Geoloji fövqəladə hadisələr: Sel - sel adətən qəflətən başlayır. Güclü leysan yağışları, bəzən də qarın sürətlə
ərinməsi nəticəsində dağ yamaclarından axıb tökülən su özü ilə gil, qum, çınqıl,
daş və hətta qaya parçaları gətirir, qarşısına çıxan hər şeyi- ağacları, binaları,
qurğuları dağıdır, əkin sahələrini, körpüləri, bir sıra hallarda sənaye və kənd
təsərrufatı tikililərini məhv edir. Selin başlanmasını gördükdə, ərazinin
hündürlüklərinə qalxmağa çalışın. Binada olduqda - yuxarı mərtəbələrə, evin
damına qalxın.
Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o
cümlədən, oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və
hidrometeoroloji proseslər təşkil edir. Sellər çay suları olan və olmayan dərələrdə
qəflətən yağan şiddətli yağışlar və ya temperaturun artması ilə qısa müddətdə
sürətlə əriyən qar suları hesabına yaranır. Bəzən faza rejimi kimi baş verən
daşqınlara sel hadisəsi kimi baxırlar. Bu düzgün deyil.
Sel və daşqın hadisələrini fərqləndirmək lazımdır. Daşqınlar çay hövzəsinin
yerləşdiyi ərazinin fiziki-coğrafi, iqlim şəraitindən asılı olaraq çaylarda rejim
fazasıdır və bu il ərzində əsasən yaz və payız fəsillərində baş verir. Müstəsna
hallarda ayrı-ayrı dövrlərdə də ola bilər. Sel və daşqın axımlarını fərqləndirən əsas
cəhətlərindən biri də odur ki, sel axımlarında gətirmə-aşınma materialları daha çox
üstünlük təşkil edir və sellərin 1m³ su kütləsinin təxminən 65-70%-i gətirmə
materialları, qalanını su kütləsi təşkil edir.
Daşqınlarda isə bu əksinədir.
Sel axınları tərkibindəki maddələrinin həcminə görə 3 yerə bölünür:
Sulu-daşlı sellər;
Sulu-palçıqlı sellər;
Daşlı-palçıqlı sellər.