Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə1/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
  1   2   3   4   5   6   7   8   9   ...   125


ELNARƏ AKİMOVA 
 
 
 
 
 
 
 
 
 
 
 
YENİ TƏFƏKKÜR 
VƏ 
ƏDƏBİ TƏNQİD 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2012 


 

 
 
 
 
Редактор:  
Ъаваншир Йусифли 
Филолоэийа цзря елмляр доктору 
 
 
 
 
Елнаря  Акимова  
«YENİ TƏFƏKKÜR VƏ ƏDƏBİ TƏNQİD» 
Bakı, “MBM”, 2012. 280 səh. 
 
 
 
“Yeni təfəkkür və  ədəbi tənqid” Elnarə Akimovanın ikinci 
kitabıdır. “Müstəqillik illərində Azərbaycanda ədəbi tənqid” adlı bi-
rinci kitabı 2009-cu ildə çap olunub. Kitabda müasir Azərbaycan 
ədəbiyyatşünaslığının, tənqidinin və nəzəri-estetik fikrinin problem-
ləri çağdaş təfəkkür işığında təhlil olunur. 
 
 
ISBN: 978 - 9952 - 29 - 064 - 6 
 
 
 
 
 
© Елнаря  Акимова  
 
 
 



 
 
 
 
 
 
 
 
 
ƏDƏBİ  TƏNQİDİN  
YARADICILIQ  PROBLEMLƏRİ 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
O yanda “dünya ədəbiyyatının bütün tənqid 
pilləkənlərini tanımağa” yön alanda, bu yanda 
milli tənqid tarixi, təcrübəsi ilə üz-üzəyik. Ədə-
bi uğursa onlar arasında ortaq dilin tapılacağı 
təqdirdə hasilə gələcəkdir. Necə ki, bu “düşva-
rı asan eyləməyin” nümunəsini Axundov bir 
zamanlar öz timsalında göstərmişdi. 
 
 
 



YENİ TƏFƏKKÜR VƏ ƏDƏBİ TƏNQİD 
 
Milli müstəqilliyimizin bərpası ilə yetmiş illik bir dövrün 
xarakter və çalarları, ziddiyyət və  təzadları, tendensiya və 
meylləri tarixə qovuşdu. Bütöv bir epoxanın süqutu cəmiyyətin 
bütün sferalarında kəskin dönüş, ciddi təbəddülatlar yaratdı. 
Miqyaslı yeniləşmə prosesinin əsası qoyuldu ki, milli ruhda və 
statusda özünüifa imkanları açan mərhələnin tələb və vəzifələri 
lazımi səviyyədə öz təsdiq və  təsbitini tapa bilsin. Bədii-mə-
nəvi dəyərlərin  əzəli harmoniyasının bərpası  ədəbiyyatşünas-
lığın, eləcə də onun tərkib hissələrindən biri olan ədəbi tənqidin 
də yeni zamana və mühitə köklənməsinə, yeni məzmun və key-
fiyyət göstərməsinə imkan verdi. Tənqidçi Tehran Əlişanoğlu-
nun sözləri ilə desək: "Nəhayət, bizdə də ədəbiyyat yenidən sti-
xiyasına döndü; gerçəklərlə, cəmiyyətlə, sənətlə qabaq-qənşər 
durdu… Qoşqusuz-yedəksiz, haşiyəsiz-boyaqsız, leyk və  əm-
masız, - sərt sənət həqiqətləri ilə gözbəgöz olub, milli varlığına 
çökəsi oldu" və tənqidin öz mövqeyini təyin etməsi, bir estetik 
sistem kimi fəaliyyət göstərməsi üçün yeni səhifə açıldı. 
Dövrün başlıca məramı – yeni təfəkkürün təşkili, təşəkkülü 
olduğundan ədəbi tənqidin də nəzərləri ilk növbədə hakim mis-
siyanın realizəsinə yönəldi. Çağdaş dövrün tələbindən tənqidin 
özünü sərf-nəzər etməməsi təbii idi. Çünki "yeni təfəkkür yeni 
insanın dərki deməkdir" (F.Dürrenmatt) və  "İnsan təfəkkürü-
nün yenidən qurulmasında, psixologiya və mənəviyyatının ye-
nidən tərbiyələnməsində  bədii  ədəbiyyat qədər spesifik təsir 
qüvvəsinə malik olan ikinci bir ictimai şüur forması göstərmək 
çətindir" (B.Nəbiyev). Bu mənada onun orqanik, üzvi hissəsi 
kimi fəaliyyət göstərən tənqidin də iştirakı proseslərin intensiv 
və aktiv xarakter daşımasına stimul ola bilərdi. 
Yeni təfəkkürə canatım, köhnə psixologiyadan, düşüncə tər-
zindən qopub müstəqil, sərbəst, tam milli əsaslarda yaradıcılıq 
prosesinə dönüş  ədəbi tənqidin təlqin etdiyi başlıca qayə olsa 
da buna nail olmaq o qədər də asan məsələ deyildi. Bunun üçün 


