Siyasətin sosiologiyasında siyasi mədəniyyət problemi mühüm əhəmiyyət kəsb edir. O, siyasi hakimiyyət funksiyalarının həyata keçirilməsi prosesində reallaşdırılan (və ya reallaşdırılmalı olan) nəzəri müddəaların, baxışların, rəylərin, sərvət yönümlərinin və s. məcmusu kimi təsəvvür edilə bilər.
Siyasi mədəniyyət üçün əsas çıxış nöqtəsi əhalinin məlumatlı olması, nəzəri-siyasi problemlərə bələdliyidir. İlkin biliklər, məlumatlar adətən kortəbii surətdə əldə edilir, təhsil sayəsində, kütləvi informasiya vasitələrinin fəaliyyəti sayəsində az - çox sistemli xarakter daşıyır.
Sistemli məqsədyönlü siyasi təhsilin olmaması ciddi nəticələrə gətirib çıxara bilər. Siyasi yönümün itirilməsi, tarixi yaddaşın zəifləməsi və ya təhrifı, siyasi davranışın passivliyi, siyasi hadisələrə marağın sönməsi, laqeydlik və s. bu qəbildəndir.
Siyasi mədəniyyət üçün siyasi yönüm, dəyərlər, ustanovkalar mühüm əhəmiyyətə malikdir. Çünki bunlar əqidəni, fəaliyyətə hazırlığı formalaşdırır.
Təhlil göstərir ki, respublikamızda siyasi yönümlər kifayət qədər rəngarəngdir. Onların spektri müxtəlif olmaqla yanaşı yayılma dərəcəsi də bir-birindən fərqlidir. Azərbaycanda Prezident və parlament seçkilərinin nəticələri göstərdi ki, siyasi partiyaların çox olmasına baxmayaraq, əsas siyasi yönümlər və əqidələr bir neçə partiya (xüsusən Yeni Azərbaycan Partiyası) ətrafında cəmləşir.
Nəzərdən qaçırmaq olmaz ki, siyasi mədəniyyət fəaliyyətdə təcəssümünü tapır. Lakin siyasi mədəniyyət təkcə siyasi həyatda iştirakı xarakterizə etmir, o həm də insanın yetkinlik dərəcəsini, dərketmənin mənalılığını, dərinliyini, siyasi biliyin praktikaya necə qoşulmasını və s. əks etdirir.
Aydın məsələdir ki, insanın siyasi fəaliyyəti onun yaşadığı dövlətin hüquqi normaları ilə tənzimlənir. Bu o deməkdir ki, şəxsiyyətin siyasi mədəniyyətinin formalaşması və təkamülü baxımından hüquqi normaların mükəmməlliyi xüsusi məna kəsb edir. Bu normalar cəmiyyətin dinamik inkişafına istiqamətlənməli, zərurət yarandıqda yeniləşməlidir, müasirləşməlidir. Demokratik cəmiyyət quruculuğunun uğurla həyata keçirilməsi mükəmməl hüquqi prinsiplərə və normalara, qanunların aliliyinə möhtacdır. Bu quruculuq eyni zamanda vətəndaşların siyasi mədəniyyətinin yetkinliyini nəzərdə tutur. Ümummilli liderimiz H. Ə. Əliyev qeyd edirdi ki, demokratiya «hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir».
Xatırlatmaq yerinə düşər ki, bazar münasibətlərinin və strukturlarının qərarlaşması, hüquqi demokratik dövlət quruculuğu vətəndaşların siyasi şüurunda köklü dəyişmələrin baş verməsini tələb edir. Ona görə də müstəqil inkişafımıza, milli maraqlara və tələbatlara istinad edən dərkolunmuş siyasi mədəniyyətin formalaşdırılması ümdə vəzifələrdən olaraq qalır.