AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
51
məsələlərinin geniş izahını vermişdir. Roma natiqlik məktəbinin parlaq ulduzu
Siseron iki suala cavab axtarırdı:
1. Kimə natiq demək olar?
2. Hər adam natiq ola bilərmi?
Eyni zamanda
“Nəyi demək?”, “Harada demək?” və “Necə demək?”
sualları da
onu düşündürürdü.
Siseron nitqin qarşısında isə üç tələb qoyurdu:
1.
Nitq öyrətməli, bilik verməlidir;
2. Nitq dinləyiciyə güclü müsbət təsir göstərməlidir;
3. Nitq söyləniləndə qulaq asanlara ləzzət verməlidir, həzz mənbəyi olmalıdır.
Siserona görə: “Şairlər anadan şair doğulurlar, natiqlər isə ictimai-siyasi həyatda
sonradan yetişirlər”. “Əsl
natiq o şəxsdir ki, adi işlər haqqında sadə,
böyük işlər
haqqında əzəmətlə, orta səviyyəli işlər barədə isə yuxarıdakılar arasında orta
mövqe tutan bir üslubda danışmağı bacarır”.
Natiq öz zəhməti ilə elm və
mədəniyyət , təlim və tərbiyə məsələləri ilə bağlı kitablardan bilik və məlumat
toplamalı,
nitqi gözəlləşdirən, onun təsir gücünü artıran, insanlara əsl insani
keyfiyyətlər bəxş edən, onları kamilləşdirən fikirləri aşılamalıdır. O, “Natiq
haqqında” əsərinin birinci hissəsində qeyd edir ki, natiq olmaq üçün birinci və ən
zəruri şərt ona təbiətin bəxş etdiyi istedaddır. Axı natiq olmaq üçün dərin zəka və
həssaslıq tələb olunur.
Siseronun fikrincə, əgər istedad insanın gözəlliyidirsə, bu
gözəlliyin rəngi natiqlikdir. Deməli, xüsusi istedad sahibləri natiq kimi yetişə bi-
lər və bu sənəti zirvəyə qaldıra bilərlər. Hər adam natiq ola bilməz! Topladığı
faktik materialları, müşahidə etdiyi hadisələri, zərurətdən doğan rəqəmləri, nəzəri
ədəbiyyatdan götürdüyü mülahizələri və s. yadda möhkəm saxlamağı,
yeri gəldikcə
onlardan məharətlə istifadə etməyi bacarmaq böyük hünərdir. Ancaq müdrik adam
həqiqi natiq ola bilər. Həqiqətən də natiqlik gözəllik haqqındakı elmlərə əsaslanır.
Müdriklik və hazırcavablığı yüksək qiymətləndirən Siseron deyirdi ki,
dinləyicilərin yorğunluğunu aradan qaldıran, məqamına düşən mənalı zarafatlar da
müdriklik əlamətidir. Həqiqi natiq öz müdrikliyi və dinləyicilərə güclü təsir
göstərmə məharəti ilə təkcə nüfuz qazanmır, həm də vətəndaşlara,
dövlətə fayda
verir, uğurlar gətirir, səadət bağışlayır.