 

məhz "milli varlığa çökmək", zamanın üzərinə böyük məsuliy-
yət yükü qoymuş Sözün nüvəsinə, bətninə enmək və məhz ora-
dan baxış bucağını çağdaş günlərə  səmtləndirmək gərəkirdi. 
Yeni epoxanın ədəbi tənqidə ayırdığı missiya belə idi. Əslində 
bu ali missiyanın nəticəsi olacaq "katarsis" prosesinin, yəni 
şüuru, idrakı yad düşüncədən təmizləyib onu milli mənlik şüu-
ru və ovqatı ilə təmin etmək vəzifəsinin uğurlu həlli üçün kök-
dən gəliş  zəruri idi. Uzun illər total-inzibati rejimin hökmfər-
malığı  şəraitində  fəaliyyət göstərən ictimai-elmi düşüncənin 
əsaslı şəkildə təzələnməsinə nail olmadan yeni zamana üz tut-
maq mümkünsüz idi. 
90-cı illərdə  ədəbi tənqid yeni təfəkkürə yiyələnməyin yo-
lunu başlıca olaraq milli-mənəvi dəyərləri qiymətləndirməkdə, 
təhrif və əyintiyə məruz qalan bədii həqiqətlərin tarixi haqqını 
bərpa etməkdə, ictimai-ədəbi fikri milli məzmuna, türk təfək-
kürü məcrasına doğru yonəltməkdə görürdü. Tənqidçi Akif 
Hüseynli yazırdı: "Qarşımızda özümüzə, ilkinliyimizə qayıt-
maq, ruhumuzun şah damarını qoruyub yaşatmaq, milli şüu-
rumuzu yetkinləşdirmək vəzifəsi durur və burası  şəksizdir ki, 
biz ilk növbədə tarixi yaddaşımızın sayıqlığına, itiliyinə arxa-
lanmaqla həmin ali missiyanı reallaşdıra bilərik". Bu məsələlər 
günün ədəbi tənqidi qarşısında bütün kəskinliyi və ciddiliyi ilə 
duran problemlər idi. Yeni dövrün sanki ilk qaranquşu olan 
"Ədəbi tənqid" jurnalı manifest səciyyəli məramnaməsində be-
lə müəyyənləşdirmişdi: "milli estetik təfəkkürün nəzəriyyəsini 
formalaşdırmaq", "Azərbaycan Ədəbiyyatı tarixinin metodoloji 
əsaslarını müəyyənləşdirməyə bilavasitə kömək göstərmək", 
"dünya standartlarına uyğun yazılar yazmaq", "elmimizi, mədə-
niyyətimizi təbliğ etmək" və s. Düzdür, jurnalın yalnız bircə 
nömrəsi işıq üzü gördü, belə demək mümkünsə, o, qarşısına 
qoyduğu tələbləri öz səhifələrində canlandırmaq imkanından 
məhrum oldu. Amma əsas və önəmli cəhət bu idi ki, ədəbi tən-
qid artıq fəaliyyət meydanını müəyyənləşdirə, yeni təfəkkürün 
təşkili prosesində aparıcı olmaq funksiyasına işarə edə bilmişdi. 



