Lullubum (Lullubi) dövləti. Eramızdan əvvəl III minilliyin II yarısında İki çayarası Şumer şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (eramızdan əvvəl XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına su və turukki tayfalarının daxil olması güman edilir. Eramızdan əvvəl XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti yarandı. Lullubi dövləti (Lullubum) Cənubi Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət quruluşu idi. Lullubi hökmdarı Satuninin (e.ə.2230-2200) eramızdan əvvəl III minilliyin III əsrinin 20-ci illərində Akkad hökmdarı Naram-Suenə (e.ə. 2236-2201) qarşı müharibə apardığı Akkad mənbələrində qeyd olunmuşdur. Bu müharibədə Lullubi hökmdarı məğlub olmuşdur. Lullubi padşahlığında xırda hökmdarların hakimyyəti mövcud imiş. Lullubi hökmdarı İmmaşqun (eramızdan əvvəl 2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubi dövlətinə tabe etdi. Bu dövlətin qüdrəti hökmdar Anubaninin (e.ə. 2170-e.ə.2150) dövründə daha da artır. Lullubi dövlətinin sərhədləri cənubda Diyala çayına, şimalda isə Urmiya gölünə çatırdı. Lullubi dövləti İkiçayarası ilə iqtisadi əlaqələrə girmişdi. Lullubilər də Aratta dövründə olduğu kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı sistemi ilə tanış idilər. Eramızdan əvvəl II minilikdə vahid Lullubi dövləti parçalanır və yerində xırda hakimyyətlər yaranır.