Köçürmə tədbirləri əvvəlcədən planlaşdırılmalı və fövqəladə hallar
ehtimal olunan rayonlarda sülh və müharibə dövrlərində adamların həyatı və
sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqcadan, ya da zədələyici
amillər əhaliyə bilavasitə təsir göstərərkən dərhal yerinə yetirilməlidir.
Köçürmə tədbirləri düşmən tərəfindən müasir adi silahlar və kütləvi
qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəlakətlər, güclü istehsalat qəzaları
baş verməsi ehtimalları nəzərə alınmaqla çoxvariantlı planlaşdırılmalı, yaranmış
vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi
nəzərdə tutulmalıdır.
Köçürmə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi tələb olunan
təhlükəli rayonlara aşağıdakılar aid edilir; düşmən basqını gözlənilən dərəcəli
şəhərlərin və əlahiddə obyektlərin ətrafında ehtimal olunan güclü dağıntılar zonası;
şəhərlərin, yaşayış məntəqələrinin və xalq təsərrüfatı obyektlərinin həndəvərində
yarana biləcək radioaktiv və ya kimyəvi zəhərlənmə zonaları; ehtimal olunan təbii
fəlakət, güclü istehsalat qəzası rayonları və fəlakətli daşqın zonaları; silahlı
münaqişələr vaxtı hərbi əməliyyatlar aparılan sərhədyanı rayonlar və cəbhə ətrafı
zolaqlar.
Təhlükəsiz zona – düşmən basqını gözlənilən dərəcəli şəhərlərin və
əlahiddə obyektlərin ətrafında ehtimal olunan dağıntı zonalarından və digər
təhlükəli rayonlardan kənarda əhalinin qəbul edilməsi, yerləşdirilməsi və yaşaması
üçün yararlı olan ərazidir.
Əhalinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir. İstehsalat
prinsipi – fəhlələrin, qulluqçuların, digər işçilərin və onların ailə üzvlərinin, ali və
orta ixtisas məktəbləri tələblərinin, texniki peşə məktəbi şagirdlərinin obyektlər
üzrə təhlükəli rayonlardan çıxarılıb təhlükəsiz zonada yerləşdirilməsini nəzərdə
tutur. Belə hallarda, təhlükəli rayonlarda fəaliyyətini davam etdirən obyektlərin
işçiləri təhlükəsiz rayonlara çıxarılıb yerləşdiriləndən sonra növbələr üzrə
mütəşəkkil olaraq öz iş yerlərinə gətirilir və iş növbəsindən sonra yenidən
köçürüldüyü rayona aparılırlar. Qalan əhali isə ərazi prinsipi üzrə – yaşayış
yerlərindən köçürülür.
Dostları ilə paylaş: