacir və səyyah Marko Polo, məşhur ərəb tədqiqatçısı və
coğrafiyaşünası İbn Bəttutə Bəhreyn arxipelaqında olmuşlar.
Bəhreynin təbii sərvətləri içərisində nisbətən gözə gəlimlisi
təbii qaz və neftdir. Ehtiyatı 210 mlrd. kub m. olan təbii qaz yataqları
həm quruda, həm də körfəzin dibində aşkar edilmişdir. Təbii qaz ilə
müqayisədə neft ehtiyatı tükənmək üzrədir (ehtiyatı cəmi 14 mln.
tondur). Digər faydalı qazıntıların (gips, əhəngdaşı, gil və s.) ehtiyatı
az olduğundan sənaye əhəmiyyətinə malik deyillər. Mirvari ehtiyatı
arxipelaqın şimalında və şərqində 10–12 metr dərinlikdə yerləşir.