Sosial şəraitdən asılı olaraq cəmiyyət fərdlərin bəzilərinin vəziyyətini yüksəldə, digərlərininkini isə aşağı sala bilər. Bundan asılı olaraq şaquli mobillik prosesləri iyerarxiya pillələri üzrə yuxarıya və aşağıya hərəkətlərdən ibarətdir. Bu iki istiqamət irəliləmə və deqradasiya - geriləmə adları ilə tanınır. Peşə, iqtisadi və siyasi baxımdan iki əsas formada irəliləmə mobilliyi vardır: birincisi, fərdi irəliləmə və ya aşağı təbəqədən ali təbəqəyə doğru infıltrasiya; ikincisi isə hər hansı ali təbəqəyə yeni qrup şəklində daxil olmaq və ya onu əvəz etmək.
Anoloji olaraq mobilliyin deqradasiyasının da iki əsas forması vardır: birincisi, ayrı-ayrı fərdlərin yüksək sosial vəziyyətdən aşağıya doğru enməsi; ikincisi, qrup halında sosial vəziyyətin itirilməsi.
Ayrıca bir fərdin qarşısına çıxan maneələri və qruplararası sərhədləri keçməsini öyrənməklə biz yüksəlmə prosesini, yəni peşə, sosial, iqtisadi və siyasi vəziyyətin yuxarıya doğru irəliləməsini başa düşə bilərik. Hər bir fərdin daha yüksək nüfuz, gəlir, hakimiyyətdə daha geniş iştirak və s. ilə bağlı olan daha yüksək mənsəb əldə etmək və sosial mənsəbi itirməmək tələbatı vardır. Bu istəyin həyata keçməsi cəmiyyətdəki bir çox amillərdən asılıdır. İstəyə nail olmaq haqqında məsələnin tədqiqində K. Levinin sahələr nəzəriyyəsindən istifadə edilməsi məqsədəuyğundur.
Bir qədər aşağı mənsəbli vəziyyətdə olan qrupda fəaliyyət göstərən fərd yüksək statuslu vəziyyətə nail olmaq üçün qrup və ya təbəqələrarası maneələri dəf etməlidir. Daha yüksək mənsəbli qrupa doğru irəliləmək istəyən fərdin yuxarıda dediyimiz maneələri dəf etməsi üçün müəyyən enerjisi vardır. O, bu enerjisini aşağı mənsəbli təbəqə ilə yuxarı mənsəbli təbəqə arasındakı M məsafəsinin qət edilməsinə sərf edir. Həmin sərf olunan enerjini F qüvvəsi kimi ifadə edək. Maneənin müvəffəqiyyətlə dəf edilməsi yalnız və yalnız fərdin sərf etdiyi qüvvənin onu itələyən qüvvələrdən üstün olması halında mümkündür.
Fərdin yuxarı mənsəbli təbəqəyə doğru irəliləməsinə sərf etdiyi qüvvəni ölçməklə nailiyyəti barədə müəyyən ehtimal söyləmək olar. Ehtimalın xarakteri vəziyyətin həmişə dəyişməsindən, həmçinin fərdlər arasında olan şəxsi münasibətlərdən asılıdır.
İnkişaf prosesini kəmiyyətcə qiymətləndirmək üçün adətən sosial mobilliyin sürəti və intensivliyi kimi göstəricilərdən istifadə edirlər. Mobilliyin sürəti dedikdə «şaquli mobilliyin məsafəsi» başa düşülür. Məsələn, ali məktəbi bitirdikdən və işə başladıqdan 3 il sonra hər hansı bir fərdə ali məktəbdə müəllim vəzifəsinə kimi yüksəlmək nəsib olur. Onunla bir vaxtda qurtarmış digər tələbə yoldaşı isə ancaq orta məktəbdə direktor müavini vəzifəsinə kimi yüksəlmişdir. Aydındır ki, bu halda birinci fərdin mobillik sürəti ikincidən böyükdür. Digər tərəfdən, əgər hər hansı bir fərd yaranmış vəziyyətlə əlaqədar, ya da şəxsi zəifliyi nəticəsində yüksək sosial vəziyyətdən cəmiyyətin lap aşağı vəziyyətinə enirsə, onda onun haqqında deyilir ki, sosial mobillik sürəti böyükdür, lakin bu sürətin istiqaməti aşağı vəziyyətə doğru yönəlmişdir.
Mobilliyin intensivliyi dedikdə, müəyyən vaxt ərzində sosial vəziyyətlərini şaquli və ya üfüqi istiqamətdə dəyişən fərdlərin sayı başa düşülür. Belə fərdlərin sayı hər hansı sosial cəmiyyətdə mobilliyin mütləq intensivliyini göstərir, onların digər hissəsi isə mobilliyin nisbi intensivliyini ifadə edir. Məsələn, əgər biz 40 yaşa qədər olan boşanmış və başqa ailə qurmuş fərdlərin sayını nəzərə alsaq, onda söhbət bu yaş hüduduna olan üfüqi mobilliyin mütləq intensivliyindən gedəcəkdir. Əgər biz 40 yaşa qədər olan bütün fərdləri bu yaşa qədər boşanaraq təzə ailə quranlarla müqayisədə götürsək, onda söhbət sosial mobilliyin üfüqi istiqamətdə nisbi intensivliyindən gedəcəkdir. Çox zaman mobillik prosesinə sürət və intensivliyin qarşılıqlı əlaqədə olması nöqteyi-nəzərindən baxılması lazım gəlir. Bu halda həmin sosial birlik üçün ümumi mobillik indeksindən istifadə edilir. Bu yolla, məsələn, iki cəmiyyətdən hansında müəyyən müddət ərzində mobilliyin göstəricilərinin çox və ya az olduğunu təyin etmək mümkün olur. Belə indeks peşə, siyasi, iqtisadi sahədə fərdin fəaliyyətindən asılı olaraq hesablanır.