Lakin burada bir məqama da toxunmaq gərəkdir: ədəbi tən-
qidin yeni təfəkkürə köklənməsi prosesi birdən-birə, birbaşa 
90-cı illərdən başlamamışdır. Onun təməli bir qədər əvvəl qo-
yulmuş, bütün postsovet məkanı üçün səciyyəvi olan tarixi-icti-
mai, siyasi-ideoloji hadisələrlə əlaqədar təzahür etmişdir. Hələ 
80-ci illərdən yenidənqurma adı ilə sabiq ictimai quruluşun to-
tal tənqidi başlarkən ədəbi tənqid də ideoloji buxovlardan, doq-
ma və ehkamçı stereotiplərdən qurtulmağa, azad sözə, sərbəst 
yanaşmaya yiyələnməyə çalışırdı. Bu illərdə istər tənqidçilərin 
yazdığı ayrı-ayrı məqalələrdə, istərsə də ədəbi müşavirə, disput 
və "dəyirmi stol" söhbətlərində yenidənqurmaya təbii-tarixi 
gerçəklik kimi yanaşılır, onun bədii söz sənətinə açdığı imkan-
lardan yararlanmağa cəhdlər edilirdi. Ən başlıcası isə bu idi ki, 
tənqid öz nəzərlərini özünə, "ruhuna" yönəltməyə, bədii-estetik 
meyarlardan çıxış edən mülahizə və şərhlər yürütməyə müvəf-
fəq olmuşdu. Məsələn, 1988-ci ildə  "Ədəbiyyat və incəsənət" 
qəzetinin təşkil etdiyi "80-ci illər:  ədəbi tənqidin axtarışları" 
mövzusunda "dəyirmi stol" söhbətində iştirak edən tənqidçilər 
həm tənqidin, həm də digər janrların problemlərini sırf sənət 
müstəvisində çözür, ədəbi prosesə müdaxilədə, gələcək, pers-
pektiv axtarış  və  təmayüllərin müəyyənləşdirilməsində milli 
tarixi-təcrübəyə əsaslanan metodoloji prinsiplər təklif edir, bir 
sözlə, zamanın  ədəbiyyat qarşısına qoyduğu tələblərdən çıxış 
edirdilər. Bu tələblər hansılar idi? Təbii ki, ilk növbədə nəzəri-
estetik irsimizi elmi təhlil baxımından təkrar (yenidən) tədqiq, 
araşdırma predmetinə çevirmək… Sonradan, 90-cı illərdə ümu-
mən tənqidin  əsas istiqamətini təşkil edəcək bu tələbin nəzəri 
əsasları, ideya başlanğıcı məhz həmin illərdə qoyulmuşdur.  
Bu məramla elə  həmin ildə Azərbaycan SSR Elmlər Aka-
demiyası Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Ya-
zıçılar İttifaqının tənqid şurası "Ədəbiyyat və incəsənət" qəzeti 
ilə birlikdə müşavirə  təşkil etmişdir. "Yeni təfəkkür və  nəzəri 
irsimiz" adlanan həmin müşavirədə tənqidçi və ədəbiyyatşünas-
ların – Q.Qasımzadə, Y.Qarayev, V.Quliyev, N.Cəfərov və b.-


 

