64
Ayaq üstə quruyan ağac
Görmüsənmi?
Qadın da ağac kimidir
İçindən quruyur
Narıngülün ən son şerləri belə bizi fərdi dünyadüyumuna
malik şair “mən”i ilə üz-üzə qoyur. Bu şerlərdəki məzmun və
intonasiya, poetik obraz və fiqurlar, hissin, duyğunun inikas və
mənalandırılma bacarığı özəl düşüncə tipinin məhsuludur, Na-
rıngülün poetik imkanının göstəricisidir.
Fikirlərimdən aşağı
Nə ünüm, nə izim qaldı
Sən də ovutmadın məni
Səndən başqa kimim vardı
Səni də bu zaman vurdu,
Vaxt öldürdü, bilmədin
Işə bax, ürəyimdən
Yıxıldın əzilmədin.
Ürəyimə xal düşdü.
Üzüm döndü sevgidən.
Qapını açıq qoydum
Çıxıb getsin o gedən...
* * *
Yeniliyi formaya deyil, məzmuna aşılayan, heca vəzninin
tələbləri səviyyəsində uğurlu poetik nümunələr ortaya qoyan
şair Məhəmməd Astanbəylinin şerləri müasir poeziya məhsul-
ları içərisində istisna təşkil edir. M.Astanbəylinin şerləri sufi-
panteist dünyagörüşünü, türk təsəvvüf düşüncəsinin ruhi-psi-
xoloji məqamlarını sərgiləyən nümunələrdir. Bu gün bu kon-
tekstdə yazan şairlərimiz azmıdır, çoxmudur, deyə bilmərəm.
Amma qətiyyətlə deyə bilərəm ki. M.Astanbəylinin şerləri onu
65
seçilənlər sırasına daxil edir. Bu seçilmişlik ilk növbədə onunla
əlaqələnir ki. M.Astanbəyli türk-təsəvvüf baxışını, etiqad və
inancını, ehtiva etdiyi dünyagörüşü çağdaş Azərbaycan poezi-
yasında yeni və fərqli düşüncə kontekstində oturuşdura bilir.
Gələcəklər-gələcəklər,
Keçmişlər isə keçmişlər.
Gələcəksiz keçmişsizdir
Haqq şərabı içmişlər.
Bu dəryadan dirisi yox
Gir bu dəryada boğul.
Ürəklə beyin arası
Ən qısa, ən uzun yol.
Bu iki gözümlə gördüm,
Güllərin solduğunu
Bilirəm ki, kimsə bilmir
Nəyin nə olduğunu.
Şerin bədii-fəlsəfi qatında ehtiva olunan ideya dünyanın
insanı lallığa aparan dərkinə yönəlir. Yəni, o qədər sirr var ki,
bilmədiyimiz, görmədiyimiz, görüb də sirrinə yetmədiyimiz...
Hətta gözümüzlə gördüyümüz nəsnə belə ona vaqif olmaq üçün
arxasında nə qədər sirr dağarcığı buraxır. Təsadüfi deyil ki,
M.Astanbəylinin şerlərində hər hansı fikir daha çox sual şəklin-
də ifadə olunur, müəllif özünün insan, dünya haqqında bədii-
fəlsəfi qənaətlərini, mənəvi təkamül, ruhani və bəşəri dəyərlərlə
bağlı ideyalarını “İşıq nədi, zülmət nədi”, yaxud “Həyat nədi,
ölüm nədi” kimi poetik suallar şəklində izhar etməklə qüvvətlən-
dirir, onları daha da emosional edir. “Azərbaycan ədəbi pro-
sesində nə baş verir” məqaləsi ilə çıxış edən Elçin M.Astanbəyli
şerlərinin məziyyətlərinə diqqət yönəldərək bu məqamla bağlı
yazır ki, “ …həyat da, ölüm də bu şair üçün absurddan başqa bir
şey deyil və yəqin, elə buna görə də o yolsuzluq içindədir və bu
bir dərviş yolsuzluğudur». (“525-ci qəzet”, 2009, 1 avqust)
66
Nə gedənəm, nə gələnəm,
Yolsuzluqdur mənim yolum.
Yolsuzluq həm də bitməyən, yorulmayan, uzun, incə bir
yolşuluqdur, nəhayətsizlikdir. Bu yolsuzluq M.Astanbəylinin
fəlsəfi baxışlarında yeni siqlət qazanan həyat və ölüm, dünya
və bəşər, tale və əbədiyyət kimi mövzulara can verməklə müəl-
lifinə lokal, məhəlli ölçüləri yarıb üfiqə çıxmaqda, şerlərinə in-
təhasızlıq, nəfəs genişliyi gətirməkdə yardımçı olur. M.Astan-
bəylinin şerlərinin aşıladığı ovqat nəticəsində hər rəngin adicə
boya olmadığı hikmətinə diqqət kəsilə bilirsən. Çağdaş poezi-
yamızda dünyanı dərkin belə idealı – fərdi-daxili təkamül ide-
yası öz müəllifini bu konsepsiyanın beşiyi başında duranlarla-
Əhməd Yəsəvi, Yunis Əmrə, Cəlaləddin Rumi ilə birləşdirir:
Dünyanın dünya olduğu
Yadımdan çıxdı bir gün.
Həmin günü səhərədək
Dünyasız qaldım bütün.
İşıq nədi, zülmət nədi,
Əridi, axdı, getdi.
Nə Mən qaldım, nə Sən qaldın,
Hər şeyin sonu getdi.
Hər şeyin sonu nə gözəl,
Eləcə də əvvəli.
Əvvəli gör, sonu axtar,
Yaşa, yaşa, ay dəli…
“Əvvəli gör, sonu axtar”-yəni bil, səndən əvvəlkilərin aqibə-
ti, sonu, sonucu nə olub, sənin də yolun ordan keçəcək. Bu bir
“gələn bəzirgandı, gedən xocadı” aksiomasıdır. Buradakı dəli
müraciəti də sözün həqiqi, müstəqim mənasından başqa simvo-
lik məzmun, məna kəsb edir. Aşıq Ələsgər yazırdı ki,
|