Kənd təsərrüfatının aparıcı sahələri. Ürdündə su
mənbələrinin azlığı üzündən torpağın cəmi 14-15 faizi becərilir.
Əkinçilik kənd təsərrüfatının əsas sahəsidir. İordan çayının dərəsi isə
əsas əkinçilik rayonu hesab edilir. Ölkədə əsasən taxıl, meyvə,
tərəvəz, şəkər qamışı, tütün, zeytun, üzüm, arpa, qarğıdalı və s.
becərilir. Zeytun becərilməsi ölkənin kənd təsərrüfatında mühüm
əhəmiyyət kəsb edir. Onun ən yaxşı növlərindən konserv hazırlanır,
zeytun yağı çəkilir. Sənayedə zeytundan sabun bişirmədə istifadə
olunur.
Becərilən torpaqların çox hissəsini dəmyə əkinləri təşkil edir.
Əkin sahələrinin ancaq 10 faizə yaxını suvarılır. Təbii ki, quraq
keçən illərdə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı xeyli azalır.
Ürdünün kənd təsərrüfatında tərəvəzçilik mühüm əhəmiyyət kəsb
edir. Ölkənin torpaq-iqlim şəraiti tərəvəzin qonşu ölkələrə nisbətən 3-
4 həftə tez yetişməsinə imkan verir. Bu isə tərəvəzin qonşu ölkələrin
bazarlarına erkən çıxarmağa və baha satılmasına səbəb olur. Ölkədə
kənd təsərrüfatının intensivləşdirilməsi, məhsuldarlığın artırılması və
əhalinin kənd təsərrüfatı məhsulları ilə təmin edilməsindən ötrü
müəyyən dövlət tədbirləri həyata keçirilir.
Heyvandarlıq ekstensivdir. Yem otları az əkildiyindən mal-
qara ilboyu açıq otlaqlarda saxlanılır. Maldarlıqla əsasən köçəri həyat
sürən əhali məşğul olur. Ölkədə dəvə saxlanılmasına xüsusi fikir
verilir. Böyük şəhərlərin ətrafında quşçuluq fermaları və broyler
təsərrüfatı yaranmaq üzrədir.
Ölkə daxili istehsal hesabına tərəvəz və quru subtropik
meyvələrə olan tələbatını tam ödəyə bilsə də, dənli bitkilələ olan
tələbatının cəmi 30-35 faizini, ət və süd məhsullarına olan tələbatını
ancaq yarıya qədərini ödəyə bilir.