nın önəm verdikləri əsas məsələlər - milli dil, tarixi yaddaş, sə-
nətdə forma və  məzmun problemləri ilə  əlaqədar idi. Bir sıra 
məsələlərə münasibətdə "sıfırdan başlamaq" tələbini qoyan tən-
qid "yeniləşmə ideologiyası folklorumuzdan tutmuş ədəbiyyata 
80-ci illərdə gələn şairlərimizin yaradıcılığına qədər bütün ədə-
bi həyat faktlarına təzə münasibət tələb edir" – deyərək ədəbiy-
yat tarixinin qarşısında duran bir sıra problemlərin həlli zəru-
riliyini vurğulayır, onların həyata keçirilməsini həm də  ədəbi 
tənqidi təfəkkürün inkişafı üçün vacib amil hesab edirdilər.  
Bu illərdə ədəbiyyat haqqında aparılan söhbətlər elmi-nəzəri 
mülahizələrin aydınlığı, qətiliyi ilə seçilir, professional müda-
xilələrin, müstəqil düşüncə axtarışlarının nəticəsi kimi mey-
dana çıxırdı. Yaradıcı şəxslər diskussiyalar zamanı çəkinmədən 
ədəbiyyat, sənət haqqında qənaətlərini bölüşür, analitik təhlillər 
əsasında polemikalar yaratmağa səy edirdilər. Tənqidçi Aydın 
Məmmədovun 1986-cı ildə yazıçı  Ə.Əylisli, 1987-ci ildə isə 
Anarla "Ulduz" jurnalında dialoqları bu baxımdan önəmlidir. 
Həmin polemikaların özəlliyi nədə idi? İlk növbədə, bədii-este-
tik tendensiyaların, orijinal yanaşma tərzinin mövcudluğuna, 
yaşarılığına təminat verirdi. Və nə qədər müxtəlif baxış, fərqli 
üslub və düşüncə tərzi nümayiş etdirsə belə, son olaraq ədəbiy-
yatın maraqları baxımından onun dinamik inkişafına xidmətin 
göstəricisi kimi meydana çıxırdı. Bütün bunlar yeni təfəkkürün 
təşəkkülü baxımından 80-ci illəri "dönüş  mərhələsi" kimi sə-
ciyyələndirməyə imkan verirdi. Tənqidçi-ədəbiyyatşünas Ş.Sal-
manov 1990-cı ildə yazdığı  "Ədəbiyyatşünaslıq və yeni təfək-
kür" adlı məqaləsində 80-ci illəri məhz bu cür adlandırır və fikrini 
belə  əsaslandırır: "Biz keçdiyimiz yol, tariximiz və  mənəvi 
sərvətlərimiz, sosial mahiyyətimiz barədə düşündük, mübahisə 
etdik. Bu keçirdiyimiz tarixi mərhələnin fərqləndirici xüsusiyyə-
tidir və eyni zamanda mühüm yekunudur. Biz tariximizdə ilk dəfə 
fikir və rəy müxtəlifliyi yaratdıq. Repressiya əzabından, stalinizm 
bəlasından keçdiyimizi dərk etdik. Həm də bütün bunların izsiz 
ötüşmədiyini,  şüurumuzda, tariximizdə, mənəviyyatımızda dərin 
silinməz şırımlar açdığını gördük".  



Əlbəttə, burada sıralanan faktların bir çoxu, xüsusən, "rep-
ressiya əzabının, stalinizm bəlasının dərki", "sosial mahiyyəti-
miz barədə düşünmə" prosesi bir qədər əvvəlki dövrlərdə, 60-cı 
illərdən başlanmışdı. Bəlkə elə buna görə Y.Qarayev, N.Cəfə-
rov, V.Yusifli, T.Əlişanoğlu kimi bir qism tənqidçilər 90-cı il-
ləri əlahiddə bir dövr kimi səciyyələndirərkən başlanğıc, zəmin 
kimi bu illəri göstərir, 90-cı illərin yeniləşmə ideologiyasını 
"həm ideya nöqteyi-nəzərindən, ictimai fikir müdaxiləsi baxı-
mından, həm də özünün bədii nöqteyi-nəzərindən" (M.Os-
manoğlu) 60-70-ci illər mərhələsinin davamı kimi qiymətlən-
dirirdilər. Zənnimizcə, burada da bir qanunauyğunluq əksini ta-
pıb. "Çünki söhbət ideoloji-konseptual mənada, sırf milli tən-
qiddən, milli ədəbiyyatın-mədəniyyətin birbaşa zəminindən do-
ğan tənqiddən gedirsə belə bir tənqidin yetişməsi, irəli gəlməsi, 
funksionallığına şərait yalnız 70-ci illər Azərbaycanında müm-
kün olmuşdur" (T.Əlişanoğlu).  
Lakin eyniləşdirmirik, fərqlərin də olduğu barizdir, həqiqət-
dir. Nə  dərəcədə radikal mövqe, fərqli baxış  tərzi nümayiş 
etdirməyindən asılı olmayaraq istər 60-cı, istərsə  də ondan 
sonrakı 70-ci, 80-ci illəri biz sözün tam mənasında müstəqil, 
bütün ehkamlardan üzülüşmüş  mərhələ kimi səciyyələndirə 
bilmərik.  Ədəbi tənqidin keçib gəldiyi təkamül yolunun özü 
bizə bu qənaətə gəlməyə əsas verir. Yəni, 90-cı illərə qədər bir-
birini  əvəzləyən  ədəbi tənqid dalğalarında nəzəri-estetik fikir-
dəki dirçəlişin daha çox çəkilib-qabarma halları ilə müşayiət 
olunduğunu görürük. Deyək ki, əgər azad ədəbi atmosfer 60-cı 
illərdə nəşət tapmış, ədəbi tənqid zamana müxalif ruhda özünü-
təsdiqə, gerçəkliyin ideya-estetik dərkinə çalışmışsa, çox keç-
mədən tənqidçi Ş.Salmanovun yuxarıda adı gedən məqaləsində 
yazdığı kimi, "volyuntarizm təzahürləri", "iqtisadi və sosial 
durğunluq", "böhran vəziyyəti" qarşıya qoyulan köklü prob-
lemlərin həyata keçirilməsinə imkan verməmiş,  əksinə, azad 
sözün, sərbəst düşüncənin meydanını daraltmış, tənqidi daha 
çox ikitərəfli mövqe nümayiş etdirmək məcburiyyətində qoy-
muşdur. Eləcə də, Sov. İ.K.P. MK-nın "Ədəbi-bədii tənqid haq-


