5. Sülh dövründəki fövqəladə hallarda əhalinin mühafizəsini təşkil etməyin xüsusiyyətləri
5.1. Sülh dövründə əhalinin mühafizəsinin əsasını fövqəladə halların
qarşısını alan, yaxud azaldan təşkilati, mühəndis-texniki və digər tədbirlərin
yerinə yetirilməsi; əhalinin vaxtında xəbərdar edilməsi və adamların təhlükəli
zonadan çıxarılması; əldə olan mühafizə vasitələrindən istifadə olunması;
fövqəladə hallar yaranan rayonlarda xilasetmə və digər təxirəsalınmaz işlər
aparmaq üçün qüvvə və vasitələrin hazırlanması təşkil edir.
Bu məqsədlə:
Azərbaycan Respublikasının ərazisindəki müvafiq obyektlərdə işin
təhlükəsizliyini təmin etmək üçün dünya standartlarına uyğun vahid tələblər
müəyyən edilir;
təhlükə potensiallı obyektlərdə qüsurlu qovşaqları aşkar etmək
məqsədilə istehsalatın təhlükəsizliyi müntəzəm surətdə araşdırılır və təhlil
edilir;
qüsurların aradan qaldırılması üzrə əməli tədbirlər planı işlənir və yerinə
yetirilir;
yeni tikilən təhlükəli istehsalatlar hesablanıb, elə yerləşdirilir ki, burada
qəzalar baş verərsə, onun zədələyici amilləri adamlar yaşayan sahələrə yayıla
bilməsin.
5.2. Fövqəladə hallarda mühafizə tədbirləri sülh dövrü üçün müəyyən
edilmiş xüsusi meyarlar nəzərə alınmaqla yerinə yetirilir.
5.3. Ehtimal edilən zəhərlənmə zonalarında yaşayan əhaliyə daimi
istifadə üçün fərdi-mühafizə vasitələri respublika hökumətinin və yerli icra
hakimiyyəti başçılarının qərarlarına əsasən pulsuz verilə bilər. Bu məqsədlə,
müharibə dövrü üçün nəzərdə tutulmuş vasitələrin bir qismindən müəyyən
edilmiş qayda üzrə istifadə etmək olar.