Qeyri-formal sosial nəzarət isə qarşılıqlı təsirlərin özünütəşkilinin nəticəsidir. Onun funksiyası da sosial qarşılıqlı təsirlərin normativ nizamlanmasıdır. Lakin unudulmamalıdır ki, belə nəzarət üçün seçilən normaların məzmunu formalaşdırılmamışdır; həmin normalar sosial qruplarda, birliklərdə kortəbii surətdə meydana gəlir, onların üzvlərinin davranışında məhz belə sosial təşəkküllər üçün xarakterik olan sanksiyaların tətbiqi təhlükəsi altında təkrar istehsal olunur. Qeyri-formal sosial nəzarətin agentləri həmin qruplar və birliklərdir, onların ən nüfuzlu üzvləridir (məsələn, ailədə valideynlər, sosial qrupların qeyri-formal liderləri və «diqqətdə olan» digər şəxsləri). Sanksiyalar məhdud (və ya real tətbiq) formasında özünü göstərir: fiziki zorakılıq, rəddetmə, üzvlükdən məhrumetmə, habelə hədə, məsxərəyə qoyma, müdafiədən imtina etmə və s.
Sosial nəzarət təsisatlaşmış xarakter kəsb edir.
Nəzarət metodları tətbiq edilən sanksiyalardan asılı olaraq, aşağıdakı kimi təzahür edə bilər: - sərt;
yumşaq;
birbaşa (bilavasitə);
vasitəli.22
Nəzarətin qeyd olunan metodları kəsişə bilər. Məsələn, siyasi repressiya, reket, mütəşəkkil cinayətkarlıq birbaşa sərt nəzarət instrumentlərinə aiddir. Konstitusiyanın və mülki məcələlərin fəaliyyəti birbaşa yumşaq nəzarət instrumentlərinə, kütləvi informasiya vasitələri vasitəli yumşaq nəzarət instrumentlərinə, beynəlxalq birliyin iqtisadi sanksiyaları vasitəli sərt nəzarət isntrumentlərinə aiddir.
Nəzarət metodları həm də ümumi və detal ola bilər. Məsələn, menecer öz tabeçiliyində olan şəxsə tapşırıq verirsə, lakin tapşırığın yerinə yetirilməsi gedişinə nəzarət etmirsə, deməli, o, ümumi nəzarət metodundan istifadə edir. Əgər menecer fəaliyyətin hər bir məqamına müdaxilə edir, nəyisə düzəldir, sahmana salırsa, deməli, o, detal nəzarət metodundan istifadə edir. Sonuncunu həm də nəzarətçi adlandırırlar. Nəzarət cəmiyyətin həm mikro, həm də makro səviyyəsində həyata keçirilir. Başqa sözlə, nəzarət irimiqyaslı sosial sistem hüdudlarınadək yayılır.
Ümumi nəzarət zamanı ancaq son nəticə izlənilir. Fikrimizi sadə bir nümunə ilə izah edək. Müəllim şagirdlərə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini açıqlayan inşa yazmağı tapşırır. Həftənin sonunda inşa yazıların yoxlanılacağını bildirir. Həftənin sonunda o, yerinə yetirilmiş işlərin keyfiyyətini yoxlayır və müvafiq qiymətlər yazır. Bu halda müəllimi hansı ədəbiyyatdan istifadə olunması, köməyə kimlərin cəlb edilməsi və s. kimi məsələlər maraqlandırmır. O, şagirdlərə tam fəaliyyət sərbəstliyi verir.
Lakin detal nəzarət zamanı vəziyyət dəyişir, başqalaşır. Müəllim vəzifələri, tapşırığın həcmini və yerinə yetirilməsi müddətlərini müəyyənləşdirir. Bundan əlavə, o, inşanın planını verir, müvafiq ədəbiyyatı göstərir və tələb edir ki, iş müstəqil surətdə yerinə yetirilsin, heç kimin köməyindən istifadə olunmasın. Müəllim əlavə olaraq bildirir ki, yazılmış hissələr günaşırı təqdim olunsun ki, o, vaxtında səhvləri düzəltsin və zərurət yaransa, şagirdi istiqamətləndirsin. Deməli, müəllim işin yerinə yetirilməsinin bütün gedişinə nəzarət edir. Göründüyü kimi, detal nəzarət zamanı fəaliyyət sərbəstliyi çox məhduddur.
Məlum olduğu kimi, nəzarət idarəetmənin tərkib hissəsidir. Lakin idarəetmənin elə mühüm, əhəmiyyətli hissəsidir ki, nəzarətin növündən, metodlarından asılı olaraq, idarəetmənin özü də xeyli dərəcədə dəyişir. Belə ki, nəzarət metodları idarəetmə üslubunda (demokratik, avtoritar) dərin iz buraxır. Nəzarət prosesində ilkin planlar son nəticələrlə müqayisə olunur, kənaraçıxmalar olduqda, səbəbləri araşdırılır və müvafiq tədbirlər (məsələn, cərimə olunmaq, tənbeh edilmək, işdən çıxarılmaq və s.) görülür. Nəzarət məhz onunla qüdrətlidir ki, o, ciddi qüsurlar aşkara çıxarıldıqda cəza tədbiri ilə sona çatır. Cəza olmasa, nəzarətdən qorxmağa ehtiyac qalarmı? Əlbəttə, yox. Lakin cəza ədalətli olmalı, işin mahiyyətini, real vəziyyətini, xarakterini, sosial nəticələrini dəqiq əks etdirilməlidir. Ümumiyyətlə, istənilən kollektivin sərəncamında əmək vəzifələrinin vicdanla yerinə yetirilməsi, mənəvi-psixoloji iqlimin yaxşılaşdırılması üçün kompleks hüquqi və ictimai təsiredici vasitələr vardır. Həmin vasitələrdən vaxtında, səmərəli və optimal istifadə olunması olduqca ciddi məsələdir.2 Kollektiv üzvlərinə hüquqi, əxlaqi, ictimai vasitələrlə təsir göstərilməsi sabit və dinamik fəaliyyət stereotiplərinin işlənib hazırlanmasına, istehsal tapşırıqlarının keyfiyyətli, dürüst yerinə yetirilməsinə kömək edir. Bununla da işçilərdə birgə işləmək mədəniyyətinin, tam qüvvə ilə çalışmaq vərdişinin, əməyə münasibətdə sosial cəhətdən optimal nümunənin formalaşması prosesi sürətlənir.