 
10 
qında" 1972-ci ildə verdiyi qərarın və bu qərardan az sonra 
yaranan sürəkli polemik şəraitin, tənqidçi R.Uluselin vurğu-
ladığı  tək, "tənqidin öz daxili problemlərinə ciddi nəzər yetir-
məsinin, onun özünəməxsus nəzəri-metodoloji xassələrinin 
öyrənilməsinin  ən məhsuldar dövrü hesab olunan 1975-80-ci 
illərin" ümumi mənzərəsinə  nəzər salanda belə, ikili düşüncə 
qütbünü (ideoloji və estetik) təmsil edən ədəbi tənqid obrazını 
görürük. Məhz bu ikili xarakter ədəbi tənqidi sovet dövrünün 
süquta uğramasına qədər müşayiət etmiş, onun tam və müstəqil 
idrak sahəsi kimi fəaliyyət göstərməsinə, öz bədii-estetik 
mahiyyətindən çıxış etməsinə, bir sözlə sxolastikadan təcrid 
olunmasına əngəl olmuşdur. Hətta "dönüş mərhələsi" kimi sə-
ciyyələndirilən 80-ci illərin sonlarında, yenidənqurmanın bəxş 
elədiyi yarımçıq aşkarlıq və demokratiya şəraitində belə, hakim 
totalitar-inzibati rejimin təsiri duyulur, onun diqtə etdiyi yarlık 
və etiketlərsiz ötüşməyin mümkünsüzlüyü məlum olur. Mə-
sələn, Qasım Qasımzadə 1988-ci ildə keçirilən "Yeni təfəkkür 
və  nəzəri irsimiz" adlı müşavirədəki çıxışında belə bir tezis 
səsləndirir: "Müasir estetika elmi Lenin irsinin özünə müra-
ciətlə milli ədəbiyyat və incəsənətin bütün dövrlərinin qiymət-
ləndirilməsinə ehtiyatla, yeni təfəkkür işığında yanaşmalıdı". 
Yaxud 60-cı illərdən başlayaraq  ədəbi fakta, ədəbi prosesə 
yanaşmada orijinallığı ilə seçilən, yaradıcılığında klassik tənqid 
ənənələri ilə dünya estetik fikrini uğurla sintez edən tənqidçi 
Yaşar Qarayev belə 1987-ci ildə yazdığı "Yenidənqurma və 
nəzəri fikir" adlı məqaləsində ədəbiyyat, sənətlə bağlı miqyaslı 
problemlərdən söz açır, onların həlli zəruriliyini vurğulayır, 
kənar prinsiplərə deyil, məhz milli konsepsiyalara əsaslanmağı 
tələb edir, amma bu zaman ideolojiyə uyaraq "milli problemləri 
həll etməyin perspektiv yolu" kimi marksist-leninçi konsepsi-
yaya müraciət edir, "bizə öz orijinal, marksist-leninçi konsep-
siyamız lazımdır" deyir. Həmçinin 1988-ci ildə "Yenidənqurma 
və ictimai-estetik fikir" adlı çıxışında "partiyaya (oxu: Stalinə, 
Beriyaya, Jdanova, Mir Cəfər Bağırova) xidmət və qulluq gös-
tərən ədəbiyyat"a qarşı çıxırsa da "partiyalı ədəbiyyat" anlayı-
şına pozitiv münasibət izhar edir.  


