Siyasətin sosiologiyası sosioloji elmin mühüm sahəsi kimi
Siyasi sosiologiya sosiologiyanın çox mühüm sahələrindən biri olub, siyasəti və siyasi münasibətləri öyrənir. Onun əsas predmeti siyasi hakimiyyətdir, onun cəmiyyətdə fəaliyyətinin və bölgüsünün forma və metodlarıdır. Bu predmet çərçivəsində fərdlərin, sosial qrupların, etnik birliklərin və onların təşkilatlarının real siyasi şüuru, maraqları və davranışına xüsusi diqqət yetirilir.
Siyasətin sosiologiyası xüsusi sosioloji bilik sahəsi kimi Qərbdə XX əsrin 30-50-ci illərində qərarlaşmışdır. Lakin onun predmet sahəsini, yəni siyasətə sosioloji yanaşmanı həmin dövrlə məhdudlaşdırmaq doğru olmazdı. Qədim yunan mütəfəkkirlərini, ilk növbədə Platonu və Aristoteli, Yeni dövr nəzəriyyəçilərini (Makiavelli, Boden, Hobbs, Monteskye, Tokvil və başqaları), fransız ensiklopedistlərini (Didro, Dalamber, Russo, Volter, Helvetsi, Holbax və s.), Sen-Simonu, Lokku, Ferqyussonu və Hegeli xatırlamaq kifayətdir. Onların ideyaları siyasəti və onun nəzəri-metodoloji mənalandırılmasını nisbi muxtar həyat və elm sahəsi kimi ayırd etməkdə, eyni zamanda siyasəti sosial sfera ilə qarşılıqlı təsirdə öyrənməkdə mühüm rol oynamışdır. Bu ilkin şərtlər sosiologiyada M. Veber, V. Pareto, Q. Moska, R. Mixels, A. Bentli, D. Trumen, Q. Lassuel kimi ğörkəmli mütəfəkkirlər, habelə digər məktəb və cərəyanların nümayəndələri tərəfindən reallaşdırıldı.
Bir cəhətə də xüsüsi diqqət yetirilməlidir: Qərbdə siyasi sosiologiyanın təşəkkülü ümumi sosiologiyanın inkişafı ilə sıx əlaqədə, siyasi elmlə (politologiya ilə) qarşılıqlı təsirdə və rəqabətdə baş vermişdir. Məsələn, ümümi sosiologiyada siyasi sosiologiyanın siyasi sistem nəzəriyyəsinə adaptasiya olunması (T. Parsons və onun ardıcılları), sosiologiyanın bir çox mərkəzi konsepsiya və anlayışlarının (məsələn, təsisatlaşma, sosiallaşma, sosial diferensiasiya və inkişaf) siyasiləşməsi və siyasətin təhlil instrumentinə çevrilməsi özünü göstərir. Siyasi sosiologiyanın digər sələfi olan siyasi elm müstəqil akademik fənn kimi xeyli əvvəl təşəkkül tapmışdır. Belə ki, həmin elmin ilk kafedraları Qərbi Avropada və Amerikada XIX əsrin sonu - XX əsrin əvvəlində meydana gəlmiş, tezliklə milli assosiasiyalara çevrilmişdir. Artıq 1949-cu ildə YUNESKO-nun nəzdində Beynəlxalq Siyasi Elm Assosiasiyası (BSEA) yaranmışdır. Siyasi sosiologiya nümayəndələri, habelə sosioloji yönümlü politoloqlar təklif edirdilər ki, siyasət perspektivdə sosial struktur və qeyri-formal sosial institutlar, ictimai rəy və davranış baxımından, bir sözlə, sosial-siyasi proseslərin, norma və münasibətlərin bütün kompleksi kimi, şəxsiyyətin və kiçik qrupların sosial-mədəni və psixoloji xarakteristikalarının bütün rəngarəngliyini tədqiq etməklə təhlil olunsun. Bu halqa diqqət yetiriləsi məqamlar xeyli artır. Məsələn, təkcə razılıq və sabitlik məsələlərini yox, həm də münaqişə və dəyişikliləri araşdırmaq lazım gəlir. Təkcə siyasi partiyaları və həmkarlar təşkilatlarını yox, bütün ictimai təşkilatları və hərəkatları, qeyri-formal birlikləri öyrənməyə ehtiyac yaranır və s.
Siyasi sosiologiya nümayəndələrinin, sosioloji yönümlü politoloqların mühüm xidmətlərindən biri də onların sosiologiyada geniş istifadə olunan bir sıra anlayışları (məsələn, aktyor, rol, status, mövqe, dəyər, gözləmə, yönüm və s.) siyasətin tədqiqinə daxil etmələridir.
Nəzərə almaq lazımdır ki, artıq XX əsrin 50-60-cı illərində Qərbdə, ən əvvəl ABŞ-da siyasi elmin özündə sosiologiyalaşma meyli güclənir. Mütəxəssislər bunu iki mühüm amillə izah edirlər: 1) pozitivist-biheviorist dünyagörüşü və metodologiyasının üstün nüfuza malik olması ; 2) empirik təhlil metodlarının geniş tətbiq edilməsi. Öz növbəsində siyasi sosiologiya sahəsində çalışanlar rəsmi siyasi təsisatları və normaları (əlbəttə, bu sahə üçün xarakterik olan metodlarla) öyrənməyin zəruriliyini etiraf etdilər. Təsadüfi deyildir ki, hazırda siyasi sosiologiya və siyasi elm nəzəri-metodoloji və kateqoriya-anlayış baxımından o qədər də fərqlənmir. Təsisatlaşma aspektində siyasi elmin imkanları daha genişdir: inkişaf etmiş ölkələrdə siyasi elmə dair çoxsaylı fakültələr və kafedralar mövcuddur, halbuki siyasi sosiologiya, demək olar ki, ancaq ümumi sosiologiya çərçivəsində öyrənilir və tədris olunur.
Hazırda siyasi sosiologiyanın predmet sahəsi qeyri-yekdil mövqeləri əks etdirir. Bunun səbəbəri müxtəlifdir siyasi sosiologiyaya dair nəzəriyyələr, anlayış aparatı, tədqiqat metodları və empirik şərtlər kifayət qədər rəngarəngdir;
-onun meydana gəlməsi mənbələri, həm də inkişaf qolları müxtəlif və ziddiyyətlidir;
siyasətin müxtəlif cür başa düşülməsi, XX əsrdə siyasət sahəsinin özünün genişlənməsi və dəyişilməsidir;
alimlərin nəzəri - dünyagörüşü mövqelərinin fərqli xüsu-siyyətlərə malik olmasıdır;
cəmiyyətşünaslıq elmlərinin ümumən etiraf olunan nəzəri-metodoloji əsaslarının olmamasıdır;
həmin elmlərin inkişafına milli xüsusiyyətlərin müəyyən təsir göstərməsidir;
həmin elmlərin qarşılıqlı nisbətindəki fərqlilikdir (xüsusən siyasi sosiologiyanın və siyasi elmin dövlətşünaslıqla, siyasi fəlsəfə, siyasi tarix və siyasi iqtisadla qarşılıqlı münasibəti və qarşılıqlı təsiridir);
ayrı-ayrı ölkələrin sosial elmlərində üstün paradiqmaların bir-birini əvəz etməsi, nəticədə bu fərqliliyin özünəməxsus iz buraxmasıdır. Məsələn, ABŞ-ın siyası sosiologiyası üçün xalis empirik yönüm, konflikt və siyasi hakimiyyət strukturu problemlərinə üstün diqqətin formalaşması xarakterikdir.