11 
Düzdür, bütün bu hallar əvvəlki dövrlərə nisbətən qat-qat az 
nəzərə çarpır, artıq fraqmental şəkildə  təzahür edirdi. Həm də 
bu məqalə müəlliflərinin günün nəbzini tutub milli ədəbiyyat 
tarixi, milli dil və yaddaşla bağlı problemləri aktuallandırma-
ları, üstəgəl, "yeni təfəkkür işığında", "orijinal konsepsiyamız” 
kimi ifadələri vurğulamaları artıq düşüncə  tərzinin təbəddüla-
tından xəbər verirdi.  
Eyni zamanda həmin dövrə xas olan incə bir məqama da 
toxunmaq gərəkdir: bu yazılara yenidənqurmanın doğurduğu 
inam da sirayət etmişdi. Hələ  də  hər  şeyin qaydasına düşəcə-
yinə, dünəndən fərqli ritmdə  təzahür edəcəyinə  tənqidçilərdə 
bir ümid vardı. Fəqət 80-cı illərin sonlarında başlanan xaotik 
proseslər, 90-cı illərdə törədilən Qanlı Yanvar faciəsi sovet 
imperiyası ilə bağlı bütün illüziyaların puç olduğunu göstərdi. 
Baş verən kataklizmlər, gözlənilməz fəci olaylar ədəbi tənqidin 
də silkələnməsinə, oyanışına təsir göstərdi və bu zaman onun 
içində saxladığı daxili potensial, mənəvi təlatüm inersiya ilə, 
özünüdərkin təcəssümü kimi üzə çıxdı. "Bizə öz orijinal, mark-
sist-leninçi konsepsiyamız lazımdır" deyən Yaşar Qarayev bu-
nun müqabilində Yaddaş konsepsiyasının "baniye-karı" oldu. 
Təbii ki, məhz "sözün yaddaş sirri"ni (K.Vəliyev) qoruduğu, 
qan yaddaşını zamanın dramatik və böhranlı  məqamlarından 
bütöv və  zədəsiz çıxara bildiyi üçün… Ustad tənqidçi "indi" 
adlanan zaman kəsimindən keçmişin, uzaq dünənimizin dərin 
qatlarına rakurs elədi, "qədimdən indiyə qədər, mifdən, folklor-
dan müasir günlərə qədər Azərbaycan xalqı dünya ədəbi-bədii 
fikrinə hansı yenilikləri gətirib, hansı mənəvi, əxlaqi, bədii də-
yər və sərvətlərlə onu zənginləşdirib?" kimi suallara cavab ara-
maq məqsədilə  bədii-mədəni keçmişimizin bütün dövrlərini 
tədqiqat obyektinə çevirdi.Yaxud digər tənqidçilər – N.Cəfərov 
və N.Şəmsizadə yazılarında azərbaycançılıq ideologiyasını qa-
bartdılar. Milli şüurun yetkinləşməsi, xalqın etnogenezisinin 
dərki üçün vacib olan bu amilin bir doktrina, konsepsiya kimi 
ədəbi-tənqidi fikirdə qoyuluşunun vacibliyini təsbit etdilər. 
Eləcə də K.Talıbzadə, B.Nəbiyev, Elçin, K.Abdulla, V.Quliyev 


 
12 
və b. alim və  tənqidçilərin xidməti sayəsində  ədəbiyyatımızın 
bir çox qaranlıq səhifələri təzə rakursdan işıqlandırıldı, müha-
cirət  ədəbiyyatşünaslığımız, qürbət eldə yaşayıb-yaratmağa 
məcbur olan görkəmli sənətkarlarımızın irsi ciddi araşdırmala-
rın predmetinə çevrildi. Yaxın keçmişimiz olan sovet dövrü 
Azərbaycan  ədəbiyyatının müxtəlif problemlərinə yeni meto-
doloji mövqedən nəzər salındı (Ş.Salmanov, A.Hüseynli, Ş.Alı-
şanlı, T.Əlişanoğlu və b.).  
Bu illərdə esse janrına müraciət edərək onun qüvvətli nü-
munələrini yaratma çabası da tənqidimizdə hadisə, onun inkişa-
fında irəliyə addım sayılmalıdır. Anarın "Gecə düşüncələri", 
Elçinin "Ədəbi düşüncələr", K.Abdullanın "Əvvəl-axır yazı-
lanlar", "Yolun əvvəli və axırı", R.Rövşənin “İnsan mənzərələ-
ri”, K.V.Nərimanoğlunun "Mənim Füzulim" və s. kimi esseləri 
uzun illərin ideoloji nəzarət və basqısından, təzyiq və buxovun-
dan sonra ədəbiyyata və  sənətə açıq münasibətdən daha çox, 
həyata və dövrə  fəlsəfi yanaşmanın təzahürü kimi meydana 
çıxır.  Ş.Salmanovun yazdığı kimi "… bu tipli əsərlər çağdaş 
tənqidin yeni janr və forma axtarışlarını əks etdirməklə yanaşı, 
həm də ədəbiyyat və zaman, sənət və həyat problemi ətrafında 
dövrün  ədəbi düşüncəsini, müasir yazıçının mövqeyini, həyat 
və sənət konsepsiyasını əks etdirir"di. Bu esselər tənqidi yalnız 
bədii  əsərlərin  şərhi, təhlili ilə  məşğul bir janr kimi səciy-
yələndirmək meyllərini eroziyaya uğradıb, ona daha geniş əra-
zidə, ölçü və miqyasda, heç nəyin qoşqusu olmadan, müstəqil 
konteksdə  nəzər yetirməyin gərəkliyini sübut edir. Əlbəttə, 
burada da, başlıca predmet ədəbiyyatdır, Anar da, Elçin də, 
R.Rövşən, K.Abdulla və K.V.Nərimanoğlu da hər birisi məhz 
"ədəbiyyat müstəvisi üzərində özünün sənət, sənətkar, sözün və 
insanın taleyi, dünyanın gərdişi haqqında fəlsəfi evciklərini qu-
rur və  sınaq üçün oxucuya müraciət edir"lər (G.Səfərəliyeva). 
Lakin burada dominantlıq təşkil edən müəllif obrazıdır, bütün 
hallarda daxili azadlıq və sərbəstliyini qabardan fərdi "mən"dir. 
Bu fərdi "mən”” esselərdə məhək daşı rolunu oynayır. Ədəbiy-
yat, bədii əsərlər, müxtəlif ədəbi-bədii obrazlar, sənətkarlar qa-


13 
lereyası, hadisələr və gerçəklər polifoniyası – hər biri məhz bu 
daşın büllurunda yeni çalar və dəyər kəsb edə bilirlər. 
Əsəd Cahangirin 1997-2000-ci illər arasında yazdığı "Səs”", 
"Söz"” və "Rəng"” silsiləsindən olan yazıları da yeni estetik 
baxışın, fərqli düşüncə  tərzinin ifadəçisi kimi ədəbi tənqidi-
mizin uğurlu faktı hesab olunmalıdır. 
Bu yazılarda ilk dəfə olaraq səs, söz və rəng anlayışları qu-
ru, sxematik bir anlam kimi deyil, canlı, nəfəs alan mövcudluq 
kimi götürülür. Onların etimolojisinə varılır, ilahi, ilkin başlan-
ğıcdan çağdaş günümüzədək keçdikləri təkamül yolu təfsirini 
tapır, hansı  təbəddülatlara məruz qaldığı, müxtəlif  ədəbi 
şəxsiyyətlərin yaradıcılığında hansı formada təcəlla etdiyi gös-
tərilir. Məsələn, tənqidçinin "Söz”" məqaləsini nəzərdən keçi-
rək. Sözü iki anlamda – Söz və söz kimi alan Ə.Cahangirə görə 
bunlardan birincisi, yəni Söz üçün ağıl, zəka, həqiqət, "Zəkanın 
özü"” kimi qneseoloji əlamətlər, söz üçün isə duyğu, hiss və 
yalan kimi patetik, pafoslu keyfiyyətlər xarakterikdir. Ədəbiy-
yatımıza bu kontekstdən yanaşan müəllif Sözdən sözə  və 
əksinə sözdən Sözə doğru gedilən yolun trayektoriyasını  cız-
mağa salışır. 
"Dünya Sözün bətnindən doğulub, söz isə dünyanın" - yazan 
Ə.Cahangir "Sözün yarandığı vaxtdan mifə doğru gələn təka-
mül yolunu izləyir və mifi Sözdən sözə keçidin məzmun baş-
lanğıcı" kimi səciyyələndirir. Nədən ki, mif, əsatir zəkaya və 
həqiqətə deyil, daha çox duyğu və yalana əsaslandığından onun 
Sözü dərk etməsi mümkünsüzdür. "Ağılsız" mif Sözü ağılla 
dərk edə bilməz, məhz duya bilərdi". Müəllifə görə poetik söz 
də dünyanı  dərkin mifik tipində olduğundan, yəni  əsasında 
yalan dayandığından onun da Sözü öz nəhəngliyində yaşatma 
ehtimalı azdır. Poetik düşüncədən fərqli olaraq, mahiyyətində 
həqiqət duran dini düşüncəni Sözə xidmətin göstəricisi hesab 
edən  Ə.Cahangir yaradıcılığında bunların vəhdətini həm poe-
tik, həm də dini və  fəlsəfi düşüncənin sintezini verən N.Gən-
cəvini sözdən SÖZə keçidin müəllifi kimi dəyərləndirir. 
Daha sonra, poetik fikrin öz ifadə imkanlarını genişlən-


 
14 
dirməsi ilə sözün də müstəsnalıq, müstəqillik statusu qazan-
masını vurğulayan tənqidçi bu dəyişməni Füzuli yaradıcılığının 
xidməti hesab edərək, "Füzuli divanındakı  qəzəllər SÖZdən 
sözə keçidin formal göstəricisi idi" yazır. 
Beləcə,  Ə.Cahangir mahiyyətində  zəka, idrak və  həqiqət 
duran SÖZ və yalan, duyğu, hiss duran söz anlayışlarının hansı 
eniş, yaxud yüksəlişlə müşayiət olunmasını çağımıza qədər 
izləyir. "…SÖZdən sözə və sözdən SÖZə keçidin trayektoriya-
sı düz xətt deyil, çevrə boyunca gedirdi" yazan müəllifə görə 
M.P.Vaqif yaradıcılığında bu gediş "məsafəcə SÖZdən uzaq 
olsa da, istiqamətcə SÖZə doğru idi"sə sovet dövründə sözün 
özü belə  cəmiyyətdə gedən saxta proseslərə adekvat olaraq 
məhvərindən çıxmış, ehtiva elədiyi keyfiyyətlərdən məhrum 
olmuşdur. Yalnız bir neçə sənətkarın yaradıcılığında bu anlam-
ların əzəli əsasının bərpa olunduğunu qeyd edən tənqidçi üçün 
bu qayıdış Ə.Əylislidə Həqiqətə çatmayıb Mifdə qalan sözün, 
Anarda isə həm də Həqiqətə çatan sözün dirilməsi ilə əlamət-
dardır. Nəhayət, SÖZün dirilməsinin  İ.Hüseynovun yaradıcılı-
ğında əyaniləşdiyini vurğulayan müəllif burada artıq Həqiqətə 
çatıb özünüdərk etmiş, əbədiyyətə, ölməzliyə qovuşmuş insan, 
yazıçı obrazının ehtiva olunduğunu yazır.  
Bu tipli məqalələr 1990-cı illərin sonlarında, müəyyən nə-
fəsdərim dövründən sonra meydana çıxmaqla göstərir ki, tən-
qid özünün axtarış, yeni rakurs müəyyənləşdirmə,  ədəbiyyatı-
mıza fərqli tərzdə yanaşma mərhələsini yaşayır.  İnanırıq ki, 
yeni estetik prinsiplərin təşəkkülü zəruriliyi bu sahədəki axtarış 
çabasını və yeni təfəkkür quruculuğu əzmini artıracaqdır.  

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin